Məmməd İSMAYIL
(“Odlar diyarı” silsiləsindən)
O doğulub anamın laylalarından,
o böyüyüb əfsanələr, nağıllar qədər.
Keçmiş ilə gələcəyin vaxt ekranında
şimşək kimi çaxıb getmiş oğullar qədər,
Qarış-qarış gəzdiyimçün fəxr eləməyim,
qoy saxlayım əl altında ehtiyat yeri,
Görəcəyim gözəlliklər tükənir bir az,
hələ qalsın istəyimin qol-qanad yeri.
Hələ qalsın Şah dağının qarlı zirvəsi,
Dəlidağı bələn-bələn aşa bilməyim.
Dağa vurğun,
daşa vurğun səyyar arzumun
Ömrü nə vaxt çatacaqdır başa, bilməyim.
Açacağım səhər kimi
qalsın Borçalı,
Qalsın Mərənd,
qalsın Səhənd,
Göyçə mahalı,
Bu arzumu görmək üçün
ömür borc alım.
Uzaq yerə yetəcəyim bir arzu qalsın,
xəyallarla öz-özümü yandırım, yaxım,
gözüm hələ gözəlliyə tamarzı qalsın.
Gözləri tox böyüməsin uşaq marağım.
əl-qolum da yetişməsin qucaqlamağa,
torpağımı birdən-birə dərk eləməyim.
Görəcəyim yerlər qalıb,
günlər qalınca
Narahatlıq duyğusunu tərk eyləməyim!
Sağa-sola pöhrələnim ömrüm uzunu,
Çaşbaş salım cəhətləri, məsafələri,
yaddaşıma sığışmasın eni, uzunu.
Bir tükənməz nağıl olsun vətən torpağı,
ha yol gedim çatammayım sərhədlərinə –
Gün düşməsin son addımı atdığım günə,
birdən-birə qovuşmayım hüdudlarına, –
Xələl gələr qəlbimdəki böyüklüyünə!