Ana səhifə BAŞ YAZI KLASSİKA: dünən, bu gün, sabah

KLASSİKA: dünən, bu gün, sabah

Müəllif: Bizim Yazı
810 baxış

Rahid Ulusel
Azərbaycanda Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, fəlsəfə elmləri doktoru, professor*

Genezis. Arxaikadan sivilizasiyaya keçid o zaman baş verir ki, “təbiət yaradıcılığı”ndakı mükəmməllik insanın yaradıcılıq aktlarına əvvəlcə stixiya halında, sonra isə daha məntiqi axarla proyeksiya olunaraq onu cilalayır və bu proses varlığın ilahi harmoniyasının dərkinə, onun daha kamil formada əks etdirilməsinin dürlü variantlarının tapılmasına doğru dərinləşir. “Ustad təbiət” ustad insanı yetişdirir. Ustad insan Klassikanı yaradır. Antik çağda insan yaradıcılığı klassik kamilliyinə çatır. Klassika öz gələnəyini, meyarlarını, dəyərlər sistemini, universalilərini, məktəblərini yaradır. Bəşəriyyətin mədəni-mənəvi həyatında, xüsusilə sənət yaradıcılığında bütün bunların nəzərə alınması zərurətə, ənənəyə çevrilir. Din, siyasət, elm, iqtisadiyyat sahəsində, şəhərsalmada,  incəsənətin bütün növlərində “klassik texnologiyalar” getdikcə təkmilləşdirilir, inkişaf etdirilir. Klassika örnəklərindən öyrənmə təcrübəsinin artması insanın şüur və fəaliyyətində yeni sahələrin açılmasına, yeni üsul və vasitələrin hərəkətə gəlməsinə səbəb olur. Klassika ona görə örnəyə çevrilə bilir ki, o, müəyyən konkret tarixi məqamın ideyası, məğzi və ruhunun ən kamil təcəssümü olur. Klassika – ondan daha yaxşısını yaratmağın mümkün olmadığı məqamın barıdır. Buna görə də Klassika hər zaman mədəniyyətin yüksək səviyyəsini təmin edir. Yaradıcı insanlar bu səviyyəyə yüksəlməyə çalışırlar. Bax bu zaman mədəniyyətin bütün sahələrində inkişafa, sənətin və ondakı yeniləşmələrə, tapıntılara maraq göstərən cəmiyyətin yüksək estetik meyarlarla düşünməsinə əla stimul əmələ gəlir.
Klassika – Əbədiyyətin Anında yaranır, Anın Əbədiyyətini yaradır.
Klassika – tarixi zamanın və onun nüvəsini təşkil edən mədəniyyətin bütöv orqanikasını yaradır. O, mədəniyyətin bütün sahələrində meydana çıxan yeni ideya, üslub və cərəyanları bir-birinə ötürür, onların diaxron və sinxron istiqamətdə “mənəvi oksigen və qan dövranını” yaradır.
Çağın şəhdi-şirəsi onun Klassikasına süzülür. Klassika – yarandığı çağın nəinki aparıcı ideyalarını, yönəlişlərini özündə sintez edir, hətta onun qarışığı, qaranlığı, zülməti içindən belə “pünhan ideyalarını” dartıb üzə çıxarır, görünməyənləri görünən edir. Buna görə də Klassikanın işığı tükənməzdir, hər zaman yenidən doğulan, yeni qaranlıqları aydınladan, yeni yolları göstərən İşıqdır.
Klassik əsər, Klassik üslub, Klassik məktəb. Klassik əsər hər hansı bir mədəniyyətin konkret faktı, subyektin yaradıcılıq aktı kimi meydana çıxır.  Ancaq o bütün parametrlərinə görə həmin mədəniyyətin və həmin yaradıcının “ölçülərini” aşır. Bu mədəniyyət və bu yaradıcı həmin klassik əsərlə özünün yeni miqyasına çıxır. Klassik əsər məhz bu “dağıdıcı” və “yaradıcı” ruhu ilə zaman sıldırımlarından adlayaraq, ən müxtəlif dünyagörüşləri ilə yaşayan, ölmüş və ölməkdə olan, doğulan və doğulacaq mədəniyyətləri bir-birinə bağlayır. Klassik əsər ayrıca bir çağın barı olsa da, o çağın nəfəsini və ruhunu özündə yaşatsa da, məhz bu “qaynaq” özəlliyinə görə ümumbəşəri sərvətlərin daim zənginləşən dünyasına qovuşur. Klassik əsər birgə yaradıcılığın məhsulu olsa belə, yenə Təkdir, təkrarolunmazdır.
Klassik – əsər ilə həm də klassik üslub, indiyə qədər yolu ilə gedilməmiş üslub yaradır. Gərgin yaradıcılıq axtarışlarında bu üslub bir və ya bir neçə əsərlə cilalanır. Bu üslubla həyatın dərinliklərinə varmağın, mənəviyyat hücrələrində gəzişməyin, hiss və düşüncələri tərpətməyin, tabuları pozmağın, sosial-psixoloji ziddiyyətlərə münasibət bildirməyin yeni imkanları açılır. Klassik üslub – incəsənətin hansı sahəsində yaranırsa-yaransın, orada yeni forma və məzmun keyfiyyətlərinin özünəməxsus dəstini meydana gətirir.
Klassik üslublar kanonikasının təşəkkülü prosesində klassik məktəb formalaşır. Klassik məktəb – böyük klassiklərin və onların davamçılarının yaradıcı enerjisinin toplandığı bir məkan, həm də onların özünütəsdiqinin optimal bir məkanıdır. Burada onların fərdi üslublarının sistemi təşəkkül tapır. Klassik məktəb – müəyyən yaradıcılıq yolunun fundamental əsaslarını, sənətkarlıq dünyagörüşünü, sənət konsepsiyasını və onun prinsiplərini yaradır, ayrı-ayrı üslub və yanaşmaların rəngarəng spektrini vahid bir məcrada birləşdirir. Bəzən klassik məktəb ətrafında onun geniş təsir dairəsinə malik olan mənəvi-ideoloji məkanı da üfüqlənir. Ancaq  klassik məktəblərin ən böyük tarixi əhəmiyyəti odur ki, dünya mədəniyyəti məhz onların sayəsində qərar tutur və varisliyin qırılmaz ənənəsini qoruyub saxlayır. Hər klassik məktəblə bəşər mədəniyyəti irəliyə doğru bir addım atır, epoxal dəyişikliyə ayaq açır. Antik və İntibah çağlarının, daha sonrakı dövrlərin klassik məktəbləri  dünya mədəniyyətindəki təkamülün elə mərhələləridir ki, onların bir-birindən aldığı təkanın enerjisi bu gün də yeni inkişaf dalğaları üçün hərəkətverici qüvvədir.
Düha genealogiyası. Bəzən təəccüb doğurub ki, necə olur, məsələn, adi bir savadsız kəndli ailəsində ərsəyə gələn insan… klassika yaradır. Hələ sonra, olur ki, saray aristokratiyası bu “kəndli balasının” yazdıqlarını uzun illər dartışdırır, təqlid edir…  – Səbəblərindən başlıcası: Gələcək klassikin soy-kökündəki “yaradıcı başlanğıcın” rüşeymi hər yeni törəmədə bu və ya digər formada özünü bəlli edir, ya da kilidlənib qalır, ancaq itmir, hər doğuluşunda dərinliyini artırır, yönünü gizli-gizli arayır və nəhayət, tam “yetişəndən” sonra, bu genetik təkamülün son akkordu kimi zühur edir. Məsələn, dağlarda qoyun otaran, otara-otara tütək çalan ulular dağın, çayın, buludun, meşənin… səsini, nəfəsini, rənglərini içinə yığa-yığa gələcək musiqiçinin, təbiəti, insanlararası münasibətlərin incəliklərini birər-birər öyrənənlər öyrəndiklərini canında-qanında, təcrübəsində yaşada-yaşada gələcək alimin, ömrü boyu söz-məsəl hörgüləyən nənələr dilində-damarında söz improvizasiyalarını gəzdirə-gəzdirə gələcək yazıçının geninə bu düha bəsirətini, duyğusallıq, bilgəlik kompleksini daşıyırlar. Genealoji ağacın bir budağındakı bir tumurcuğun “dahi” çiçəyi belə açır!
Gen yaddaşı ilə həyat təcrübəsinin yarar çevrədə qovuşması klassik yaradıcılığın poteniyasını böyük mücadiləyə hazır vəziyyətə gətirir…
Klassikanın yaranma tezliyi və sıxlığı. Klassik əsərlər yaradıcılığın əlverişli mühitində, təbii ki, daha tez-tez və daha sıx-sıx yarana bilər. Amma klassikanın möcüzəsi bundadır ki, onun üçün belə şərtlərin olmadığı, mədəniyyətin və mənəviyyatın yabanılaşdığı bir şəraitdə, ac-yalavac bir “divanənin”, bir xəstə vücudun varlığından da doğula bilər. Klassika kainata “səpələnmiş” ulduzlar, planetlər kimidir. Bəzi zaman və məkanlarda sıx-sıx, bəzilərində seyrək-seyrək. Tarixi zamanın elə çağları olub ki, onlar bircə dənə klassik əsər, hətta klassik tutarda bir sətir belə yetirməyib. Uzun çəkən bir səssizlik… Bəlkə də bu sükunət klassikanın doğuluşuna hamiləlik mərhələsidir… Və nəhayət, gözlənilən gözlənilməzlikdə düha işığının saçılışı! Klassikasız zamanlar ötür. Tarixin dühasının daşar çağı gəlir. Bəzən bir məmləkətdə, bir şəhərdə, bir mədrəsədə, bir universitetdə  klassiklər bir-biri ilə nəfəs-nəfəsə, bəzən bir-biri ilə gərgin, hətta düşmənçilik münasibətlərində, bəzən də bir yerdə, fəqət tək-tənha… yaşayıb yaradırlar. Çjou xanədanlığının dövlət arxivində görüşən Lao-tszı və Konfutsi, antik fəlsəfənin klassikasını yaradan Platon Akademiyasının filosofları, İslam dini, fəlsəfəsi, elmi və poeziyasını vəhdətə yetirən Şərq ensiklopedistləri, Rumi və Təbrizi, Nəimi və Nəsimi,  Florensiyanı, Vatikanı, Venesiyanı planetin muzeyinə çevirən Renessans yaradıcıları, bütün Avropanı yeni inqilabi düşüncənin fırtınasına bürüyən fransız maarifçiləri, alman romantizminin nümayəndələri, Napoleon müharibələri çağında İen universitetini Almaniyanın mədəniyyət mərkəzi edən Fixte, Şellinq və Hegel, Berlin universitetində bir yerdə çalışan Hegel və Şopenhauer (burada Şopenhauerin Hegellə müəllimlik rəqabəti onun özünün uğursuzluğu ilə nəticələnir), XX yüzilliyin ilk çərəyinin rus novatorları, mühacir ərəb romantikləri – “Suriya-Dağlıq Livanın azadlığı uğrunda İttifaq”da birləşən Cibran, Reyhani və Nuayme, Azərbaycan milli mədəniyyətinin yeni çağda inkişafına yol açan Füyuzatçılar və Mollanəsrəddinçilər, Üzeyir Hacıbəyov məktəbinin yetirmələri, dünyanın qlobal inkişaf proqramlarını hazırlayan Roma klubunun üzvləri, birgə elmi layihələr üzərində işləyən nobelçilər, qeyri-səlis məntiqin yaradıcıları (Lütfi Zadə və Rafiq Əliyev) kimi… Klassikanın yaranma tezliyi və sıxlığının eyni zamanda baş verdiyi və baş vermədiyi çağlar olur. Bu da sanki kosmik proseslərin planetləşmə ritmi kimidir…
Klassika – mehrabdır. Klassika – doyulmaz bir qaynaq, dönə-dönə üz tutulan bir mehrabdır. Klassika ilə daimi, vaxtaşırı ünsiyyətdə olan insanlardan bu xoş etirafı həmişə eşitmək olur ki, hətta əzbər bildiyin klassik əsərlərdə hər dəfə də əvvəllər nəzərdən qaçırdığın yeni bir mənanı, çaları ilk dəfə rastlaşırmış kimi tapır, “kəşf edirsən”. Bu, insanların bəsirətsizliyindən, diqqətsizliyindən deyil, klassikanın tükənməzliyindən, nəhayətsizliyindəndir. Klassikaya vardıqca, o öz dərinliyinə çəkilir, dərinliyinə çəkildikcə də səni öz ardınca çəkir… Bu dərinliyin füsunkarlığı, gözəlliyi, nəcibliyi klassika ilə doğma təmasda olanların daxili mədəniyyətində, hətta üz cizgilərində, hərəkətlərində belə bəllənir. Klassika insanı dünyanın dərin mənaları, idealları ilə təkcə bağlamır, həm də onların necə gerçəkləşdirilməsi üzərində düşünməyə sövq edir. Bu mənada klassika müasir bəşəriyyətə təkcə ideya vermir, həm də düzgün məramlı inkişaf istiqamətlərinə doğru fəaliyyət kodlarını açır. Təbii ki, bu zərurətin intuitiv duyuluşu çağdaş dünyamızda psevdomodernləşmənin havalı axınlarına rəğmən, klassikaya marağın daha da artmasına səbəb olur. Bu gün klassikaya müasir belletrist əsərlər qədər, bəzən onlardan da çox müraciət edilir.
Antiklassisizm aktlarında bir zərərli meyl də klassikanı bu və ya digər formada zədələməkdir. Bazar mədəniyyəti klassik mədəniyyəti də öz cənginə alır və öz haram məqsədləri üçün təhrif edir. Psevdomədəniyyət yayıcıları klassikanın müqəddəs məkanına da soxulur, buraya öz viruslarını göndərirlər. Onlar klassik mətnləri “rekonstruksiya” edir, mədəniyyətin təbii orqanizminin üzvi hissələrinin yerinə protez komponentlər geydirməyin sərsəm cəhdlərində bulunur, hətta mədəniyyətin ən dərin özəyini təşkil edən folklor klassikasını eyməndirici şəkildə “aranjirovka” etməkdən çəkinmirlər. Çünki onlar mədəniyyətin bu nüvəsini dağıtmaqla açdıqları bazarda daha gen-bol alver etmək niyyətindədirlər.
Buna görə də klassika ilə təmasın bütün mənalarda mehrab müqəddəsliyi qorunmalıdır. Klassik mədəniyyətlə rəftarın (xüsusilə sənətçilər üçün) əxlaqi və hüquqi məsuliyyəti müəyyənləşdirilməlidir.
Dünya klassikasının dilimizə çevrilməsi zərurəti. Hər hansı bir milli mədəniyyətin inkişafının ən mühüm şərtlərindən biri dünya klassikası ilə (elm və incəsənətin bütün sahələri üzrə) zəruri ünsiyyətin qurulması, örnəklərinin onun dilinə yüksək keyfiyyətdə tərcümə olunması, ən müxtəlif formalarda mədəniyyət düşüncəsinin informasiya bankına daxil olmasıdır. Biz kitab-jurnal, audio-video məhsulları satılan yerlərə (kitab mağazaları paytaxt Bakıda barmaqla sayılacaq qədər az, bölgələrdə isə yox dərəcəsindədir!) baxdıqda, acınacaqlı bir vəziyyətin şahidi oluruq: Azərbaycan dilində olan kitablar rus dilində olan kitabların heç onda biri qədərində deyil, öz dilimizdə dünya klassikasının tərcüməsi isə bu kitabların yüzdə biri qədər deyil. Küçələrdə bolluca obıvatel-istehlakçı zövqünə bab jurnallar satılır. Audio-video məhsulları içərisində klassik musiqi, kino əsərlərinin payı da olduqca azdır. Klassik mədəniyyətin kütləvi mədəniyyətin içərisində itib batmaması üçün doğrudan da məqsədyönlü istiqamətdə işlərin görülməsi qaçılmazdır. Buna görə də Azərbaycanda tərcümə mədəniyyətinin problemlərinə diqqət artırılmalı, xarici dil bilən yaradıcı insanların, professional tərcüməçilərin fəaliyyəti bu istiqamətdə stimullaşdırılmalı, onların əməyi qədərincə dəyərləndirilməlidir. Bu işin yaxın perspektivində elmi-tədqiqat institutlarının tərcümə sənəti ilə məşğul ola bilən mütəxəssislərinin, universitetlərin müvafiq humanitar fakültələrinin müəllim və tələbələrinin ixtisaslaşdırılması, tərcümə mərkəzlərinin təşkili və sistemli fəaliyyəti, dövlət əhəmiyyətli tərcümə siyasətinin həyata keçirilməsi labüddür.
Klassika və yaradıcılıq əxlaqı. Klassikanın bir özgürlüyü də odur ki, o, sadəcə olaraq, pis yazmağa qoymur. Klassik mədəniyyətin nümunələrinə bələd olan yaradıcı insan sanki öz üzərində klassiklərin zəhmini, nəzərini, tərəzisini həmişə hiss edir. – Bu, buxov deyil, əksinə, dünyadərki üçün ən effektli situasiyanı sahmanlayan psixoloji məsuliyyət, yaradıcılıq əxlaqıdır.
Klassikanın mübarizəsi. Dünyanın yaradıcı ruhu – mədəniyyətdə, mədəniyyətin yaradıcı ruhu – klassikada zirvəyə çatır.
Formal axtarışları ilə küy yaradan psevdomodernist cərəyanlar – texnosivilizasiyanın, mahiyyət axtarışları ilə dərinlik və zənginlik yaradan keçmişin və bu günün klassikası – mədəniyyətin taleyi və yoludur.
Dünya mədəniyyətinin diri qalmasının yeganə çarəsi və inkişafının yeganə stimulu – onun özəyini təşkil edən, ruhunu yaşadan klassikadır. Klassika bu gün də mədəniyyəti zibilləməyə qarşı çağdaş sənətkarlarla çiyin-çiyinə, bəlkə onlardan daha artıq, daha qətiyyətli mübarizə aparır. Onun arsenalı böyük, müqaviməti yarılmazdır. Dünya mədəniyyəti qalasının qorunmasında ön cinahda dayananlar – klassikanın yaradıcılarıdır.

* Professor Rahid Uluselin 17 kitabı, 200-ə qədər məqaləsi Azərbaycanda və xaricdə çap  olunmuşdur. Rahid Ulusel Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun Dissertasiya Şurasının üzvü, Beynəlxalq Biokosmologiya Assosiasiyasının  Asiya üzrə vitse-prezidenti,  “Biokosmologiya – neo-Aristotelizm” jurnalının Redaksiya Heyətinin üzvü, Fəlsəfə Federasiyalarının Ümumdünya Cəmiyyətinin üzvüdür. Alim XXII Dünya Fəlsəfə Konqresi (Koreya, Seul, 2008), III Qlobal Sivilizasiya Konqresi (İsrail, Yerusəlim, 2009), VIII Dünya Konqresi (İsveç, Stokholm, 2010), İkinci Beynəlxalq Konfransda (ABŞ, Harvard Universiteti) və bir sıra digər nüfuzlu beynəlxalq konfranslarda Azərbaycanı təmsil etmişdir. O, eyni zamanda, dünya klassik mədəniyyətinin problemlərinə və xüsusilə türk sivilizasiyasının inkişaf tarixinə dair maraqlı tədqiqatların müəllifidir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.