Gənc şairlər Fərid Hüseynlə Şəhriyar del Gerani (Hacızadə)nin İranda mülki geyimli şəxslər tərəfindən həbs edilməsi və onların taleyi ilə bağlı dolğun bilgi əldə edilməməsini qınayıram və düşünürəm ki, bu adıyaman işin icraçıları olduqca böyük qəflət və yanlış içindədir.
Fəridlə Şəhriyar öz yaradıcılıqlarında humanizmi, dostluğu, birgəyaşayış və anlaşmanı, ümumən ədəbiyyatın aşılamalı olduğu dəyərləri təbliğ edən perspektivli gənclərdir. Onların müəmmalı şəkildə “yoxa çıxma”ları İran hakimiyyətinə başucalığı gətirmir. Gənc yazarların İrana səfəri poeziya ilə, şeir-sənətlə bağlı olduğundan, onlar nəinki həbs olunmalı, quşquyla qarşılanmalı, əksinə sayğıyalayiq rəftar görməli, layiqli qonaqpərvərliklə qarşılanıb, yola salınmalıydılar. Hətta gənc yazarlar hər hansı yanlışlığa yol vermiş olsalar belə, bu onların müəmmalı, qeyri-şəffaf ortamda “yoxa çıxma”larına əsas verə bilməz.
Hesab edirəm, İranın ilgili dövlət orqanları Azərbaycan vətəndaşları olan gənc yazarlarla bağlı məsələyə bir an öncə aydınlıq gətirməli, onların öz ölkələrinə təhlükəsiz şəkildə qayıtmalarına şərait yaratmalıdır. Əks təqdirdə, İran ərazisində keçirilən hər hansı ictimai-mədəni tədbirdə iştirak etməyin nə qədər təhlükəli olduğu bütün dünyaya bir daha aydın olacaq və uluslararası zəmində öz həssas dönəmini yaşayan İranla bağlı yeni suallar doğuracaq.
Bir daha, gənc şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani (Hacızadə) ilə bağlı mövcud durumdan, baş vermiş müəmmalı olaydan rahatsızlığımı ifadə edir, onların ailə üzvlərinin rahatsızlığını bölüşür və əlaqədar qurumların məsələyə tezliklə aydınlıq gətirəcəyinə ümid etdiyimi bildirirəm. İlk sırada İran səfirliyini dolğun açıqlama ilə çıxış etməyə çağırıram.
Əkbər QOŞALI