Bu da belə bir tale işiydi, bir tovuzlunun kitabı başqa bir tovuzluya Moskvanın qarlı, şaxtalı günündə bir qazaxlı xanım tərəfindən verilməliydi. Yox, bu bir təsadüf deyildi! Nə kitabımın təqdimatı, nə qatılacağım konfrans! Görünür, bütün bu qurğuları quran, mənim şairə Afaq Şıxlı ilə yaxından tanış olmam və onun şair Elman Tovuzun kitabını mənə çatdırması üçün qurmuşdu.
Elman Tovuz imzası ilə internet saytlarından tanışdım, arabir internet məktublaşmalarımız da olmuşdu. Və bu məktublar vasitəsiylə ağrılı-acılı taleyindən də xəbər tutmuşdum. İndi budur, onun kitabını varaqlayıram… Dünya nə qədər böyük və həm də nə qədər kiçik! Taleyə nə var, kimləri, nələri harda istəyirsə orada da görüşdürə bilir.
Sonra Afaq xanım, internet məktubunda Elman Tovuzun yeni hazırlanan kitabı haqqında yazacaq, maraqlandığımı görüb, – istəyirsinizsə sizə də göndərim, oxuyun, – deyəcəkdi…
Və beləcə istəkli oxucum Afaq xanımın sayəsində, indi əlinizdə olan kitabın ilk oxucularından biri də mən olacaqdım. Afaq xanım kitabın əlyazmasını mənə göndərərkən,- vaxtınız olub ona ön söz yazsanız bu, bizim Elman müəllimə xoş bir sürprizimiz olardı, – yazmağı da unutmamışdı.
Burada Helvetsinin bir fikrini xatırlmaq yerinə düşərdi: “Sən mənə kiminlə yaxın olduğunu de, mən sənin kim olduğunu deyim”. Yalnız dost əli ürəkdən beləcə tikən çıxara bilər. Gizləmirəm, günümüzdə örnəyinə çox elə də rastalşmadığımız, şairin şairə bu cür qayğısı içimi işıqlandırdı. Və oxuyacağınız bu yazı şairə şair qayğısının təsirindən ortaya çıxdı.
Dünyamız Allahın bir “Ol!” kәlmәsindәn yarandı. Dünyanın әvvәli söz, sonu da söz olacaq – yenә bir Tanrı sözü! Bu mənada sözә sayqı birbaşa Allaha sayqıdır! Ömrün qürubuna doğru çox şeyә qarşı sevgi azalır, Allaha aid sözdən başqa! Gözümüzü açıb yetmişin, sәksәnin astanasında dayandığımızı görәndә zamana qarşı yarışda bütün sevgilərin buxarlanıb getdiyini, bizimlə yalnız tәnha ya da xəstə ürəyin sığınacaq yeri – sözə sevginin qaldığını görürük. Sözümüz bizdən daha yaşlı, sözümüz bizdən daha uzun ömürlü! Söz haqqında nə söyləsəm Füzuli dədəmizin “Söz”ündən zəif olacaq. Bu mənada ömrünü sözə enerji verməklə keçirənlər, yaradıcı talelərinin sabahından bir elə də nigaran qalmazlar. Xüsusiylə də sözdən qeyri tutunacaq yeri olmayan Elman Tovuz kimi şairlər:
Qəmi sevincimə yozduğum olub,
Bu da ümidlərə bir bəhanədir.
Sevinci ağlayıb yazdığım olub,
Sevinib ağlamaq bilmirəm nədir.
Sazım da göynəyir sinəmin üstə,
Bir kövrək budaqdan asılıb ömür.
Yaralı bülbüləm bu dar qəfəsdə,
Elə boylanıram, bir yan görünmür.
“Bu yükü ayrı cür daşımaq çətin”
Həyatın ona göstәrdiyi bütün olumsuzluqlara qarşı duruş gətirib, sözləri ilə taleyinə tam anlamıyla düzəlişlər edə bilən, hətta ədəbi uğuları bir elə də göz qamaşdırmayan şairlərə mənim bir başqa hörmətim var! Ədəbi gedişatın qabarma və çəkilmələrinə baxmayaraq, zamanın ən böyük tənqidçi olmağına da inananlardanam. Yazacağım beş-on kəlmə, olsa-olsa, Elman Tovuz oxucularına istiqamət verə bilər. Bu kitaba toplanmış şeirlərin yaşam haqqını əlbəttə, bizdən çox əlahəzrət Zaman bəlirləyəcəkdir.
Hind müdrikləri haqlı deyirdi ki, tale bizə nəyə nail olmağı rəva görürsə, onu yorğan-döşəyə düşsək belə əldə edirik. Talenin rəva görmədiyi heç nəyə nail olmaq mümkün deyil. Elman Tovuz örnəyi hardasa bu fikirlərin bir təsdiqidir. Taleyinin qarşısına çıxardığı yanlışlıqları “redaktə” edə bilmə bacarığı hər adama qismət olmur. Təsəlli üçün bütün bunları yazmaq elə də çətin deyil, amma oğulsan təsəlli vermək istədiyin adamın məhkum olduğu həyatı yaşa, görüm necə yaşaya bilirsən?!
Tənhalıqda qalan müdrik adam özünü adamlar arasında olduğundan daha az tənha hiss edir. Göz yaşı özü də səssiz danışıqdır. Və heç zaman böyük çətinliksiz böyük işlər görmək olmur. Öz borcunu hər zaman yerinə yetirməyə çalışdınsa, insanlıq sənə hətta, uğursuzluğa düçar olduğunda belə haqq qazandıracaq. Elman Tovuz örnəyi dediklərimizi təsdiqləyir və ona bu işdə yardımına gələn heç şübhəsiz qara sevdası – Söz olur. Çünki başqa bir hind müdrikinin dediyi kimi, hər şey sözdə gizlidir, sözdən çıxmışdır. Ömür qısadır söz isə əbədi.
Sözə xəyanət edib yalan söyləyən əslində hər işdə yalançıdır. Çünki “Söz işin surətidir”. Kim bilmir ki sağlamlıq, güc sahibi olmaq bir şansdır, amma sevgi olmayan yerdə, onlar bir heçdir. Elman, sözünə də, sevgisinə də sadiq adamdır. Vә bir kitab sevgi şeri yazıb çap etdirmək dә hәr baba igidin işi deyil.
Əziz oxucum, qarşındakı bir sevgi kitabıdır, həyatı keşməkeşli günlərlə dolu, sevib sevilməyə
ən çox ehtiyacı olan bir şairin sevgi kitabı!
Ümid – gerçəkdə görünən röyadır, deyirdi qədim dünyanın Aristoteli.Və ümiddən yapışan, ümidə sığınan Elman Tovuzun kitabı ümidə yelkən açan bir ürəyin kövrək və həzin pıçıltılarıdır!
Qalmayıb bir yana çıxmağa meylim,
Nə sənin, nə mənim açılmır eynim…
Mən sola baxıram, sən sağa, neynim,
De, bundan o yana daha nə olsun?
Bu sevgi gətirməz bizə sabahı,
Şəllənib qalmayaq amanı, ahı…
Gəl, mənim üstümə yıxaq günahı,
Sənə ayrılmağa bəhanə olsun.
“Bəhanə olsun”
Bu gün yalnız o sözləri dilə gətirmək lazımdır ki, onlar zamanın ruhu kimi yerində səslənir. Əgər bunu bacarmırsansa yerdə qalanları boş verib, yazılacaq sözlərin zamanını gözləmək lazımdır.Yalnız ədalətə, gözəlliyə can atan, uzun müddət gözlənilən, həsrəti çəkilən sevgi əvəzolunmazdır. Tez əldə edilən Sevgi tezcə də sönür. Sevgidən, boğazdanyuxarı, yandıım, yaxıldım şeirlәri yazmaq günahlar günahıdır. Hər uğurlu kitab, nəsildən-nəsilə müqəddəs yükünü ötürmək üçün zaman dalğalarında yol gedən fikir gəmisinә bәnzәyir. Bir zəif misraya görə şairi nə tanrı, nə insanlar, nə də kitab dükanları bağışlar…
Bilməm, sehirdimi, ruhdumu, nədi,
Vallah, özü boyda sirdi bu sevgi!
Bir də ayıldım ki, ürəyimdədi,
Hardan ürəyimə girdi bu sevgi?!
“Hardan ürəyimə girdi bu sevgi?!
Həqiqi sevgi xəyalət kimidir, hamı onun haqqında danışır, görən varmı… bilinməz. Heç bir yalan uzun müddət sevgini gizlədə bilməz. Əsl sevgi varmı, yoxsa olmaya-olmaya var kimi göstərilməyə çalışılır?:
İşdi, üst-başımdan olsa gileyin,
Astadan tənbeh et, astadan deyin.
Mənə qara geydir, özün ağ geyin,
Sən məni yuxuda çağır bir axşam.
“Sən məni yuxuda çağır bir axşam.”
“Mən qara geyinim” demir, “mənə qara geydir” deyir. Elə təkcə bu üç kəlmə söz Elmanın həyat hekayəsinin necə böyük zorluqlarla üzləşdiyinin misralara sığmayan fәryadıdır:
Bülbül belə düşür kəməndə bəlkə,
Belə gül olmaya çəməndə bəlkə!
Nə onda ağıl var, nə məndə bəlkə…
Vallah, öldürəcək bu gözəl məni!
Nə qədər çəkəcək bu aman, bu ah?
Baxıram – günahdır, baxmıram – günah.
Nə yaman olumuş gözəllər, Allah!
Vallah, öldürəcək bu gözəl məni!
“Vallah, öldürəcək bu gözəl məni!”
Assuriya çarı Axikar demişkən, qadın gözəlliyi çoxlarını məhv etmişdir, çünki qadın sevgisi hər şeyi yandırıb külə döndərən alov kimidir.
Elman Tovuz, “qəlbinə dəydiyi” gözəlin hərdən ümid verib könlünü almağı da bilir:
Gəl, sürək bu ömrü qoşa ikimiz,
Çağlayaq ikimiz, coşaq ikimiz.
Bir sevgi nəğməsi qoşaq ikimiz,
Sözünu mən yazım, bəstəsini sən.
“Bir sevgi nəğməsi qoşaq ikimiz”
Bu necə ayrılıq? Bu necə həsrət?
Əlin əllərimdən üzülə bilmir…
Bu necə taledir? Bu necə qismət?
Vallah, heç yazanın özü də bilmir!
“Dilimiz lal olub elə bilirsən.”
Ah sizi, qadınlar! Axikardan Elman Tovuza qədər aradan bir bu qədər vaxt keçib, amma qadına münasibətdə dəyişən bir şey olmayıb!
Özü başına gələnləri bizdən yaxşı bilir, odur ki, Qədərdən qaçmağın zor olduğunu da bilir Elman:
Şeir kitabımı varaqlayan qız,
Heyif ki, sevinə bilməyəcəksən…
Bir vüsal nəğməsi soraqlayan qız,
Min həsrət nəğməsi dinləyəcəksən.
Mənim şeirlərim düyünlü, dağlı,
Oxusan, dondurar səni qış kimi.
Yaralı qartalam – ayağı bağlı,
Sən isə uçursan qaranquş kimi.
“Şeir kitabımı varaqlayan qız.”
Və… o qız bu kitabda axtardığını bulamayacaq, çünki Elmanla görüşə yalnız xəyyallarda və arzularda gəlmək olar. O da ya nəsib. Elmanın kimliyini və durumunu bilənlərin aşağıdakı misraları oxuyanda çətin ki qanı donmasın:
Yoxdur bu kitabda sən axtardığın,
Sən Allah, sən məni bağışla, gözəl.
“Dağlar dәrәlәrin hәsәd yeridir, Böyük olanların dostları olmur”. Bәlkә Elmanın, ömrün gözәl çağlarında, başına gәlәnlәr dә çevrә çәkmәzliyinin bir son ucu olmuş, kim bilir…
Vә sevgi heç nәyә baxmır. Deyәk ki, uzaqdan bizә elә dә gözәl görsənmәyәn bir zәnci qızının qulağına bir aşiq zәnci oğlanın fısıldadıqlarını duya bilsәydik, bәlkә o pıçıltıları yalnız hindlilәrin alovlu “Günәş nәğmәlәri” ilә müqayisә edә bilәrdik.
Elmanın sevgi şeirlәrini fiziki cәhәtdәn itirilmişlәrin mәnәvi cәhәtdәn yeridoldurulmasına güclü canatımından başqa nә ad verә bilәrik ki?:
Həm isti yağışdı, həm soyuq qardı,
Yoxsulu varlıya çevirən vardı.
Gah didib-dağıdan ac canavardı,
Gah ələ öyrəşən quzudu sevgi.
“Sevgi”
Fixte “sevgi, gözәllikdən həzz almaq arzusudur, insan ruhunu işıqlandıran şəfəq kimidir” – deyir. Şamfor isә, bu fikri başqa bir biçimdә davam etdirir: “Sevgi , tək duyğudur ki, bütün yalan və həqiqətlər onda cəm olub, haqqında hansı saçmalıq danışılsa da, həqiqət kimi görünəcək”.
İnsan üçün həyatının ən önəmli sevinci sevilməsidir. Dünyaya seyrin, yalnız evinin pəncərəsindən ibarət olanda və buna məhkum olunduğunu dərk edəndə, insanın hayına yenə də bir cəfakeş və etibarlı qadın vә ya qadınlar yetişir. Bu cümlәlәri yaza-yaza, Propertiusun bir elegiyası mәndәn xәbәrsiz barmağımın ucundan bilgisayarın yaddaşına köçmәk istәyir:
“Nә mutlu pəmbә şәfәqlәr ölkәsinә… Nә qәdәr bәxtәvәrsәn Asyalı kişi. Qәdәr әrlәrini ölüm yatağına fırladar-fırlatmaz qadınları atәşә gülәrәk gedәr. Bu şәrәfdәn mәhrum olanlara yazıq. Dodaqları әrinin dodaqlarında, onunla birlikdә alovlanan, onunla birlikdә kül olan Şәrq qadını!”
Qәrb kişisinin xәyalına qanad verәn şәrq qadınlarının belә qәhәtә çәkildiyi bizim günlәrdә, әn azından xәyal gücünә onların surәtini yaratmaq da şairlәrin boynuna düşür. Bu qadın, evinin içində də ola bilәr, min kilometrlərlə uzaqda da. Yetər ki, şair, belə bir qadının dünyanın harasındasa var olduğundan xəbər tutmuş olsun.Və bu qadına:
Sən dünyada varsan deyə,
Bu dünyanı sevirəm mən! – demək də azdır.
Məskənim – lal divar, yollarım bağlı,
Xəyallar qonağım, aranlı, dağlı…
“Dağılsın bu dünya qaralı, ağlı”,
Neynim, deyəmmirəm səndən ötəri.
“Səndən ötəri”
Gülüm, gözmü dəydi göz dünyamıza?
Daha baxışların davası düşmür…
Nə olar, gəl, dönək öz dünyamıza,
Bizə ayrılığın havası düşmür…
“Bizə ayrılığın havası düşmür…”
Adamı qəfildən diksindirən, onu xatirə mənzi-
linə aparan, çox ustaca deyilmiş misralardır bunlar!
Dərd-ələmlə keçirirəm vaxtımı,
Toz qaldırma, sirkələyib taxtımı.
Oyadarsan mürgüləyən baxtımı,
Məni görmək arzulama, sən Allah!
“Məni görmək arzulama”
Baxıram güzgüyə, can axtarıram,
Gecənin icində dan axtarıram.
Donmuş dodağımda qan axtarıram,
Bu gün görüşümə gələn olacaq.
“Bu gün görüşümə gələn olacaq…”
“Sən məni yuxuda çağır bir axşam” kitabınının annotasiyasında vurğulandığı kimi “vüsal pıçıltılı, həsrət haraylı sevgi şeirlərimin tumurcuqdan yarpaq tökümünə qədər nə varsa, öz əksini tapmışdır.”
Xoşbəxtlik o zaman insanın qapısını döyür ki, onu tәkcә sözünә görә yox, hәm dә özünə görə sevirlər…
Oğlan dolu kimi arabir yağır,
Bu şəhər bələnib qız yağışına.
“Qız yağışı”
Bu kədər şairinin qələminə incə yumor da yabancı deyil, aşağıdakı bəndləri oxusanız və sizin də dodağınız qaçsa, bu o deməkdir ki, kənd cavanlarının yeganə qız seçmək, oğlan bəyənmək yeri olan bulaq başında sizin də sualınıza “yox” cavabları az olmayıb:
Səhəngini dizim üstə götürdüm,
O söydükcə mən köksümü ötürdüm.
Çubuq qırdı lap özümü itirdim,
“Qoy səhəngi, tez yolumdan çıx” dedi.
Dedim, sənsiz bir xəyalam, heçəm mən,
Çox deyirdim, bu bulaqdan keçəm mən.
Könül istər, ovucunda içəm mən,
Zalım qızı “yox” dedi ki, “yox” dedi.
“Yox” dedi
Ağaclar köhnə yarpaqlarını töküb yenisini açdığı kimi, əskimiş sözlər də yerini daha yeni və anlamlı sözlərə verir.
Dayandıq üz-üzə, baxdıq göz-gözə,
Dilimiz dönmədi bir kəlmə sözə…
Soluxan dodağa, saralan üzə
Baxdı…
Nə çəkmişəm, bildi axır ki!
“Axır ki!”
Bax elə bu sübhün yelinə dönüb,
Uçaydım, bir durna telinə dönüb.
Bir yüyrək nağılın dilinə dönüb,
Kaş, durub yanına gələ biləydim!
“Gələ biləydim”
Nə zaman ki, yazılacaq mövzu öncədən düşünülür, o zaman sözlər özləri yazarın köməyinə gəlir. Yetər ki, yeni fikri tapmış olasan, sözlər elə ya belə tapılacaq. Tale bizim elə çatışmazlığımızı düzəldir ki,onu ağıl belə düzəldə bilməzdi.
Bəlkə ayrılırıq imtahan üçün –
Əl yana əl üçün, can da can üçün.
Elə çox demirəm, bircə an üçün,
Kaş, durub yanına gələ biləydim!
“Kaş, durub yanına gələ biləydim!”
Elmanam, dilimdə söz düyünlənib,
Bağrımın başında köz düyünlənib.
Yarpağın üstündə göz düyünlənib,
Yarpağın altında nara bax, Allah!
“Könül, yuxudurmu bu gördüklərim?”
Yazımızın sonunda Elman Tovuzun bütöv şerini misal getirmәk istәyirәm. Bunu ona görә edirәm ki, indi Azәrbaycan ədəbi nümunәlәrindә bütöv şer tapmaq müşkül işdir.
Dünyanın nəyi var, böldü payladı,
Cığırlar enişə, yoxuşa düşdü.
Çiçəklər bahara, bəhrələr yaya,
Küləklər payıza, qar qışa düşdü.
Qartalı zirvəyə, kəkliyi daşa…
Bir ünvan söylədi hər yaranmışa.
Çağırdı bülbülü gül ilə qoşa,
Təklənib yaşamaq bayquşa düşdü.
Ay Elman, bu zaman çaldığın çaldı,
Vaxtında olanda zəhər də baldı.
Kənddəki gözəllər qarıdı qaldı,
Şəhərdə oğlanlar qarğışa düşdü.
“Düşdü” qoşmasını boşuna bütünüklə misal gətirmirəm. Bu şeri diqqətlə oxusanız görəcəksiniz ki, Elman Tovuzun şeirleri söz düzümünün mükəmməlliyinə görə Yunus Əmrənin, Tufarqanlı Abbasın, Xəstə Qasımın, Aşıq Ələsgərin qafiyə və rədiflərini Allahsızcasına istismar edib pis şəkəildə təkrarlayan, ədəbiyyata yenilik adına tək bircə canlı misra və ya fikir gətirməyən xalq şerinin başıbəlası olan sözdə şairlərin çoxundan daha mükəmməl bir yazı tərzinə sahibdir.
Əyər bizdən əvvəl deyilənləri təkrarlamağa məcburuqsa, elə etməliyik ki, yazdığımız bizdən əvvəl yazılanlardan daha uğurlu alınsın. Elman Tovuzun şerlərində mən bu canatımı gördüm.
Son olaraq eloğluma nә demәk istәrdim: Hәyat çillәlәrini hamıdan çox çәkәn eloğlum! Dәmirin polad olması üçün üç dәfә dәmirçi körüyünün alovundan keçmәsi – qaçınılmazdır. Vә Allah yalnız sevdiyi insanları, adilikdәn aliliyә qovuşdurmaq üçün yüz cür sınaqdan keçirir. Taleyi ilә dəmirçi alovundan çıxanların mәkan vә zamandan umacağı yoxdur. Sözә sığınanların məqamını Söz hәr zaman uca etmişdir. İnanıram ki, sığındığın söz hәlә sәnә daha yeni sәnәt üfüqlәri açacaqdır!
mart 2012, Çanaqqala – TÜRKİYƏ