prof.dr. Nizami CƏFƏROV
Əzizim Vaqif! Mən sənin səmimi şair (və insan) olduğunu həmişə bilmişəm, ancaq hamıya ünvanladığın son kitabındakı (“Hamı”dakı) qədər nəinki səni, Azərbaycan poeziyasında hələ heç kəsi belə səmimi görməmişəm. Hətta mənim (və sonra sənin) klassik həmyerlin (və adaşın) Molla Pənah Vaqif də heç də həmişə bu qədər səmimi olmamışdı:
Hər naza umsunan it oğrusudu!
Nazından usanan itoğlusudu!
Elə bil ərköyün toy toğlusudu
Sabahdan hərlənir naz aramızda.
O ancaq (və ancaq!) belə deyə bilərdi, ancaq (və ancaq!) bununla kifayətlənərdi ki:
Sevda körükləyir iki sinəni,
Nə yaman alışır köz aramızda.
İsti sinən sini, sinəm səməni,
Yavaş ol, əzilər yaz aramızda!..
Bu isə nə Molla Pənahın sözüdü, nə də sənin (Vaqifin!); hardansa daha uzaqlardan gəlir:
Lütf elə, bu sirri kimsə bilməsin,
Kəsik baş gəzdirən kisə bilməsin,
Məscid eşitməsin, kilsə bilməsin,
Qalsın Allah ilə öz aramızda…
Şəkidən Vaqif Aslanı çıxmaq şərtilə mənim tanıdığım müasir Vaqiflərdən ikisi – Vaqif Səmədoğlu və Vaqif Nəsib Sarı Hüseynoğlu Qazaxlı, ikisi isə – Vaqif Cəbrayılzadə və sən Qarabağlısınız… Sizin XVIII əsrdə yaşamış adaşınız isə yarıyaşına qədər Qazaxdan, yarıyaşından sonra isə Qarabağdan idi…
Can ona sadağa, baş ona peşkəş,
Xas aşiq qul olmaz ötərgi eşqə!
Kimsəyə dil vermə Tanrıdan başqa,
Buraxma evinə mələyi belə!..
Səndə heç bir Qarabağlıdan əskik olmayan,çox zaman təbii bir inersiya ilə hətta mənim Qazaxlılığımı da keçən bir Qarabağlılıq iddiası var… Ancaq əminəm ki, bütün dünya yığılıb özünü Qarabağlı elan etsə, sən çəkiləcəksən içindəki Qarabağa; enəcəksən Göyün “dibi”nə, qalxacaqsan yerin təkinə. Və bizə (hamıya!) sübut edəcəksən ki, dünya başıaşağı qurulub…
…Hansı namərd kəsib kəndiri görən,
Tanrı niyə düşüb quyu dibinə?
İndi ağırsa da, heç batma yasa,
Axı nə faydası, Tanrını çağır?
Əgər haray çatan bir quyu varsa,
O quyu içindi, içinə bağır!
Əzizim Vaqif! Mən həmişə sənin haqqında yazmaq istəmişəm, ancaq hər dəfə özümü toplayana, sənin yaradıcılıq nəbzini tutana qədər daha irəli getmisən, özün haqqında daha çağdaş (və tarixi!) bir mənzərə – təsəvvür yaratmısan.
“Hamı”nı təqdim edəndə, artıq hamıya müraciət edəndə dözə bilmədim…
Bilmirəm kim necə, nə niyyət edib;
İnsana nə qalır bezdən savayı?!
Varımı düşmənə vəsiyyət edib,
Varidat qoymayıb sözdən savayı-
Mən sizi heyrətə gətirəcəyəm,
Nə heyrət, qeyrətə gətirəcəyəm!
Sənin poeziyandakı bu uşaq səmimiliyi (və ondan qat- qat çox olan böyük ciddiliyi!) inandırır ki,
Məsələn, yetməkçün yar əllərinə
əllər qanatmışam, çəpər yarmışam.
Sonucda öpdüyüm qızın yerinə
ondan on qat betər mən qızarmışam-
desəm, gülərsiniz, inanmazsınız…
Sən elə şairsən ki,yaradıcılığının mükəmməlliyini, ideya-bədii qüdrətini göstərmək üçün kitabından müvafiq şeirlər, yaxud şeirlərindən müvafiq misralar seçməyə, inan ki, ehtiyac görmədim…”Hamı”dakı istənilən şeiri, yaxud istənilən şeirin istənilən misralarını nümunə gətirmək və sənin şair qüdrətini sübut eləmək olar.
Və sənin şeirlərində yalnız şeiriyyət – sözdən şair kimi istifadə eləmək, sözə “ehya vermək” qabiliyyəti yox, həm də zəngin ovqat, fikir- təfəkkür materialı var… Başlıcası isə odur ki, bu materialla, əksər hallarda poza yaratmırsan, “baxın, mən bu obrazın müəllifiyəm” demirsən, bütün bunları ürəyinin (və həyatının!) yaşantıları kimi xatırlayıb keçirsən… Hətta şeirə sığmayan kifayət qədər müdrik kəlamlarında da (“Sirr” başlıqlı yazıları nəzərdə tuturam) müdriklik(fəlsəfilik!) intonasiyanın təvazökarlığından (və səmimiyyətindən!) sonra gəlir. Məsələn, Nizami Gəncəvinin bir türk şairi olduğu barəsində həmişə mücadilə aparmış mən də sənin bu kəlamına qeydsiz-şərtsiz etiraz edə bilmirəm: “Nizami Gəncəvi elə böyükdür ki, onu təkbaşına hər hansı bir xalq çəkib apara bilməz…”
Elə bu ümumi təvazökarlığın (və səmimiyyətin) nəticəsidir ki, “Həmişə söz mənə kömək eləyir. Hərdən də mən sözə kömək eləyirəm… Görəsən, oxucu bunu duyurmu?” kimi iddialı sualların, “Mən özümü nə 60-cı, nə 70-ci, nə də 80-ci illərin nəslinə aid edirəm, ehtimala görə, Pənah xanın nəslindənəm…” kimi mülahizələrin də təəccüb doğurmur, əksinə, oxucunun səni həm bir düşüncə adamı, həm də bir şair kimi daha dərindən anlamasına yardım edir.
Səndə
Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə axta zoğal da yoxdu,
– deyən Molla Pənah səmimiyyəti qədər Mirzə Ələkbər Sabir cəsarəti də var:
Əhmədi Allah vurar,
Məmmədi qəsd öldürər,
Mey aqili ayıldar, axmağı məst öldürər,
Bir yandan qırar yağı,
bir yandan dost öldürər…
Tükənmərik amma ki,
silsilə qardaşlarıq,
Yoxdu ayrı namımız,
biz belə qardaşlarıq!
Ümumiyyətlə, mən Sabiri nə qədər böyük şair saysam da, satirik poeziyanı o qədər sevmirəm. Çünki şeir gözəllik (və tərənnüm!) üçün yaranıb… Satirik poeziya – anti-poeziyadır, poeziyaya parodiyadır… Ancaq neyləyək ki, həyat bizi hələ də satira yazmağa, hətta Sabir səviyyəsinə qalxmağa məcbur edir…
Əzizim Vaqif Bəhmənli, kitabda sənin elə şeirlərin var ki, yalnız poetik yox, poetik-fəlsəfi kəşf sayıla bilər… Məsələn, “Quyu”, “Qarantiya”, “Cümlə”, “Desəm”, “Bəd”, “Belə”, “Oğlum”, “Mesaj”, “Kişi”, “Qurban”, “Plan”, “Dil”, “Şeir”, “Yazı”, “Yer” və s. 70- ci illərdən başlayan zəngin yaradıcılığının son iki-üç ilində yazdığın yüzlərlə poetik məhsulu içərisində ədəbi yaddaşda qalacaq onlarla nümunə mövcuddur. Bütün bunlar sənin büllur kimi təmiz, bulaq kimi qaynar istedadının nəticəsidir.
Və istedadının ən mühüm göstəricilərindən biri ana dilinə bu qədər həssaslığın, sözə bu miqyasda hökm eləmək bacarığındır. Sən bir şeiri bir cümləyə yerləşdirə, bir neçə söz-cizgi ilə bütöv bir lövhə-mənzərə yarada, zərif bir zarafatla ciddi mətləblərdən bəhs edə bilirsən… Həm də şagird yox, ustad səviyyəsində…
Tanrının nə qədər gizlinləri var;
Qoy bu da ehmalca bəxtə yazılsın.
“Bir kimsə görmədi” – söyləsin yollar,
Başına gələnlər yuxu yozulsun,
düşməsin dillərdən dilə yaxşıdı.
Qardaş, qadan alım, belə yaxşıdı.
Sənin poetik zarafatlarının çox isti bir etnoqrafik emosiyası var…
Papağı gözünün üstünə basıb
özünə baxmaqdı kişinin işi,
yağlı-yavan yeməkdi,
Altdan-üstdən geyməkdi…
meydan-meydan dolaşıb
ayaq döyməkdi
kişinin işi.
Qapı-bacada xoruzlanıb
toyuğun, cücənin
ağzına söyməkdi
kişinin işi…
Şübhəsiz, sözə, dilə bir nemət kimi yanaşmağının, israfçılıqdan qaçmağının nəticəsidir ki, şeirlərində nahamvar bircə misra tapmaq belə mümkün deyil. O qələm əhlindənsən ki, nə deyəcəyini, nə yazacağını çox-çox əvvəldən bilirsən…
Söz də bir nemətdi, yeyilsin gərək,
Fikrin ağ ununda boz kəpək yoxdu.
Bir var halal çörək, var haram çörək–
Vallah, bu dünyada pis çörək yoxdu.
Ənənəvi üslubi fiqurlarla orijinal müqayisələr təqdim edə, mükəmməl metafora- əsərlər yarada bilirsən:
Mən bilirəm,
arxeoloqlar
göy üzündə,
ruhlar qəbristanlığında
axtarışlar aparacaqlar…
Yaxud qurban kəsməyin mifologiyası ilə fəlsəfəsi arasındakı ziddiyyəti gözəl mənalandırırsan…
İsmayıl dirilib yoxdan içimdə…
Ona toxunmayın, qoyun yaşasın!
Hönkürüb ağlayır çoxdan içimdə,
Deyir:
– Məni kəsin, qoyun yaşasın!..
Səninlə yüz faiz razıyam, Həzrət İsmayıl hərdən mənim də içimdə dirilib deyir ki, qardaş, Allahın hökmü ilə atam İbrahim mənim əvəzimdə bir qoç kəsdi… Bəs camaata nə düşüb ki, qapısının mal- heyvanını qırıb çatır? Hamı İsmayıl olub?..
Bir də görürsən ki, həyatda bir qoyun qədər xeyri, bir qoç qədər kişiliyi olmayan özünə qurban kəsdirir. Yaxud Qurban bayramı günlərində ictimai ovqat imkansızları məcbur edir ki, ya qurban kəs, ya da kasıblığını boynuna al, mənim kəsdiyim qurbanın ətindən ye!.. Bu işin naqisliyini hamı bilir, ancaq qoyunların hüququnu müdafiə etmək yenə də şairlərə düşür. Eləcə də öküzlərin hüququnu…
Mənzil – yolu yortanındı,
ya çəp çəkə, ya düz darta.
Daha dartan dartanındı,
nəyimiz var öküz darta?..
Təəssüf ki, dünya ancaq insan hüquqlarından danışır… İnsanda ki nə gündə!..
Salamməleyküm!
Dillərin əcəli çatdı!
Əleyküməssəlam…
…Bu hələ harasıdı:
Leyli ingilis dilində ölür,
Məcnun ingilisdilində
xiffət çəkir…
…Qəzzafini
bu dildə söyür Liviya.
Cəllad “Yasin”i
bu dildə oxuyur…
…Yalıncaq Qarabağ camaatı
ingilis dilində üşüyür,
ATƏT ingiliscə
nağıl döşəyir!
Əzizim Vaqif Bəhmənli! Sənin bu “Dil” şeirin öz proloqu, əsas hissəsi və epiloqu ilə müasir dünyanın ən gözəl şeirlərindən biridir. Bugünkü dünyada gedən dil proseslərindən yazılmış yüzlərlə məqalə, onlarla dissertasiya və ya monoqrafiyalarda qaldırılmış problemləri sən bir şeirində ehtiva edə bilmisən… “Bəşəriliy”in ağuşunda məhv olmaqda olan milliliyin faciəsini dərk etmisən:
…Ad günü yetişir, ata qoçağım
“Barbi qız” kəl desə, kəl alır ona.
İngilis dilində öpüb uşağı
“Həpi bööz” oxuyub əl çalır ana.
Nə olur bəs bunun nəticəsində;
Londondan ərməğan güllər ağlayır.
Ölür bala dili ana dilində,
nakam laylalara dillər ağlayır!
Ancaq
bu hır-hırda,
bu zır-zırda,
bu qar-qurda,
bu qur-qurda…
mənə xoş gələn odur ki, sənin böyük şairliyinlə yanaşı həm də pedaqoji bir təmkinin var, ona görə də
Sənət də məzədi, həyat da məzə,
Onsuz da ummayın Vaqifdən təzə…
Bu miskin qoşmanı yetirdim sizə
İçinə bir azca zarafat basıb.
Və odur ki, bu dünyada günahkar axtarmağa dəyməz… Nə çoxdu günahkar…
İlk günahkar atamız Adəm,
İlk üsyançı qardaşımız Qabildi.
Sözü qudurdub
başımıza çıxardan Füzuli,
Səsi mələdib
dizimizə endirən Habildi!
Kitabın quruluşu da maraqlıdır – sən müxtəlif mövzulu bu dünyada bir mövzu harmoniyası axtarıb tapmağa çalışmısan, təsnifat aparmısan… Poetik- metafizik idrak genişliyi, səmimiyyət və cəsarətinlə!..
Və heç kəs gərək şübhə eləməsin ki, sən də “sözü qudurdub başımıza çıxardan”lardansan…
Sonda hamının əvəzindən səni təbrik etmək istərdim. Yalnız bu kitabına (“Hamı”ya) görə yox, həm də (və ümumən) qırx ildən çox Azərbaycan ədəbiyyatına (və insanlığına!) təmənnasız xidmətinə görə!