Ana səhifə BAŞ YAZI Türk dünyasında ortaq ünsiyyət dilinin formalaşdırılması yolları

Türk dünyasında ortaq ünsiyyət dilinin formalaşdırılması yolları

Müəllif: Bizim Yazı
3. 209 baxış

Elçin Əli oğlu İbrahimov/ BDU-nun dissertantı

Tanrının dövlət günəşini Türk bürclərindən yaratmış olduğunu və Türklərin ölkəsi üzərində göylərin bütün dairlərinin dövr etdiyini gördüm. Tanrı onlara Türk adını verdi və yer üzünə hakim qoydu. Cahan hökmdarları Türk irqindən dünyaya gəldi. Dünya millətlərinin ixtiyarı Türklərə verildi. Türklər Tanrı tərəfindən bütün tayfalardan üstün sayıldı. Türklər himayəsinə aldıqları millətləri pisliklərdən qorudular. Cahan sultanı olan Türklərə hər kəs möhtacdır, onlara dərdini demək, onlardan mədəniyyəti öyrənmək və bütün bunlara nail olmaq üçün Türk dilini mənimsəmək lazımdır. İslam Peyğəmbəri oğuz türklərinin təşəkkül tapaçağını və Türk dilini öyrənin, çünki onlar üçün uzun müddət davam edəcək səltənəti vardır buyurmuşdur.
 “Divanı-Lüğəti-t Türk”

Türk dünyasının dildə, fikirdə, əməldə birliyinin təmin edilməsi zərurətini dilə gətirən İsmayıl Bəy Qaspiralı ideyalarının gerçəkləşməsi üçün türksoylu cumhuriyyətlər arasında elmi, mədəni, siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyi bir dövrdə bu ideyaların gerçəkləşdirilməsi üçün olduqca əlverişli şərait yaranmışdır.

Sovet İttifaqının dağılmasından sonra İttifaqın tərkibindən çıxan on beş respublika ayrı-ayrı müstəqil dövlət olaraq dünya elmində, siyasətində öz yerini aldı. Rusiya Federasiyası da daxil olmaqla, yeni yaranmış respublikalar təhsildə, elmdə, incəsənətdə, iqtisadiyyatda, idmanda və, bir sözlə, həyatın bütün sahələrində ümumdünya proseslərə inteqrasiya etməyə başladılar. Bu proseslər Türksoylu xalqlar üçün yeni imkanların və əlaqələrin yaranmasına səbəb oldu. Ölkələr arasında elm, təhsil, iqtisadi əlaqələr sürətlə inkişaf etməyə başladı. Belə ki, Türk Dünyasının mədəniyyət nazirlərinin, incəsənət xadimlərinin, elm adamlarının və tədqiqatçıların, univerisitet rektorlarının iştirakı ilə  müxtəlif mövzularda mütəmadi olaraq konfranslar, simpozyumlar təşkil edildi. Bu tədbirlərdə gündəmdə olan əsas məsələ Türk xalqlarının danışdığı ortaq ünsiyyət dili oldu. Lakin yüksək səviyyədə təşkil olunmuş tədbirlərdə iştirakçıların eyni tarixi məcrada formalaşan dilin fərqli dialektlərində ünsiyyət qurması bəzi hallarda  müəyyən çətinliklərə və anlaşılmazlıqlara səbəb olmuşdur. Natiqlərin çıxışlarının əksəriyyəti rahat başa düşülsə də, diqqətlə nəzər yetirdikdə bəzi kəlmələrin planlı olaraq fərqli dialektlərə transformasiya edilməsini müşahidə etmək mümkün olmuşdur. Keçirilən konfranslarda Türksoylu xalqlar arasında vahid əlifbanın, ortaq ünsiyyət dilinin yaradılması mövzuları hər zaman müzakirə obyekti olmuşdur.

Bu məqalədə ortaq yazı dilindən çox, Türk xalqları arasında ortaq ünsiyyət dilinin, Ortaq Türk dilinin formalaşdırılması məsələlərinə dair mülahizələrimizi irəli sürmək istərdik. Türk xalqları arasında iqtisadi, mədəni və siyasi əlaqələr gündən günə daha da yüksək səviyyəyə çatır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün Türk xalqları arasında əlçatan və səmərəli ünsiyyət vasitəsinin yaradılaraq tətbiq edilməsi olduqca zəruridir ki, bu da öz növbəsində, Türk dilli dövlətlərin və cəmiyyətlərin bir-birinə daha da yaxınlaşmasına səbəb olacaqdır.

Ortaq ünsiyyət dilinin formalaşdırılması bütün Türk xalqları üçün anlaşılan vahid dil vasitəsinin tətbiqi yolu ilə təmin edilə bilər. Eyni dildə danışan insanlar ünsiyyəti, təbii ki, öz ana dilində qururlar. Ana dilləri fərqli olan və bunun nəticəsi olaraq ana dillərində bir-birlərini başa düşməyən insanlar isə ancaq bildikləri ortaq bir xarici dildə ünsiyyət qurmaq məcburəiyyəti qarşısında qalırlar. Türksoylu xalqların dialektlərinin bir hissəsi bir-birinə çox yaxındır – Türkiyə türkcəsi Azərbaycan türkcəsinə, Qazak türkcəsi Qırğız türkcəsinə, Özbək türkcəsi Uyğur türkcəsinə yaxındır. Lakin Türkiyə türkcəsində qazax, türkmən, altaylı və digər türksoylu xalqların bir-birlərini başa düşməsi heç də asan deyildir.

Dünya xalqlarının qloballaşan mühitdə sürətlə inteqrasiya etməsi və informasiya məkanının genişlənməsi şəraitində Türk xalqlarının hansı ümumi dildə ünsiyyət  quracaqları ilə bağlı məsələ artıq aktuallıq kəsb etməkdədir. Ünsiyyət zamanı hər kəs öz dialektindən istifadə edəcək və ya hər hansı bildiyi ortaq bir xarici dildə danışacaqdır. Türk xalqlarının nümayəndələri ana dillərindən əlavə fərqli xarici dilləri bilməklə yanaşı, bir sıra Türksoylu ölkələrdə bu xarici dillərdən təhsil sistemlərində də tətbiq edirlər.

Türkiyə türklərinin danışdığı əsas xarici dil İngilis dilidir. Alman və fransız dilləri isə xarici dil kimi çox az istifadə olunur. Keçmiş Sovet İttifaqının tərkibində olan Türk xalqlarının əsasən danışdıqları xarici dil Rus dili idi. İran İslam Respublikasında yaşayan 20 milyondan çox Azərbaycanlı isə xarici dil kimi fars dilində danışır. İraq türkmənlərinin və Suriya bayır-bucaq türklərinin xarici dili ərəb dilidir. Yunanıstandakı türklərin xarici dili yunan, Bolqarıstandakı türklərin – bolqar, Ruminiyadakı tatar və oğuz türklərinin – roman, Makedoniyadakı türklərin – makedon və serb dilləri, Kosovadakı türklərin xarici dili isə serb və alban dilləridir.

Bir qazax türkü ilə kosovalı türk öz aralarında ünsiyyət qurarkən heç biri digərinin dilini başa düşməyəcəkdir. Qazaxın xarici dili rus dili, Kosovalı türkün xarici dili isə serb və alban dilləridir. Digər xarici dillərdə də bir-birlərini anlamayan bu iki şəxs hansı dildə ünsiyyət qurmalıdır? Belə olan halda bu şəxslərdən biri rus dilini, digəri isə serb dilini öyrənməlidir? Xarici dil vasitəsi ilə bir-birlərini başa düşmək, bu dil vasitəsi ilə ünsiyyət qurmağı gözləmək son dərəcə məntiqsiz və ümidsiz olardı ki, bunun da əsas çıxış yolu bütün Türk dilli xaqlar üçün anlaşılan olan ortaq bir ünsiyyət dilinə sahib olmaqdır.

Hal-hazırda ünsiyyət vasitəsi olan dilin hər cəhətdən sürətlə inkişaf etdirilməsi bütün dünya xalqlarını bir-birinə yaxınlaşdırmışdır. Elmi bilgilərin və ünsiyyətin qarşılıqlı əlaqədə olduğu yeni bir anlayış cəmiyyətin gələcəyinə istiqamət verməkdədir. Çağdaş dövrdə elmi biliklərin və məlumatların yüksək səviyyədə ötürülməsinin ən məqbul vasitəsi isə  internetdir. Dünya xalqları arasındakı uzaq məsafələri aradan qaldıran internet Türk xalqlarını da bir-birinə yaxınlaşdıracaqdır. Məhz bu baxımdan internet çox böyük önəm daşıyır. Virtual nəşriyyat vasitələri (virtual publishing), konfrans materialları, məlumat ötürmə kanalları, onlayn radio və ortaq televiziya verilişləri kimi bir çox ünsiyyət yollarını da nəzərdən keçirmək olar (Azərbaycanda İctimai TV və TRT Avazın ortaq layihəsi). Hal-hazırda internet istifadəçilərinin əksəriyyəti ingilis, alman, fransız, italyan, türk, rus dillərində bir-birlərinə məlumat ötürürlər. Eyni millətdən olan insanlar öz dilləri vasitəsi ilə məlumat əldə etdiyi halda, fərqli millətlərdən olan insanlar bir-biriləri ilə ünsiyyətlərini ingilis dili vasitəsi ilə qururlar.

Yazı birliyinin, yəni əlifba birliyinin təmin edilməsi çox böyük əhəmiyyət kəsb edir. XX yüzilin əvvəllərində əksər Türkdilli xalqlar ərəb qrafikalı yazılardan istifadə edirdilər.

XX yüzildə ərəb əlifbasından qurtulub Latın əlifbasına keçmək üçün bir neçə dəfə cəhdlər edilmişdir. Latın yazısına keçən ilk Türk xalqı Yakutlardır (1917-1918 illər). 1926-cı ildə Bakıda I Türkologiya Qurultayı keçirildi. Bu qurultayda uzun mübahisələrdən sonra Latın qrafikalı əlifba qəbul olundu və əlifbaya Birləşdirilmiş Türk Əlifbası adı verildi. Bu əlifba mərhələlərlə Sovet İttifaqına daxil olan Türk Cumhuriyyətləri tərəfindən istifadə olundu. 1928-ci ildə Atatürk ən böyük layihələrdən birini həyata keçirərək Türkiyədə Latın əlifbasına keçidi təmin etdi. 1930-cu illərin əvvəllərində bütün Türk dünyası müəyyən mənada eyni qrafikalı yazıdan istifadə edirdi. Belə vəziyyət bu şəkildə davam etsəydi ehtimal ki, Sovet İttifaqı tərkibində olan Türk xalqlarının bir-biriləri ilə ünsiyyət qurması daha rahat olacaqdır. Lakin Stalinin 1930-cu illərdə türk xalqlarına qarşı başladığı kampaniyanın nəticəsi olaraq Sovet İttifaqının tərkibinə daxil olan Türk xalqlarının latın qrafikalı əlifbadan istifadə edilməsinə son qoyuldu. Ən qəribəsi və dəhşətlisi də odur ki, 1926-cı ildə Bakıda keçirilən Türkologiya Qurultayında Latın əlifbasını müdafiə edən elm adamlarının çoxunun məhz ölüm tarixi 1937-ci ilə təsadüf edir. Günahsız yerə öldürülənlər və sürgün edilənlər arasında Türksoylu xalqların elm adamlarından başqa məşhur Türkoloq Samoyloviç də var idi.

Represiv tədbirlərdən sonra demək olar ki, artıq Kiril əlifbasından bütün Türk xalqları tərəfindən istifadə edilməsinə qərar verildi. Kiril yazısının tətbiqi üzrə 1937-ci ildə başlayan proses 1940-cı illərin əvvəllərində başa çatdı.

Sovet İttifaqına daxil olan Türk Cumhuriyyətləri analoji Kiril əlifbasından istifadə etdikləri halda hazırda mövcud problemlər yaşanmazdı və qazaxlar, qırğızlar, özbəklər, türkmənlər, hətta Azərbaycanlılar bir-birilərini anlaya biləcəkdilər.

Bütün bunlara baxmayaraq, bunlar  baş vermədi…

Hər bir türk cümhuriyyətində tətbiq edilən yazı dilindən fərqli bir Kiril əlifbasından istifadə edilirdi. Bəlli olduğu kimi, dünyadakı bütün dillərdə səslər ortaqdır. Dilləri bir-birindən ayıran səslər deyil, səslərin ortaya çıxardığı mənalardır. Səslərin yazıdakı qarışılıqları olan hərflər də fərqli dillərdə eyni səsləri verə bilər. Türk dialektlərində səslərin təxminən 99% ortaq olmasına baxmayaraq, bu səslərin bir hissəsi üçün fərqli işarələrdən istifadə olunub. Bu keçən dövr ərzində Türk xalqlarının dilləri bir-birindən uzaqlaşmağa başladı.

Elm və təhsil dili olaraq rus dilinin yayılması da Sovet İttifaqındakı Türksoylu xalqların bir-birlərinin dillərində ünsiyyət qurmalarına mane oldu. Bir qazax ilə qırğız öz ana dillərində ünsiyyət qurduqda bir-birlərini çox rahat başa düşəcəkdilər və bu gün də bir-birlərindən bu qədər arala düşməyəcəkdilər.

Sovet xalqlarının qardaşlıq dili rus dili Türksoylu xalqlar arasında ünsiyyət vasitəsinə çevrildi. Artıq bu gün bir özbəklə qazax üz-üzə gəldikdə çox rahat bir şəkildə Rus dilində danışaraq bir-birlərini başa düşürlər. Təəssüflər olsun ki, hətta eyni soydan gələn Türk xalqları, bu gün öz aralarında Rus dilində danışmağa üstünlük verirlər.

Bir neçə Türk Cumhuriyyətindən başqa, demək olar ki, Sovet İttifaqının tərkibində olan bütün Cumhuriyyətlərin ali təhsil müəssisələrində təhsil dilinin rus dili olması yeni nəsilin ana dilindən uzaqlaşmasına səbəb olduğu kimi, Türk dilli xalqların bir-birlərinin dillərini bilmələrinə də mane oldu. Beleliklə, mövcud  acınacaqlı vəziyyət ortaya çıxdı. Bütün bunlara baxmayaraq, yenə də gec deyil və bunun həlli yolları vardır.

Bu gün Türk dilli xalqlar arasında Ortaq ünsiyyət dilinin formalaşdırılması üçün ilk öncə Türk dialektlərindəki ortaq ünsürləri nəzərə almaq lazımdır. Bunlardan birincisi Türk dillərinin ortaq lüğət və söz tərkibidir. Türksoylu xalqların dilləri təhlil və tədqiq edilərkən sözlərin çox hissəsinin ortaq olduğunu rahat müşahidə etmək olar. Türk xalqları arasındakı ortaq ünsiyyət dili bu ortaq söz varlığına əsaslanaraq yaradılacaqdır. Dialektlərdəki müəyyən səs dəyişiklikləri ilə sözlərin dillərdə istifadə edilməsi mənanın qavranılmasına əngəl olmayacaqdır. Belə ki,  sözlərdə səs dəyişiklikliyi əhəmiyyətli dərəcədə olsa belə, heca saylarındakı bərabərlik, vurğu və sözlərin mənasının başa düşülməsi qənaətbəxş olacaqdır.

İndi isə Türk xalqlarının ortaq söz bazasını və lüğət tərkibini əsas əlamətlərə görə qiymətləndirək:
Bəzi səs fərqləri istisna olmaqla, fellərin, demək olar ki, hamısı ortaqdır. Tarix boyunca Türk dillərinə xarici dillərdən isim, sifət, zərf, ədatlar daxil olmuşdur, lakin xarici dildən keçmə fel Türk dillərinə çox az miqdarda daxil olmuşdur. Bu səbəbdən fellərin çoxunun mənasını çox rahat şəkildə başa düşmək mümkündür.
Əvəzliklərin də hamısı bütün Türk dillərində eynidir. Sadəcə birinci şəxsin təkində olan /b/ ~ /m/ dəyişiklikliyi müşahidə edilir. Türk dünyasının bütün dillərində mən-in ben mənasını verməsi, ben-in də mən mənasında istifadə olunması məlumdur.
Əvəzliklər isimin hallarına görə dəyişsə də, cümlənin quruluşundan məna çıxarmaq mümkündür. Saylar bütün Türk dillərində ortaq olmaqla yanaşı, bütün Türk xalqlarının dillərində eyni formada istifadə edilir.
Ağız, burun, qulaq, dil, diş, saç kimi orqan adları Türk qaynaqlı sözlərdir. Bəzi Türk dillərindəki səs dəyişmələri kəlimələrin başa düşülməsini çətinləşdirmir.
Coğrafi adlar bütün dialektlərdə eyni səslənir. Bu adlarda müəyyən səs dəyişiklikləri olsa da, bunlar sözun kökündən başa düşülməsinə çətinlik yaratmır. Cümlənin quruluşuna bir az diqqət yetirildikdə mənaları rahat başa düşmək olur.
Türk xalqlarının dillərində rəng adları da ortaqdır: ağ ~ qara ~ sarı ~ al ~ qızıl… Bu sözlərin bəziləri dillərin ümümi qrammatik quruluşuna görə dəyişikliklərə məruz qalır: misal üçün, yaşıl ~ jasıl ~ caşıl.
Kim, ne, kaç ~ kança ~ neçe və bu kimi digər ortaq sual sözləri bütün Türk dillərində istifadə edilməkdədir.
Türk xalqları arasında ortaq ünsiyyət vasitəsinin yaradılmasına zaman lazımdır. Lakin bu məsələnin zamanın axarına etibar etmək də məqbul çıxış yolu kimi nəzərdən keçirilə bilməz. Türkiyə Cumhuriyətinin qurucusu Atatürk də yaranmış vəziyyəti hələ 1933-cü ildə görmüş və bir gün Sovet İttifaqının dağılacağını, Türksoylu xalqların azadlıqlarına qovuşacaqlarını, dili və inancı bir olan soydaşlarımızla günü bu gündən maraqlanmaq lazım olduğunu məhşur bir çıxışında vurğulamışdır.
Bəli, Atatürkün dediyi kimi o, gün gəldi, lakin təssüflər olsun ki, Atatürkün 1933-cü ildə gördüyü həqiqətləri biz qabaqcadan görə bilmədik və yaranmış vəziyyətə qarşı tədbirlər həyata keçirmək, Türk xalqları arasındakı tamdəyərli dil körpüsünü qura bilmədik. Türk xalqları üçün vahid ünsiyyət dilinin yaradılması istiqamətində görülməli olan zəruri tədbirlər ətrafında, qısaca olaraq dayanmaq istərdik:
Yerinə yetirilməsi nəzərdə tutulan ilk iş bütün Türksoylu xalqların ortaq və ümumi əlifbaya keçməsidir. Kompüter və ünsiyyət texnologiyaları Latın əlifbasının bazasında yaradılaraq inkişaf etdiyinə görə bütün Türk soylu xalqların ən qısa zamanda ortaq Latın əlifbasına keçməsi təmin edilməlidir. Bu əlifbada Türk dillərindəki ortaq səslər üçün ortaq hərflərdən istifadə edilməlidir. Əlifba mümkün olduğu qədər asan və hər kəsin başa düşə biləcəyi qədər anlaşıqlı olmalıdır. 1991-ci ildə Mərmərə Univerisitetində keçirilən iclasda müəyyən edilən 34 hərfdən ibarət ortaq əlifba, həmçinin hər türk cumhuriyəti və cəmiyyətlərinin də özləri üçün lazım olan işarələr nəzərə alınmaqla Ortaq bir əlifba yaradılmalıdır. Bu əlifbanın bütün Türk xalqları arasında yayılmasında, öyrədilməsində və istifadə edilməsində dilçi alimlərin üzərinə böyük məsulliyyət düşür. Yeni yaradılacaq əlifbanın və ortaq türk dilinin rəsmi siyasi dairələrdə geniş istifadə olunacağı baxımından zərurətini nəzərə alaraq məsələnin türkdilli dövlətlərin hökumətləri səviyyəsində qaldırılması konkret nəticələrin əldə olunmasına münbit şərait yarada bilər. Eyni zamanda rəsmi yazışma və ünsiyyət dillərinin vacibliyini heç də minimuma endirməməklə türksoylu dövlətlər üçün ən məqbul ünsiyyət dilinin məhz ortaq türk dilinin olması xüsusi olaraq vurğulanmalıdır.
Azərbaycan Respublikasında Latın qrafikalı əlifbadan 1 avqust 2000-ci ildən etibarən istifadə edilməyə başlanıldı. Halbuki Azərbaycanda latın qrafikalı əlifbadan ilk dəfə rəsmi olaraq 20 oktyabr 1923-cü ildə istifadə edilməyə başlanılmışdır. Lakin 1 yanvar 1929-cu ildə sovet höküməti bu əlifbanın istifadə olunmasına qadağa qoydu. Azərbaycan müstəqillik əldə etdikdən sonra 5 dekabr 1991-ci ildən yenidən latın qrafikalı əlifabaya keçid başlamışdı, lakin müəyyən dövrlərdə bu proses tənəzzülə uğramış və ya istənilən şəkildə istifadə edilməmişdir. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 18 iyun 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanla Azərbaycan Respublikası yanında Dövlət Dil Komissiyası yaradılmış və müvafiq qurumlara dövlət dilinin və latın qrafikasının tətbiqi işinin yaxşılaşdırılması ilə bağlı uzunmüddətli kompleks planların hazırlanıb həyata keçirilməsin tapşırılmışdır. Fərmandan irəli gələn tədbirlərin biri olaraq qısa müddət ərzində “Azərbaycan Respublikasında dövlət dili haqqında Qanun” hazırlanaraq təsdiq edilmişdir.
Belə ki, bu fərmandan sonra bir çox türk cumhuriyyətlərində də bu istiqamətdə addımlar atıldı. Bütün Türk Dünyasında Latın qrafikalı əlifbanın yayılması ortaq ünsiyyət dilinin qurulmasında əhəmiyyətli rol oynayacaqdır. Türk cumhuriyyətlərindəki dil institutlarının, dil qurumlarının dəstəyi ilə beynəlxalq tədqiqat institutu yaradılmalıdır. Bu institutların əsas fəaliyyəti yaradılacaq ortaq ünsiyyət dilinin söz varlığının və terminlərin araşdırılmasına yönəldilməlidir.
Türk xalqlarının mövcud ümumi söz varlığının müəyyənləşdirilməsi də əsas məsələlərdəndir. Bu gün Türk dillərinin lüğət tərkibində 40.000-80.000 arası söz və söz birləşmələri mövcuddur. Bütün Türk dialektlərinin söz varlığını, lüğət tərkibini əhatə edəcək müqayisəli lüğət hazırlanmalıdır.
Beləliklə, dillərin söz varlıqları da təbii yolla zənginləşmiş olacaqdır. Buna nümunə olaraq Türkiyədə Türk Dil Qurumu tərəfindən aparılan fundamental işləri qeyd etmək isərdik. Türk Dil Qurumu tərəfindən hazırlanan Müqayisəli Türk Ləhcələri Lüğətinin və Qrammatikası layihələrinin üzərində çoxlu mütəxəssis işləyir. Prof. Dr. Ahmet Bican Ercilasunun rəhbərliyi altında həyata keçirilən layihədə Türk ləhçələrinin ümumi lüğət tərkibi hazırlanacaqdır.
Türk dilli ölkələrin ana dildə təhsil sistemi ən aktual məsələlərdən biridir. Türk dilli xalqlar ibtidai təhsildən univeristetə qədər təhsilini doğma dildə almalıdır. Ana dildən başqa bir dildə təhsil alması mərhələlərlə azaldılmalı, hər təhsil pilləsində mərhələli olaraq doğma dildə təhsil seçilməlidir.
•Türk dilli ölkələrdə Türk dünyası ilə bağlı ədəbiyyat təhsildə tətbiq edilməli və dərsiliklərdə hər Türk dilli ölkənin dilindən hissə-hissə materiallar lüğət tərkibi ilə birlikdə verilməlidir.
•Türk dünyasının ortaq ədəbiyyatının mənbə əsərləri, dastanlar, nağıllar, laylalar, atalar sözləri hər bir Türk dilli ölkədə nəşr olunmalıdır. Bu ədəbi əsərlərin bütün Türk dünyasının ortaq dəyərləri təsiri bağışlamalıdır.
•Türk Dünyası şair və yazıçılarının əsərləri digər dillərdə də çap olunmalıdır. Bu əsərlərin hamısı ortaq Türk əlifbası ilə nəşr olunmalı, səhifənin bir tərəfində mətn, qarşısında isə lüğəti verilməlidir.
•Türk cumhuriyyətlərinin radio və televiziya verilişlərinin Türk xalqları tərəfindən izlənilməsi təmin edilməlidir. Verilişlər Türk dilində aparılmalı, televiziyalarda Türk xalqlarının filmləri efirə xüsusi şəkildə verilməli, altdan titrlərlə həmin ölkənin dialektində verilməlidir.
•Türk dünyasındakı mədəniyyət və incəsənət əlaqələri qarşlıqlı inkişaf etdirilməli və daha da genişləndirilməlidir.
•Musiqi, kino, teatr kimi incəsənət sahələrində əlaqələrin inkişaf etdirilməsi də Ortaq ünsiyyət dilinin təkamülünə təkan verən amillərdən sayıla bilər.
•Türk dilləri üçün gündəlik istifadə üçün danışıq kitabları hazırlanmalıdır. Burada istifadə ediləcək cümlələrdə ortaq sözlərə üstünlük verilməlidir lazımdır. Bir dil üçün xüsusi ifadə yerinə, hər dildə rahat başa düşüləcək sözlər seçilməlidir.
•Tayfaçılıq, klançılıq kimi Türk dünyasını ayıran yanlış düşüncələrdən uzaq durulmalıdır.
•Ləhcə, dialekt və şivələr ortaq dildən uzaq tutulmalıdır.
•Mümkün olduğu qədər bütün Türk dillərindəki ortaq xüsusiyyətlərdən istifadə edilməlidir.

Türk xalqları bir-birləri ilə ünsiyyətlərində öz dillərdən başqa bir dili ümumi ünsiyyət dili olaraq seçməməlidir. Xalqlar arasındakı ünsiyyətdə rus və ingilis dili kimi xarici dillərdən istifadə edilməsi Ortaq ünsiyyət dilinin və ortaq yazı dilinin yaradılmasını gecidirməklə yanaşı hətta bunu əngəlləyir.
Türk xalqları arasında ünsiyyəti gücləndirəcək və inkişaf etdirəcək bir başqa ünsür isə internetdir. Türk xalqlarının məlumat əldə etməsi üçün ortaq əlifbanın tətbiq edilməsi ən qısa zamanda başlanmalıdır. İnternetdə Türk xalqları bir-biriləri ana dillərində məlumat əldə etmək və internetdən istifadə etmək üçün ortaq internet terminləri hazırlanmalı və tərtib edilməlidir.
Türk Cumhuriyyətləri Universitetlərinin və digər qurumların internetdə açacaqları səhifələr ilkin versiya olaraq mütləq ana dildə hazırlanmalıdır. Ana dildəki internet səhifələri xarici dillərə də tərcümə edilə bilər. Türkiyənin internet məkanında Türk dilininin inkişaf etdirilməsi istiqamətində başlanılan kampaniyaya digər Türk cumhuriyyətləri də qoşulmalıdır.
Türk xalqları ortaq ünsiyyət dilinin yaradılması üçün Türk Dil Qurultaylarının keçirilməsi bərpa olunmalı, hər il davamlı olaraq bir Cumhiriyyətdə təşkil olunmalıdır. Qurultaylarda ortaq ünsiyyət dilinin yaradılması şərtləri nəzərə alınmalı, bu istiqamətdə həyata keçiriləcək tədbirlər əlaqələndirilməlidir.
Həyata keçiriləcək bu işlərlə ortaq ünsiyyət dilinin formalaşdırılması təmin ediləcək və ortaq ünsiyyət dili – ortaq Türk yazı dilinin bünövrəsi qoyulacaqdır.
Hal-hazırda xüsusilə Türkoloqlar arasında bir ortaq ünsiyyət Türkçəsi yaradılmış vəziyyətdədir. Hətta bu elm adamlarının danışdıqları ortaq ünsiyyət dili sıravi insanlar, dilçilikdən uzaq olan şəxslər üçün də başa düşüləndir.
Ölkəmizdə dil birliyinin qorunması, daha da gücləndirilməsi, eyni zamanda bütün Türk dünyasında ortaq ünsiyyət dilinin yaradılması istiqamətində işlərin davamlı şəkildə aparılması bu günün ən prioritet məsələlərindən biri kimi nəzərdən keçirilməlidir ki, bunun üçün isə ilk növbədə qarşıya qoyulan məsələlənin mürəkkəbliyi nəzərə alınmaqla tədbirlərin ümumi məcrada, kütləvilik təmin edilməklə həyata keçirilməsi zəruridir.

You may also like

9 şərh

Revan 2012-01-06 - 14:30

Tebrikler. Yaxşı meqaledir.
Meqalede konkret teklifler ve addimlar gosteilib.
Turk dunyasinin birleshmesinin ilkin menbeyi bir daha mexsusi olaraq vuruqlanib. Her shey elifbadan bashlanir.
Yaxshi muqayiselere yer vermisen. Meqalenin dili olduqca sade ve bashadushulendir.
Novbeti meqalelerini oxumaq dileyile Sene uqurlar.

Cavab
Elxan Nəcəfov 2012-01-07 - 12:11

Sağ ol, Elçin müəllim. Biz eyni dövrdə, eyni universitetdə oxuyan tələbələr olmuşuq. Mən sənin türkologiya sahəsində çox bilikli olduğunu bilirəm. Bu, yazında da açıq şəkildə hiss olunur. Bu günkü dünyamızda güclü olmağın əsas şərtləindən biri gücləri birləşdirməkdir, məncə. Birləşməyimiz üçün mütləq bir-birimizi başa düşməliyik. Bunun üçün də bizə ortaq dil lazımdır. Əlbəttə bu istəyin yerinə yetirilməsi üçün çox maariflənməliyik. Maariflənməyimiz üçün sən artıq işə balşamısan. Səni alqışlayıram və uğurlar arzulayıram.

Cavab
Emil Arifoglu 2012-01-08 - 00:46

Tebrikler!!!
Maraqli meqaledir. Oxuduqca oxucunu yormur. Selist ve aydin yazilib. Cox xosuma geldi. Ugurlar Elcin bey.

Cavab
Teymur 2012-01-13 - 14:31

TÜRK dili ortaq əlifbanı qəbul etmir. TÜRKİYƏ TÜRKÇƏSİ var və həmin dildə olan yabanı terminləri çıxarmaqla DÜNYA TÜRKLƏRİ bunu qəbul etməlidirlər. Ortaq deyilən dil parçalanmadan başqa bir şey deyil. Bir MİLLƏT bir dövlət və bir dil var edilib. İslam da, peyğəmbər də, Həzrət Əli də bunu buyrublar.

Cavab
Elçin 2012-01-16 - 11:23

Teymur bey!
Ortaq dilinin parçalanmağa səbəb olmur əksinə birləşməyə və birliyə səbəb olur!
Sizin fikrinizə hörmətlə yanaşıram amma heç də əsaslı bir fikir deyil!

Cavab
Teymur 2012-01-17 - 20:00

Cənab Elçin bəy, mən də həmişə yazılara hörmətlə yanaşıram. Türk dilində də çox hörmətlə oxuyub anlayıram. Ortaq dil yaradıb nəyisə icad, kəşfmi deyək ortaya atıb DİL kimi qəbul edilməsi həmişə TÜRK milləti olaraq parçalanmanı bu günə qədər yaşadıb. Hansı ortaqlıqdır ki, 1937-ci ilə qədər TÜRKİYƏ TÜRKCƏSİndə yazıb-oxuyasan, sonra… AZƏRBAYCAN deyə bir dil peyda edilb.!? İndi də ortaq dil deyəndə hansı millətdən olub şəriklik ortaqlıq dil yaranır? Müdafiələr edilmıəsi naminəmi belə asan üsullara əl atılır? Əgər TÜRK millətiyiksə TÜRKİYƏ TÜRKCƏSİ var. BİR MİLLƏT BİR DÖVLƏT olmnağımız var edilibsə ORTA ASİYAda yaşan xalqların dili daha çox TÜRKİYƏ TÜRKCƏSİni qoruyub saxlamışdır. Hoqqabazlıq əlifbasının yaranması və ortaqlıq hansı millətin ideyası olub ortaya atılır.?!

Cavab
Elçin 2012-01-19 - 11:15

Dəyərli oxucu!
bu yazınızdan məlum olur ki Siz fikir bildirdiyiniz məqaləni tam dəqiqliklə oxumamısınız! Çünkü gətirdiyiniz arqumentlər heç də əsaslı deyil Siz bu fikirlərinizlə yuxarıdakı məqaləni təkzib yox təsdiq edirsiniz!
Diqqətli olsanız görə bilərsiniz ki bu ideya heç də “hoqqabazlıqdan” və ya hansısa “məqsədlərdən” irəli gəlmir!
məhz bu yazıyla biz tarixən Türklərin danışıdığı Ortaq Unsiyyət dilini yaratmağın yollarını göstərməya çalışırıq.
Bütün Türk dünyasının gələcəkdə hər hansı bir konfransda və ya simpozyumda məhz Ortaq bir Türk dili vasitəsiylə ünsiyyət qurmasını və bunun daha rahat və asan yolları göstərməyə çalışırıq!
P.S: Əlbəttə Türkiyə Türkçəsini ilk addım kimi götürmək olar!

abbasqasimzade 2012-01-25 - 20:50

Meqaleni oxudum xosuma geldi biz seninle fexr edirik

Cavab
Minaxanım Təkləli 2015-03-28 - 12:18

Yaxşı yazıdır, Elçin bəy… Hətta burada qoyub həll etməyə çalışdığın hər bir məsələyə ayrıca yazılar həsr edə biərsiniz. Bu zaman səmərəsi daha da artacaqdır. Uğurlar

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.