Ana səhifə BAŞ YAZI Rəfail Tağızadə təqdim edir:

Rəfail Tağızadə təqdim edir:

Müəllif: Bizim Yazı
942 baxış

Edvard Staxura (1937-1979; Polşa) – Şair, nasir, tərcüməçi.
Fransada polyak emiqrant ailəsində doğulan şair, 1948-ci ildə Polşaya gəlir. Varşava Univerisitetinin roman filologiyası fakultəsini bitirir. 1969-70-ci illərdə təqaüdlə Mexikoda univerisitetdə oxüyub. Borxesin əsərlərini polyak dilinə tərcümə edir.
“Harda həqiqi şair var, orda poeziya var”-deyən Edvard Stahura bütün Polşanı qarış-qarış dolaşmışdı. “Gəzən şair” adlandırılan Staxura dünyanın yarısını gəzmişdi.
Staxuranın poeziyası xaosun poeziyasıdı. Bu mənada o əsl şairdi. Onun həm şeirlərində, həm də nəsrində dərindən hiss etdiyi yalnızlıq və qəriblik duyğusu çox aydın nəzərə çarpır.
Edvard Stahura oxuduğu mahnıların musiqisini də özü yazırdı.
O, sağ ikən əfsanəyə çevrildi.
Şair 1979-cu ilin 24 iyununda intihar edir.

O gedəndə

Mən necə əlsiz oldum əllərim ola-ola
Mən necə ayaqsız oldum ayaqlarım ola-ola
Mən necə dilsiz oldum.

Mən necə əlsiz oldum əllərim ola-ola
Əlimdən sürüşüb dağıldı hər şey
Bax əlimi-əlimə vururam-bravo!
On barmaq məgər azmı?
İndi onlar olmamış kimi.

Mən necə əlsiz oldum əllərim ola-ola
Mən necə ayaqsız oldum ayaqlarım ola-ola
Mən necə dilsiz oldum.

Mən necə ayaqsız oldum ayaqlarım ola-ola
Divara söykənmişəm
Ayaqlarım aparmır məni
Mil kimi dayanıb ayaqlarım
Zanbaq əkilən torpaqda mil kimi.

Mən necə əlsiz oldum əllərim ola-ola
Mən necə ayaqsız oldum ayaqlarım ola-ola
Mən necə dilsiz oldum.

Dilim ola-ola dilsizəm
Yanmış dodaqlarımla
Sanki ağzım xəbərlərlə dolu
Dəhşətli qışqırıqla boğulanda
Mən bilmədim başımıza nələr gələcək.

Mən necə əlsiz oldum əllərim ola-ola
Mən necə ayaqsız oldum ayaqlarım ola-ola
Mən necə dilsiz oldum.
Mən meyid kimi soyudum.

O gedəndə…

***
Bizi
kvadrat qəfəsə yerləşdirdilər,
qanadlarımızı kəsdilər
və məhəbbət haqda oxumağı əmr etdilər.
Bizlərdən biri
mumdan yapışdırılmış qanadlarla
qəfəsdən qaçaraq,
məhəbbət haqda oxumaq istəyəndə,
onu dəli élan etdilər
ona dəli dedilər.
Şən gülüşlə
güzgünü onun qanadlarına saldılar
və… əridi mum.
Sözə qulaq asmayan balaca qəfəsə qayıdanda,
xoş təbəssümlə ona
qəddar kralın
Dedalla İkarı
doğma Afinaya buraxmaması haqqında
əfsanələr danışdılar.
Amma siz bilirsinizmi,
meymunabənzər köstəbəklərin
heç biri
ərimirlər güzgünün parıltısında.

***
Nə vaxtsa
deşik cibimə soxduğum
o arzu tapıldı
böyük qarğa
şəffaf-xeyirxah çaya enən gecə

O gecə
uçan yarasalar yedilər bütün ulduzları
bütün ağ kəpənəkləri
təkcə qara kəpənəklər qaldı
Dörd həftəlik həqiqət
ay kimi
sürüşdü hamar güzgüdə
Bax arzum tapıldı
möhkəm
palıd odunu.

Uşaq oyunları

Bəziləri ölmüş valideynlərinin gözləriylə
boş işlərlə məşğuldular
Başqaları sarı-limonlu şarmankaçıların *
çəkmələrini oğurlayırlar
Üçüncülərin üzündə
qopardılmış kəpənək qanadlarından təbəssüm
Kimsə yuxunu rəngləyir
çəhrayı tozdan götürulmüş qara rənglə
Allahsa kənarda dayanıb

* – çiyindən keçirilib gəzdirilən yeşiyə oxşar kiçik orqan, musiqi aləti

 

Sən harda olsan da

Sən harda olsan da,
Çıx evdən.
Və yolda
Bir səs eşidəcəksən:
Bu mənəm.

Sən harda olsan da,
Nə vaxt sən yoxsan,
Orda mən də yoxam.
Və ancaq qarabasma,
Ancaq səhralıq.

Sən harda olsan da,
Nə vaxt mən yoxam,
Orda sən də yoxsan.
Və ancaq qarabasma,
Ancaq səhralıq.

Sən harda olsan da,
Sən mənimləsən.
Bizim mahnımız eşidilir
Sükutun arxasında.

Biz iki almayıq
Gilənar ağacında.

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.