Bir nar ağacı var…
Bir nar ağacı var yuxularımda,
Bir nar ağacı…
Hər kadr dəyişdikcə rəngi dəyişir çiçəklərinin.
Yuxularım film kimi…
Ən şirin xəyallarım ona bağlıdır…
Hər gecə özümü orada görürəm …
O ağacın yanında…
Bir Nar ağacı var yuxularımda…
Hər nə görsəm ordadır, onun yanında…
Rəngbərəng çiçəkləri kəpənək qanadlarıdır,
Kipriklərimi aldadır…
Qaçıram ardınca, çatmıram…susayıram…
Su içirəm…
İçdiyim sular da göz yaşı dadır…
Bir nar ağacı var yuxularımda…
O nar ağacında həmişə çiçəklər, həmişə bahar…
Nar ağacı…nar ağacı… nar ağacı…
Bəlkə də yuxudur…aldanmışam…
Dar ağacı…dar ağacı…dar ağacı…

