Anam da bağışlasın
Gülümsəsin küçələrdə
bir tərəfi titrəyən,
bir tərəfi tərləyən
ən kiçik şüşələr də…
Külək ilə yağışın rəqsi cızılır şüşədə,
Ürəyim dilə gəlir,
adın yazılır şüşədə.
Əlləri ciblərində gəzən ümidlər belə
Qaldırsın qollarını,
bu rəqsi alqışlasın.
Silməyə tələsməsin pəncərəni heç anam,
Nəmini qurutmağa
bir azca xəyallarım,
azca da özüm yanam.
Anam da bağışlasın…
Barmaqlarımın ucları adına gülümsəyir,
Küçədəki əksinsə şüşəyə gülümsəsin.
Razıyam,
yolların ürəyini addımların tapdasın,
Ayağının izləri küçəyə gülümsəsin.
Divarların, daşların,
küləyin, yağışların
qulaqların batırsın
astaca “Gülüm!..” səsin.
Yağış dayanmasın heç,
külək adını desin,
Gecə nəfəs saxlasın,
Dirəkdəki lampalar
gecəyə gülümsəsin.
Qapının arxasından,
Hasarın arasından
işıq da gülümsəsin…
Heç kimə görünməyən,
İçimdə böyüməyən
uşaq da gülümsəsin…
Gələrsən
Nə olsun, darıxıram…
Yuxu yaman haqlayıb,
Alıb aparır məni,
Qoymur bir az ağlayım…
Nə olsun, darıxıram…
Bircə səs, nəfəs çatmır,
Nəfəsim kəsilməyə
Yuxu qoymur, saxlayıb…
Nə olsun, darıxıram…
Yuxu qoymur, darıxım.
Gələrsən yuxulara?!
Gələrsən, sənə baxım?!
Gələrsənmi həsrəti ayaqlayıb?!
Gələrsənsə… tez de ki, yuxunu qucaqlayım…
Bilirəm
Mən hara gedim axı?!
Ağlın aparıb məni, ayaqlarım yerimir…
Bu bağları çözməyə nə çarə edim axı?!
Barmaqlarım dolaşır…
Bəlkə qabar izləri
Əllərində əllərimin yeridir?!
Mən bu hala gəlmişəm…
hayana gedim axı?!
Sən niyə narahatsan?!
Axı özün həyatsan…
Bu dünyaya gəlmişəm…
o yana gedim axı?!
Darıxırsan, bilirəm…
Qəlbindəki hər yara
Dərdlərimdən biridir…
Mən hara gedim axı,
Bir nəfəsi bölürük…
Qəlbim səndə, yara məndə yer edib,
Hər nəfəsdə ölürük…
Darıxırsan, bilirəm…
Əlində əlim qalıb…
Bax, uzaqda deyiləm,
Çiynində telim qalıb…
Bizim şeir
Ayrılıq da bəm imiş,
Bir az da həzin olur.
Bir azca ağı deyir, bir az da hüzn olur…
Sən demə, gözlərimin kökü çoxdan quruyub,
Kirpiklərim nəm imiş…
Bütün sevgilər kimi,
Bu sevginin sonu da
Sevgimizdən kəm imiş…
Sən ayrılıb gedirsən…
Məndən sənə xatirə —
Ayrılığa yollayan bir kəlmə izn olur.
Yaşanan xoş görüşlər,
Tutulmayan vədlərin,
Edilməyən əhdlərin…
Ayrılanda əllərim
Dodağımdan qopmayan ehtiraslı öpüşlər…
Deyirsən, bizim olur?!
Nə sən mənim olursan,
Nə mən sənin xatirən…
Çox ədalətsiz dünyadır:
Sən ayrılıb gedirsən —
Sənsizliyə yazılan şeirsə… bizim olur.
Darıx…
Məni bircə dəfə xəyal et, nolar,
Darıx mənim kimi, küs mənim kimi.
Demə, yorulmusan xəyalından da,
Yorul mənim kimi, sus mənim kimi.
Nə olar, mən sənin nəfəsin olum,
Köksünə dolaram dağ havasıtək.
Bir az da baharı xatırla mənlə,
Günəşin üfüqlə yer davasıtək.
Nə olar, bir anlıq baxışın olum,
Gizlənim gözünün dərinliyində.
Ağlasan, od tutan canımı mən də
Soyudum gözünün sərinliyində.
Nə olar, gecəki xatirən olum
Yuxunun səhərki solğunluğunda.
Yorul mənim kimi, darıx mənimtək,
Öpərəm darıxan yorğunluğundan.
Alışan yay kimi
O ala gözlərindən işıq səpsən ömrümə…
Gah yazım olsan mənim,
Gah alışan yay kimi…
Gah da ki son baharım –
Payızım olsan mənim.
Qorxma qışım olmağa,
Ayazım ol sən mənim.
İstəsən, bircə fəsil,
Lap istəsən, bütöv il,
İstəyirsən, tamam sil.
Çox istəyən ac qalar,
Sən azım olsan mənim…
Taleyi Allah verib,
Gəl, yazım ol sən mənim…
Qələmi qırardım
Alıb dərdlərimi elə gedərdim,
Canımın ağrısın yozan olmasın.
Çəkib yazılanın üstündən xətti,
Qələmi qırardım, yazan olmasın.
Gedərdim gizlicə, səssiz-səmirsiz,
Qoyduğum izləri pozan olmasın.
Qazardım bir böyük quyu özümə,
Quyumu darısqal qazan olmasın.
Mənim ağrılarım tonla yazılır,
Qramın vermərəm, dözən olmasın.
Mənim kürəyimi yüküm bəzəyir,
Qəddimi əymərəm, əzən olmasın.
Can da olsan
İnan mənə,
Tükənməyən hissimə.
Qıyma mənim bu çarəsiz qəlbimə…
Almısan büsbütünün, əgər dəysən bir simə,
Mən küsərəm canımdan, can da olsan, incimə…
Susma, danış mənimlə,
Səssizliyin həzinmiş.
Susqun-susqun bax elə,
O baxış da bəsimmiş.
Gözlərini qaçırma, gedən mənim əksimmiş,
Çəkilərəm gözündən qaranlığın küncünə,
Qaranlıqda alışaram, yanaram,
Canımı yandıraram, can da olsan, incimə…
Yer tapmaram, dincələm…
O ürəyə, o gözə, o baxışa
Sığışmaram bircə mən,
Yerləşmərəm cahana,
cahan olsan, incimə…
Mən özüm gələrəm
Heyif deyildimi sizli günlərim…
Günəşli, yağışlı, sisli günlərim,
Sizinlə getdilər bizli günlərim…
Bilmirəm, bizimçün, günçün ağlayım.
Şirin deyildimi sizlə evimiz,
Qonağı olubdur evə elimiz…
Üzülüb doğmadan elə əlimiz,
Bilmirəm doğmaçün, elçün ağlayım.
Şirindi o zaman bal da, zəhər də,
Batmırdı günəş də, ola səhər də.
Oturub qalmışam alasəhərdən,
Bilmirəm, səhərçün, heyçün ağlayım.
Canınız çəkmirmi bizi yenidən?!
Yoxmu bir hərarət sizi yeridən?!
Gəlməsəz, tez deyin bunu bəridən,
Mən özüm gələrəm, neyçün ağlayım?!
Bahar sonu göz yaşı
Gəl səninlə ad verək
Bir dəfə son bahara,
Bir dəfə nəm payıza.
Mürgü vuran ruhunda
Bir şeir yarat görək
Bir dəfə sən payıza,
Bir dəfə də mən yaza.
Bir yarpağa qıymayan,
Qoparmağa qoymayan,
Gül-çiçəkli, yamyaşıl don geyinən
Bir bahar sonunda xəzəl oldu.
Bahar sonu göz yaşı
Bahardan gözəl oldu?..
Biz səninlə ağacın kölgəsinə gedərdik
Səhər, gündüz olmamış,
Gündüz, gecə gəlməmiş.
Gedərdik planetdən,
Kölgədə Yer edərdik.
Qışdan bəri buz tutan hissləri oyadardıq,
Həsrəti əridərdik…
İndi əldə bir dəstə sapsarı yarpaq tutub,
Şeir gəlir dilimizə,
Diləklərə bürünür.
Baxıram budaqlara,
Çürüyən xatirənin
Sümükləri görünür.
Həyat deyək…
Vaxt deyək…
Nə ad qoyaq payıza?!
Paltarları köhnələn, yuyulmuş bir həyatı
Torpağamı tapşıraq?..
Necə qıyaq payıza?..

