Əl qumbarası
Əl qumbarası kimi
Çəkilib atılmısan,
ömrümün ortasına.
Bürünüb Eşq tüstünə,
Gizlədirəm özümü.
Əllərim qulağımda,
Bərk sıxmışam gözümü.
Dünyanın bir küncündə,
Başım qucub dizimi.
Ölməkdən qorxmuram, yox!..
Qorxuram ki,partlasan –
Tanımazlar üzümü…..
Ölüm qırmızı düymə
Həyat qum saatıdır,
Ömür süzülüb gedir.
Sonuncu qum dənəsi,
Ölümə xəbər edir.
İnsan saatlı bomba,
Yaşı ölçür zamanı.
Ölüm qırmızı düymə,
Əcəl vermir amanı.
Yerdə qalır məzarlıq,
Xaraba bir yurd kimi.
Bəs nə üçün dünyanı,
Yeyirik ac qurd kimi?…
Bu gecə göylərdən şeir tökülür…
————————Gündüz Sevindik
Yenə də göyləri ağladır kimsə,
Yağışla dərdini deyir tökülür.
Yuyulur yer üzü, yuyulur, amma,
Göylərin bağrını yeyir , tökülür.
Bu yağış altında yubadanım var,
Nə çətir tutmuşam, nə bir damım var,
Nə də sığınmağa bir adamım var,
Yağış da başıma dəyir, tökülür.
Əl çək xəyallardan , özünə yığış,
Daldalan,bir şeir küncünə sığış,
Rəqs edir yarpaqlar, oxuyur yağış,
“Bu gecə göylərdən şeir tökülür. ”
İçdim dərdin sağliğına
Bir dünya göz yaşı süzdüm,
İçdim dərdin sağlığına.
Sağlıq dedim ağlı bihuş,
Saçlarımın ağlığına.
Mürgülədim xəyallarda,
Gözlərim də açıq yatdım.
Gecələri ahu -zardan –
Neçə yatmış dərd oyatdım.
Bir acıqlı ilan kimi,
Sancdı bu dərd, tökdü zəhər.
Ömrün sərxoş gözlərini,
Oyatmaqçün ovdu səhər.
Dəbilqə
Bal dadıb keçən yalanlar,
Zəhərlədi ruhumuzu…
Düz yolunda şəhid etdik,
Neçə qönçə arzumuzu. ..
Neçə duyğu qatilinin,
Dəbilqəsi oldu yalan.
Canilərin qərarıyla,
Ruhumuzdur məhbus olan.
Ədaləti yox dünyanın,
Mühakimə etməz düzü.
Hakim olan Allahdırsa,
Cəzasını verər özü.
*********”
Gözüm yaşa hamilədir,
Kirpiklərim çəkir sancı.
Qəhər qoymur doğulsun o,
Boğur məni bircə damcı.
Gülüşümlə əl -qol atıb,
Çırpınıram alım nəfəs.
Can çəkişir ruhum canla,
Ahım olur sonuncu səs.
Süst düşürəm dərd əlindən,
Xəyallarım layla çalır.
Göz yaşım da doğulmamış,
Qəhərimdə şəhid olur.
Dərdləşmək istəyirəm.
Bu qədər adamın içində təkəm,
Gur saçın içindən ayrılmış tükəm,
Demirəm təkliyə dözməkdə yekəm,
Dərdləşmək istəyirəm…
Dinləyən mən oldum, danışan onlar,
Susdum, lal eylədi dəyişən donlar,
Qışqırtdı içimdə sükutlu anlar,
Dərdləşmək istəyirəm….
Allah, eşidirsən? Salam, necəsən?
Niyə soruşmursan, balam necəsən?
Yığış, gəl aşağı, bircə gecə, sən,
Dərdləşmək istəyirəm…
Dərdləşmək istəyirəm…
Gecələrdə
Düşdüm fikir – xəyallara,
Yenə azdım gecələrdə.
Neçə ümid – gümanlara,
Məzar qazdım gecələrdə.
Arzulardan çiçək əkdim,
Göz yaşımla suyun tökdüm,
Ağ saçımı kəfən bükdüm,
Ölüm sezdim gecələrdə.
Ruhuma buz divar hördüm,
Nə sığal nə tumar gördüm,
Yaşamağa talaq verdim,
Candan bezdim gecələrdə…
Gündüzlərdən zərbə aldım,
Tənhalığa meyil saldım,
Səhərəcən oyaq qaldım,
Şeir yazdım gecələrdə….
Qadınlar
Oxşanmazlar, sevilməzlər,
Saçı tökülən qadınlar.
Nazlanmazlar, övülməzlər,
Boynu bükülən qadınlar.
Göz yaşında dağılarlar,
İçlərində boğularlar,
O dünyaya doğularlar,
Dara çəkilən qadınlar.
Ürkək gəzər yad ocaqda,
Yeri olar künc -bucaqda,
Ömrü bitər buz qucaqda,
“Evi tikilən” qadınlar.
Anonim
Rahat buraxmayır nə gecə gündüz,
Qəlbimdə həbs olub qalan şeirlər.
Məni həbs ediblər mən də onları,
Azadlıq eşqiylə solan şeyirlər.
Yudum göz yaşımla vərəqə sərdim,
Külqabı içində atəşə verdim,
Yazarsam söz oldu, yazmasam dərdim,
Kül olub ovcuma dolan şeirlər.
Yazıram, yazıram deyə ölmürəm,
Yox, yox…yazdığımı daha silmirəm,
Dillərdə əzbərdir deyə bilmirəm,
İmzası anonim olan şeirlər.
*****
Soruş tənhalığı deyib -güləndən,
Dərdə gülüşünü libas edəndən,
Soruş…
….soruş, tənhalığı danışsın sənə,
Tanış ol tənhanın tənhalığıyla .
O danışdıqca,danışma nolar,
İzlə gözlərindən axan yaşını,
İzlə, göz yaşları öpən dodağın.
Dinlə…dinlə hələ,susaraq dinlə.
Hərdən gülumsünür,yanağın silir, qaçırır gözlərin o yan bu yana.
Tənhalığa düşən qara daş kimi, dilindən düşən o sözlərin ağırlığını duy.
Qoy hələ danışsın.. yox! Əngəl olma.
Soruşma heç bir söz, özü deyəcək.
Etiraf önündə boyun əyəcək.
Ehtiyac insana ən böyük düşmən. ..
Onun da dərdləşmək ehtiyacı var. …Ruhunun bir dosta ehtiyacı var
Gecələr yas yeri
Gündüz ölən ümidlərin,
Gecələr də yas yeridir.
Matəm içrə arzular da,
Bir sümükdür bir dəridir.
Fikir -xəyal pərən-pərən,
Duyğularsa yetim, yesir.
Bu matəmli dərd əlindən,
Ürəklər də tir -tir əsir.
Balınclarda göllənən yaş,
Hıçqırtılı səsi boğur.
Sancı çəkən şair ruhu,
Ağrı dolu şeir doğur.
Gətirmişəm
Yorğun gözüm sevinsənə,
dağın, düzün çöl- çəmənin,
Yuxusunu gətirmişəm.
Xəstə könlüm, sən də sevin,
ətir saçan yasəmənin,
Qoxusunu gətirmişəm.
“Kaş ki” ,lərdən qalıq qalan,
neyçünlərin , nədənlərin,
“Axı”sını gətirmişəm.
Ey ümidim, görürsənmi?
sabahıma dünənimin,
Çoxusunu gətirmişəm.
Sığıncaq
Etiraf eylə ki, sənin də mən tək,
Başqa gedəcəyin bir yerin də yox.
Təklikdən sıxılıb yola düşürsən,
Xəyalım gah da ki yuxuma sarı….
Madəm ki, belədir gəl razılaşaq,
Qəlbin bir küncündə sığıncaq alaq,
Ömrümüz yollarda keçməsin barı.
Quyu
Ömrümün lap ortasında,
Qazıldın bir quyu kimi.
Düşdüm sənin ən dibinə,
Quyunun ilk suyu kimi.
Necə düşdüm axı sənə,
Mənə quyu olan adam?
Boğulmaq da qorxutmayır,
İçindəyəm deyə şadam.
Quyuya ki, gərək deyil,
Öz içindən çıxan torpaq.
Çıxan deyil, düşənəm mən,
Su üzünə düşən yarpaq.
Daşıb dərdlə dəf elemə,
Yusif kimi qoru məni.
Tanrı məni qorumaqçün,
Mənə quyu edib səni.
Ömür doqquz ay
Əslində doqquz aydan –
İbarətdir ömrümüz.
Olum və ölüm adlı –
Ticarətdir ömrümüz.
Bu insan bazarında,
Alan kimdir, satan kim?
Satılan Adəm oğlu,
İstəyinə çatan kim?
Əvvəl ana bətnindən,
Köçüb bura gəlirik.
Öldüyümüz dünyanı,
Niyə həyat bilirik?
İlk yolçuluq başlayır,
Ana bətnindən bura.
Ordan öldük dünyaya,
Burdan da ölək gora.
Ölə- ölə gəlirik,
Yaşamağı seçirik.
Bizə məlum olmayan,
O dünyaya köçürük.
Bu qız
Telləri susamış yağışa qızın,
İsladır özünü doymayır bu qız.
Girir gölməçəyə atlanıb düşür,
Kimsəyə məhəl də qoymayır bu qız.
Şıltaqlıq eyləyir, məmnun halından,
Qorxmayır dünyanın qeyli -qalından,
Sürücü qışqırır; qız, çıx yolumdan,
Guya ki, eşitmir duymayır bu qız.
Suya ayağını çırpıb rəqs edir,
Baxır insanlar da heyrətlə gedir,
Bu qızda bu qədər susuzluq nədir?
Yağışı kimsəyə qıymayır bu qız.
Doymayır yağışdan, doymayır bu qız…
Aludə olmaq
Birinə bağlanmaq bilirsən nədir?
Onunla yaşamaq asudəlikdir.
Bu nə məhəbbətdir, nə də sevgidir,
Ondan da dərini aludəlikdir.
Aludən olmuşam, qurtulmaq çətin,
Səni istəsəm də ata bilmərəm.
Papiros misalı vərdişkarınam,
Ruhuma çəkməsəm yata bilmərəm.
Ömrüm külqabıdır, gözlərim kibrit,
Sənsə tüstülənən həmin papiros.
Bu otaq dünyada ikimizə də,
Hələ ki, gəlməyib ölümdəki SOS.
Gözlər
Gözlər var gözlərə ümid işığı,
Gözlər var şeytana yuvadır, yuva.
Gözlər var dünyadır, baxışı həyat,
Gözlər var tələdir, həm dərdə dəva.
Gözlər var gözlərə gün üzü verməz,
Gözlər var gözlərin görən gözüdür.
Gözlər var yaşıldır, gözlər var ala,
Gözlər var kömürün sanki özüdür.
Gözlər var kədərli, dərdin oylağı,
Gözlər var gülərdir, sevgi doludur.
Gözlər var uçurum, gözlər var zirvə,
Gözlər var ürəyin gizli yoludur.
Gözlər gözəl görən gözlərə güzgü,
Gözlər gözəlliyin əsas meyarı.
Gözlərim, gözlərə göz kimi baxma,
Sən ol gözlərdəki haqqın əyarı.
Yerlərlə göylərin şərik malıyıq
Dualar göndərdim göyün üzünə,
Hərəsi bir ulduz oldu göylərdə.
Əllərim asılı qaldı buluddan,
Qıymadı bir ” ulduz ” mənə göylər də.
Yaman xəsis imiş göylər sən demə,
Aldığın qaytarmır boş qalan ələ.
Cismi torpaq udur, ruhu da göylər,
Həyatın mizanı qurulmuş belə.
Yerlərlə göylərin şərik “malıyıq”
Bölgünü aparır haqq olan ölüm.
Hakimi Allahdır, şahidi Allah,
Beləcə baş tutur ən dürüst bölüm.
Sevgi düsturu
Sevginin riyazi düsturu olduq,
Sən üstə mən gəldi, cəm biz alındı.
Adımız önünə qoyduq sonsuzluq,
Çevirdik düzünə səkkiz alındı.
Eşqə də riyazi düstur gətirdik,
İkini, üç- dördü, beşi itirdik,
Altını uğurlu rəqəm götürdük,
Çevirdik tərsinə doqquz alındı.
Dözdük hər məçhula biz yıxılmadıq,
Vurulduq, toplandıq heç çıxılmadıq,
Döndük sıfırlara bax, yox olmadıq,
Sonda bərabərlik sonsuz alındı.
Dərd
Hər şey üzdən soyular,
Məni içdən soydu dərd.
Agac içdən oyular,
Məni saçdan oydu dərd.
Kədər damdı göl oldu,
Arzu muraz kül oldu,
Ömrüm qəmə yol oldu,
Məni səki qoydu dərd.
Gecəm gündüz gətirdi,
Ayım ili ötürdü.
Yedi yedi bitirdi,
Görən məndən doydu dərd?
Canı çıxsın
Qalx göydən yuxarı tök dərdlərini,
Qoy çəksin yükünü göy canı çıxsın.
Göyün yeddi qatı olsun aşağı,
Təpiklə,acıma, döy, canı çıxsın.
Cazibə qüvvəsi lap olsun yalan,
Gəzib bulud -bulud səmada dolan,
Bütün cisimləri eləyib talan,
Göylərdən yerlərə söy, canı çıxsın.
…Ey ruhum, göylərin sərhəddini keç,
Cismidən qurtulan de, qorxarmı heç?!
Haqqın dərgahında ölməzliyi seç,
Ölümə özünü öy, canı çıxsın!
Dizim cəllad kötüyü
Kirpiyim dar ağacı,
Asmışam göz yaşımı.
Dizim cəllad kötüyü,
Qoymuşam, kəs başımı.
Möhkəm möhkəm qucmuşam,
“Kötük ” tərpənə bilməz.
Vur boynumu, çəkinmə,
Əzrayıl üzə gülməz.
…Ölüm, durma di tez ol,
Qurtar dərtdən, azardan.
Al canımı, götür get,
Dünya adlı bazardan.
Günəşin intiharı
Yenə batır günəş—dəniz onu udur,
Neft qüllələri şahid—sükutla baxır.
Qürub üfüqləri tumarlayır suyu,
Lay-lay deyir dalğalara, susur.
Dəniz boğur günəşi—insan kimi,
Ümidlər qırılır, arzular sönür.
Qoymayın günəşi intihar edir,
Boğulan üfüqlərin ayaqları göy üzündən üzülür .
Batır dənizdə, sönür günəş,
Yırtıcı baliqlara yem olur.
Yandıra bilməyir balıqların ağzını.
Qarışdıqca qanı suya ,
Dalğalar qırmızılanır,
Səssizcə titrəyir dənizin üzü.
Göyləri çağırın, dönsün geri,
Bu intihardan, bu soyuq sükutdan.
Atmasın özünü dalğalara,
Axşam udmasın son nəfəsini.
Eşidin günəşin susqun səsini,
Günəşi qurtarın bu intihardan…
Dəniz qatil olacaq, qan olacaq dalğaları,
Durdurun bu qürubu, qoy dənizdə batmasın!
Günəş göydən özünü,
Bu dənizə atmasın….
Darıxmağın rəsmi
Yenə gözlərim çəkir, darıxmağın rəsmini,
Ruhum divardan asır çərçivədə cismimi.
Saat zaman sayğacı, ürək ömür sayğacı,
Hər ikisi işləyir, sürətə yox əlacı.
Xəyallarım boğulur, lüsturdur dar ağacı,
Arzular gözü yaşlı, solaraq çəkir acı.
Fikirlərim rəngbərəng uçur kəpənək kimi,
Qonur xatirələrə, titrədir sarı simi.
Darıxmağın rəngini gecə rəngi edirsən,
Kirpiklər fırça olur, rəsmin çəkib gedirsən.
Gedirsən yuxu boyu, qarşına çıxır yenə,
Yenə darıxmaq olur yuxuda yuxu sənə.
Hər gecə, hər gecə yuxuma gəlib,
Niyə ümidimə ümid qatırsan?
Məni yuxulardan asılı qoyub,
Özün gecələri rahat yatırsan.
Gündüzlər salamı güclə alırsan,
Gecələr yuxuma lövbər salırsan,
Nə gedir nə də ki, gəlib qalırsan,
Hərcai edirsən, oda atırsan.
İnmisən, cinmisən, məqsədin nədir?
Sayəndə gündüzdən ta zəhləm gedir.
Daha məni xoşbəxt gecələr edir,
Yuxuda dadıma gecə çatırsan.
Bəsdir sən Allahın, gəl belə etmə,
Gəl mənə gerçək ol, yuxuma getmə,
Getmə zülmətlərə, gözümdən itmə,
Getməklə eşqimi kimə satırsan?!
…Hər gecə, hər gecə yuxuma gəlib,
Niyə ümidimə ümid qatırsan?
Məni yuxulardan asılı qoyub,
Özün gecələri rahat yatırsan.
Yenə günəş doğur, yenə hər kəs öz işində…qayğılar,ağrılar, darıxmaqlar, sevgisizlər, qayğısızlar, ağrısızlar, ağılsızlar,lar..lar…lar.
Kütləvi fəlakət yaşayırıq. Yaşayırıq? Görən yaşamaq budurmu?
Budursa niyə adı yaşamaqdır?
Yaşamaq -yük daşımaqdır?!
Ömrü -günü qaşımaqdır, dırnaq- dırnaq…
Bəlkə kəsək barmaqları?
Bu qaşınan ömürləri, qaşımaq da olmasın.
Qotur dərdi qanatmayaq, qabar olsun, qaysaq vursun,qopub düşsün,qan çıxmadan.
Qan görməyək, qan rəngində bu həyatı, boz görməyək.
…saatlar da qurulmasın, işlər tərsə burulmasın.
Sayğacları söndürərək, ölçüləri ləngidərək,
Çox vərdişi tərgidərək, təntidək, tənqid edək yalanları, yamanları.
Nəfs eşqinə duyğumuza cumanları,
Ruhumuzu əzənləri, canımıza acanları,
Edam edək. Ayaq altı qazanları, yazılmamış qanunları” yazanları ”
Haqqa girib haqqı nahaq yozanları,
Pisliklərə imza atıb, yaxşı işi pozanları,
Edam edək. Haqqa gedək!
Demirəm ki, hoqqa verək!
Haqqı görüb, haqqı sevək!
Gün işığın biz də görək,
İnsan kimi ömür sürək!
Pilləkən ömür
Yaş üstünə yaş gəlir,
Rəqəmləri böyüdür.
Böyüdükcə rəqəmlər,
Ömrümüzü üyüdür.
Ömür pilləkənindən,
düşmək, çıxmaqdan çətin,
Ölüm adlı vüsaldır,
sonu, bu məhəbbətin…
Bu pilləkən sürüşkən,
Yıxılan dura bilmir.
Xəsarəti ölümdür,
Təbib də çara bilmir.
Bilirsənmi necə sevmişəm səni?
Qaçıb sığındığım ana qucağı kimi.
Bilirsənmi necə sevmişəm səni?
Uşaq vaxtı hər kəsdən gizləyib, qoruduğum,
Gecələr qorxmayım deyə,
Basıb bağrıma sıxdığım oyuncağım kimi.
Bilirsənmi necə sevmişəm səni?
Hər kəsdən soyuduğum, üşüdüyüm zamanda,
Qaçıb isindiyim ata ocağım kimi.
Bilirsənmi necə sevmişəm səni?
Canımdan can verdiyim,
Məndən nəvaziş uman, körpə uşağım kimi…
Bilirsənmi necə sevmişəm səni?
Son nəfəsdə su istəyən, xəstə dodağı kimi.
Bilirsənmi necə sevmişəm səni?
İnsanın qəbr evinə geydiyi ağı kimi. …
Bilirsənmi necə sevmişəm səni?……
Saçıma yağdırdığın qarı tacım etmişəm,
Əlçatmazam hər kəsə,savalan dağı kimi.
Buludların qoxusu gəlir həzin küləklə,
Bir az da dənizin qoxusu — elə bil dünyanın gəlir yuxusu …
Gözlərimdə duman var, baxışlarımda sükut,
Səni xatırladan hər şey bu axşam bir az daha çoxdur.
Küçələr səssiz, lampalar solğun,
Addımlarım sənsizliyin ritmini döyür.
Bir zaman gülüş dolu olan bu şəhər,
İndi xatirələrin xətrinə dəyir.
Sən gedəndən bəri saatlar dayanıb,
Zaman sanki səni gözləyir,
mənim kimi.
Bir pəncərə, bir yağış, bir səs…
Hamısı sənsizliyin içində itir.
Darıxmaq havası sıxdıqca boğur,
Nəfəsim daraldıqca gözlərim tavana dikilir.
Asıram rəsmini gözüm dikilən yerdən,
Darıxmağın havası bihuş edir, qəflətən –
Diksinib oyanıram adın çəkilən yerdə.
Pəncərədən boylanır, şüşəsini silirəm,
Yanağımda sellenən yağışı unuduram.
Gülümsəyib örtürəm sənsizliyin üstünü,
Heçnə olmamış kimi, danışıram, gülürəm.
Hərdən də hiss edirəm,
Küçədən keçənlərin qəribə baxışını.
Sən demə silməmişəm üzümdə unutduğum,
Darıxmaq yağışını…
Pəncərəmi bağlayıb, bir az da sən oluram,
Bir az da sənsizləşib darıxan mən oluram. …
Bu payız
Bu payız fərqlidir öncəkilərdən,
Küləyi başqadır, qoxusu başqa.
Bu payız fərqlidir, çox daha fərqli,
Gerçəyi başqadır, yuxusu başqa.
Bu payız bənzəmir, ötən payıza,
Yağışı darıxmaq, sisi darıxmaq.
Rəngi də bozarıb gülüşüm kimi,
Duyğusu darıxmaq, hissi darıxmaq.
Yoxdur bu payızda doğma kəslərim,
Yoxdur bu payızda dostum, sirdaşım.
Bu payız andlarım dilimdən düşüb,
Atamın məzarı olub pir daşım.
Bu payız xoş deyil, xoşbəxtlik deyil,
Bu payız dərdimin dərd ortağıdır.
Bu payız oxşamır ötən payıza,
Elə bil ruhumun dərd otağıdır.

