Məmləkətimizin gözəl məkanlarından biri olan Tovuzun (hazırda Gədəbəy rayonunun inzibati-ərazi vahidinə daxildir) Samanlıq kəndində doğulub şair Cavan Musa.
Ömrünün bir neçə ilini çıxmaqla, taleyini də elə öz doğma el-obasına bağlayıb. Orda yurd salıb, ad-san qazanıb, halal zəhmətilə 3 gözəl oğul böyüdüb, el-obasının sayılıb seçilən, hörmətli ağsaqqallardan birinə çevrilib.
Hələ uşaqlığından – Samanlıqdakı orta məktəbdə təhsil alarkən içini bürüyən duyğu seli, füsunkar təbiətin doyumsuz gözəlliyi, əzəmətli dağların vüqarı, doğma kəndində yaşayan saf və qeyrətli dağ adamlarının duruşu və ləyaqəti, onu ruhunda pərvaz edən İlahi sözün sehrinə salır. Fikri-zikri həmişə sözdə olur, tanınmış el sənətkarlarının dillər əzbəri olan şeirləri, qoşma və gəraylıları yaddaşına həmişəlik həkk olunur.
Orta məktəbi yaxşı qiymətlərlə başa vursa da, gözlənildiyinin əksinə olaraq, ali məktəbə qəbul olunmaq fikrindən vaz keçərək, özünü gələcək həyatın qəfil və ağır sınaqlarına hazırlayır. Vaxtı yetişəndə ordu sıralarına çağırılır. Hərbi xidmətini sovet ordusunun sıralarında uzaq Almaniyada keçirir. Və burda darıxdırıcı keçən əsgərlik günlərinin birində ilk dəfə əlinə qələm almaq məcburiyyətində qalır. Beləcə, sözlər asta-asta misralara çevrilərək şeirə dönür:
Bu qürbətdə darıxıram,
Bir yanıma gələn ola.
Kövrəlmişəm uşaq kimi,
Göz yaşımı silən ola.
Əsgərlik illərini başa vurub qayıdandan sonra gənc Musa paytaxta üz tutub, “Neft Daşları”nda sürücü işləməyə başlayır. Burada 2 il çalışdıqdan sonra ömrünün müsibətli və keşməkeşli illəri başlayır. Uzun müddət sağalmaz xəstəliklə üz-üzə qalan atasının vaxtsız ölümü, anasının ağır xəstəliyi və 3 körpə bacısının evdə başsız qalması onun həyatını büsbütün dəyişir. Bir-birinin ardınca taleyin amansız zərbələrinə tuş gələn Musa, böyük sarsıntı keçirir. Məcbur qalıb, doğma kəndinə üz tutur. Öz cavan çiynini bütün ağırlıqların, mənəvi və fiziki yüklərin altına verməli olur:
Musa qəmlə gördü cavan çağını,
Xəzan vurdu vaxtsız ömür bağını.
Sinəmdə əbədi ata dağını,
Gözümdə sel kimi yaş qoydu fələk.
İllər boyu çəkdiyi ağrı-acılardan, ağır zəhmətdən vaxt tapanda üzünü yenə sözə, şeirə çevirir, içindən keçirdiklərini muncuq kimi gözəl xəttilə kağızlara düzməli olur. Həm də təkcə yazmaqla kifayətlənmir, sevdiyi ustadların şeirlərini yaddaşına da köçürür. Aşıq Abbas Tufarqanlı, aşıq Alı, Xəstə Qasım, Dədə Ələsgər, Səməd Vurğun kimi azman klassiklərin yazdıqları ilə yanaşı, çağdaş qələm ustalarından Mikayıl Azaflının, Borsunlu Məzahir Daşqının, şair Səfərin, Dədə Şəmşirin və başqalarının da şeirləri dilindən düşmür, yeri gəldikcə saz-söz məclislərində səsləndirir.
Ulu ozan sənətinə sonsuz sevgisinin nəticəsi o olur ki, Cavan Musa, öz şeirlərini də elə saz ruhu üstündə qələmə alır. Aşıq poeziyasının qoşma, gəraylı, təcnis, qoşayarpaq kimi növlərinə müraciət edərək maraqlı və səmimi şeirlər yazan şair, uzün müddət yazdıqlarını üzə çıxarmayaraq, sandıqda saxlamağa üstünlük verir. Hərdən də evinin ən gözəgəlimli yerindən asdığı qara sazını sinəsinə basıb, şirin-şirin havalar ifa etməklə ruhunu sakitləşdirir.
Onun heç vaxt xüsusi olaraq seçib, dönə-dönə müraciət etdiyi konkret mövzusu olmayıb. Könlünə yatan, içini tərpədən hər şey şairin qələminə tuş gəlib. Vətən sevgisinə bələnən şeirlər də yazıb, halallıq və doğru əməlləri də tərənnüm edib. Qaragöz, qaraqaş gözəllərin vəsfində də qələmini sınayıb, dərdə, itkiyə düçar olan doğmalarının, tanışlarının kədərinə də bürünüb. Tanrı əliylə sığal çəkilmiş və təkrarsız gözəlliyin ünvanı olan doğma yurdu Gədəbəyin təbiətindən də vəcdə gəlib, ilin hər fəslində zirvəsindən qar əskik olmayan uca dağların əzəmətindən də ilham alıb.
Çox təvazökar və iddiasız bir insan olan Cavan Musa, ömrünün hər bir anını halal zəhmətlə keçirib. Dünya malında gözü olmayıb. Yazdıqları da özü kimi sadə, eşqli və könüləyatandır:
Musa, hər kəs çəkmir əsl zatına,
Qaldırsın göylərin yeddi qatına.
O müdrik atalar, özgə atına
Minənlər tezcə də düşər, deyirlər.
İllərdir ki, ona “şair” deyə müraciət ediləndə həmişə ciddi etirazını bildirib. Səmimiyyətindən və könlünün ucalığından doğan bu ələkeçməz xasiyyəti və xarakteri əslində, Cavan Musanın nə qədər təmiz, rahat və dürüst bir insan olmağından xəbər verir. Bu, nə yaxşı ki, belədir. Hər şeyin bir-birinə qarışdığı, layiqsiz iddiaların yerə-göyə sığmadığı zəmanəmizdə onun kimi mərd, vicdanlı insanlara, saf qələm adamlarına o qədər ehtiyac var ki…
Cavan Musa əsl şairdi. Özü də təmənnasızından və yaxşısından… Yoxsa axına qoşulub, bu vaxta kimi çoxdan bir-birinin ardınca kitablar da buraxdırardı.
Gözəl yubileyinə gözəl bir ərməğan kimi çap olunan bu gözəl kitabına görə əziz Cavan Musanı candan-könüldən təbrik edirik.
70 yaşı da, kitabı da mübarək olsun!
EHTİRAM İLHAM
Cavan Musanın şeirləri…
AZƏRBAYCAN
Xəzinədir hər torpağın, hər daşın da,
Çox bəlalar ötüb keçdi dağ başından.
Heç silinməz, unudulmaz yaddaşın da,
Xatırlarıq o illəri zaman-zaman,
Azərbaycan!
Adın hər vaxt yüksəklərdə var olacaq,
Düşmənlərin hər bir zaman xar olacaq.
Haqq işində Tanrı özü yar olacaq,
Sarsılarmı Polad kimi oğlu olan –
Azərbaycan!
Mübarizi dünya gördü, el tanıdı,
Bu Azadlıq, Şəhidlərin al qanıdı.
Bundan belə “Dəmir yumruq” zamanıdı,
Türk özüdü hər bir yerdə Türkə həyan,
Azərbaycan!
Qoy eşq olsun bu müzəffər Ordumuza,
Torpaq aldı düşmən qəbri qaza-qaza.
Daha kimsə bata bilməz yurdumuza,
Çox yaşasın cənab Ali Baş Komandan,
Azərbaycan!
Unutmarıq şəhidləri, qaziləri,
Onlar qovdu Qarabağdan tazıları.
Hər qarışı cənnətməkan bu diyarı
Bir doyunca gəzə bilə şair Musan,
Azərbaycan!
GEDƏCƏK
Zəmanə bəd gəlsə insan ömrünə,
O uzaq yolları kəsə gedəcək.
Mərd yaranan mərd öləcək dünyada,
Namərd olan kəsə-kəsə gedəcək.
Fələyin yolları dumanlı, qarlı,
Qara gün sahibi az ixtiyarlı.
Zər-ziba içində köçəndə varlı,
Yoxsulun başında qəza gedəcək.
Küsmə taleyindən bəxtin yatanda,
Səni nəzərindən silib atanda.
Minnət lazım deyil, vaxtı çatanda
Bir cana borcludu Musa, gedəcək.
QOCALDIM
Nə tez qocalmısan, – deyib soruşdun,
Neyləyim, tez ötdü zaman, qocaldım.
Əvvəl inanmadım, güzgüyə baxdım,
Gördüm ki, doğrudan yaman qocaldım.
Çox əsdi ustümdən acı külək də,
Gördüm min haqsızlıq, milyon kələk də.
Elə bil öc olub mənnən, fələk də
Vermədi bir tikə aman, qocaldım.
Musayam, şeirimdi sərvətim, varım,
Eldən hörmət gördüm, üzümdə arım.
Elə yad oldu ki, öz doğmalarım,
Qoy qalsın sinəmdə pünhan, qocaldım.
OLMAZ
Əsli-nəcabəti dürüst olmayan
Əyri gedər, öz yoluna düz olmaz.
Sırtıq adam üzə gülər yalandan,
Onda abır, nə utanan üz olmaz.
Arif insan bu hörmətdən halıdı,
Yaxşı söz şairin dövlət, malıdı.
Gədadan bəy olmaz, – el misalıdı,
Yanmayan ocaqda tüstü, köz olmaz.
Xeyli nəsihət var, Musa sayası,
Gərəkdi hər kəsin olsun həyası.
Xislətindən halal olsa mayası,
Nə bəd oğul, nə ismətsiz qız olmaz.
AY USTA
Şairin qələmi, aşığın sazı
Xain ürəklərə oxdu, ay usta.
Əzəlki kişilər hanı, görünmür…
Nə qədər baxıram, yoxdu, ay usta.
Çoxları kirpitək qalıb qınında,
Bilmir, nə olacaq ömrün sonunda.
O qədər kişi var qadın donunda,
Bir deyil, beş deyil, çoxdu, ay usta.
Qorxmadım zəhmətdən, halal əməkdən,
Çəkinmişəm haram tikə yeməkdən.
Şair Musa doğru sözü deməkdən
Nə çəkindi, nə də qorxdu, ay usta.
QADASIN ALIM
Gözələ baxmaq da savabdı, dedim,
Baxmasam, kor deyər, qadasın alım.
Əli çatmayanlar ətə iylənmiş,
Pendirə şor deyər, qadasın alım.
Xəsis vara qıymaz, canına qıyar,
Nə səni anlayar, nə səni duyar.
Nadanlar özünü ağıllı sayar,
Zülmətə nur deyər, qadasın alım.
Həyatın sonu var, getsən də hara,
Kimə ağ gün verir, kiminə qara.
Musa bu can desən anlamazlara
Qayıdar çor deyər, qadasın alım.
XINNADANAM MƏN
Məni hər yetənlə qarışıq salma,
Nə naşı, nə cahil, nə nadanam mən.
Şairlik nədirsə, qanından gəlib,
Bu yolda lap əzəl binadanam mən.
Ömür yollarında gah duman, gah çən,
Bəzən gedə bilmir onu hər yetən.
Qoy özüm söyləyim kimliyimi mən:
Bir halal süd əmmiş anadanam mən.
Yazığa gülməyək, gülmək istəsən,
Dərdini bölgünən, bölmək istəsən.
Musayam, ünvanım bilmək istəsən,
Bu gözəl dərədən, Xınnadanam mən.

