Hər xalq öz yolunu ya tarixdən çəkir, ya da öz tarixini bir yol halına gətirir. Azərbaycan üçün son illərin yolu məhz bu ikisinin qovşağında yaranıb: bir tərəfdə keçmişin yükləri, digər tərəfdə gələcəyin arzuları. Və bu iki istiqamətin ortasında çəkilən yol – təkcə asfaltla deyil, iradə və düşüncə ilə döşənmiş bir yoldu.
Azərbaycanın son illərdə keçdiyi bu yolun hər mərhələsi bir dönüş nöqtəsidir. 2020-ci ilin Vətən müharibəsi təkcə bir ərazi zəfəri deyildi. Bu, xalqın kollektiv yaddaşında – qırılmış, susdurulmuş, hissə çevrilmiş ədalətin – yenidən bərpası idi. Şuşaya doğru çəkilən yollar, əslində bu xalqın öz içində apardığı dönüşün fiziki əlamətləridir. Məsələ təkcə bir şəhəri geri almaq deyil, bir mədəniyyətin, bir yaddaşın, bir ruhun qayıdışıdır.
Bu qayıdış prosesində yollar açılır, hava limanlar tikilir, kəndlər bərpa olunur. Amma eyni zamanda təsəvvürlər də yenidən qurulur. Füzuli və Zəngilan hava limanları ilə Azərbaycanın səmaları yalnız beynəlxalq sərnişin axınına deyil, məna yükünə də açılır. Şuşada keçirilən mədəni tədbirlər, Ağdamda çəkilən infrastruktur xətləri – bunlar yalnız layihə deyil, səssiz illərin cavabıdır.
Azərbaycanımızın bu bərpa prosesində diqqəti cəlb edən məqam, onun düşünülmüş və mərhələli yanaşmasıdır. Təkcə fiziki tikinti yox, mədəni, sosial və iqtisadi toxuma da eyni anda qurulur. Və bu da bir şeyi göstərir: Azərbaycan bu prosesi tələsik yox, məsuliyyətlə aparır.
Əgər bu gün biz “böyük yol”dan danışırıqsa, bu yol təkcə Qarabağdan keçmir. Bu yol həm də Bakıdan Avropaya, Naxçıvandan Orta Asiyaya, Xəzərdən Zəngəzura açılır. Zəngəzur dəhlizi artıq bir geosiyasi təkamül halını alıb. Bu yol vasitəsilə Azərbaycan təkcə regional nəqliyyat qovşağına çevrilmir, həm də tarixi təcridin, süni bağlanmaların və ayrılıqların sonuna işarə edir. Bu, sadəcə yol deyil – bölünmüş yaddaşların birləşmə xəttidir.
Mədəni sahədə baş verənlər isə bu prosesin ruhani qatını təşkil edir. Şuşada Xarıbülbül festivalı – bu xalqın həm musiqisinin, həm də səbrinin səsinin qayıtmasıdır. Bunu yalnız səhnədə oxunan mahnı ilə yox, o səhnəyə baxan insanların gözlərindəki işıqla ölçmək lazımdır. Vaqif Poeziya Günlərinin bərpası – təkcə şairin xatirəsinə deyil, şeirə inamın, dilin, ruhun bərpasına verilmiş bir vəfadır. Azərbaycan bu festivallarla göstərir ki, onun yolu zəfərlə yox, zərafətlə də gedilə bilər.
Bu prosesdə insan amili də çox vacibdir. Qayıdan ailələrin qarşısında yalnız ev yox, tamamilə yeni bir həyat , yeni bir tale qurulub. Burada təhsil, səhiyyə, kənd təsərrüfatı, ictimai xidmətlər hər şey var. Bu, sadəcə “torpağa qayıdış” deyil – həyatın kökünə qayıdış prosesidir.
Burada bir məsələ xüsusi vurğulanmalıdır: Azərbaycan bu bərpa prosesində qisas yox, sabitlik, intiqam yox, inam, təntənə yox, təmkin yolu seçib. Və bu, əslində onun ən böyük siyasi uğurudur. Çünki bu mövqe dövlətə uzunmüddətli etibar qazandırır. Diplomatiyada güc qalıcı olmur – etibar qalıcı olur. Azərbaycan bu etibarı həm gücü ilə, həm də davranışı ilə qazandı.
Ədəbiyyat və tarix də bu böyük yolda unudulmur. Hər kəndin, hər dağın, hər bulağın adı bərpa edilir. Ədəbi-bədii yaddaşda itmiş toponimlər, qədim xalça naxışları, bərpa olunan qəbirüstü kitabələr – bunlar coğrafiyanın deyil, mətnin, dilin və kimliyin bərpasıdır. Əgər xalq öz ərazisində yenidən ad qoyursa – bu, bədənə qayıdan ruhun əlamətidir.
Bəzən bir yol, sadəcə yol olmur. Bəzən o, bir xalqın özünə yazdığı məktub olur. Azərbaycan bu gün o məktubu yazmaqdadır. Hər asfalt qatında bir iz, hər tuneldə bir nəfəs, hər körpüdə bir sual var: “Harada qaldıq?” Cavab isə artıq görünür: “Buradayıq. Davam edirik.”
Bu, böyük bir yoldur. Amma bu yol təkcə coğrafi yox, daxili bir yoldur. Azərbaycanın çəkdiyi yol yalnız şəhərlər arasında deyil – şüurla yaddaş, fikir ilə ruh arasında çəkilmiş yoldur. Və bu yol, həqiqətən böyükdür.
Malik Atilay

