Bu qısa ömrümüzdə neçə-neçə müharibələrin, acı məğlubiyyətlərin, sevincli qalibiyyətlərin şahidi olduq. Qəlbimiz bəzən kədərin yükü ilə sınsa da, bəzən də zəfərin şirinliyi ilə döyündü. Amma ən böyük xoşbəxtliyimiz odur ki, biz tarix yazılan günlərin, dövlətimizin taleyini dəyişən anların içində yaşayırıq. Biz elə bir dövrün şahidiyik ki, illər sonra nəsillər bu günləri oxuyacaq, öyrənəcək və qürurla xatırlayacaq.
Bu gün Azərbaycanın başında dayanan İlham Əliyev — Nadir Şah Əfşardan sonra torpağını alan, millətinə zəfər bəxş edən yeganə sərkərdədir. Onun iradəsi ilə torpaqlarımız azad oldu, üçrəngli bayrağımız Qarabağın səmasında dalğalandı. O, təkcə savaş meydanında deyil, diplomatik masada da qalib gəlməyi bacaran nadir liderlərdəndir.
Bu gün Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında imzalanan sənəd isə tarixin yeni səhifəsidir. Bu imza — illərin səbrinin, qətiyyətinin, siyasi iradəsinin nəticəsidir. Bu, sülhün, sabitliyin və gələcəyin təminatıdır.
İlham Əliyev — böyük siyasətçi, uzaqgörən liderdir. O, xalqının taleyini yüz illərin dərinliyindən görən, hər addımını millətinin gələcəyi üçün atan dövlət başçısıdır. Onun rəhbərliyində Azərbaycan yalnız torpaqlarını deyil, həm də öz haqq səsini, dünya miqyasında söz sahibliyini bərpa etdi.
Biz bu gün yalnız keçmişin qələbəsinə deyil, gələcəyin parlaq sabahına da inanırıq. Çünki bu torpağın başında öz xalqını sevən, uğrunda gecə-gündüz çalışan, tarix yazan bir lider dayanır.
Və biz — bu torpağın övladları, bu dövrün şahidləri — bu günün qədrini bilməli, gələcək nəsillərə qürurla ötürməliyik!
Tural İbrahimov

