ANA DİLİM
Bal çörəyin yoxdusa, bal dilin olsun gərək,
Dilimdən şirin nə var, doğma dilim bal imiş.
Bu dildə öyrənmişəm, Vətən, Ana, duz-çörək,
Qorqud Dədəm iz qoyan silinməyən yol imiş.
İllər, əsrlər keçib, ürək-ürək yol gəlib,
Hər ürəkdə qaynayıb, hər ürəkdə dincəlib.
Bədən-bədən ayrılıb, ölkə-ölkə yüksəlib,
Ana dilim susmayıb, necə gözəl hal imiş.
Dahilərin dilindən səpildi, inci-inci,
Layla-layla yaddaşa həkk olunan bir inci.
Əmanətdi müqəddəs, əmanətdi birinci,
Öz dilindən vaz keçən özgələrə qul imiş.
Düşmənə tüşlananda, kəsərlidi ox kimi,
Dosta arxa-dayaqdı, dar günündə dağ kimi.
Məhəbbət əfsanəsi, qəlbimin sevda simi,
Həm təsnifdi, həm muğam, həm ahəngi bol imiş.
Hər kəlmə bir udum su, hər kim olsa təşnəli,
Könlümün rübabıdır, gah qəmli, gah nəşəli,
Dilim varsa, mən varam, qəlbimdədir məşəli,
Ürəkləri bir edən bir əbədi tel imiş…
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair, publisist Zeynəb Cəmaləddin

