Ədəbiyyatımızda elə imzalar var, onların adını çəkmək yetərlidir – qalanı artıq söz olur… Kənan Hacı imzası da bu qəbildəndir: yazıçı, şair, jurnalist – hər üç yaradıcılıq qütbündə görünən, sözə sədaqəti ilə seçilən və… “öz yağında qovrulan” qələm adamı… Onun 50 illik yubileyi yalnız bir insanın ömür hesabatı deyil, həm də çağdaş Azərbaycan ədəbiyyatında və jurnalistikasında imzanın necə məsuliyyət daşımasının bir örnəyidir.
Kənan Hacı, necə deyərlər, nəsrin içində poeziyanı, poeziyanın içində publisistikanı, publisistikanın içində düşüncənin dərin qatlarını yaşadan qələm sahibidir. O, sözün sınırlarını genişləndirməyə çalışan, dilin imkanlarını dəyərləndirən, hər misrasında yurd ağrısı, milli ruh və insan taleyi gizlədən yazardır.
Hər kəsin yaşadığı dövr var, bir də dövrünü yaşayanlar… Kənan Hacı həm dövrünü yaşayır, həm də onu yaradıcılığında təcalla etdirir.
Onun qələmindən həsrət süzülür, ancaq o həsrət fəryad deyil – bəlkə, bir çağırışdır.
Onun nəsrində insan ağrıları var, amma bu ağrılar ümidsizlik yaratmır – ümid oyadır, inam aşılayır…
O, həyatın sərt gerçəklərini süni pafosa bürümədən, gerçəkliyin öz dili ilə yazır. Ol səbəbdən Kənan Hacının əsərləri oxucunun ruhuna toxunur, yaddaşda iz qoyur.
O, bir şair olaraq, sözü yüngülləşdirmir, yəni sadəcə duyğu ifadə etmir – duyğunu ağıl süzgəcindən keçirib oxucuya təqdim edir. O, qafiyənin yükündən çox, fikrin yükünü çəkir. Bəlkə də ona görə, şeirləri interaktivdir – oxucu ilə dialoqa girir…
Jurnalistikanın içində isə Kənan Hacı intriqalardan uzaq duruşu, obyektiv və prinsipial mövqeyi ilə seçilir. Bugünkü informasiya xaosunda qələmi vicdanın tərəzisində tutmaq asan deyil. Yubilyar dostumuz qələmin gücünü şan-şöhrət vasitəsinə çevirmədən, onu vicdanın və xalqın xidmətinə yönəldib.
50 il – rəqəm kimi böyük görünməyə bilər, amma bu illərin içində neçə əsər, necə düşüncə, necə-necə duyğular və nəfəs var.
Bəli, dostum, “Özündən qaçmaq olmur”; qan
“Çəhrayı qan”a dönə bilir… bir də görürsən, “Quşlar üçün karusel” peşindəsən… Bir də görürsən, işlər səhmana süşür və “Yağ kimi” gedir, sən də, taleyin cilvəsiylə “Atamın sevgilisi” deyə bir əsər yazırsan…
“Yaddaş kartı” pozulmur… Ha yaxında “Rəqqasə”nin zərif döndərmələrinə, incə xallarına tamaşa et, ha “Uzaqdasan, soyuqdur” deyib, kövrəl – həyat həyatdır… Həmyaşıdlarınla, çağdaşlarınla “Ədəbiyyatın kulisi”ndə olub-bitənlər də, qədim nəğmə kimi oxunan “Fironun dəftəri” də ilgincdir – lap “İki qadını ayıran pəncərə” kimi…
Bir də, “Xəlbir və ney” var, “Fəna fadiləsi” var bir də…
Yubileyin qutlu olsun, dəyərli dost!
Qələminə qüvvət!
Möhkəm cansağlığı, iş avandlığı diləyirəm!
Qardaş məhəbbəti,
qonşu səmimiyyəti ilə:
Əkbər Qoşalı
https://www.facebook.com/share/1Uty21yK4w/?mibextid=wwXIfr