Ana səhifə BAŞ YAZI Gəlmə, ayrılığın evini yıxma – Vaqif Səmədoğlunun şeirləri

Gəlmə, ayrılığın evini yıxma – Vaqif Səmədoğlunun şeirləri

Müəllif: Bizim Yazı
54 baxış

Bizimyazı.az Xalq şairi Vaqif Səmədoğlunun seçmə şeirlərini təqdim edir.

Günaha batmağım gəlib, ay Allah

Günaha batmağım gəlib, ay Allah,
Cəsarət dəmidir, saxlama məni,
Sənə inamdan da gözəl bir qız var,
Xəyanət dəmidir, saxlama məni.

Nə millət uğrunda, nə yurd uğrunda,
Nə türklük uğrunda, boz qurd uğrunda,
Sevdalı faciə, xoş dərd uğrunda
Fəlakət dəmidir, saxlama məni.

Özün bax, gör dünya nələrlə dolmuş.
Gör nələr olacaq, gör nələr olmuş,
Yalanla, şərabla, qəmlə yoğrulmuş
Həqiqət dəmidir, saxlama məni.

Qoy artsın dirimə, ölümə söyən.
Halıma ağlayıb dizinə döyən,
Baxtın şahə qalxan atı kişnəyən
Səadət dəmidir, saxlama məni.

Dəymə, qoy qəlbimə girsin bu ilan,
Onun zəhərinə indi can qurban,
Bütün qanunlara meydan oxuyan
Cinayət dəmidir, saxlama məni.

Qoy bu gün sevinim, utanım sabah
Yarımçıq çıxmasın sinəmdən bu ah,
Günaha batmağım gəlib, ay Allah,
Məhəbbət dəmidir, saxlama məni!
1996

Sevgilim, mən öləndə

Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…

Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…

 

***
Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər…

Axırıncı ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk…

İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar…

Doğulur sonuncu insan,
Sonuncu insan ölür.
Yenə son dəfə ağlayan
Son dəfə gülən olur…
1963

 

***
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin…
1963

 

***
Əlimi uzatdım
Sevincə sarı,
Gördüm, yox,
Arada kədər dayanıb.
Atamı səslədim,
Köməyə gəlsin,
Gördüm, yox,
Arada qəbir dayanıb.
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm, yox,
Arada ömür dayanıb…

 

***
Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi…

Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir…

Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa…

 

***
Məzara bənzəyir yaxşı insan…
Məzar kimi
yaya, qışa dözümlü,
məzar kimi dinməz.
Gözə az-az görünür yaxşı adam
ildə bir-iki kərə baş çəkilən
məzar kimi.
Yaxşı insanın yanında
susmaq olur
o da danışdırmır heç kəsi,
sirr almır adamdan
məzar kimi.
Yaxşı insan da
bir yerə bağlanıb
məzar kimi.
Uzaqdan başdaşına
bənzəyir yaxşı insan
yaxından ağlaşmaya…

 

***
Sol əlimlə sağ əlimin
Arasında duman, dağ,
Hansı əlim qürbətdədir?
Hansı ölü, hansı sağ?

Sol əlimlə sağ əlimin
Arasıyla çay axır
Hansı əlim batır suda?
Hansı sahildən baxır?

Sol əlimlə sağ əlimin
Arasında yağar qar
Hansı əlim istidədir?
Hansı çöllərdə donar?

Sol əlimlə sağ əlimin
Arasında qapı var,
Hansı əlim döyər onu?
Hansı görəsən açar?

 

***
Səssiz-səmirsiz olmaq,
Bayquş uçuşu kimi,
Yer üzündə ən sakit
Dəlinin huşu kimi…

Gündüz gün işığından,
Gecə ulduzlardan qaç,
Qəlbinin qapısını
Yalnız yalqızlığa aç…

Səni düşündürməsin
Sabah nə olacağı,
Kimlərin öləcəyi,
Kimlərin qalacağı…

Sev, sevil, ancaq çalış,
Lap yavaş çıxsın səsin,
Bir də vətən sevgisini
Azərbaycan bilməsin…

 

***
Nə yaxşı ki, oyaq idim,
Sən yuxuma girəndə,
Nə yaxşı ki, ayıq idim,
Səni o gün görəndə.

Bir divara söykənmişdim,
Sən qarşıma çıxanda,
Nə yaxşı ki, kor deyildim,
O gün sənə baxanda.

Bilmədim, səni buraya
Meh ya duman gətirdi,
Onu bildim ki, o yerdə
Baxtım yaman gətirdi.

Kim deyir ki, yerdən göyə
Dualar boşa gedir?
Göylə bulud, yerlə o qız,
Dualar qoşa gedir.

Sevinməyə anlar varmış,
Allah, şəhər içində,
Fəqət canım duz bağlayıb,
Qanım şəkər içində..
1999

 

***

Ayrılıq mehriban, ayrılıq doğma.

Gəlmə…

Ayrılığın evini yıxma!

Arzular dirçələr, yuxum çin olar,

Otaqda gərəksiz gülüşlər dolar,

Məndən küsüb gedər incik şeirlər,

Sevinclər içində təklənər kədər.

Əzablar içində yaşayım yenə?

Xeyli dərd lazımdı ölməkçün mənə?

Gəlmə…

Belə qalım…

Azadam, azad…

Mənə bu dünya da, o dünya da yad.

 

***
Allah,
Nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq
neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

***
İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm…

Tural Adışirinin təqdimatında..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.