Bizimyazı.az saz aşiqi, söz xiridarı, tanınmış publisist Həmid Ormanlı ilə müsahibəni təqdim edir.
Mən ondan özünü oxucuya tanıtmağını istədim, amma mənə görə Həmid bu yeni dünyanın köhnə kişilərindəndir. Danışığı, yaşamı, bütün varlığıyla sərin bir Borçalı havasıdı, Bakının dəli küləyinə qarışıb ruhumuza əsir həzin-həzin. “Məni şair kimi təqdim eləmə, sən Allah, ayıb olar”, dedi. “Eləməyəcəm a Həmid, narahat olma” dedim amma Həmid elə əsl şairdi. Bir SAZ aşiqi, SÖZ xiridarı Həmid Ormanlı müsahibimizdi:
Həmid Ormanlı kimdi?
-1982-ci ilin çənli-çiskinli, qıroylu bir günündə ulu Türk yurdu Borçalı mahalının, Odərlər məskəni olan BAŞKEÇİD rayonunun uca dağlar, şiş qayalar, zümrüd meşələr, buz bulaqlar qoynunda yerləşən, nağıl kimi şirin bir dağ kəndi olan Ormeşən şenliyində, halal bir ailədə doğulan Qarapapaq cocuğu. Allahın verdiyinə sevinib, aldığına ağlamayan, qədəri xoşbəxtlik bilən bir könül adamı. Uca Tanrının dərgahından könlünə enənləri ustufca-ustufca ipə-sapa düzüb ara-sıra dövrü mətbuata çıxaran dınnıja (Borçalı ləhcəsində lap balacadan da balaca) bir qələm əhli. Belə.
Ədəbiyyatın gedişi Həmidi narahat eləyirmi və niyə?
– Ədəbiyyat ədəb sözündən gəlir. Çox təəssüf ki, bu gün paytaxt Bakıda ədəbiyyat adına iddia edənlərin ədəbsiz qarşıdurmalarının şahidi oluruq. Ona görə də mən ümüdü əyalətlərdə görürəm. Gec-tez ədəbiyyat yarandığı yerlərə qayıtmalıdır. Bu gün Azərbaycan Ədəbiyyatının yükünü halal sözünən, halal ruhunan çiynində çəkənlərin, Ədəbiyyat adına az-çox işığı gələnlərin əksəriyyəti əyalətlərdədir. Musa Yaqub – İsmayıllıda, Hacı Məhəmməd Aslanbəyli, Bəxtiyar Hidayət, Məzahir Yaqub – Qazaxda, Məmməd Dəmirçoğlu, Çiçək Mahmudqızı, Bahadur Fərman, İnqilab İsaq, Məhəbbət Kəlbəcərli – Gəncədə, Ramiz Qusarçaylı – Qubada, Elşən Əzim-Mingəçevirdə, Məmməd İlqar, İbrahim İlyaslı, Sabir Sarvan, Ehtiram İlham – Sumqayıtda. Yeri gəlmişkən əyalətlərdə yazıb-yaradan dostlar hətta yarı ciddi, yarı zarafat deyirlər ki, paytaxtda yaranan ədəbiyyat Biləcəridən o yana keçməyib, ancaq biz keçmişik.
Azərbaycan ədəbiyyatının, incəsənətinin gücü bugünkü əsərlərdə özünü layiqincə göstərirmi?
– Bu gün yaranan ədəbiyyatımız onda layiqincə olardı ki, bizi üzü Dərbəndə, Tiflisə, Göyçəyə, Təbrizə, Mosula, Kərkükə, Borçalıya, Şuşaya, Saxaya və s. yerlərə aparsın. Bütöv Azərbaycana kökləsin. Gənclərimiz Mövlana Cəlaləddin Rumini qoyub Kantın, Freydin dalına düşməməlidilər. Ta qədimdən Türklərdə saza-sözə münasibət din səviyyəsində olub. Ona görə də bizim ədəbiyyatın məsuliyyəti daha çoxdur. Ədəbiyyat milli problemlərimizin həllində öz töhfəsini verməlidir. Ədiblərimiz elə mövzulara toxunmalıdırlar ki, onu Türklərin ürəyi istəyir, ruhunun ehtiyacı var. Süjet qurub yarışmaq kimi əllaməçilikdən bir şey çıxmaz.
Gəncliyin bu istiqamətdə görməli olduğu nə kimi ilşər var?
– Nə iş yoxdur ki? Görüləcək işlərin hamısı gəncləri gözləyir. Qocalar da bürüncəyinə bürünüb yavaş-yavaş qırağa çəkilib dəstək olmalıdır gənclərə. Elə bilirsiniz gənclərə aman verirlərmi? Elə köpək qocalar var ki. Şeytanın işini aşıranlardır onlar.
“Köynəyi dar olan” saz-söz sənətinin bugünkü halı səni qane edirmi?
– Saz sənəti mənə görə Türkün strateji sahəsidir. TÜRKÜN ruhani lideri aşıq, olmasa-olmaz. Saz sənətinin mahiyyətindən çıxaraq adiləşməsi, adi bir incəsənət növünə çevirilməsi içimi ağrıdır. Bu problem bir birliyin, bir təkilatın gücü ilə həll edilə bilməz. İnsanlar özü qorumalıdır, özü yaşatmalıdır öz sənətini. Onunçün də insanlarımızın mahiyyəti aliləşməlidir. Saz ruh hadisəsidir. Sazı qorumaq, sözü qorumaq – eli qorumaq deməkdi. El də maddi yox mənəvi hadisədi. Yalnız ruhani-mənəvi özül əsasında yaşayan elə deyə bilər ki, mənim sabahım var.
Meydan verilməlidirmi və verilərsə kimlərə, hansı şəkildə?
– Bayrağı uca olmuş qardaş Türkiyədə bu sənətin salğarını qorumaq üçün müəyyən nümunələr var. Onları tətbiq eləmək lazımdır. Həqiqi ziyalıları, az-çox işığı gələnlərimizi bu mövzuda müzakirələrə cəlb eləmək lazımdır. Zəlimxan Yaqub Aşıqlar Birliyinin sədri kimi tam yerində olan biridir. Məhərrəm müəllimin də orda olmağı müsbət haldır. Ancaq onların da ətrafında müsbət enerjili, baş tərpədə biləcək insanlar cəmlənməlidir. Türkiyəli mütəxəsislərə müraciət edilməlidir. Fəxrəddin Salim, Şərif Ağayar, Rüstəm Kamal kimi yeni qafalı insanların belə yerlərə cəlb olunmalarında elə bilirəm ki, fayda var.
Oxuculara son sözün
– Azərbaycanın güneyində həbs olunan aşıqları, Aşıq Əmrah Gülməmmədovu, Hüseyn Saraclını, Xan Kamandarı, Aşıq Nazim Əsədoğlunu, Aşıq Murad Kövrəyi, rəhmətlik Xanları, oğlu Azəri, İlham Astanbəylini, arada Qərib İncəlini dinləsinlər. Mənim demək istədiyim son sözün hikmətini onların qara sazı daha yaxşı anladacaq.
2014
Söhbətləşdi: Nigar İsfəndiyarqızı
DAĞ KƏNDİ
Qurutdu xəngəli cəcəsi olur,
Dastanlı nağıllı gecəsi olur,
Ayə heç dağ kəndinin necəsi olur,
Namusdu qeyrətdi ardı dağ kəndi.
Dar gündə obanın təkanı olub,
Köhnə kişilərin məkanı olub,
Indi ürəyimin tikanı olub,
Ormeşən adında vardı dağ kəndi.
Bir kənd gözəlinə vuruldum neynim,
Sevdim o sevmədi yoruldum neynim,
Himinnən mən belə quruldum neynim,
Sözümün əvvəli ardı dağ kəndi.
Kəkotu çayını nənəm dəmləsin,
O telli sazını babam bəmləsin,
Həmid Ormanlıyı dünya dinləsin,
Dərədi, təpədi, yaldı dağ kəndi.
Kaş bircə yolunu basmasın otlar,
Mələşsin quzular kişnəşsin atlar,
Ormeşən qoynunda keçən saatlar,
Şirin xəyallarda qaldı dağ kəndi.