Bizimyazı.az Xalq şairi, unudulmaz Hüseyn Arifin 100 illik yubileyi münasibətilə seçmə şeirlərini təqdim edir.
SƏN DƏRSƏ GƏLMƏYƏNDƏ
Düşür yadıma hərdən
Məktəb həyətində mən
Yoluna göz dikərdim,
Qəlbim sızlardı birdən
Sən dərsə gəlməyəndə…
Durub-durub anardım,
Gizli-gizli yanardım.
Neçə dostun içində
Özümü tək sanardım.
Sən dərsə gəlməyəndə…
Zəng səsi ucalardı,
Uşaqlar söz alardı.
Gözlərim boş masanda.
Fikrim səndə qalardı
Sən dərsə gəlməyəndə…
Dözməyib buna bəzən
Düşüb gah da həvəsdən
Nə danım həqiqəti,
Qaçardım mən də dərsdən
Sən dərsə gəlməyəndə…
GÖZƏLLƏRƏ
Gözəllər, söyləyin, bu necə işdi,
Qiyməti şöhrətə, ada verdiniz.
Kədəri yaxının üstünə atıb,
Sevinci aparıb yada verdiniz.
Hər saxta gülüşə, hər yalan sözə,
Aldanıb, düşdünüz dolaşıq izə.
Sonralar möhnətlə gəlib üz-üzə,
Ömrü közə tutub, oda verdiniz.
Buza döndü qələm, bozardı kağız,
Arxamı qış kəsdi, qarşımı payız.
Yüzünüz bir şair yaratmadınız,
Biriniz yüz şair bada verdiniz.
XALQSIZ XALQ ŞAİRLƏRİ
Bir həyat şairi var,
Bir də vaxt şairləri.
Eldən, gündən xəbərsiz
Saray, taxt şairləri.
Biri haqqa daş atar,
Biri kölgədə yatar,
Kim sevib, kim yaşadar
Bu bədbəxt şairləri.
Biri var, üzdəniraq
Haça dil, hazıryaraq.
Qapı, baca, künc, bucaq
Əl-ayaq şairləri.
Hüseyn Arif, nə xəbər
Nə qədərmiş nə qədər
Başsız başa keçənlər
Xalqsız xalq şairləri.
SOYUQ DƏYƏR SƏNƏ
Sonasan, qıymaram gölə,
Göldə soyuq dəyər sənə.
Gül yanında dönmə gülə,
Güldə soyuq dəyər sənə.
Uyma özgə əməlinə,
Qoşulma qıza, gəlinə,
Düşərsən yaman dilinə,
Dildə soyuq dəyər sənə.
Bu nə arzu, bu nə dilək,
Alışıram ürək-ürək.
Tül bədənə tül nə gərək,
Tüldə soyuq dəyər sənə…
Çəkmə darağa telini,
Sıxma kəmərlə belini,
Əldə saxlama əlini,
Əldə soyuq dəyər sənə
Hüseyn Arif, bu nə sirr,
Vədə ötür, vaxt tələsir,
Könlümə köç, külək əsir,
Çöldə soyuq dəyər sənə.
SƏNİ UNUDA BİLMƏRƏM
Ay dolanar, il dolanar
Səni unuda bilmərəm.
Könül yanar, can odlanar
Səni unuda bilmərəm.
Yaz üzülə, payız keçə,
İstər gündüz, istər gecə
Neçə gözəl gəlib keçə
Səni unuda bilmərəm.
Gözün saxladı sözümü,
Gözün ovladı gözümü
Unutmayınca özümü
Səni unuda bilmərəm….
ANALAR
Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb biçir analar.
Mahnı da oxuyur ,şer də deyir,
Bəstəkar analar,şair analar.
Dözür hər əzaba o bilə -bilə .
Yaşayır,sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə,
Şərbət əvəzinə içir analar.
Unudub illərin yorğunluğunu,
Həyatda dincliyi , evdə yuxunu:
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar.
Özüm də bilmirəm Hüseyn ,niyə?
Başımın tüstüsü çəkilir göyə.
Torpağım anasız qalmasın deyə
Torpağın qoynuna köçür analar.
VAR MƏNİM
Yığılmır yollardan fikrim, xəyalım,
Görən, bu çöllərdə kimim var mənim?
Sazda Kərəmiyə qoşulan səsim,
Kamanda inləyən simim var mənim.
Kəsilib qapıdan gedib-gələnim,
Yox mətləb qananım, qədir bilənim,
Dumanlar içində yorğun köhlənim,
Tufanlar qoynunda gəmim var mənim.
Hüseyn, nə oldu qönçə niyyətim?
Daşlara toxundu ilk məhəbbətim,
Özgəni güldürən sözüm-söhbətim,
Özümü ağladan qəmim var mənim.
DOYMUŞAM
Eniş gözəl, yoxuş gözəl, düz gözəl,
Nə arandan, nə yaylaqdan doymuşam.
Sinə gözəl, söhbət gözəl, söz gözəl,
Nə qələmdən, nə varaqdan doymuşam.
Göz qoyduqca köhlənlərin oynuna,
Qollarımı aparmışam boynuna.
Sığınanda təbiətin qoynuna,
Nə lilpardan, nə bulaqdan doymuşam.
Yaşıl meşə yağışı nə yağışdı,
Əlvan çəmən naxışı, nə naxışdır.
Ürkək maral baxışı nə baxışdı,
Nə obadan, nə oymaqdan doymuşam.
Günəş doğar, hərarəti nə yaxşı,
Gəlin gələr nəzakəti nə yaxşı.
Körpə gülər, məhəbbəti nə yaxşı,
Nə sevincdən, nə maraqdan doymuşam.
Qohum-qardaş bir-birinə dirəkdi,
Bir sinədə bir döyünən ürəkdi.
Təzə mənzil, təzə bayram deməkdi
Nə süfrədən, nə qonaqdan doymuşam.
Hüseyn Arif, nə yanğı var canında,
Yanmaq eşqi damarında, qanında.
Qədir bilməz, dil qanmazlar yanında,
Elə olub yaşamaqdan doymuşam.
SƏNSƏN
Qırılan qələmim,yanan kitabım
Yazısı saralmış varağım sənsən.
Dağılan hasarım,atılan qapım,
Gözümdə qaralan çırağım sənsən.
Sinəmdə dövr edib qopan tufanım,
Üşüyən ürəyim,alışan canım,
Alovdan qovrulan yazıq aranım,
Dumandan ağlayan yaylağım sənsən.
Köməşən ayağım,tutulan dizim,
Saralan yanağım,solan bənizim,
Qar bağlayan yolum,buz tutan izim,
Közü külə dönmüş ocağım sənsən.
Tükənən istəyim,bitən sevincim,
Çəkilən marağım,ötən sevincim,
Tapılan kədərim,itən sevincim,
Gövdədən üzülən budağım sənsən.
Möhnət dalğa-dalğa,qəm axın-axın,
Hüseynin gününə,ayına baxın;
Könlümə həyatda yaxından yaxın,
Ömrümə uzaqdan uzağım sənsən…
ƏHMƏD CAVADA
Zülmlə üzüldü öz cərgəsindən
Haqsızlıq ucundan bir haqq şairi.
– Hayıf Cavad!, – deyə andı çoxları
Bu bədbəxt şairi, xoşbəxt şairi.
Köçünü arana, yaylağa sürdü,
Ata dərdi çəkdi, qız dağı gördü,
Şeirdən Göy-gölə bir çələng hördü,
Təbiət vurğunu, torpaq şairi.
Çox sözü-söhbəti yadigar qalıb,
Ondan nəsillərə namus, ar qalıb.
Yurdunda qeyrətli övladlar qalıb,
Başdan uca tutar hər vaxt şairi.
Ala göz, uca boy, nəcib bir insan,
Elini, gününü bağrına basan.
İtirmək kimsəyə gəlməsin asan,
Necə də itirdik beyvaxt şairi.
Aman 37! Gör nələr etdi,
Arzular, əməllər puç olub getdi.
Min ömrün səfəri yarıda bitdi,
Həyatdan ayrıldı həyat şairi.
Ey Hüseyn Arif, indi ha gözdə,
Sevinci də bizdə, qəmi də bizdə.
Yaşar zaman-zaman xatirimizdə,
Xalqa “düşmən” çıxan bir xalq şairi.
ŞEİR DEYİLMİ?
Məndən təzə şeir xəbər alan dost,
Bəs yazın gəlməsi şeir deyilmi?!
Gəzməyə çıxanda – çölün, çəmənin
Üzünə gülməsi şeir deyilmi?!
Yenə gözüm qalıb bağçada, bağda,
Min-min gül açıldı aranda, dağda.
Eyvana əyilən çarpaz budaqda
Bülbülün nəğməsi şeir deyilmi?!
Seyr elə hüsnünü göydə durnanın.
Qayada kəkliyin, göldə sonanın.
Aynabənd otaqda gəlin anamın
Şirin laylay səsi şeir deyilmi?!
Dərədə moruq dər, döşdə çiyələk.
Gah yağış xoş gəlir, gah sərin külək.
Yaş ötür, doymayır dünyadan ürək, –
Yaşamaq həvəsi şeir deyilmi?!
Kim deyir şeirin meydanı dardır?
Sonu görünməyən bir ilk bahardır.
Neçə ki, həyat var şeir də vardır,-
Həyatın nəfəsi şeir deyilmi?!
SÖYLƏ, YADINDAMI?
Söylə yadındamı o axşam çağı?..
Dinməyən mən oldum, dinən sən oldun.
İlk eşqin ocağı alovlanmamış
Sönməyən mən oldum, sönən sən oldun
Doymamış sabahın tər nəfəsindən,
Sevdalı quşların təranəsindən,
Sözündən, əhdindən, iradəsindən
Dönməyən mən oldum, dönən sən oldun.
Pozuldu ilqarın, dəyişdi andın,
Torpaqda alışıb havada yandın.
Axır gözlərinlə görüb inandın
Enməyən mən oldum, enən sən oldun.
***
Hər kəs bir sükutun yarır bağrını.
Hər mahnı könüldə bir hiss oyadır.
Hər çiçək torpaqda təzə bir naxış.
Qara bir boyadır, ağ bir boyadır.
Dəyişir yerini aylar, fəsillər.
Fəsillər yurdunda yeni nəsillər.
Ötür qərinələr, keçir əsrlər.
Yenə çeşmə-çeşmə, dərya-dəryadır.
Sıxlaşır getdikcə saçlarımda dən.
Baxışımda bulud, gülüşümdə cən.
Axı necə deyim: -Əbədiyəm mən.
Həqiqət-həqiqət,xülya-xülyadır.
Ey qartal, zirvədə möhkəm uç yenə.
Ey çəmən, süfrəni geniş aç yenə.
Ey günəş, varlığa şəfəq saç yenə.
Mən oldum-olmadım dünya dünyadır..
Tural Adışirinin təqdimatında