Ana səhifə BAŞ YAZI Elə ayrılıq da bir eşq payıdır – Yeni şeirlər

Elə ayrılıq da bir eşq payıdır – Yeni şeirlər

Müəllif: Bizim Yazı
66 baxış

Bizimyazı.az Əlirza Həsrətin yeni şeirlərini təqdim edir.

QUZEY BƏNÖVŞƏSİ BİRAZ GEC SOLUR

Sənə kim dedi ki,məndən uzaq dur,
Adın çəkiləndə gözlərim dolur.
Quzey bənövşəsi biraz gec solur,
Könlümə bənövşə dəstəsi düşüb.

Sən ayrı diyarsan,mən başqa ölkə,
Sən işıq salırsan,mən isə kölgə.
Bir qız dodağının rəsmidir bəlkə,
Hayandan bu gülün üstə su düşüb?

…Ahını içinə çəkib bu ocaq,
Bu da öz qollarım, özümə qucaq.
Kim mənə qoşulub qol qaldıracaq,
Sümüyümə hicran bəstəsi düşüb.

DARIXAQ

Ayrılaq, necədir görək bu həsrət,
Belə yavaş-yavaş biz də darıxaq.
Uzanan yolları basım bağrıma,
Cığırda darıxaq, izdə darıxaq.

Görmədim belə vaxt,belə qərinə,
Nədir mələklərin bu qan-təri,nə?
Qoy tutum ovcumu badə yerinə,
Mənə Mişarçaydan süz də, darıxaq.

Duamı oxuyan bəlkə Şamandı,
Dilinin ucunda od var,amandı!
Bizi görən olmaz,dağlar dumandı,-
Gəl enək aşağı, düzdə darıxaq.

YERİ VAR

Sənə də yetmədi əli könlümün,
Sovuldu gövhəri, ləli könlümün.
Daha bundan belə dəli könlümün,-
Sızlayan tütəkdə, neydə yeri var.

Nə payız fəslidir, nə yaz ayıdır,
Durnalar üz tutub hara qayıdır?
Elə ayrılıq da bir eşq payıdır,
Dərdini çəkməyə fayda yeri var.

İlk eşqin havası vurdusa başa,
Ürəkdə hər sevda olar tamaşa.
Deyirlər, məhəbbət baxmayır yaşa,
Yalandır, hər yaşın qayda yeri var.

AY DİLİMİN UCUNDAKI SÖZ, YAŞA

Kirpiklərin nə gözəl xumarlanıb,
Ay nə gözəl öyrəşibdir göz yaşa.
Başın üstə çətir tutum ahımı,
Göz yaşına sən də belə döz, yaşa.

Dağ payımdır o vüqar, o əzm ki,
Hər yoxuşda çiçəklədi izim ki.
Bundan belə ayrılıqdır bizimki,
Bu sevdadan ümidini üz, yaşa.

Dan yerində özümə bir ev quram,
Hər gün durub, Günəşə də baş vuram.
Məni elə götürübsən, uçuram,-
Ay dilimin ucundakı söz, yaşa!

GƏLİŞİN KÖVRƏLTDİ MƏNİ AY PAYIZ

Söz qoşub bir qərib ozan ömrümə,
Xatirə içində azan ömrümə.
Yaman bənzəyirsən xəzan ömrümə,
Gəlişin kövrəltdi məni ay payız.

Nə zirvə payıdır,nə dağ qarıdır,
Hayandan baxasan,ömür yarıdır.
Yaşanmış günlərin naxışlarıdır,
Pərişan saçımın dəni, ay payız.

Budaqda son yarpaq eləyir qübar,
Köçür durnalar da bax qatar-qatar.
Köksünə bayraqtək basıbdı dağlar,
Sevdiyim dumanı, çəni ay payız.

SAMOVAR TÜSTÜSÜ

Samovar tüstüsü tutub gözünü,
Düşüb ortalığa çayçı oynayır.
Gördüm dodaq büzür nimdaş ömrümə,
Dərzinin əlində qayçı oynayır.

Qoy verim özümü ocaq hisinə,
Bəlkə duman tutan dağlar isinə.
Ovçu bərəsində güllə səsinə,-
Qərib durnaların köçü oynayır.

Buludlar gözünü sıxdıqca Yerə,
Bir payız nəğməsi oxuyur hərə.
Qonşu sığal çəkir yun əlçimlərə,
Cəhrə qəşş eləyib, düyçə oynayır.

DÖYÜR SON ŞƏRQİYLƏ QU, QAPILARI

Yenə dağ çayları gəlib ilhama,
Nə arxa göz elə, nə selə qol aç.
Burda mən körpüdən atım özümü,
Sən selin içində özünə yol aç.

Götürüb başına su qapıları,
Döyür son nəğməylə Qu, qapıları.
Açarsız, kilidsiz bu qapıları,-
Yalandan bağlayım, sən haqdan gəl aç.

Ovcuma nə gözəl gül şehi damdı,
Bu eşq dan yerindən bizə ənamdı.
Dağlara güvənmə, dağlar dumandı,
Nə quldan üz döndər, nə şaha əl aç.

BU NƏ GÖZƏL DARIXMAQDIR, İLAHİ…

Sinəm çalın-çarpaz dağdır, ilahi,
Dağ neyləsin, yol uzaqdır, ilahi.
Bu nə gözəl darıxmaqdır, ilahi,
Darıxmaqdan tel-tel olub ürəyim.

Alın yazım islanıbdır tərimdən,
Xəbər-ətər yox nazənin pərimdən.
Su da içmir quruyan gözlərimdən,
Qırov tutmuş gültək solub ürəyim.

O insafsız yoluma kaş çıxmasın,
Yadımdan da yavaş-yavaş çıxmasın.
Gözlərini elə sıx, yaş çıxmasın,
Deməsinlər, niyə dolub ürəyin?!

Tural Adışirinin təqdimatında…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.