Ana səhifə BAŞ YAZI Yeni özbək əlifbası – Məleykə Mirzəli yazır..

Yeni özbək əlifbası – Məleykə Mirzəli yazır..

Müəllif: Bizim Yazı
302 baxış

ÖZBƏKİSTANDA YENİ LATIN ƏLİFBASI LAYİHƏSİ

Bir müddətdir, Özbəkistanda yeni əlifba layihəsi hazırlanır. Biz də həyəcanla nəticəni gözləyənlərdən biriyik.

Şübhəsiz ki, əlifbada xırda bir dəyişiklik varsa belə, yeni əlifbaya keçid mənsub olduğu xalqa müəyyən çətinliklər törədir. Bunu dəfələrlə əlifbası dəyişmiş bir xalqın nümayəndəsi olaraq görmüşük, şahidi olmuşuq.

Söz yox ki, qardaş özbək xalqı sözünü əməldə göstərməyi bacarandır. Necə ki, əlifba üzərində iş getdiyini bəyan etmiş və üzərində işləmiş, indilərdə isə onu üzə çıxarmışlar.

Özbək dilinin əlifba taleyi

Yeni özbək latın əlifbası haqqında danışmazdan öncə bir neçə məsələyə diqqət yetirək. Əksər türk xalqları kimi özbəklər də ilk ədəbi dil nümunələrini ərəb qrafikalı əlifba ilə yaratmışlar. Bu, təxminən, 1930-cu illərə qədər davam edib.

XX yüzilin 20-ci illərində Özbəkistanda “Latincilər” deyə bir qruplaşma gözə dəyir. Onlar israrla özbəklərin latın əlifbasına keçməsini söyləyirlər. Və bu fikirlərin daha da qabarmasına 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay xeyli təsir göstərir. Çünki qurultayın əsas qayələrindən biri türk xalqlarının yekdilliklə ortaq latın əlifbasına keçidini təmin etmək idi. Həmin dönəmdən etibarən ard-arda türk xalqlarının latın əlifbasına keçdiyini görürük, hətta yakutlar belə bu məsələdən yan keçməmişdir. Həmin illərdə latına keçən xalqlardan biri də özbəklər olur.

1927-ci ildə gün üzünə çıxarılan həmin ortaq əlifbadan (“Birləşdirilmiş yeni türk əlifbası”) sonra Türkiyə də 1928-ci ildə latın əlifbalı türk əlifbasını təqdim etdi. Elə bizlərin əlifbalarının ağrı-acılı taleyi ondan sonra başladı. Heç Moskva bunu  sakitcə durub seyr edərdimi?! Əsla! Türkiyə ilə Sovet tərkibindəki türk xalqları bir-birini anlamamalı, bir-birinin yazdığını oxumamalı, bir sözlə, bir-birindən uzaq düşməli idi, Mosvaya görə… Nail oldumu bəs? Bəli, oldu… SSRİ tərkibindəki bütün türk xalqları sıra-sıra kiril əlifbasın keçirildi. Özü də həmin kiril əlifbası da hər xalq üçün ayrıca tərtib olundu. Beləcə, təxminən yarım əsrlik müddətdə fərqli-fərqli kiril əlifbaları ilə bizim yazdıqlarımızı bizdən ayrı saldı, özümüzü özümüzdən ayrı saldı.

Yaxşı, bəs qısa bir onillik ərzində olsa belə latından istifadə özbək dilinə hansı lüzumsuz təsirləri qoydu?

Əslində, bu gün türkologiyada ürək yanğısı ilə bəhs etdiyimiz özbəkcənin əlifba problemləri məhz həmin dövrlə bağlıdır. İzaha keçmədən öncə deyək ki, hər bir xalqın əlifbası onun səs sistemini doğru və natamam olmayacaq şəkildə əks etdirməlidir.

Həmin dönəmdə, təxminən, 1920-1930-cu illərdən söhbət gedir. Özbəkcənin səs sistemi üzərində, xüsusən, saitlərində bir sıra qüsurlu dəyişikliklər edildi. Baxın, o dönəmdə də özbəkcənin 9 sait səsi var idi, indiki özbək dilində də. Lakin həmin dönəmdə bir sıra islahatbazlar  özbək dilinin tacik (fars) dilinin təsirinə məruz qalmış Karluq dialektini koyne seçmiş, ədəbi yazı dilini isə onun əsasında formalaşdırmışlar. Nəticədə, özbək dilinin saitləri 6-a endirilmişdir. Bu məsələdə məşhur türkoloq Y.Polivanovun rolu böyükdür. Məqsədin nə olduğu bilinməsə də, hər halda özbəkcəyə vurulan bu zərbə yüzilə yaxındır ki, aradan qalxa bilmir. Sonralar hətta özbəkcənin saitlərini 5-ə endirmək cəhdləri də olub.

1940-cı illərdə – kiril əlifbasına keçid zamanında da həmin “pozulmuş” səs sistemini əlifbaya yansıtmaq “ənənə”-si davam etdirildi. Özbəkistanda müstəqilliyə yeni qədəm qoyulmuş dönəmdə də, yəni 1990-cu illərdə də düzəldilməyə cəhd edilmədi. Üstəlik, bir sıra yenə düzgün olmayan dəyişikliklər edildi.

Problemlər nələrdir?

Bu gün özbək dilinin istifadə etdiyi əlifba özbəkcənin səs sistemini əhatə etmir. Qeyri-müəyyənlikdən uzaqlaşıb biraz müəyyənliyə doğru getsək, deyə bilərik ki,

  • özbək dilinin səs sistemində 9 sait var: [a, ə, e, ı, i, o, ö, u, ü]. (Azərbaycan qrafikası ilə verdik ki, qarışıqlıq yaranmasın),
  • amma hazırda özbək əlifbasında 6 sait olduğu göstərilir: a, e, i, o, o’, u. (Hazırkı özbək əlifbası ilə yazıldığı kimi göstərdik)

İzahat:

– a – işarəsi hazırkı özbək dilində [ ə ] səsini bildirir;

– e – işarəsi hazırkı özbək dilində [ e ] səsini bildirir;

– i – işarəsi hazırkı özbək dilində [ i ] səsini bildirir;

– o – işarəsi hazırkı özbək dilində [ a ] səsini bildirir;

– o’ – işarəsi hazırkı özbək dilində həm [ ö ], həm də [ o ] səsini bildirir;

– u – işarəsi hazırkı özbək dilində həm [ ü ], həm də [ u ] səsini bildirir.

Problemlər odur ki,

* [ a ] səsini – o – işarəsi ilə göstərmək özbəkcəni digər bütün türk dillərindən ayrı salır. Bunu elə – a- ilə işarə etmək məqbuldur.

* həm [ ö ], həm də [ o ] səsini – o’ – işarəsi ilə göstərmək yanlışdır. Bunların hər biri ayrıca fonemdir, sözdə məna fərqi yaradır. Məsələn, özbəkcədə “böl-” mənasında da bo’l yazılır, “ol-” mənasında da bo’l yazılır. Əlifbada ayrıca – ö – işarəsi əksini tapsa, bu problem aradan qalxar.

* həm [ ü ], həm də [ u ] səsini – u – işarəsi ilə göstərmək yanlışdır. Yenə bu səslərin hər biri ayrıca fonemdir axı. Məsələn, özbəkcədə uzum yazılır, amma [ üzüm ] şəklində tələffüz edilir, uzun yazılır, amma [ uzun ] şəklində tələffüz edilir. Axı bu qarışıqlığa səbəb yaradır. Əlifbada ayrıca – ü – işarəsinin olması düzgün olardı.

* özbək dilində [ ı ] səsi var, amma əlifbada yoxdur. Məsələn, özbək dilində qiz yazılır, amma [ kız ] oxunur. Əlifbada mütləq ki, bu səsin işarəsi olmalıdır.

* başqa bir problemsə, ingilis latın əlifbasını özünə təməl götürən özbək əlifbasındakı [ ş ] səsi üçün sh, [ ç ] səsi üçün ch birləşməsinin işlənməsidir. Bu səslər bircə işarə ilə əks ola bilər; ş, ç.

* yenə ingilis latın əlifbasını özünə təməl götürən özbək əlifbası [ c ] samit səsi üçün – j – işarəsini işlədir ki, bu da problemlərdən biridir.

* 1930-1940-cu illərdə özbək əlifbasında velyar n samiti üçün ŋ işarəsindən istifadə olunub, 1990-cı illərdən sonra isə ng formasındadır. Bu işarənin hərf birləşməsi şəklində deyil, ŋ şəklində yazılması doğru olardı.

Yuxarıdakı saitlərlə bağlı problemlərin fonunda isə bu gün biz “Özbəkcədə səs ahəngi yoxdur” deməyə məcbur oluruq. Əslində isə türk dillərinin dəmir qanunu olan səs ahəngi (sinharmonizm, yəni sözdə qalın və ya incə saitlərin bir-birini izləməsi) keçilməz bir sərhəddir…

Özbəkistanda yeni latın əlifbası

Bir neçə gün öncə (22.09.2023) Özbəkistanda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində yeni özbək əlifbası təqdim olundu. Hazırda Özbəkistan ədəbi mühitində çox geniş müzakirə olunan həmin əlifba bir tərəfdən ümidlərimizi dirçəltdi. Çünki yeni əlifbanın ərsəyə gəlməsi birmənalı şəkildə latın əlifbasına keçid deməkdir. Bunu türk dilləri tədqiqatçısı kimi deyil, bir türk xalqı nümayəndəsi kimi ortaq əlifbaya gedən yolda kiril zəncirinin qırılması hesab etmək olar.

28 hərf, bir hərf birləşməsi və apostrofdan ibarət yeni əlifbada nəzərdə tutulan dəyişikliklər bunlardır:

* sh əvəzinə ş ;

* g’ əvəzinə ğ ;

* ch əvəzinə c ;

* o’ əvəzinə õ.

Əlifbanı hazırlayan komissiyaya tərəfindən təklif edilmiş ilk iki dəyişiklik ürəkaçan mənzərə sərgiləyir. Hazırda çağdaş türk xalqları əlifbaları içində, demək olar ki, problemsiz olan əlifba ilə – Azərbaycan dilinin latın əlifbası ilə eyniyyət təşkil edir.

Amma layihədə “ch” hərfi üçün “c” təklif edilir, hansı ki bu uğursuz təklifdir. Bir tərəfdən sevinirik ki, “ş” düzəlir, digər tərəfdən baxırıq ki, “ch” üçün uğurlu seçim edilməyib. [ ç ] səsi üçün elə – ç – işarəsi uyğundur.

Bundan əlavə, yeni əlifbada o’ əvəzinə õ təqdim edilir. Burda hansı problemdən yaxa qurtarılır ki? Ha başında quyruq olmuş, ha başında papaq olmuş… Bu hərf elə –a– ilə işarə edilsə, düzgün olacaq (Bu məsələyə yuxarıdakı abzasların birində aydınlıq gətirilib).

Əgər bir əlifba dəyişikliyi nəzərdə tutulursa və orada problemlər tam həllini tapmayacaqsa, onda heç yeni əlifbaya ehtiyac varmı?!

Problemli məsələlərin əsas qaynağı elə saitlərlə bağlıdır, hansı ki, yeni əlifbada bu sahənin üzərindən sükutla keçilib. Özbək dilində var olan [ ü, ö, ı ] səsləri öz işarələri ilə əlifbaya axı niyə daxil edilməsin?!

Başqa bir məqam, layihədə sağır nun (velyar n) samiti üçün dəyişiklik nəzərdə tutulmamasıdır. “ng” hərf birləşməsi əvəzinə “ŋ” şəklində yazılması həm digər türk xalqlarının özbəkcədə yazılanları anlaması üçün yaxşı olardı, həm də hərf birləşməsindən qurtulmuş olardılar.

Bilirsiniz, türk dillərinin səs sistemi yazıda hərf birləşməsindən istifadə etməyə ehtiyac duyurmur… Məhz bu səbəbdən, özbək əlifbasındakı “sh”, “ch”, “ng” həmişə gözə batır.

Yekun

Müxtəsəri, bu gün özbək xalqının əlifbasındakı problemləri həll etməsi üçün tarixi bir fürsət yaranıb. Atılacaq bütün addımlar diqqətlə hesablanmalı və bu məsələdə ilk olaraq, özbəkcənin səs sistemi (9 sait səs) əsas götürülməlidir. Bütün səslər əlifbada əksini tapmalıdır. Bununla yanaşı, türkcəyə yad olan hərf birləşmələrindən qurtulmaq və ümumən, türk xalqlarının əlifbalarındakı ortaq yolu izləmək yaxşı olardı.

İnanırıq ki, bu məsələdə veriləcək yekun qərar problemləri aradan qaldıracaqdır.

Məleykə MİRZƏLİ

Türkoloq

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.