“Hər şey susur ?”

İnsan susur- Susmalıdır da.
Çünki heç bir “bəzəkli” cümlə
günahını pərdələmədi.

Tanrı susur – Susmalıdır da.
Çünki yaratdığı ən təmiz insan
oğru Adəm idi.

Heyvan susur – Susmalıdır da
Kimlə danışsın?
Əli silahlı adamlamı?
yoxsa biganə Tanrıylamı?

Bir tək ağaclar danışır,
bu Yer kürəsində.
Onları da yalnız ,”Van Qoq” eşidə bildi.

Tənha şair – Tənha qadın

Gecələr gec sönər-
Tənha şairlərin birdə
“yoldaşını”gözləyən təhna qadınların evlərindəki solğun işıq.
Dəhşətli bir darıxmaq qorxusu düşər canlarına
Və nəzərə alsaq ki,
Darıxmaq- boyundan balaca,sıx bir otaqda
” Tarantula” ilə yanaşı durmaqdır…

Hər ikisi ağlayar sakitcə.
Birinin mürəkkəbini içər vərəqlər,
o birinin də göz yaşlarını çəkər qab süngərləri…

Bir səs- yan otaqdan
gecənin sükut pərdəsini yırtar amansızca
Hər ikisi diksinər.
Birinin yarımçıq yazılarıdır üsyana qalxan,
o birinin beşikdəki ac körpəsidir ağlayan…
Onuda bilməliyik ki,
Hər cümlə-şair qələminin dünyaya gətirdiyi nadinc bir uşaqdır…

Onda biləcəksən qocalmısan sən”

Zaman məngənəsi səni sıxanda,
Yorğunluq sinənə nişan taxanda,
Uşaqlıq uzaqdan,gendən baxanda,
Onda biləcəksən qocalmısan sən…

Uzağı-yaxını yanlış seçəndə,
Şərab əvəzinə bəhməz içəndə,
Gözəllər qarşından ötkəm keçəndə,
Onda biləcəksən qocalmısan sən…

Keçmişi bir küncdə yada salanda,
Yuxuya hər axşam tezcə dalanda,
Cazın da yerini muğam alanda,
Onda biləcəksən qocalmısan sən…

Fələk işlərini tərs çöndərəndə,
Bir nəvən bayramda pay göndərəndə,
Qələm də şairdən üz döndərəndə,
Onda biləcəksən qocalmısan sən.

 

Tıqqılatmayanda pəncərəni
hər səhər çörək verdiyin
bozumtul göyərçin,
Və hər səhər bağçaya gedən
qonşunun dəcəl uşağı
qapıya təpik ilişdirməyəndə,

Poçtalyon da gözə dəyməyəndə
ta yeni eradan bu yana,
göndərdiyin məktub da
saralmağa başlayanda
kənarlardan,
Toqquşmayanda baxışlarınız
divardan asdığın
qadının portreti ilə
Və telefon əvəzinə
kilsədən gözləyirsənsə
əgər “zəng”in səsini,

Deməli : UNUDULMUSAN….

Qadın var-qaldırar bir Sizif kimi,
Dünyanın yükünü zərif çiynində.
Qadın var-fitnədən saraylar tikib,
Zülmət fikirləri cəmlər beynində.

Qadın var-çalışır hər səhər-axşam,
Başında parlayır əxlaqdan bir tac.
Qadın var-qapıya zillənib gözü,
Ümid də kəsilir,körpələr də ac.

Qadın var-makiyajı,gözəl bəzəyi,
Saxtalıq hökm edir onun cismində.
Qadın var-paltarı tikiş,yamaqlı,
Bir ləkə görünmür təmiz ismində.

Qadın var-isinmir buzlu əlləri,
İllərlə həsrətdir bir nəvazişə.
Qadın var-uşağı basıb bağrına,
Tarlada,həyətdə çatır hər işə.

Qadın var-cəbhədə səngər içində,
Soyuq küləklər ülgüc tək kəsir.
Qadın var-oturub isti ofisdə,
Sərin bir mehdən də titrəyib,əsir.

Qadınsız bir həyat gəlsə ağlına,
Meyvəsiz torpağı,çiçəyi düşün.
Baş vurub suların lap yatağına,
Balıqsız,ölü bir dəryanı düşün.

Qayaüstü kədər

Ölmək- paltar dəyişdirmək sadecə.
Bir ağacın köklərin
bir suyun dəyişildiyi vaxtı ölçmək-biçmək, akvariumdakı balıq kimi ….

Sabah deyə-deyə unutduq dünənki həyatımızı,
dünən bir quşun dimdiyində balasına apardığı
soxulcan olmağımızı,
ilk gün işığında gül ləçəyindən buxarlanmağımızı,
yox olmağımızı…

Bir tək kədəri unutmur insanoğlu
Və kədər – “Qayaüstü” rəssamlarından
bizə keçən irsi bir xəstəlik.
Dünən eşitdim radio anonslarının birindən,
aparıcı qız bağırırdı :
“Bədənin üçdə ikisi su yox kədərmiş üstəlik”…