Ana səhifə BAŞ YAZI “Dərdimdən soruş yaşımı”…

“Dərdimdən soruş yaşımı”…

Müəllif: Bizim Yazı
476 baxış

Xatirə FƏRƏCLİ

GÜLLƏ YERİ KİMİ…

Dindirmə, əriyər könlümün buzu,
Axar yanağımdan sellənib gedər.
Yazağzı sel-sudan çaxnaşıb artan
Çeşmə tək gözündən lillənib gedər.

 

Gün kimi gəlmişdin boran könlümə,
Ağlımın bəlası olan könlümə,
Demədim talan sal, talan könlümdə
Pünhanlar boy verər, bəllənib gedər.

Qəlbim qan gölüdür, ləngəri əldə
Titrədər toxunsa ötəri yel də;
Etibar itərsə, qayıtmaz bir də
Güllə yeri kimi güllənib gedər.

BU YAĞIŞA…
(Gözəl yağış yağırdı, dəyərli dostum Ofelya Babayeva “Belə yağışa sevgililər yağışı deyirlər” dedi…)

sevgililər yağışı deyirlər
sevgililər yağışı
sakit, narın
çıxın sevənlər, girin qol-qola
bu yağışda islanın
təslim edin ruhunuzu bu yağışa
eşqinizə rəng qatın
ömrü
yağan zamanı,
gəldiyi yolu boyda
xatirəsi bir ömür
xatirəsi uzun
yığıb saxlayın ürəyinizdə bu yağışı
bu yağış hamınındır
bu yağış ikinizin.

***
Dünya
bugün bir başqa boyadadır
təzələnib, süslənib…
qız yanağı kimi
qızaran üfüqdən rəng alıb səhər…
göylər ayaz
fikirlərim kəpənək qanadı,
ruhum havalı…
heç kəsi eşitmirəm, görmürəm
səni görmüşəm
yuxuda…

***
qısılıb səsi içinə
ad günündə
yaşının içindən keçən adamın
çöküb özünə,
titrəyir içi
ötüşüb gedən fəsillər kimi
ötüşüb gedir fikirləri
canında zamana üsyan
əlindən çıxıb yadından çıxmayan
fürsətlərin təəssüfü,
illər üst-üstə yükləndikcə
yaşlanıb yük olmaq qorxusu,
gözlərindən boylanır dünyanın yağışı
sıxıb çənəsini
fürsət gəzir haray çəkib köksünü boşalda
tullaya boşluğa bağrını yaran ağrıları
qurtula o səsdən
götürüb canını qaçır, qaçır
ağır yüklü maşını ötürən kimi
ötürür, yola verir yollar
illərin yükü çiynində,
harayı içində olan
bu yüklü, ürəyi dolu adamı
yola verir yollar
çatacaq ünvanına hələ var,
hələ var…

VAXTSIZ GƏLƏN GÖZ YAŞI

Kirpiyimi çəpər çəkdim
gözlərimə dolan yerdə.
Bir yol tapıb gəldin ki, sən
Sındırasan məni birdə?!

Ömrün bircə yanaqlıq yol
gör neylədin gəlməyinlə,
bir damcınla ürək verdin
bir damcına dəyməyənə.

Ötüb keçən nəhs gün kimi
kədərimi qoyub dincə
içimi didən ağrını
gizlədirdim sən gəlincə.

QARABAĞ

Sənə
ad verəndə
ürəklərinə damıb ki,
yaşıl qoynuna qaraniyyətlər gələcək
qara yara olacaqlar bağrında
övladlarının ahı dumana dönüb
göyüm-göyüm göynədəcək göylərini
qaralan qanları
sırsıra bağlayıb damacaq damlarından
qan ilə sulanan ağacların tikan çiçəkləyəcək
budaqlar özlərini ora-bura çırpıb
havanı cırıb tökəcəklər yerə
şivən qoparacaq küləklərin
ağlı yaraların əlindən
bağrı yara Qarabağ..!

***
vaxtsız yağmış qar altda
qar altında
qalan şiv,
haqladı səni bu qar,
yarpağını tökməmiş
o fəsili qarşıla
bu fəsili yola sal
qarşında hələ çox qış
hələ çoxlu qarlar var
əyilmə,
əyildinsə
əyilərsən, sınarsan
alış, bərki, sirinsi,
bas bağrına bu qarı
oxşa sevdiyin kimi
əzizlə,
dərdlərini
əzizləyən adam tək
onda
asan olar.

SUMQAYIT

Ömür Xatirə karvanı
eləcə dartıb daşıdım.
Madar sevinc, bol-bol dərdin
çoxunu səndə yaşadım.

Səndə qaraldı axşamım,
səndə açıldı sabahım
keçdi havalı çağlarım
havana qarışdı ahım.

Əsdim
əsən yelinə də
içim qayğı, çölüm qəhər
soyutmadı
soyuq günlər
sevdim
seviləcək qədər.

***
ürəklərlə oynayıb
ürək şəkli çəkən qız,
orda sevinc, həvəs nə rəng
kövrəlməyi göstər görüm
baş ürəklə,
ürək başla yollaşmasa yaman olur
darıxmağı göstər görüm
yaşantılar rəng-rəng, xal-xal
ordan nələr ötüb keçdi, orda nə var?
baş vurub çıxanlar kimlər
başa çəkilən kim olub?
Neçə arzu, istəklərə
əsim-əsim əsib gedib,
hansı əzab o ürəyi
öz içindən söküb, didib?
hələ,
hələ sənin üçün ürəklər eyni rəngdə
bu” rənglərlə” dolu dünya
sənin üçün hələ bəyaz
hələ bir rəng
ürəkli qız,
ay dünyası, özü göyçək
sən
qırmızı qələminlə
qanla yaşayan ürəyi
qan rəngində çəkirsən
çək…

***
Sevdiyinlə
danışmağa sözün yoxsa
çalışma
söz axtarıb tapasan
sonuna çatdığın ipi
dartıb uzadanda qırılar
söz tükəndisə istək də tükənər
istək tükəndisə
uzatmaq hədər
uzatdıqca
yaşantılar heçə enər
…axtarılıb tapılanda
yöndəmsiz olar, soyuq olar söz
üşüyər, titrəyər
istəyi göyə sovuran yellər əsər
atar sözü boşluğa…

***
keçdi
çiçək dövrü
duyğuların oğlan çağı
baharın göyçək dövrü
başlandı
çiçək yağışı
çiçəklərin payızı yazda olur.

***
sarı ilan tək boynuma
sarılır tənhalıq xofu
bir kimsəyə isinməyən ürəyimin
soyuğunda,
sazağında üşüyürəm
sıxa-sıxa ayı, ili
sıxılıram
dayanmağa qüvvəm, gücüm
çatmayanda
öz içimə yixiliram
şələləyib kürəyimə,
ürəyimə
bir boşluğu daşıyıram
yaşamaq deyilən buysa
yaşayıram.

BU BAĞ
Bu bağ, bu səbətin, bu arıların
Nə vaxtdan məskəni, yurd yeri olub?
Neçə xatirəyə məkan bu bağda
Neçə yol bu səbət boşalıb, dolub?

Canını qoymağa yer gəzir yenə
Neçənci küləkdir üstündən əsən?
Dartılıb kəmər tək belini sıxan
Barını kim belə hörüb görəsən?

Hər gələn özüylə xatirə payın
Yığıb yığışdırıb aparıb bəlkə?!
Qalıb ağı deyir külək diliylə
Bu bağın dərdi var özündən yekə.

Ürəyim uçunur yaşıllıq deyə
Laylam, rahatlığım bir odur ancaq.
Ruhuma sığala təbiət gəzib
Görməyə bir parça gümandı bu bağ.

Götürüb gəlmişəm çəkdiklərimi,
Çəkdiyim
çəkimdən ağır olsa da…
Gəldim də,
gələndən hey fırlanırıq,
Arı səbətində, mən bu dünyada…

BU NECƏ BÖYÜTMƏKDİR, ATA?

Qışda
bahar kimi gəldim
can məskəni cahana
sevilən, əzizlənən uşaq oldum
elə uşaq da qaldım
böyüyə bilmədim
“dərdimdən soruş yaşımı” deyərdi nənəm
dərdlər çəkdim böyük-böyük
yaşlandım
böyümədim
qaynayıb qarışmadım
nə bu insanlara, nə də bu həyata
bu necə böyütməkdir,
bu necə böyütməkdir, Ata!?

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.