Ana səhifə BAŞ YAZI 3 şairdən 3 şeir – Rubrika

3 şairdən 3 şeir – Rubrika

Müəllif: Bizim Yazı
53 baxış

Bizimyazı.az Müasir Azərbaycan poeziyasının 3 tanınan, sevilən imzasından (Ehtiram İlham, Əyyub Qiyas, Şaiq Vəli) şeirlər təqdim edir.

Ehtiram İlham

Avtoportret

Bu adam sevmədi özünü,
Özgələrini sevdi amma…
Ömründə bir xoş gün görmədi,
Əzablı günlər gördü amma.

Başına uçuldu tikdiyi,
Fil çəkəmməyəndi çəkdiyi.
Tumurcuqlamadı əkdiyi,
Gül-çiçək açdı dərdi, amma…

Qaçmasa da bir yol sözündən,
Qaçdılar hər yerdə özündən…
Qarışqa idi öz gözündə,
Başqaları bir devdi amma.

Dözüb də hamının nazına,
“Hə” dedi hər şeyin azına.
Can deyib oğluna, qızına,
Çörək yox, ürək verdi amma.

Bəlkə də heç baxtlıq deyilmiş,
Bugünlük, sabahlıq deyilmiş.
Ölüb yaşamaqlıq deyilmiş,..
Bəlkə yaşayıb öldü amma.

***
Sən məni bağışla çəkdiklərimə,
Mən dərdin, kədərin oğluyam, oğlum.

Alın yazımdadı bu can məmləkət,
Bir dağılmış yerin oğluyam, oğlum.

Gecələr beyqafıl zənglə çalınan
O qara xəbərin oğluyam, oğlum.

Bu miskin canımı çığnayıb keçən
Ruhu dərbədərin oğluyam, oğlum.

Gedirəm, az qalır mənzil başına,
Bir yorğun səfərin oğluyam, oğlum.

Niyə gözlərimə tor gəlir, mən ki,
“İşıq” Ələkbərin oğluyam, oğlum.

Ay canım

Yaman çox yaşadım mən bu ürəknən,
Sənə dağ çəkmişəm – duydum, ay canım.
Ağıl ucbatından kef eləmişəm,
Özüm öz ağlıma taydım, ay canım.

Hacdan, kalvayıdan gəlməmişəm ha,
Dünənim nə üznən çıxsın sabaha.
Savab eləyib də batdım günaha,
Özümü adammı saydım, ay canım.

Küləyə sovurdum ömrü dən kimi,
Olmadım nəfsimin bir gün hakimi.
Düşmənin adama etmədiyini,
Mən özüm özümə qıydım, ay canım.

Əyyub Qiyas

Məni sevmək yasaqdır

Mən sevgi göylərində qara bulud kimiyəm,
Mən ürəkdə son arzu, ilkin ümid kimiyəm,
Məni sevmək yasaqdır

Dərdlə, qəmlə qalmışam ömrün ötən köçündə
Mən yaşaya bilmədim bu dünyanın içində
Dünən də belə idim, mən beləyəm bu gün də,
Məni sevmək yasaqdır

Məni sevmək boş xəyal, məni sevmək ümidsiz,
Birdən xəbərim olmaz çaşıb məni sevərsiz
Məni sevmək yasaqdır

Göydən yerə boylanan mələklərdən qaçıram,
Eşq yolunda saralan çiçəklərdən qaçıram,
Mənlə oyun oynayan fələklərdən qaçıram,
Məni sevmək yasaqdır…

Ruhumda gəzdirmişəm sevgi adlı əzabı,
Sevib unutmaq imiş taleyimin savabı.
Sevə bilənlər üçün məni sevmək cəzadı,
Məni sevmək yasaqdır…

Dünyanın göylərində ayaq izlərim yetim,
Sevgi ömür kimidir sonunda ölüm – itim,
Niyə qulaq asmadın, axı mən sənə dedim
Məni sevmək yasaqdır..

Hər əvvəlin bir sonu,yəqin ki, sonum çatıb,
Ağlım kəsəndən bəri bu eşq məni aldadıb,
Gör neçə illərdir ki, girib içimdə yatır
Məni sevmək yasaqdır…

Eşqimin son mənzili bir otaqlı olacaq,
O mənzilin hər yeri zil qaranlıq olacaq,
Məni sevməyin sonu ya edamlıq olacaq,
Ya da özün bilərsən..
Məni sevmək yasaqdır…

Sən ki yuxularımın..

Sən ki yuxularımın ən əziz qonağısan,
Mən səni gerçəklərin qucağında tapmışam.
Niyə çox gecikmisən, kaş ki heç gəlməyəydin…
Niyə səni ömrümün bu çağında tapmışam?!

Ay zalımın balası, bu qədər zalım olma,
Eşq kiminə sevincdir, kiminə də dərd, kədər.
Kim deyir ki, Leylilik, Məcnunluq vaxtı keçib?!
Eşq var elə indi də adamı başdan edər.

Hə, mənim “küçələrə su səpən…” vaxtım deyil,
Eyvanların altında dolaşmağımdan keçib.
Evinizin titində məni pusquya salan
Məhlə uşaqlarıyla dalaşmağımdan keçib.

Əslində çox şey keçib – zaman… qatar… ömür… sən…
Keçməyən ürəyimin içindəki bir addı.
Bax, sənin gözlərində yaş kimi sallanmışam,
Ordan ölümə qədər – cəmi ikicə addım…

Sən ki, yuxularımın ən əziz qonağıydın…
Məni həsrət qoymusan bu gözəl qonaqlığa.
Özün yaxşı bilirsən, yeyib-içən oğlanam,
Gəlsən şərab içərik yenə “həmən” sağlığa!

Amma açığın deyim, özümdə də günah var,
Yuxum ərşə çəkilib, yəqin xəbər tutmusan.
Bəlkə gəlib-gedirsən… yatağımda olmuram,
Mənsə elə bilirəm, sən məni unutmusan…

Nəsə… yatmaq vaxtıdır, səhərə lap az qalır,
Gedim atım kəlləmi. Bəlkə gəldin – kim bilir?!
Sən ki yuxularımın ən əziz qonağısan…
Mənim yuxularımda sevdiklərim dirilir…

***
Bu qədər adam içində
bu adam tənha yaşayır.
Yalandan alır nəfəsin,
alır, bir daha yaşayır.

Gözlərində qəm gəzdirir,
ovucunda dən gəzdirir,
əynində kəfən gəzdirir,
ağzında dua yaşayır.

Yaşayr yalquzaq kimi,
adamlıqdan uzaq kimi.
yaşayır, lap uşaq kimi
yaşayır, guya yaşayır.

Şaiq Vəli

Dünya sərxoş, mən ayıq

Dünyaya üz tutan divanəymiş,
Divanə devanəymiş!…
Bu dünya nəymiş, ah, nəymiş –
Şərab süz, dostum, mənə şərab süz!

Budaqda gül – tac,
gül – ismət,
gül – şan,
Bu nə gülüstan, bu nə gülşən?! –
Bülbül köksü qan…
gül gülür, gül şən…
Şərab süz, dostum, mənə şərab süz!

Açıq pəncərədən daş gəlməz daha,
Xumar gözlərdən yaş gəlməz daha,
Acım acıdır, şirinim xoş gəlməz daha,
Şərab süz, dostum, mənə şərab süz!

Yaşadım bir ömrü – xeyriyə oldu,
Xeyriyyə ömrün xeyri nə oldu?
Uduzdum – dünyanın xeyrinə oldu,
Şərab süz, dostum, mənə şərab süz!

Mən insan deyiləm – insan qarışqa,
Tapdanmaq qoxusu hər bir qarışda…
Ömrün nə qədəri hələ qarşıda…
Şərab süz, dostum, mənə şərab süz!

Daş daşıdım, söz daşımağa öyrəşəmmədim,
Söz daşıyıb baş qaşımağa öyrəşəmmədim.
Bu dünyayla barışammadım –
yaşamağa öyrəşəmmədim,
Şərab süz, dostum, mənə şərab süz!

Dönməz sahilə bir də o qayıq,
Hayıf o qayıqçı,
o qayıq hayıf!
Dünya sərxoş, mən ayıq!…
Şərab süz, dostum, mənə şərab süz!

Meyxanəçi

Sərxoş gəlmişəm qapına,
Aç, aç, meyxanəçi!
Aşiqlər sənə tapınar…
Keç, keç, mexanəçi!

Olubmu öldüyün sənin?
Dərddən güldüyün sənin?…
Elə hey xaç bildiyin sənin
Hac, Hac, mexanəçi!

Aranı dağa daşımısanmı?
Solunu sağa daşımısanmı?
Özünü uzağa daşımısanmı? –
Köç, köç, mexanəçi!

Baxma naşı-naşı mənə,
Mey gətir – söz daşı mənə.
Könlün varsa qoşul mənə,
Uç, uç, mexanəçi!

Cahil əllərində aşiq başları –
Minarə kərpici, qüllə daşları…
İçib ayılır eşq sərxoşları…
İç, iç, mexanəçi!

Mən bu çağın nəyiylə yarışım?
Mən bu torpağın nəyiylə qarışım?!
Mən bu dünyanın nəyiylə barışım? –
Puç, puç, mexanəçi!

Olacaqlar, olacaqlar

Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar!
Soldu, açıldı gül… soldu,
Solacaqlar solacaqlar.

Almazlar almaz kamını,
Fələk söndürər şamını…
Haqdan dolan eşq camını
Alacaqlar alacaqlar!

Daş olacaq daş olacaq!
Quş olacaq quş olacaq!
Boşalacaq boşalacaq,
Dolacaqlar dolacaqlar.

Bitəcəklər bitəcəklər,
İtəcəklər itəcəklər!
Gedəcəklər gedəcəklər,
Qalacaqlar qalacaqlar!

Ağla, gülməzlər gülməzlər,
Öl! Ölməzlər ölməzlər…
Məni bilməzlər bilməzlər,
Biləcəklər biləcəklər!

Qeyd: Fotoda soldan sağa Ehtiram İlham, Əyyub Qiyas, Şaiq Vəli yer alıb.

Tural Adışirinin təqdimatında..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.