Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki…
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!. (M.Müşfiq)
Bir neçə gün sonra Azərbaycan dilinin, xüsusən də qrammatik quruluşunun görkəmli tədqiqatçılarından olan filologiya üzrə elmlər doktoru, dosent Ədalət Abbasovun 55 yaşı tamam olur. Çox yaxşı haldır ki, Ədalət Abbasov bu sahədə tanınmaqla bərabər, həm də yaxşı bir tədqiqatçı, mütəxəssis kimi qəbul olunur. Açığı, bu, hər alimə qismət olmur.
Ədalət Abbasovun özünəməxsus yaradıcılıq üslubu, mətnə yanaşma tərzi, linqvistik təhlil bacarığı onu xarakterizə eləyən ən mühüm cəhətlərdən sayılır. Mübaliğəsiz qeyd etmək olar ki, Ədalət Abbasov həm alim, tədqiqatçı kimi, həm də bir insan kimi bütöv şəxsiyyətdir. Onun alimliyi və insanlığı bir-birini tamamlayır, üzvi vəhdət təşkil edir. Bu mənada məsuliyyətlilik, fakt və arqumentlərə əsaslanan təhlil bacarığı, elmi etikanı gözləmək, köməksevərlik, insansevərlik və s. müsbət keyfiyyətlər onun yaradıcılıq və həyat kredosunu təşkil edir. Şübhəsiz ki, onun formalaşmağında təhsil aldığı məktəb və universitet, yetişdiyi mühüt böyük rol oynamışdır. Belə ki, o, 1977-ci ildə anadan olduğu Gədəbəy rayonunda Göyəlli kənd tam orta məktəbinin (indiki Aytəkin Məmmədov adına) birinci sinfinə qəbul olunmuş və 1987-ci ildə həmin məktəbi uğurla başa vurmuşdur. Daha sonra 1991-1996-cı illər ərzində Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış, həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
Universiteti bitirdikdən sonra, o, 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmişdir. 14 mart 2001-ci ildə akademik Nizami Cəfərovun elmi rəhbərliyi altında “Azərbaycan dilində müəyyən, ümumi və qeyri-müəyyən şəxsli cümlələrin sintaktik semantikası” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.
Xüsusi ilə qeyd etmək istərdim ki, bu hadisə onun həyatında yeni bir mərhələnin başlanğıcı olmuşdur. Bundan sonra Ədalət Abbasov cümlə sintaksisi ilə bağlı tədqiqatlarını daha da dərinləşdirmiş, genişləndirmiş və 7 noyabr 2023-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda yenə akademik Nizami Cəfərovun elmi məsləhətçiliyi ilə “Müasir Azərbaycan ədəbi dilində sadə cümlənin sintaktik semantikası “ adlı doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Azərbaycan Respublikası Prezidenti yanında Ali Atttestasiya Komissiyasının müvafiq qərarı ilə Azərbaycan dili ixtisası üzrə filologiya üzrə elmlər doktoru dərəcəsini almışdır.
Məlumdur ki, ədəbiyyatda Nizami Gəncəvi məktəbi olduğu kimi, linqvistikada da Nizami Cəfərov məktəbi var. Ədalət Abbasov da ustad Nizami Cəfərov məktəbinin ən görkəmli nümayəndələrindən biridir. Mən həmişə Ədalət Abbasovun Nizami Cəfərova olan münasibətində, onunla bağlı etdiyi bütün çıxışlarında bir sevgi, ehtiram, səmimiyyət görmüşəm. Müəllim, tələbə münasibətinə ən gözəl nümunə olan bu fakt mənə, bir növ, Əbül Üla ilə Xətib Təbrizinin münasibətini xatırladır. Hiss edirəm ki, bu məktəbin yetirməsi olmaq və bunu başqalarının dilindən eşitmək ona xüsusi zövq verir. Heç təsdüfi deyil ki, onun hələ 2019-cu ildə “Xalq” qəzetində yazdığı “Elm üçün döyünən ürək” adlı məqaləsində ustadına münasibətini belə ümumiləşdirmişdir. “Başlanğıcda sevimli müəllimim haqqında yazmaq üçün söz tapmağın çətin olacağını düşünərək nə qədər həyəcanlanırdımsa, yekunda öz mənəvi borcunu, bir damla da olsa, yerinə yetirmiş tələbə kimi ürəyim bir qədər sakitləşdi. Əminəm ki, üzvü olduğum Nizami Cəfərov elmi məktəbi dünya durduqca öz aktuallığını qoruyub saxlayacaq, xalqımızın mötəbər bilik məxəzi sayılacaqdır”.
Yeri gəlmişkən, bir məqamı qeyd edim ki, bu yaxınlarda akademik Nizami Cəfərovun da 65 illik yubileyi oldu. Bəlkə, bu təsadüf də bir xoşbəxtçilik, uca yaradanın, Tanrının Ədalətidir ki, eyni ildə, eyni fəsildə ustadın 65, tələbəsinin 55 yaşı tamam olur.
Ədalət Abbasov məhsuldar adamdır, onun 5 dərslik, 3 dərs vəsaiti, 1 metodik vəsait və 14 tədris proqramı nəşr edilmişdir. Bu mənada onun elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan “Azərbaycan dilinin sadə cümlə sintaksisi”, “Sadə cümlə sintaksisinə dair praktikum”, “Azərbaycan dili və nitq mədəniyyəti”, “Qarabağın azad toponimikası”, “Şifahi nitqin inkişafı”, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” kimi monoqrafik tədqiqatları xüsusi aktuallığa və əhəmiyyətə malikdir.
Bundan başqa, onun Azərbaycan dili və ədəbiyyatının tədqiqi, təhlili və tədrisi ilə əlaqədar 200-ə yaxın elmi, elmi-publisistik məqaləsi nüfuzlu yerli və xarici jurnallarda çap olunmuşdur.
Ədalət Abbasov yaxşı tədqiqatçı olmaqla bərabər, həm də yaxşı müəllim, pedaqoqdur. Belə ki, o, 2001-2010-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası” və “Müasir Azərbaycan dili” kafedralarında müəllim, 2011-2012-ci tədris ilində Bakı Slavyan Universitetinin “Müasir Azərbaycan dili” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2012-2015-ci illərdə yenidən isə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dosenti vəzifələrində çalışmaqla yanaşı, həm də Milli Aviasiya Akademiyasının “Dil və ədəbiyyat” kafedrasının saathesabı qaydada dosenti vəzifəsində işləmişdir.
2015-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Azərbaycan dili” kafedrasının müdiri vəzifəsində çalışmışdır.
2018-ci ildən isə indiyənə kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti vəzifəsində çalışır.
Ədalət Abbasovu 55 illik yubileyi ərəfəsində ürəkdən təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram. Tanrı qorusun!
İlkin Əsgər
ADPU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru