“Bu gün nə yemisən?, yoxsa “Bu gün nə öyrənmisən?”
Bağçadan uşaqlarımızı götürəndə, onlara hansı sualı verək?
İllər ötür, oxumaq istədiyimiz kitabların janrı dəyişir. Bu dəyişimə isə bir çox faktorlar təsir edir, bu faktorlardan biri də uşaqlarımızdır. O uşaqlar ki, biz onları dünya üçün qiymətli insan etməyə borcluyuq.
Uşaq yetişdirmək, şəxsiyyət formalaşdırmaq həqiqətən də bir sənət imiş, bunu ən yaxşı bacarmaq öhdəliyi isə valideynlərin üzərinə düşür. Nəyi necə edək, uşağın neqativ davranışlarına necə reaksiya verək, onları necə yönləndirək? Uşaqlarımızı “ətraf mühitin kölgəsi” olmaqdan “öz davranışlarının ağası”na keçməyə necə imkan verək? Bunlar çox çətin və məsuliyyət tələb edən davranışlardır. Bu suallara cavab tapmaq və doğru addımlamaq istəyirsinizə, “Uşaqyönümlü, demokratik məktəbəqədər təhsil “Addım-addım” yanaşması” Sizlərə böyük dəstəkci ola bilər.
Bu kitab İSSA-nın (İnternational Step by Step Association) Uşaq mərkəzlərində, körpələr evində, uşaq baxçalarında və məktəbəqədər müəssisələrdə uşaqlarla və onların ailələri ilə işləyən mütəxəssislərə peşəkar dəstəyidir.
Ümumilikdə kitab 6 hissə 21 fəsildən ibarətdir. Adları qeyd olunan fəsillərdə – “Azyaşlıların inkişafı və təhsili”, “Ailə və icma arasında əməkdaşlıq”, “Bütün uşaqların inkişaf etdiyi mühitlər”, “Uşaqların kompetensiyalarına əsaslanan strategiyalar”, “Peşəkar inkişaf” və “ “Addım-addım” yanaşmasında əsas kompetensiyalar və inteqrasiya olunmuş fəaliyyət mərkəzləri” haqqında müfəssəl bələdçi məlumatlar yer alıb.
Kitabda həmçinin, addım-addım proqramında istifadə edilən nəzəriyyələr: yaş və mərhələ nəzəriyyələri, eyni zamanda sosial-mədəni nəzəriyyələr haqqında ətraflı məlumatlar, bir çox dünya pedaqoqlarının uşaq tərbiyəsi haqqında mülahizələri qeyd edilib.
Addım-addım yanaşmasının əsas məqsədlərindən biri uşaqlarda demokratik dəyərləri təbliğ etməkdir.
Kitabın Azərbaycandilli oxucular üçün əlçatan olmasında layihə rəhbəri dəyərli Ülviyyə Mikayılova və komandasının böyük zəhməti vardır. İxtisas redaktorları, tərcüməçilər, redaktorlar və korrektorların kitab üzərində işlərinə xüsusi həssaslıqla yanaşması aydın hiss olunur. Onlara təşəkkür edirik!
Hə bir də kitabın əvvəlində qeyd edilib ki, “…bu kitab məktəbəqədər təhsil sahəsində çalışan psixoloqlar, metodistlər, həkimlər, müəllimlər və müəllim köməkçiləri üçün nəzərdə tutulmuşdur.” Bu baxımdan məktəbəqədər təhsil müəssisələrinin hər bir qrupunda müəllimin stolüstü kitabı olmasını təklif edərdim. Və şiddətlə tövsiyyə edərdim ki, bu kitabı əvvəlcə valideyinlər oxusun, onlar tətbiq etməyə çalışsın, onlar icma təhsilində yaxından iştirak etsin. Çünki heç kəsə sirr deyil ki, bizim cəmiyyətdə öyrəncilərdən daha çox, valideyinlərin təhsilə və maariflənməyə ehtiyacı vardır və mütləqdir.
Əziz valideynlər, hörmətli məktəbəqədər təhsil işçiləri, xahiş edirəm bu kitabı mütləq oxuyun! Körpə və azyaşlı uşaqlar kimi vaxtilə yaşadıqlarımız bünövrədir və həyatımızın qalan hissəsi onların üzərində qurulur. Unutmayaq ki, uşaqlıqda yaranan travmalar böyüdükdən sonra zaman-zaman özünü göstərir. Bu travmalarla böyüməyən şəxsiyyətlərin formalaşması üçün savadlı və səbrli valideynlərə, tərbiyəçilərə, müəllimlərə ehtiyacımız var. Uşaq ailədə müəyyən yaşa kimi ona verilən tərbiyə ilə böyüyür. Məktəbəqədər təhsil müəssisəsinə getdikdən sonra qeyri-ixtiyari oradakı digər uşaqların və müəllimin – düşdüyü mühitin tərbiyəsini götürür. Deməli bütün valideynlər savadlı və hətta tərbiyəli olmalıdır ki, hər evdən tərbiyəli uşaqlar çıxsın. Həmçinin məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçi-müəllimləri savadlı olmalıdır ki, ora gələn uşaqları lazımi səviyyədə yetişdirə bilsin.
Uşağın ilk müəllimi onun ailəsidir. Sevgiylə böyüyən uşaqlar qəddar ola bilməzlər. Övladlarınızı sevgidən, qayğıdan, demokratik yanaşmadan məhrum etməyin. Narahat olmayın sevgi, qayğı və demokratiya övladı “qudurtmur”.
Kitabın sonunda müəllim və valideyn olaraq daha ciddi suallarla üz-üzə qalacaqsınız:
Öz övladlarım/uşaqlarım üçün etibarlı dünya yarada bilirəmmi?
Öz övladlarımı/uşaqlarımı cəmiyyət üçün şəxsiyyət kimi yetişdirə bilirəmmi?
Övladlarımı/uşaqlarımı tanıyıram, yoxsa qəbul edirəm?
Övladlarıma/uşaqlarıma kömək edirəm, yoxsa müdaxilə edirəm?
Övladlarımın/uşaqlarımın tələbatını ödəyə bilirəmmi?
“Bir uşağı yetişdirmək üçün bir kənd lazımdır.” – deyimi həqiqətdirmi?
Mühit doğrudanmı “köməkçi müəllim”dir?
Şagird doğrudanmı “təhsil bankı”dır?
Övladlarımı kimə əmanət edirəm?
P.S. Hər zaman ana dilimizdəki sinonim və ya termin kasadlığıdan əziyyət çəkirəm. Məktəbəqədər təhsil müəssisəsində təhsil alan o uşaqlara hansı ad verilməlidir o, söz lüğətimizdə yoxdur, ona görə də yazıda “uşaq” kimi qeyd etmişəm. Lakin fikrimcə bu doğru deyil, valideyin də övladına “uşağım” desin, müəllim də?!