Ana səhifə TÜRK DÜNYASI “Əlişir Nəvai inciləri” adlı tədbir keçirilib

“Əlişir Nəvai inciləri” adlı tədbir keçirilib

Müəllif: Bizim Yazı
306 baxış

 

Bakıda “II Türk Dünyası Ədəbiyyat və Kitab” Festivalı çərçivəsində keçirilən Özbəkistan günündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin yaradıcılığına həsr olunmuş “Əlişir Nəvai inciləri” adlı proqram təşkil edilib.

Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Ramiz Əskər Əlişir Nəvainin zəngin yaradıcılığından, onun XV əsr özbək mədəniyyətinə bəxş etdiyi ədəbi incilərdən söz açıb. Ramiz Əsgər Nəvai irsinin özbək ədəbi dilinin təkmilləşməsində, eləcə də türkdilli poeziyanın tərəqqisindəki rolunu vurğulayıb. O bildirib ki, dahi şairin qələmə aldığı əsərlər özbək xalqı ilə yanaşı, digər dünya xalqlarının mənəvi yüksəlişinə önəmli təsirlərini göstərmişdir.

Özbəkistan Elmlər Akademiyasının Ə.Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi Akif Azalp tədbirdə çıxış edərək bildirib ki, klassik özbək ədəbiyyatının banisi Əlişir Nəvainin əsərləri bədii-estetik keyfiyyətlərinə görə əsrlər boyu türk xalqlarının şairləri üçün sənətkarlıq örnəyinə çevrilmişdir. Akif Azalp Əlişir Nəvainin miras qoyduğu nəhəng ədəbi-fəlsəfi irsin özbək ədəbiyyatına bütün dünyada şöhrət qazandırmasından bəhs edib. O, dahi şairin öz ana dilinə olan vurğunluğunu, özbək xalqının milli kimlik şüurunun formalaşmasındakı xidmətlərini qeyd edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşları Ləman Ağagülova və Vəfa Mürşüdlü tədbirdə çıxış edərək, təşkilatın türk dövlətlərinin, o cümlədən Özbəkistanın qədim və zəngin dəyərlərinin beynəlxalq miqyasda tanıdılması yönündə fəaliyyətlərindən söz açıblar. Bildirilib ki, Fond tərəfindən Türk dünyasının böyük söz ustadı Əlişir Nəvainin 580 illik yubileyi münasibətilə “Əlişir Nəvai. Əsərləri” kitabının nəşr olunması Azərbaycan və Özbək xaqları arasında mədəni mübadilələrin inkişafına töhfə vermək məqsədini daşıyır.

Tədbirin bədii hissəsində Əlişir Nəvainin əsərlərindən parçalar səsləndirilib, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında özbək rəqsləri nümayiş olunub.

Tədbir çərçivəsində Fond tərəfindən nəşr olunan, professor Ramiz Əskərin tərtib etdiyi, çağataycadan Azərbaycan dilinə uyğunlaşdırdığı “Əlişir Nəvai. Əsərləri” kitabı auditoriyaya təqdim olunub.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.