Aliq Nağıoğlu
Rayon mərkəzindən iyirmi kilometr uzaqda yerləşən kəndimizə saat ikidən sonra mikroavtobuslar işləmir. Bu yolun üstündə on beş minlik əhali yaşayan daha beş kənd var. Bu sırada dənizlə həmsərhəd olan mənim kəndim sonuncu məntəqədir. Mikroavtobuslar xəttə çıxandan xalturaçıların mısmırığı yer süpürsə də, tez-tez aralarında atmacalar yaşansa da şükürlər olsun böyük qeylü-qala keçmədi. İndiki zamanda əvvəli xırda dava-dalaşla başlanan ölümlər yaman çoxalıb.
Bu gün mən yubandığımdan axırıncı marşruta çata bilmədim. Dayanacağa göz gəzdirdim, ağ rəngli “Jiquli 06”-nın sürücüsünün bir az aralıda bikef dayandığını gördüm. Başı ilə mənimlə salamlaşdı, sonra:
-Darıxma, bir nəfər də gəlsin, çıxarıq,- ürəklə səsini qaldırdı. Biz çox gözləyəsi olmadıq. Sürücünün həmkəndlisi, mənim keçmiş iş yoldaşım uzaqdan görünəndə ikimizin də qırışığı açıldı.
Mən onu lap çoxdandır görmürdüm. Doxsanıncı illərin sonundan, yəni sovxoz dağılandan, yerində, adamın dilinə yatmayan, birgə kəndli fermer təsərrüfatı adlı əcaib qurum yaranandan. Sonra pay torpaqları, yerdə qalan texnika, tikililər bölünərək camaata verildi. Onun da əmlak payı uzun illər adı bir neçə dəfə dəyişsə də mahiyyətini saxladığı idarənin əsas sahibini gəzdirdiyi “Qaz-69” oldu. Bu yepyeni maşın təşkilatın fəaliyyətinə xitam verilməzdən üç il qabaq yuxarıların bölgüsü ilə iri bir təsərrüfata ayrılmışdı.
Düzü, məni görcək tanışımın qayğılı sifətinə təbəssüm qondu, görüşər-görüşməz ilk olaraq həvəslə hal-əhval tutmağa başladı, nə var-nə yox elədi. İkimiz də arxa oturacağa keçib əyləşdik.
-İyirmi ilə yaxındı görüşmürük, -maşın yerindən tərpənəndə sağ əlini ərkyana çiynimə qoydu,- indi salamat can saxlamaq da hünər istər, oğul işidi… Bizimlə işləyənlərin çoxu köçünü çəkib getdi. Balaca kəndimizdə bu ay qırxı çıxmamış düz on səkkiz meyit olub…
-Mən ölüm, sən yaxşı qalmısan, saçına indi-indi dən düşür, ona görə səni tanımaqda çətinlik çəkmədim…
-Gəl ağarmasın, üç ildi təqaüddəyəm.
-Qıvraqsan, adama baxanda hiss edirsən, vəziyyəti necədir. Zəmanəynən nağayrırsan?
-Pulu olana yaxşı zamandır. Zirəksən, kefin istəyən qədər yer ək-tök, niyəsini soruşan yoxdu. İnək-qoyun sayına görə də sorğu-suala çəkən yox, naloq istəyən də hələ ki, yox… Kəndçiyə başqa nə lazımdır, balaca siçanyolu versən, ölənə kimi torpaqda əlləşəcək.
-Balalar neyniyir?
-Qızları köçürtdüm, oğlan biznən olur. Böyükləri gəzdirdiyim vilisi də ona vermişəm. Mən özüm heç yana çıxmıram… Arvadın canı düşəndən, evin yükü üstümdədi. Sən də söhbət elə dənə… İstəyirəm biləm, viran qalmış imperiya dağılandan sonra tale səni haralara atdı, indi nə işin sahibisən?
Köhnə tanışım haqlıdır, mən virtual aləmdə çox olduğumdan tamam adamayovuşmaz, qapalı olmuşam. Həm də cani-dilnən onu sorğu-suala tutmağım özümə çöçin gəlir, çünki məndə belə hallar tez-tez baş vermir. Ancaq həyəcan keçirirəm ki, bircə qeyri-adi nəsə etməyim.
-Biz sənnən hələ çox söhbətləşəcəyik, elə evimizdə otura-otura… Sənin mobil telefonun vaar?
-Dilini bilmədiyimdən, əvvəldən papey olmadım, amma arvadın var… Gərək nömrəsini alam… Görüşmədən danışmaq nətəri olur?
-Evdə kompüterin olmamış deyil?..
-Var, var, oğlan rusyətdəki qohum-qardaşnan danışır… Elə şeylərə nəysə qarışmıram…
-Qulaq as, sənin poçtun var?
-Poçt bizim küçənin qurtaracağının sol tinindədir… Əvvəlkinin üç addımlığında, hər yerdə bir-birinin oxşarı-tayı olan balaca binadadı. Sənin gördüyün köhnə aparatları da inişil çıxartdılar, təzəsini qurublar, yeri lap az tutur. İşıq kirəsini, telefon aylığını verəndən-verənə ora ayaq qoyaram… Məktub-zad yazmağım yadıma gəlmir…
-Bəs Feysbukun? Tvitterin necə, var?
-Yooxxx…
-Bəs e-mailin? Bəs bloqun necə?
-…
-Saytın da olmaz?!
-Heç nəyim, heç nəyim…- əməlli-başlı karıxıb qalıb, sürücü hərdənbir çiyninin üstündən bizə boylansa da cınqırını çıxarmır.
-Necə heç nəyim yoxdur? Bəs sən necə yaşayırsan?
-Elə belə. Deyim də sənə… Beşdə oyanıram, pəşovdan sonra tövləyə girib heyvanların altını sıyırıram. Sonra yemlərini verirəm, cöngələrə saman-kəpək hazırlayıram. Bu arada qoyunları bayıra çıxarıram, işıqlaşana kimi kücə kənarında gəzdirirəm, çoban gələndə sürüyə qoşuram. Sonra arvadı oyadıram ki, sağmal inəkləri sağsın. Özüm su nasosunu qoşub heyvanların, ev quşlarının su qablarını təmizləyib doldururam. Sonra dən səpib toyuqları, qazları, ördəkləri buraxıram, İnəkləri açıb suvarıram, sonra naxırçıya qoşuram. Sonra səhər yeməyi yeyirəm. Arada uzanıb saat yarım çimir eləyirəm. Ayılan kimi bir stəkan çay içib təzədən həyətə düşürəm, ağacların dibini belləyirəm, sulayıram; cöngələrə su göstərirəm, yemlərini verirəm, sonra ev quşlarının dənini atıram, sonra günorta yeməyimi yeyirəm… Axşamüstü nonalardan yumurtaları yığıram… Heyvanlar örüşdən qayıdana hər şey yenidən təkrarlanır… Bircə dərdim namaz qılmağa başlayanda iş qrafikim dəyişəndə olacaq. O da alışanacandı… Mərkəzdə yaşamağın özgə ləzzəti var… O sarıdan işimiz yaxşıdır, çatmayan ayın-oyuna, şey-şüyə uzağa getmək lazım gəlmir… Əvvəlki mağazaların yerində yaraşıqlılarını tikiblər, adı başqa olsa da, içi dopdoludur, namxuda…
-Bura bax, sən sosial şəbəkələrdə də yoxsan?
-Mən şəbəkədən beş il əvvəl çıxmışam… Sovxoz dağılan kimi, əvvəl orya montyor düzəldim, sonra satışa müfəttiş keçdim. Üç parça kəndə baxırdım. Düzdür orda pul qazanmaq olurdu, amma gərək ayda iki cüt ayaqqabı cıraydın, müdirin aylığını verəydin, hacılara cərimə yazaydın… Hacılar demişkən, bir dəfə qış vaxtı gecə reydində bir dəbdəbəli malikanəyə getdik, qızdırmaqdan ötrü evə iki ədəd metrlik, barmaq yoğunluqda spiral qoyulmuşdu, bizim qəfil gəldiyimizi görən yazıq gəlin qorxusundan çaşıb qızdırıcını söndürüb onu bizdən gizlətməkdən ötrü üstünə yorğan atmışdı. Az qala zibilə düşəcəkdik, evi yanğından güc-bəla xilas elədik… Belə sərgüzəştlərim orda çox olub… İndi də o kəndə getməyə qorxuram! Amma kimə deyirsən, oğurluğu tərgizdirə bilmirdik ki…
-Sənin İnstaqramın da yoxundur?
-Əşşi, mən, ümumiyyətlə, içmirəm ki… Haçannandı?! Qabaqlar toyda, gahda-güzarda olub… Necə deyərlər, xala xətrin qalmasın… Bəlkə bu şoferlikdən qalma yeganə xeyirli zaddır. İndiki içkilərə etibarmı var? Adları da özləritək geydirmədir. Demidrol kimidir, içən saat beynini keyidir, uyursan. Zəhərləyər, xosumvay olaram. İndi dediyin yəqin lap təzə buraxılan saxtalardandı… Çoxunu da burda düzəldirlər, etiketini, boş butulkasını, qapağını xaricdən gətirirlər. Mənim indi türmədə yatan qonşum uzun illər belə işlərə baxıb… Siqaretin də iyini-dadını bilmərəm… Bizim artıq alnımızı möhürə vuran vaxtımızdı… Həə… Mənimki süddü, ayrandı, qatıqdı, voobşem ağartıdı… Yeri gəlmişkən, təzə süd istəyirsən? Bişmişi də olur, soyuducuya qoyulmuşu da, qonaq edə bilərəm, vaxt-bevaxt…
Rəngi tökülmüş, bəzi yerlərdən çürüyüb deşilmiş dəmir qapının qabağında maşın dayananda yarım saatlıq yolun nə vaxt bitdiyini bilmədim. Kandarda balaca kətilin üstündə oğlan uşağı oturub irəli-geri hərəkət edirdi. Maşının dayandığını görcək duruxub dikəldi.
-Bu da evimizin kişisi, əziz-xələfimiz… Hə-ə, nə deyirsən, kiruxa, gəl qonağım ol…
Dişim bağırsağımı kəsir.
-Qulaq as, sənin südün də cəhənnəmə olsun! Yenə zəhərləyəcək! Orta əsrlərdə qalıbsan hələ, Tvittersiz və Feysbuksuz süd mənim nəyimə lazımdır?!- Özümdən asılı olmadan qanım itin qanına dönür, o düşəndə sağollaşmağı da unuduram.-Adam hələ orta əsrlərdə qalıb, hətta özünün də xəbəri var…
Amma maşın yerindən tərpənəndə oğlan uşağının gülə-gülə mənə əl eləməsini görüncə sanki bir anda köpüm alınır.