Aynurə Niyaz qızı PAŞAYEVA – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi doktorantı
Açar sözlər: Əziz Alpoud, memuar roman, mühacirət, müxalif.
Azərbaycan siyasi mühacirət tarixinin 1928-1934-cü illər mərhələsi daxili ixtilaflarla olduqca zəngin bir dövrdür. Milli istiqlal uğrunda mübarizədə mühacirlər arasındakı qərəzli subyektiv münasibətlər, təəssüf hissi doğuran fikir ziddiyyətləri Azərbaycan mühacirət ədəbiyyatında da öz əksini tapmışdı. Dövrün mənfi siyasi burulğanının təsirinə düşən bəzi mühacirlərin üstün səlahiyyətlər əldə etmək, şəxsi ambisiyaları önə çəkmək istəyi ucbatından yaranan qruplaşmaları, ixtilafları nə qədər təqdirə layiq hal olmasa da, hər bir həqiqət axtarışında olan tədqiqatçının bundan bəhs etməsi onun mühacirətşünaslığa qarşı obyektiv yanaşmasından irəli gəlir.
Mühacirət nəsrimizin iri həcmli örnəklərindən biri kimi Əziz Alpoudun «Həyatımın hekayətləri» memuar romanı bu baxımdan diqqəti cəlb edir.
Əziz Alpoud kimi tanınan Mir Əbdüləziz Seyid 1895-ci il iyulun 27-də İrəvanın Dilican mahalında ziyalı ailəsində dünyaya göz açmışdı. Atası əslən Şirvandan olan Mir Seyfəddin ağa dövlət qulluğunda çalışmış, eyni zamanda da rus, ərəb, fars dillərini gözəl bilən ədliyyə tərcüməçisi kimi fəaliyyət göstərmişdir. Ə.Alpoudun anası Şəhirbanu xanım isə əslən Azərbaycanın Qazax mahalından idi. Ə.Alpoud 1905-ci ildə o zamankı Qafqazın nüfuzlu təhsil ocaqlarından biri olan Tiflis Birinci Klassik Liseyində oxumağa başlayır. Bu zaman 10 yaşlı Əziz atasını itirir. Liseydə aldığı mükəmməl təhsillə yanaşı, o, latın, alman, rus, fransız dillərinə də yiyələnir. 1905-ci ildə yaranan gərgin siyasi vəziyyətlə əlaqədar Ə. Alpoud təhsilini Stavropolda davam etdirmək məcburiyyətində qalır. Orta təhsilini burada tamamlayan Əziz Estoniyanın Tartu Universitetinin tibb fakültəsinə daxil olur. Ancaq bu ölkənin sərt qışı onun səhhətini pozduğuna görə mütəmadi olaraq dərslərdə iştirak etməməkdən ötrü qardaşı Əlinin təkidi ilə təhsilini hüquq fakültəsində davam etdirir.
Ə.Alpoud 1917-ci ildə Çar II Nikolaya qarşı Estoniyada baş qaldıran üsyanlarda iştirak edir. Hələ uşaqlıqdan rus mütləqiyyətinə qarşı nifrət ruhunda böyüyən Ə.Alpoud inqilab zamanı çarizm nümayəndələrinin günahsız insanlara qarşı törətdikləri vəhşilikləri gördükcə onda mütləqiyyətçi qüvvələrə qarşı nifrət getdikcə güclənir. Ə.Alpoud rus idarəçiliyinə qarşı Bakıda qu¬rulan «Qafqaz Türk-Müsəlman Tələbə Birliyi»nə başqan seçilir. Dərslərdə ardıcıl olaraq iştirak edə bilmədiyinə görə ali təhsilini Xarkov Universitetində davam etdirir.
Ə.Alpoud Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Dövlət Dəmiryolları İstintaq hakimi vəzifəsinə təyin olunur və Bakı-Dəvəçi-Ələt stansiyalarına nəzarət edir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Gilana, oradan da Rəştə gəlir, burada irəli¬ləyən ingilis qoşunlarına qarşı mübarizə aparır. Ə. Alpoud 1920-ci ilin 31 oktyabrında Bakıda bolşeviklərə qarşı nəzərdə tutulacaq üsyana hazırlaşarkən «Xüsusi şöbə» («Osobıy otdel») tərəfindən həbs olunur. Bolşe¬viklər əsaslı bir dəlil tapa bilmədiklərinə görə Ə. Alpoud barədə güllələnmə qərarı verə bilmirlər. Ancaq bundan sonra o, Rusiyanın Ros¬tov, Tambov, Arxan¬gelsk həbsxanalarında işgəncəli məhbus həyatı yaşamağa məcbur olur. Qardaşı Əlinin köməkliyi ilə məh¬busluqdan xilas olan Ə. Alpoud Bakıya gəlir və burada dostu Əlinin bacısı Ruqiyyə ilə evlənir, bu nikahdan bir qız övladı-İsmət dünyaya gəlir. Rus ajanlarından (agentlərindən) özünü qorumaq üçün Ə.Alpoud əvvəl Ən¬zəliyə, daha sonra Rəştə gedir, burada əczaxana açıb dərman satışı ilə məşğul olur. Bu zaman maddi vəziyyətin çətinliyi ucbatından həyat yoldaşını və qızını Bakıya göndərmək məcburiyyətində qalır. Özünə müəyyən məbləğdə pul yığdıqdan sonra «Eren¬nabor» markalı alman velosipedi ilə 1925-ci il sentyabrın 23-də Ənzəlidən Türkiyəyə doğru yola düşür. Türkiyədə siyasi mühacirətimizin nümayəndələrindən biri olan Nağı Şeyxzamanlı ilə görüşür. Türkiyə Cümhuriyyəti vətəndaşlığını qəbul etdikdən sonra Almaniyaya yola düşür. O, Almaniyanın Freiberq Dəriçilik İnstitutuna qəbul olur. Ə.Alpoud alman qızı İlse-Mariya (bu qız islam dinini qəbul edir, adını dəyişdirərək Aytən olur) ilə ailə qurur, bu nikah¬dan Gülər adlı bir qız və Oxyay, Gökçə adlı iki oğlan övladı olur.
Ə.Alpoud Türkiyəyə qayıtdıqdan sonra «Beykoz Dəri fabriki», «Şərq Dəri Türk Limited», «Qapalı Dəri Fabriki», «Elektrik və hava qazı şirkəti»də müxtəlif vəzifələrdə çalışır. Azərbaycan siyasi mühacirlərindən olan İsmayıl Saryalla «Azərbaycan Yardımlaşma Dərnəyi»ni qu¬rur¬, ancaq bu dərnək də uzunömürlü ol¬mur. Daha sonra Ə.Alpoud Almaniyaya qayıdaraq Berlin-Charlottenburqda Ali Texniki Məktəbin Kimya Mühəndisliyi fakültəsinə qəbul olur, eyni zamanda Berlində kimya mühəndisi kimi də fəaliyyət göstərir. Almanların sovetlərə qarşı yaratdıqları «Kaukassesche Veitvauqsstelle» siyasi təşkilatında da iştirak edir.
O, kimya elmi sahəsində apardığı tədqiqatlarla fəlsəfə doktoru elmi dərəcəsinə qədər yüksəlir. Ancaq müəllifi olduğu elmi tədqiqat əsərlərinin kitab kimi satışı ona kifayət qədər pul qazandırma-dığına görə tərcüməçiliklə məşğul olmağa başlayır. Şillerin «Çin şahza¬dəsi Turanqızı» adlı əsərini almancadan Azərbaycan dilinə çevirərək 1967-ci ildə kitab halında çap etdirir.
Vaxtilə iştirak etdiyi «Türk ocağı», «Azərbaycan Milli Birlik Komitəsi» kimi təşkilatlarda əhəmiyyətli siyasi fəaliyyət görmədiyinə görə ayrılır. Ə.Alpoud Orxan Pakerin dəstəyi ilə sərgilərdə çək¬di¬yi rəsmləri nümayiş etdirərək heç vaxt arzulamadığı sənətə yiyələnir və rəssam olur.
Ə.Alpoud 1988-ci il iyunun 17-də Ankarada dünyasını dəyişir.
Ə.Alpoudun 1961-ci ildə Türkiyə türkcəsində qələmə aldığı «Həyatımın hekayətləri» memuar romanı 2011-ci ilə qədər nəşr olunmamışdı. 2011-ci ildə ilk dəfə Zakir Sadatlı tərəfindən bu əsər çağdaş Azərbaycan dilinə uyğunlaş¬dı¬rılaraq çap edilmişdir. Bu səbəbdən adı çəkilən əsər elmi ictimaiyyətin və geniş oxucu kütləsinin uzun illər diqqətindən kənarda qalmış və araşdırılmamışdır.
Ə.Alpoudun «Həyatımın hekayətləri» memuar romanında bədiiliklə sənədlilik əlaqləndirilmişdir. Tarixi həqiqətlə bədii həqiqətin üst-üstə düşməsi memuarın doğru¬lu¬ğunu şərtləndirən amil¬lərdən biridir. «Bizim dövrümüzdə memuardakı, tarixi po¬vest¬dəki, sənədli bədii nəsrdəki sənədli obraz hər şeydən əvvəl axtarılan, öyrənilən, tədqiq edilən, tarixi, psixoloji, mənəvi axtarışlarda olan motivlər üzərində inşa edilir» (7, s. 19).
Ə.Alpoudun Azərbaycan siyasi mühacirətinin bir sıra nümayəndələrinə qarşı münasibəti tarixi sənədlərdə yaxud da tarixşünaslığa aid elmi ədəbiyyatda da qeyd olunmuşdur. Ona görə də Ə.Alpoudun «Hə¬ya¬tımın heka¬yət¬ləri» me¬¬muar ro¬ma¬nın¬ı tarixi faktlara istinad etmədən obyektiv dəyərləndirmək qeyri-mümkündür. Həmçinin «sə¬nəd¬¬li ob¬¬¬razın mövcud¬luğu me¬mu¬ar jan¬rının (qeydlər, gün¬də¬lik¬lər, xa¬tirələr, sənədli heka¬yə və povest və s.) tipik xü¬su¬¬siyyəti, onun estetik müs-tə¬qil¬¬li¬yi¬¬nin və kamilliyinin gös¬təri¬cisi» kimi şərh edilir (7, s. 93).
Ə.Alpoudun «Həyatımın hekayətləri» memuar romanında cərəyan edən hadisələr I Dünya müharibəsinin əvvəllərindən başlamış XX əsrin 80-ci illərinə¬dək davam edən təlatümlü dövrün hadisələrini əks etdirmişdi. Memuarın əsas ünsürü olan yaddaş və bu yaddaş nəticəsində meydana gələn retrospeksiya bu əsərdə xronoloji ardıcıllıqla inkişaf edir: «Keçmiş hadisələrə müasir baxış (retrospektiv zaman) belə öz təbiətinə ca¬vab verən, onun həqiqi tarixiliyinə uyğun olan, hissi, assosiativ əlaqəli, orijinal ta¬rixi dəyərləri ilə faktların «oyanışı» prinsipi ilə istifadə olunmağa başlanıldı» (7, s.158). Ümumiyyətlə, memuarda həyat həqiqətlərini tarixi faktlardan ayrı təhlil etmək qeyri-mümkündür.
Ə.Alpoudun «Həyatımın hekayətləri» memuar romanı milli istiqlal hərəkatının inikası baxımından böyük təsir gücünə malik deyil. Belə ki, memuarın müəllifi və iştirakçısı olan Ə.Alpoud əsərdə Arxangelsk zindanından qurtulduqdan sonra fəal istiqlal mücahidi kimi yox, daha çox şəxsi güzəranının arxasınca qaçan bir mühacir kimi yaddaqalandır. Yəni İran, Türkiyə və Almaniyada yaşayan zaman bəzi siyasi təşkilatlardakı qısamüddətli fəaliyyətlərini də nəzərə alsaq, onun mühacirətdə M.Ə.Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə ilə mü¬qa¬yisədə bir istiqlal mücahid kimi siyasi fəaliyyəti nisbətən passivdir. Buna səbəb tarixin müəyyən dönənimdə Ə.Alpoudun müsa-vatçılarla birlikdə olub vətənin istiqlalı uğrunda vuruşmaq əvəzinə, müsavatçılara qarşı eqoist «əhrarçı» mövqeyindən çıxış edərək öz şəxsi prinsiplərini önə çəkməsidir. Hətta o, «Əhrar» partiyasını digər partiyalardan üstün olduğunu dilinə gətirir: «Beləliklə, hökumətdə iştirak et¬mə¬yən «Əh¬rar» partiyasının Yurdumu¬zu təmsil etməyə daha çox haqqı vardı» (1, s.385). Əslində «Əhrar» partiyasının hökumətdə iştirak etməməsi fikri olduqca yan¬lışdır. Çünki Mirzə Balanın da qeyd etdiyi kimi Azərbaycan Xalq Cümhuriyyəti parlamentində «Əhrar» partiyasının 10 nəfər¬lik fraksiyası iştirak edirdi. Azərbayca¬na istiqlal bayrağını bəxş edən, bütün müsəlman dövlətlə¬rinin istiqlaliyyətini mühafizə edən, məhkum müsəl¬man dövlətlərinə müstəqillik bəxş etməyə çalışan «Müsavat» partiyasının fə¬aliy¬¬yətini gözdən salaraq Ə. Alpoud yazır: ««Müsavat» Partiyasına mənsub dəyərsiz əmək¬daş¬ların yüksək mövqelərə – xüsusi xidmət və sair vəzifələrə gəti¬rilməsi, xalq arasın¬da nara¬zılıq yaratdığı kimi, işlərin də əksəriyyəti uğursuzluqla nəticələnirdi» (1, s.157)
XI Qızıl Ordunun 1920-ci il 27 aprel işğalından sonra bir sıra partiyalar müsavatçılara qarşı müxalif çıxdılar. Hətta bəziləri – menşeviklər, əhrarçılar, ittihad¬çılar Kom¬mu¬nist Partiyasının sıralarına daxil olmaq¬dan ötrü cəhd də göstərdilər. «Əhrar» (nisbə¬tən Şi¬mal böl¬gə¬sində nüfuzu olan bu partiya yarandığı gündən Müsa¬vatı Tür¬kiyəyə arxa çevir¬məkdə, əsasən, şiələri vəzi¬fəyə yerləşdirməkdə ittiham et¬mək¬lə və sünnilik məz¬həbini qa¬bart¬maqla populyar¬laşmaq taktikası seçmişdi) sovet hakimiy¬yətinin ilk gün¬lərində özünü buraxmaq haqqında qərar çıxardı və «bir-iki il sonra onun üzvləri rəs¬mən Mü¬savat fir¬qəsinə girdi» (3, s.148). Tar.e.d., prof. X. İbrahi¬m¬linin qeyd etdiyinə görə, Ə. Alpoud 1952-ci ildə müsavatçılara qarşı müxali¬fətdə dayanan başqa bir partiya – «Azər¬baycan Mil¬lət Partiyası»nı yaradır. Bu partiya da ətrafına həmfikirləri cəlb edə bil¬mədiyindən bir müddət «kağız üzərində» fəaliyyət göstər¬dik¬dən sonra dağılır. «Əhrar» partiyasının say baxımından az səs çoxluğu, Ə.Alpoudun izzəti-nəfsinə toxunmuşdur. Ə.Alpoud bunu qüruruna sığışdırmır. Müxalif mövqelər siyasi ab-havanı nə qədər canlandırsa da, mühacirətdə istiqlal mübarizəsini bir o qədər zəiflədirdi. M.Ə. Rəsulzadənin, Mirzə Balanın Ə.Alpoudun səsləndirdiyi fikirlərə qarşı çıxışın görmürük.
Ə.Alpoud M.Ə.Rəsulzadənin AXC dövründə apardığı siyasəti dəyərsizləşdirərək dövlətin süqutuna səbəb olan amillərdən biri kimi göstərir. O, hələ AXC döv¬ründə qüvvətli və sağlam məntiq sahibi, doğru sözlü M.Ə. Rəsulzadənin fikirləri ilə ba¬rışmamış, hət¬ta latın əlifbası ilə bağlı layihədən söhbət açarkən onu istehza ilə «isla¬hatçı» ad¬lan¬dırmaqdan belə çəkinməmişdir: «Lakin qarşımıza köhnə sosialist «Hüm¬mət» par¬ti¬¬ya¬sının qurucu¬la¬rından, sonradan isə «Müsavat» partiyasının lideri Məhəm¬məd Əmin Rəsul¬zadə çıx¬dı. Bu adam «islahatçı» idi. Yəni ərəb hərflərinin qorunub sax¬¬la¬nıl¬-ması və nəhayət, öyrənilməsini asanlaşdıracaq bəzi dəyişikliklərin edilməsini təklif edir¬di. Bir neçə din adamı da onu dəstəkləyirdi. Bu adamın din ilə əlaqəsi yox idi. Keç¬miş¬dən bu yana sosialist partiyalarında çalışmış və bu yolda sonralar məşhur kom¬¬¬munist dik¬tatoru olan Stalin (Cuqaşvili) ilə uzun illər dostluq etmişdir» (1, s. 153). Əslində burada da Ə. Alpoudun M.Ə. Rəsul¬za¬də barədə fikirləri də olduqca yanlışdır. Çünki M.Ə.Rəsulzadə irəli sürdüyü «Müsavat» proq¬ra¬mında da dini dövlətdən ayrı hesab edərək din xadimlərinin bir sinif kimi siyasi partiyada mövcudiyyətinə qarşı çıxmışdır. Ancaq o, dini beynəlmiləl mədəniy¬yət yaradan ümumbəşəri əhəmiy¬yətli amillərdən biri kimi qiymətlən¬dir¬mişdir. M.Ə. Rəsulzadə irəli sürdüyü «Müsa¬vat» proqramında milli türk birliyinin mühafizə et¬məkdən ötrü məktəblərdə osmanlı şivəsinin tədris olunmasının tərəfdarı idi. Ro¬mandan da göründüyü kimi, Ə. Alpoud AXC-nin əsas qurucularından olan M.Ə. Rə¬sul¬zadəyə qarşı heç vaxt rəğbət bəsləməmişdir. O, M.Ə. Rəsulza¬dəni «sosialist» kimi gü¬nah¬landırsa da, Azərbaycan siyasi mühacirət tari¬xindən kon¬kret faktlarla bəhs edən H. Baykara onun Stalinlə keçmişə dayanan əla¬qə-sini bu cür izah edir: «Hakikat şudur ki, Himmət qru¬pu¬nun ya¬radıl¬ma¬sında M.E. Rə¬sulzadə və Stalin baş rolu oyna¬mış¬lar¬dır. Rəsulzadə 1905 ixtilalından sonra və 1909 da başlayan İran inqila-bında da Him¬mət təşkilatı ada¬mı ola¬raq qalmış və bu in¬qi¬lablarda iştirak edərək, aktiv rollar almışdır. Bütün bu olay¬lar M.Ə.Rəsulzadənin Azərbaycan tarixindəki rolunu kölgələməz. Daha Him¬mət təşkilatı qurul¬madan, Əmin Bəyin, təş¬kilatın parasını sərf edə¬rək, Stalini Ba¬kının Bayıl hapis¬ha¬nəsindən qaçır¬maya çalış¬ması, Azərbaycanın en sol müfrit ucun¬da qalmış olması, hətta o ta-rix¬də, Milli Müxa¬lifət Cəbhəsinə qarşı (Ali Mərdan bəy Top¬çu¬başı, Əli Hü¬seyn¬zadə, Əhməd Ağayev və baş¬qa¬ları) bulunuşu dahi, Əmin Bə¬yin 1911 yılında İs¬tan¬bula gə¬lişindən sonra Azərbaycan milli davasına etdiyi hiz¬mət¬ləri inkar etdirməz» (3, s. 80).
Ə.Alpoud əsərdə «əhrar»çı prizmasından yanaşaraq «Rəsulzadələr və Kazımzadələr» bölməsində yazır: «– Onları bizim kimi zirzəmiyə salmayıblar, həm də yaxşı ye¬məklər verirlər…-deyə davam etdi.
Bu işə çaşdım, doğrusu…Bir tərəfdən Azərbaycan Kommunist Partiyası köhnə iqtidar partiyası olan «Müsavat»a küfr edir – xanlar, ağalar partiyası deyir; o tərəfdən də Müsavatın liderinə və onun yaxınlarına hörmət edir… «Müsavat» hökumətində iştirak etməyi qəbul etməyən bizim «Əhrar» Partiyasının ikinci başqanı olaraq, mən və bir çox yoldaşlarım, əllərində heç bir dəlil olmadan soyuq zirzəmidə, yerin altında ac-susuz saxlanılır…» (1, s. 264).
Əslində Stalin hörmət etdiyi şəxsi heç vaxt həbsxanaya atmazdı, sadəcə o şəxsi mənafeyi naminə M.Ə.Rəsulzadənin sağ qalmasını istəyirdi. «Müsavat»ın hakimiy¬yəti dövründə Ə.Alpoud Dövlət Də¬mir¬yolları İstintaq ha¬kimi vəzifəsində çalışmışdı.
Baxmayaraq ki, M.Ə.Rəsulzadə bütün azərbaycanlı mühacirləri bir araya gətirib istiqlal mü-barizəsi yolunu tutmağı hər zaman düşünsə də, Ə.Alpoud və digərləri onu dəfələrlə Stalinlə iş-birliyində, onunla həmfikir olmaqda günahlandırmışdılar: «Belə ki, Sibirə sürgün olunan da bizlərdik. Stalinin xüsusi qatarında qonaq olan da Mü¬savat başçı¬la¬rıydı…Finlandiyaya əşyalarıyla, kitablarıyla «qaçan» da onlardı… Burada bir oyun sezirdim; mübarizəmizə mane olmaq!..» (1, s. 385). Mühacirətşünas alim, fil.f.d., dos. Nikpur Cabbarlı bu barədə yazır: «Belə ki, Azərbaycan Xalq Cüm¬¬huriy¬¬yə¬ti¬nin süqu¬tun¬dan bir qədər sonra həbs edi¬lə¬rək Ba¬kıda «Xüsusi şöbə» («Oso¬bıy ot¬del») həbsxa¬na¬sında saxlanı¬lan və edam təh¬¬¬lükəsi ilə üz-üzə dayanan M.Ə.Rəsulzadəni azad etdirib, özü ilə Moskvaya aparan Stalin, burada iki il ərzində köh¬nə dostuna qayğı göstərir, hətta bir neçə dəfə ona müxtəlif məsul vəzifələri tutmağı da təklif edir. Əlbəttə, M.Ə.Rəsulzadə Stalinin bu iltifatını sadəcə olaraq dostluğa sədaqət kimi qəbul edəcək qədər sadəlövh deyildi. O, bolşevik liderinin bu «qayğıkeşliyi» ilə hansı siyasi məqsədlər izlədiyini yaxşı anlayırdı» (4, s. 97-98).
Mərhum akademik Bəkir Nəbiyev isə Rəsulzadə və Stalinlə bağlı səslənən fikirlərə belə aydınlıq gətirir: «…Stalinin bu addımını vaxtilə Bayıl həbsxanasından, bəlkə də ölümdən xilas edilməsi əvəzində onun öz mənəvi borcundan çıxması kimi də başa düşmək olar. Lakin o, qatı siyasətçi idi və M.Ə.Rəsulzadəni «əski mübarizə yoldaşı» olduğu üçün yox, beynəlxalq nüfuza malik Müsavat lideri olduğu üçün azad edib Moskvaya aparmışdı. Stalin elə bilirmiş ki, M.Ə.Rəsulzadə öz rifahı üçünmü, ölüm qorxusundanmı, gec-tez onun təklif etdiyi vəzifələrdən birini qəbul edib bolşeviklərlə əlbir işləyəcək… Lakin o, yetərincə təsəvvür edə bilmirdi ki, M.Ə.Rəsulzadə əqidəsinə görə siyasətçi olmuşdu. Bu böyük ictimai xadim üçün Azərbaycanın mənafeyi, ölkənin taleyi ilə müqa-yisədə vəzifə, şan-şöhrət, şəxsi rifah duyğusu bir heç idi» (5, s.326-327).
Ümumiyyətlə, şəxsi istək və maraqlar güdmək ehtirası ucbatından M.Ə. Rəsulzadəyə, M.B.Məhəmədzadəyə qarşı mühacirətdə dəfələrlə ixtilafların meydana gəlməsinə səbəb olmuşdur. M.Ə. Rəsulzadəyə «sosialist», «kommunist» kimi böhtanlar atan, milli siyasi iş¬lərə mənfi təsir göstərən N.Şeyxzamanlı, X.Xasməmmədov, Şəfi Rüstəmbəyli ilə birlikdə Ə.Alpoud da 1936-cı ildə Müsavatdan xaric edilirlər.
Zakir Sadatlı Ə.Alpoudun müsavatçılarla barışmayan, zidd mövqeyinə belə şərh vermişdir: «Ə.Alpoudun siyasi mülahizələri, bir sıra hərəkat iştirakçıları və xüsusən liderləri haqqında təzadlı fikirləri və bəzən də «qəzəbli qamçısı» cəmiyyətimizin fərqli təbəqələrində mübahisələr doğura bilər. Bütün hallarda o fikirlərlə barışıb-barışmamaq olub-keçənlərin simasında heç nəyi dəyişməyəcək. Bircə onu bilmək lazımdır ki, tarixin rahat yorğan-döşəyində uyumaq istəməyən nəhənglərin eyni məqsədə doğru gedən yolda «çək-çeviri» bəzən qaçılmaz olur» (1, s.8).
Ə.Alpoud təkcə Rəsulzadə ilə deyil, Mirzə Bala ilə də bir sıra məsələlərdə barış¬maz mövqedə durmuşdu. Mirzə Bala 1924-1927-ci illərdə İranda qeyri-leqal fəaliyyət göstərən «Müsavat» partiyasının başında dururdu və M.Ə.Rəsulzadənin tapşırığına əsasən özlərinə müəyyən qüvvə toplayıb xaricdə istiqlal mübarizəsini gücləndirəcək idilər. Ancaq Ə. Alpoud müsavatçılarla birgə fəaliyyət göstərməkdən imtina edir. Ə.Alpoud Rəştdə yaşa¬yan zaman həmyerliləri ilə birlikdə «Kulub-ü Mühacirini Azərbaycan» klubunu qurur. Klub tez bir zamanda bağlanır və Ə.Alpoud buna səbəbkar kimi yanlış olaraq Mirzə Balanı günahlandırır: «Lakin Mirzə bala bununla kifayətlənmədi. Mənimlə üzbəüz bacım uşaqlarına da məni və partiyamızı pisləməyə başladı…» (1, s.385).
Amma Ə.Alpoudun Mirzə Balanı günahlandırması onun həmfikir olduğu bəzi məsləkdaşları ilə müsavatçılara qarşı bəslədiyi qərəzli mövqeyindən irəli gəlirdi. Müsavatçılarla birlikdə istiqlal yolunun yolçusu olmağı özünə yaraşdırmayan Ə. Al¬poud «Əhrar» partiyasını nüfuzunu önə çəkərək «Mü¬savat»ı qamçılayırdı: «Müsa¬va¬tın keçmişdən Qırmızılarla yaxınlığı vardı… Çünki bunu hadi-sələr də təsdiq etmişdi» (1, s. 385).
Ə.Alpoudun Mirzə Balanın şəxsiyyəti haqqında olan yanlış fikirlərini H. Baykara bir daha təkzib edir: «Mirzə Bala ölüncəyə kadar bir Azərbaycan istiqlal mücahidi olaraq qalmışdır…» (3, s.273). Mirzə Bala vətənpərvər, nüfuzlu siyasi xadim olmaqla yanaşı, eyni zamanda öz araşdırmaları ilə ədəbiyyatşünaslığa töhfələr vermiş sanballı mühacirətşünas tədqiqatçı idi.
Ə.Alpoud mühacirətdə olanda doğma ölkəsində hökm sürən siyasi quruluşa qarşı hər zaman açıq müxalifət mövqedən çıxış etmişdir. «Həyatımın hekayətləri» romanının sonuna diqqət yetirsək, müəllif ömrünün sonuna kimi müstəqilliyə qovuşacağı günü böyük səbirsizliklə gözləyirdi. Ə.Alpoud çox gec də olsa, səhvini anlayır ki, «başqanlıq» sev¬dası ilə deyil, ancaq «birlik» sevdası ilə milli müstəqilliyimizə qovuşmaq mümkündür. «Bizim Azərbaycan məsələsində bu «Birlik» yaratmaq təşəbbüsləri də indiyə qədər hələ müsbət bir nəticə verməyib… Halbuki buna böyük ehtiyac vardır! Belə ki, bu yolda etdiyim təşəbbüslərdən vaz keçmə¬yəcəm… İnşallah, ağıllanarıq!» (1, s. 615)
Çox təəssüflər olsun ki, Ə.Alpoudun müsavatçılara qarşı apardığı mübarizə faydasız eqoistlikdən başqa bir nəticə vermədi. Doğru yolda irəliləyən qəhrəman ancaq bütöv əqidəsi sayəsində öz idealına çata bilər. Əsərin sonunda Ə.Al¬po¬udun Rəsulzadəyə qarşı illər boyu irəli sürdüyü yanlış fikirlərinin, böhtan xarakterli mülahizələrinin dəyişdiyinin şahidi oluruq: «7 mart 1955-ci il. Bazar ertəsi. Saat 19.00: Bu gün səhər «Müsavat» Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə vəfat etdi… Allah rəhmət eləsin!» (1, s. 617).
1950-ci ildən sonra mühacirlərimizin xaricdə yaratdıqları siyasi və qeyri-siyasi təşkilatların böyük əksəriyyəti öz fəaliyyətlərini dayandırdılar. 1960-cı il¬dən sonra Ə.Alpoud bütün siyasi təşkilatların hamısından imtina etmişdir. Əlbəttə, tarixin müəy¬yən dönəmində müsavatçılara qarşı apardığı eqoist əhrarçı möv¬qeyini zamanında dəyişsə idi, onu daha sağlam və davamlı istiqlal mücahidi adlandırardıq.
Göründüyü kimi, Ə.Alpoudun müsavatçılara qarşı əks cəbhədə duraraq irəli sürdüyü qərəzli subyektiv fikirləri tarixi hadisələr fonunda araşdıranda öz həqiqi həllini tapmır. Çünki, Ə.Alpoud nə qədər müsavatçıları mənfi planda əks etdirsə də, tarixi həqiqətlər onun fikirlərini təsdiq etmir. Azərbaycançılıq, milliyyətçilik, türkçülük, cümhuriyyətçilik prinsipləri üzərində köklənən «Müsavat» vətənimizə milli istiqlal həyatı bəxş edən ilk partiya olmuşdur.
Ə.Alpoud öz şəxsi prinsiplərini üstün tutaraq müsavatçılara qarşı zidd, qeyri-sağlam düşüncə mövqeyindən yanaşması nə qədər acınacaqlı görünsə də, Azərbaycan mil¬li hərəkatının gerçəklərindən bəhs etmək bu sahədə araşdırma aparan hər bir ədəbiyyatşünas mütəxəssisin üzərinə düşən ən mühüm vəzifələrdən biridir. Bir tərəfdən də sevindirici haldır ki, bəzi mühacirlərimizin düşüncə və hərəkətlərindəki qeyri-sabitlik uzun müddət davam etmir. Azərbaycan siyasi mühacirətinin bir qrup nümayəndəsi qürbətdə bir-birilərinə qarşı nə qədər tənqidi fikirlərlə yanaşıb zidd mövqedən çıxış etsələr də, ortada yeganə inkar olunmaz fakt var ki, M.Ə.Rəsulzadə, Mirzə Bala, Nağı Şeyxzamanlı, Ə.Alpoud və onlarla bir cərgədə irəliləyən məsləkdaşlar cəfakeş, mübariz istiqlal mücahidləri idilər.
Qeyd etdiyimiz kimi, Ə.Alpoudun «Həyatımın hekayətləri» memuar romanında istiqlal mücadiləsinin bədii əksi zəifdir. Belə ki, müəllif memurda daha çox başına gələn həyati hadisələrin təsvirinə daha çox yer vermişdi. Ancaq əsərdə bəhs olunan mühacirlərimiz arasındakı daxili ixtilafları, bir-birinə qarşı irəli sürdükləri qərəzli münasibətlərin müəyyən faktoloji əhəmiyyəti var.
Ə.Alpoudun iştirakçısı olduğu və şəxsi müşahidələri əsasında yazdığı, keşməkeşli bir əsirlik tariximizin ictimai mübarizəsini, cəmiyyətimizin tarixi-siyasi mənzərəsini əks etdirən, uzun illər ədəbi-nəzəri fikrin diqqət və maraq dairəsindən kənarda qal¬mış «Həyatımın hekayətləri» memuar romanı üzərində gələcəkdə daha geniş tədqiqatlar aparılması, zənnimcə, ədəbiyyatşünaslıq elmimiz üçün zəruri və önəmlidir.
ƏDƏBİYYAT:
1.Alpoud Əziz. Həyatımın hekayətləri. Bakı, Qanun, 2011, 652 s.
2.Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı: Nicat, 1992, 246 s.
3.Baykara Hüseyn. Azerbaycan istiklâl mücadelesi tarihi. İstanbul, Gençlik Ba¬sım¬evi, 1975, 346 s.
4.Cabbarlı Nikpur. Azərbaycan mühacirət nəsri. Bakı: Elm və təhsil, 2011, 140 s.
5.Nəbiyev Bəkir. Çətin yollarda. Bakı: Elm, 2000, 780 s.
6.İbrahimli Xaləddin. Azərbaycan siyasi mühacirəti tarixi. Bakı: Elm və təhsil, 2012, 371 s.
7.Гаранин Л.Я. Мемуарный жанр советской л謬те¬ра¬туры (историко-
теоретический очерк). Минск: Наука и техника, 1986, 223 стр.
«ИСТОРИИ ЖИЗНИ» АЗИЗ АЛПОУДА В КОНТЕКСТЕ ФАКТОВ НАЦИОНАЛЬНОЕ ДВИЖЕНИЕ
А.Н. ПАШАЕВА
РЕЗЮМЕ
Ключевые слова: мемуарный роман, иммиграция, оппозиция.
Мемуарный роман «Истории жизни» Азиз Алпоуда отражается бурных событий в начале Первая мировой войны ХХ века до конца 80-е годы ХХ века.
В романе отражение идеи национальной независимости слабый. Потому что автор в мемуаре дал описание событий, которые случились больше, чем место для жизни. Но в романе тем не менее, внутренние конфликты между емигранты упоминалось, предвзятого отношения друг с другом фактическом материи.
Aziz Alpoud’s «The stories of my lifes» in the facts context of Azerbaijan national movement
A.N. PASHAYEVA
SUMMARY
Key words: Aziz Alpoud,memoir romans, immigration, opposition.
The events are coverd in the Aziz Alpoud’s memoir romance «The stories of my lifes» is started from the beginings of I World war to the end of the eightieth years of XX century. The reflection of national independence movement in the romance is weakly. Because author gave more place in the romance the description of the events that happened in his life. But the internal disputes, tendentious relationships between emigrants have factual importance.