TƏŞƏKKÜRLƏR, NƏRGİZ XANIM!
Qənirə PAŞAYEVA
Bugünlərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında “Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi” mövzusunda “dəyirmi masa” keçirildi. Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor, millət vəkili Gövhər Baxşəliyeva, Azərbaycan Tarix Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü Nailə Vəlixanlı, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli, AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev, təbii ki, ev sahibi – MDU-nun Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, habelə digər tanınmış alimlər, tarixçilər, şərqşünaslar, linqvistlər və ictimaiyyət nümayəndələri “dəyirmi masa”da iştirak edirdilər. İştirak və çıxış etməkdən məmnun qaldığım bu mötəbər elmi tədbir, eləcə də, professor Nərgiz Paşayevanın, onun başçılıq etdiyi gənc təhsil ocağının Vətənimiz, mədəniyyətimiz adına imza atdığı bu böyük uğur haqqında öz düşüncə və fikirlərimi oxucularla, ümumən ictimaiyyətimizlə bölüşmək və elmi-ədəbi ictimaiyyətimizdən bundan sonrakı gözləntilər barədə bəzi fikirləri söyləmək istəyirəm.
Mətbuatdan bəlli olduğu kimi, oktyabrın 28-də Oksford Universitetinin Şərqşünaslıq Departamentinin dəvəti ilə Nərgiz xanım Paşayeva həmin universitetə gedib, bundan bir ay öncə – sentyabr ayında isə Oksford Universitetindən iki professor (şərqşünas alim) ali təhsil müəssisəsinin fəaliyyəti ilə tanış olmaq məqsədilə MDU-nun Bakı filialına gəlib. Və həmin görüşdə acınacaqlı bir gerçəklik ortalığa çıxıb: Oksford Universitetində Azərbaycan ədəbiyyatı, tarixi, dili haqqında heç nə tədris olunmur..! Özü də, bu… Oksford Universitetində bədnam qonşumuz olan ermənilərin (eləcə də, digər qonşumuz gürcülərin) dilinin tədris edilməsi fonunda baş verir…
Professor Nərgiz Paşayeva vətəndaş yanğısı, azərbaycanlı qayğıkeşliyi ilə qeyd edir ki, “…müzakirələrdən sonra bəlli oldu ki, (Oksford Universitetində) XIX yüzildən erməni dili keçirilirdi, lakin 1965-ci ildən sonra müntəzəm olaraq bakalavr və magistr proqramları səviyyəsində erməni ədəbiyyatı, dili və tarixi öyrənilir. Bu fənləri o vaxt keçmiş Sovet İttifaqından gələn müəllimlər tədris ediblər. Ancaq hazırda Oksford Universitetində işləyən avropalı alimlər bu proqramı tədris edirlər”. Və beləliklə, uzun illər Oksford Universiteti kimi dünyaca ünlü bir elm-təhsil, mədəniyyət ocağı davamlı olaraq erməni “elmi dəlilləri”nə, “erməni həqiqətləri”nə məruz qalıb..! Təsəvvür edin, yalnız Böyük Britaniya deyil, dünyanın bir çox ölkəsi ilə tələbə, professor-müəllim bağlantısı olan bir elm, təhsil, mədəniyyət ocağında Azərbaycan həqiqətlərindən söz açmaq necə bir reaksiya, necə bir ortam vəd edir?!. – Gəlin açıq danışaq, şiddətini bəlkə çox qısa şəkildə çatdırdğımız uzunmüddətli “erməni elmi-mədəni (“həqiqətləri”) propaqandası” fonunda bizim həqiqətən də həqiqət olan həqiqətlərimizi ifadə edən sözümüz kəsərsiz olur… Bax, belə ortamda bir xanım professor, bir gənc təhsil müəssisəsi qocaman bir mühit önündə ciddi uğura imza atmağı bacarır! Bu, professor Nərgiz Paşayevanın şəxsi nüfuzu, intellektual qabiliyyəti, gənc quruluş olmasına baxmayaraq, artıq elm-təhsil və mədəniyyət ocağına çevrilmiş, müsbət imicli MDU-nun Bakı filialı fəallarının gözəl çalışmalarının nəticəsidir! Fürsətdən istifadə edib, rektor Nərgiz Paşayevanın timsalında bütün MDU Bakı filialı əməkdaşlarını təbrik edir, yeni-yeni uğurlar arzulayıram!
Qayıdaq, Oksforda və Nərgiz xanımın səfərinə. MDU-nun Bakı filialının rektoru britaniyalı alimlərlə müzakirələr zamanı təklif edib ki, Oksford Universitetinin nəzdində Elmi Mərkəz açılsın və bu Mərkəz gələcəkdə Oksford Universitetinin bir hissəsi kimi tanınsın, qəbul olunsun, gələcək nəsillər bundan istifadə edə bilsin. Onun inandırıcı fikirləri haqlı mövqeyinin (belə deyək, ədalətli istəyinin!) Oksford Universitetinin yetkili nümayəndələri tərəfindən qəbul edilməsi ilə nəticələnib. Burada maraqlı nüanslardan biri də, professor Nərgiz Paşayevanın Mərkəzin Nizami Gəncəvinin adını daşıması barədə təklifi olub. Məsələ ondadır ki, Britaniyalı alimlərin özlərinin də hörmətli rektorumuza etiraf etdikləri kimi Oksford Universitetində Nizami Gəncəvi “fars şairi” kimi tədris edilir… Gəlin bu yerdə, yenidən Nərgiz xanımın sözlərinə müraciət edək: “…Mən isə onlara Nizaminin simasında qurucu, birləşdirici bir şəxsiyyət gördüyümü bildirdim.
…Mən Nizaminin simasında millətləri ayıran, etnik fikirləri bir-birinə qarşı qoyan bir sima görmürəm. Nizaminin simasında fərqli fikirləri və yanaşmaları bir araya gətirən sima görürəm. Əgər siz razı olsanız, biz bu Elmi Mərkəzi Nizami Gəncəvinin şərəfinə adlandıracaq və işimizi bu prinsiplə, bu siyasətlə, bu yanaşma ilə aparacağıq.
Mənə təklif etdilər ki, Mərkəzə Füzulinin adını verək. Mən dedim ki, əlbəttə, Füzuli dahi şairdir, yüksək müstəvidə bir mərkəzin adına layiq böyük simadır. Lakin mən çox xahiş edirəm ki, Mərkəzin adını dəyişməyək, Nizaminin adına olsun”.
Nə gizlədim, bir soydaşımın, bir elm adamının bu nəzakətli prinsipiallığı, ümumən onun elmi və yaradıcı, təşkilati çalışmaları məni ilk növbədə bir Azərbaycanlı olaraq qürurlandırır. İstər-istəməz, böyük ustad Mir Cəlalı, akademik Arif Paşayevi, professor Aida İmanquliyevanı, öz parlaq fəaliyyəti, nəcib siması ilə yalnız böyüdüyü ailənin deyil, bütün xalqın sevimlisi olan Mehriban Əliyevanı düşünür, Nərgiz xanımın su içdiyi bulağın, tərbiyə aldığı ailənin, yetişdiyi mühitin onun əldə etdiyi uğurların əsasında durduğunu, ölkəmiz üçün vətəndaş yanğısının köklərini təşkil etdiyini fikirləşirəm. Bu, prezident İlham Əliyev cənablarının ölkəmizin ümumi inkişafı, dünyada söz sahibi olması, öz haqq etdiyi mövqelərə sahib olması üçün böyük səylərinə, onun “hücum diplomatiyası” taktikasına bir rektorun, bir elm xadiminin, bir yanar ürək sahibi olan vətəndaşın olumlu cavabıdır. – Və mən bunu bir örnək kimi xarakterizə edərdim. Bir yeni nəsil ziyalımızın yaratdığı belə bir örnək misalında, bizim hər birimiz ölkəmizin maraqlarına öz töhfələrimizlə cavab verməyə daxili ehtiyac duymalıyıq, deyə düşünürəm.
Bir daha xanım rektorun Oksforddakı nəzakətli prinsipiallığına qayıtmaq istərdim. Təbii ki, onun əsas məqsədi Oksford Universiteti kimi tanınmış elm, təhsil, mədəniyyət ocağında Azərbaycan tarixini, dilini, ədəbiyyatını təbliğ edən Mərkəzin yaradılması idi. Xanım Paşayevanın öz sözləri ilə desək, “…əsas məqsəd Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu sübut etmək deyil. Onsuz da Nizaminin əsərləri, fəlsəfəsi, kəlamları, həyatı buna sübutdur”… lakin bir Mərkəz yaradılırsa, elə yaradılışından və də öz adı ilə ülvi məqsədlərinə xidmət edirsə, bu daha yaxşı nəticə, daha təsirli hal deyilmi?..
Bilirsiz, biz professor Nərgiz Paşayevnın bu uğuru timsalında həm Avropada itirilmiş illəri mümkün olan ən qısa zamanda doldurmaq (keçmək), bəzi qonşularımızla münasibətdə (“həqiqət davası”nda!) haqlılığımızı elmin, mədəniyyətin dili ilə, dünyanın, Britaniyanın, Oksfordun anladığı dillə anlatmaq baxımından əlverişli bir fürsət əldə etmişik! Mən bu fürsəti unikal fürsət hesab edirəm!
Belə bir Mərkəzin yaradılmasında əsas məqsədlərdən biri də, Sovet dövründə beynəlxalq aləmdə özünü geniş tanıtmaq imkanları çox zəif olan Azərbaycanın elm və ictimai xadimlərini tanıtmaq olacaqdır. Bu isə yeni imzalar, yeni tədqiqatlar, yeni qatlar, yeni üfüqlər vəd edir… N.Paşayevanın qeyd etdiyi kimi, Azərbaycan alimlərinin, şərqşünaslarının, türkoloqlarının gözəl əsərləri var. – “Bu əsərlərin bəziləri Oksford Universitetində tədris edilən kitablardan – almanların, ingilislərin, fransızların yazdıqları kitablardan da elmi dərəcəsinə və elmi nüfuzuna görə əksik deyil. Danışıqlar zamanı bəlli oldu ki, universitet əməkdaşlarının bu barədə məlumatı yoxdur. Ona görə də bizim borcumuzdur ki, bunları bir daha həm özümüzə, həm də belə bir müstəvidə Oksford Universitetinin alimlərinə tanıdaq”.
Xanım rektorun vətəndaş yanğısı, alim narahatçılığı ilə bildirdiyi kimi, Azərbaycanın elm adamlarının ingilis, fransız, alman dillərində çap olunan və elmi aləmə bəlli olan kitabları çox azdır, yox dərəcəsindədir. Bu Elmi Mərkəz açılandan sonra əlbəttə ki, deyilən elmi problemlərin həllinə aramla, sistemli şəkildə başlanılacaq.
Beləliklə, əziz soydaşlar, artıq Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması haqqında memorandum imzalanıb və hazırda bu istiqamətdə iş davam etdirilir. Qarşı aylarda professor Nərgiz Paşayeva Oksforda təkrar səfər edəcək və səfər zamanı lazım olan sənədlər hazırlanacaq, həmin sənədlər əsasında iş gedəcək, son məqamda bu Elmi Mərkəz rəsmən fəaliyyətə başlayacaq.
Bununla da (bütün yuxarıda dediklərimizlə yanaşı) Azərbaycan Nizamişünaslığı dünya Nizamişünaslığı ilə, belə deyək, “konsesus”a gəlmək üçün mühüm bir müstəvi qazanacaq. Və təbii ki, bu “konsesus”da biz həm Nizami adının işığında (Nizami müdrikliyi və Nizami irsi ilə!) həqiqətlərimizi yayacağıq, həm də Nizami həqiqətinin özünü təbliğ edəcək, onun milli haqlarını tanıdacağıq. Başqa bir məqam isə dahi Nizaminin adını daşıyacaq Mərkəz yalnız Azərbaycanla məhdudlaşmır və öz adında ümum Qafqaz hədəflərini də ehtiva edir. Bu “ehtiva etmə”nin addan işə keçməsi üçün alimlərimizin, Nizamişünaslarımızın, Qafqazşünaslarımızın üzərinə önəmli vəzifələr düşməkdədir! – Ülvi və vacib! Hər birimiz professor Nərgiz Paşayevanın bu istiqamətdə çalışmalarını yüksək qiymətləndirməklə yanaşı, ona dəstək olmalıyıq!
Haşiyə: Etiraf edək ki, Nizamişünaslıq hazırda həllini gözləyən bir elm sahəsidir. Nərgiz Paşayeva sözügedən “dəyirmi masa”da haqlı olaraq deyirdi: “Mən çox istərdim ki, bizim həyatdan köçən çox gözəl alimlərimizin xatirinə bu layihə doğrudan da həyata keçsin. Bu, bizim vaxtilə ədəbiyyatşünaslığımıza töhfə verən alimlərin aqibəti kimi olmamalıdır. Nizami haqqında ən gözəl kitablardan biri Məmməd Əmin Rəsulzadənin yazdığı “Böyük Azərbaycan şairi Nizami”dir. Nizami Gəncəvi haqqında kitablar çoxdur, amma ən gözəl kitablardan biri budur. Heç bir kitab ingilis və ya fransız dillərinə tərcümə olunmayıb. Bizim mənəvi haqqımız yoxdur ki, alimlərimizi unudaq”.
***
Bayaq qeyd etdiyimiz kimi Mərkəzın adında Qafqaz da keçir. Diqqətçəkici məqamdır ki, Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi, Azərbaycan və onun yerləşdiyi Qafqaz regionunun tarix və mədəniyyətinin araşdırılması üzrə Böyük Britaniyada təsis ediləcək ilk elmi tədqiqat ocağıdır.
Çağdaş Azərbaycanın coğrafi ərazisi minilliklər ərzində bir çox qədim sivilizasiya və mədəniyyətlərin kəsişdiyi (deyərdim, qovuşduğu!) yer olub. Bu mədəniyyət və dinlərin Azərbaycanın maraqları baxımından öyrənilməsinin təşviq edilməsi Mərkəzin məqsədinə daxildir. Təsadüfi deyil ki, Mərkəz Oksford Universiteti nəzdində müxtəlif təqaüd proqramları, ictimai tədbirlər, elmi-praktik konfranslar, “dəyirmi masa”lar, akademik mübadilə, tədqiqatların aparılması, о cümlədən, müxtəlif tədris və mədəni layihələr həyata keçirməyi nəzərdə tutur. Mərkəzin fəaliyyəti çərçivəsində tələbələrə, elmi tədqiqatçılara, jurnalistlərə, mədəniyyət və incəsənət xadimlərinə, digər sosial qruplara Azərbaycanla bağlı Oksford Universitetində tədqiqatların aparılması üçün birdəfəlik kiçik qrantların ayrılması da nəzərdə tutulur.
Nə xoşdur (və özəlliklə fərqləndirilməli haldır) ki, Mərkəzin ardıcıl həyata keçirəcəyi funksiyalardan biri də Azərbaycan və onunla bağlı elmi bilgilərin toplanaraq kitabxana fondu və resursların formalaşdırılması olacaq. Həmçinin, Mərkəz Oksford Universitetində keçiriləcək tədbirlərin, tədqiqatların və Azərbaycanla bağlı digər fəaliyyət növlərinin təqvimini tərtib edəcək. Mərkəz Böyük Britaniya və Azərbaycan, habelə dünya üzrə elmi ictimaiyyəti yeni resurslar, tapıntılar və yeni imkanlarla bağlı elektron poçt ünvanları vasitəsilə ətraflı bilgiləndirəcək.
Oksfordda, qocaman bir Avropa (dünya!) universitetində belə bir Mərkəzin yaradılması müstəqil Azərbaycanımız üçün əlamətdar hadisədir. Bu, dünya ictimaiyyətini Azərbaycanın zəngin tarixi və ədəbiyyatı haqqında bilgiləndirmək baxımından əla imkan yaradacaq. (Bir daha vurğulamalayım ki, Mərkəzin dahi Nizaminin şərəfinə adlandırılması isə bizim üçün xüsusi önəm daşıyır.) Azərbaycanın qabaqcıl alimləri bu tribunadan istifadə edərək, bütün dünyada zəngin Azərbaycan ədəbiyyatını təbliğ edərək, Nizaminin yaradıcılığı haqqında sanballı elmi işlər yazmalı, Mərkəzin daha səmərəli fəaliyyət göstərməsi üçün səy göstərməlidirlər.
Mərkəzin yaradılması dünyada Azərbaycanın və Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin, həqiqətlərinin tanıdılması baxımından yüksək qiymətə layiqdir.
Təşəkkürlər, Nərgiz xanım!