Ana səhifə YAZILAR Əqidəmin rəssamı

Əqidəmin rəssamı

Müəllif: Bizim Yazı
905 baxış

Həmid ORMANLI

Nəvai Məmmədoğlunun könül dosdu, usdad şairimiz Məmməd İlqar yazır,

Üç rəssamın anasıdır İncə Dərəsi-
Biri Məmməd, biri Qafar, bir də Nəvai.
Bir məkanın sultanıdı indi hərəsi-
Göydə-Məmməd, suda-Qafar, yerdə-Nəvai….

Mürşüdüm Akif Səməd olmasaydı bəlkə də mən hələ gözəlim İncə dərəsinin möhtəşəm rəssam üçlüyündən iki nəfəri-göylərlə əlləşən Məmməd Dəmirçioğlunu və İncə dərəsinin yerdən sorumlu rəssamı Nəvai Məmmədoğlunu bu qədər yaxından tanıyıb sevə bilməzdim. Qafar Sarıvəllini isə özüm tanımışam. Öz hünərimdir. Qafarı mənə la-ap əvvəl üzünün işığı sonra da ecazkar və kaloritli rəsimləri nişan verib. Nəvainin söhbətinə gəlirəm. Mürşüdüm Akif Səməd Nəvai Məmmədoğlu haqqında belə deyirdi: Rəssam var təkcə adam şəkli çəkə bilir. Rəssam var ki, təkcə mənzərə çəkə bilir. Rəssam da var ki, özünün nə çəkdiyini bilmədiyi üçün adını “izim” qoyur. Ancaq qadasın aldığım Nəvai isə mənzərə də çəkir, adam da çəkir. Hələ üstəlik yeri düşəndə at da çəkir, it də çəkir. Yerin behişt olsun Akif Səməd, Sənin izinlə tanıdım Nəvaini. Yoxsa mən bir də Allah bilir  nə vaxt tanıyardım Nəvaini Məmmədoğlunu. Sağ olsun bunu özü də bilir. Bəziləri də olur ki, Akifin  işığına bələnib sonra da elə gümün  edirlər ki, öz işıqlarıdır. Bir də Akifdən uzaqlaşanda ayılırlar ki, eh kaaaş Sən demə…. Nə fayda. Peşimançılıq fayda vermir…

* * *
Nəvai Məmmədoğlunun rəssam kimi bir üstünlüyü də ondan ibarətdir ki, Nəvai əqidəli rəssamdır. Turan sevdalısıdır. Bütöv Azərbaycançıdır. Bütün İncəlilər kimi millətçi-demokratdır . Usdadına bərəkallah Nəvai. Usdadı demişkən Nəvainin müəllimi ulu öndər M. Ə. Rəsulzadənin rəssam nəvəsi Rəis bəy Rəsulzadədir.Məktəbin hökmünə bax ki, əlacı olsa bayrağı uca olmuş Türkiyəni Azərbaycana birləşdirər Nəvai Məmmədoğlu. Yaxud da əksinə.Əsas odur ki, güc birlikdədir deyir Nəvai. Axır vaxtlar yaman mehirlənib Türkiyəyə. Az qala su yoluna döndərib oraları. Bir dəfə səfərdən qayıdanda Nəvaidən soruşdum ki,  Nəvai Türkiyədə nə var nə yox, oralar necədir? Qayıdıb cavabında nə desə yaxşıdır? Qadasın alem Türkiyənin Türküyədə vəziyyət elə Türkiyədəki kimidir dedi. Nəvainin oğlunun adı Təbrizdir. Təbrizinin seçdiyi qız da bəynişan bir  Dərbənd Türkünün qızıdır. Allah onları qoşa qarıyandan, yardan yarıyannan, bəxti sarıyannan eləsin inşallah.  Əlbətdə ki, bütün bunlar öz-özünə baş vermir. Hər şey o yazan yazır. Elə ona görə də Nəvai ilə xasiyyətimiz kimi əqidələrimiz  də sac fətiri kimi üst-üstə düşür. Bəlkə də elə bu səbəbdəndir ki, Nəvainin yaratdığı əsərlər sarı yağ kimi canıma yayılır. Atatürkün yalan olmasın bəlkə də 50 partiretinə baxmışam lakin  Nəvainin işi ən şah işdir. Eləcə də Məmmədhüseyn Şəhriyarın, Yaşar Nurinin, Adil Mirseyidin, Oktay Rzanın, aşıq Əli Quliyevin(yesir Əlinin)  portiretləri.  Həmişə cavan şairimiz Oktay Rza yazır,

Al-əlvan şəklini heyrətlə süzdüm,
Əvvəl danışmayıb, susdum, Nəvai!
Sonra ağ kağızda sətirlər düzdüm…
Yaşasın əqidə dosdum Nəvai!

Şərəfli əqidə belə şeydir. Hər yerdə hörmət artırır. İnsanı cavan saxlayır. Mübariz ruh verir.

* * *
İncə dərəsinin şairlərinin sayı maşallah olsun az qala elə İncəlilərin sayı qədərdir. Lakin etiraf edək ki, bu üç para kəndin vur-tut, cəmi-cümlətanı üçcə nəfər rəssamı var. Lakin buna baxmayaraq çox vaxt şahidi oluruq ki, İncənin rəssamları şairlərindən güclü çıxır. Məsəlçün İncənin şairləri şəkil çəkə bilmirlər. Ancaq rəssamları şer yazır. Özü də əməlli-başlı. Qafar Sarıvəllisi sözlə elə qol-boyun olub ki, … Məmməd Dəmirçioğlunun rəsimlərindən çox hamı şerlərindən bir də yapdığı mübarək büstlərdən danışır. Nəvaidə ki, maaşallah. İbrahim İlyaslı bir söz ismarlamışdı Nəvaiyə. Nəvai gözünə döndüyüm də eləməyib təmbəllik görün nə yazıb?

Ay İbrahim, bilirsənmi,
Araz boyu nələr gördüm?
O, dağları bizə sarı
Baxan, ağlar mələr gördüm.

Bir qurbanı olammadıq,
Bir başına dolammadıq,
çiçəyini yolammadıq,
Həsrət əyən güllər gördüm.

Arazın suları gurdu,
Damarımda qanım durdu.
Elə bir ildırım vurdu,
Alovlanan çöllər gördüm.

Gəlin etiraf edək ki, əkə-bükə şairlər var ki, hələ də belə şerlərə yol gəlirlər. Ay çatdılar haaa.

* * *
Nəvai həm də Məmməd İlqar, Nizami Cəfərov, Yaşar Nuri, Oktay Rza, Etimad Başkeçid, Dilman Astanbəyli, Adil Mirseyid, Məmməd Dəmirçioğlu, Ehtiram İlham,  İbrahim İlyaslı, Qafar Sarıvəlli, Hacı Hacıyev, Firdovsi Əfəndi, Rüstəm Kamal, Çingiz Eyyuboğlu,  Sakit İlkin, Şaiq Vəli, Elnur Astanbəyli, İlham Namiq Kamal, ….kimi dostları ilə güclüdür. Və təbii ki, bunların lap başında  UCA TANRIDAN aşağıda dostlar şahı, dostlar ziynəti olmuş Akif Səməd durur. Bəli Nəvai bu şərəfi və məsuliyyəti qazanmış adamdır. Nəvainin dostlarından biri də Azərbaycan Rəssamlar İttifaqının üzvü İlqar Əkbərdir. Nəvai  İlqarla çox uğurlara imza atıb. Ötən il Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda birgə sərgiləri ilə Azərbaycan sənətsevərlərinin rəğbətini qazanan bu rəssam dostlar bu dəfə də bayrağı uca olmuş qardaş Türkiyə (Nəvai demiş qadasın alem Türkiyənin) Cümhuriyyətində öz rəsm əsərlərini nümayiş etdirdilər. Fevralın 9-da İzmir Dövlət Rəsm və Heykəl Muzeyinin rəsm qalereyasında Doğudan Batıya, Batıdan Doğuya Kardeş Sergiler adı altında düzənlənən sərgidə nümayiş olunan əsərlər Türkiyəli sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Uğurlu yaradıcılıq işlərinə görə hər iki sənətçi yerli təşkilatlar tərəfindən müxtəlif təşəkkür diplomlarına layiq görülüblər. Təbrik edirik!

P.S: Nəvaiyə dedim ki, bu qədər işlər görürsən millət üçün istəyirəm Sənin haqqında bir yazı həfkərləyim nə deyirsən?
Bir dəfə Azərbaycan Rəssamlar İttifaqının qurltayında Fatma xanım Abdullazadə respublikanın xalq rəssamı, əslən Bakılı olan Mirzağa müəllimə deyir
– Siz də sənədlərinizi  hazırlayın Mirzağa müəllim .Sizin də təqaüd vaxtınız çatıb.Sizə də təqaüd verək.
Mirzağa müəllim də qayıdır ki,
– Fatma xanım, elə hey vərirəm vərirəm deyirsüz ancaağ heç vərmirsüz. Vərəndə də elə vərirsiz ki, vərməsəniz ondan yaxşıdır.Vərirsiniz vərin vərmirsiniz də heç vərmiyin.
İndi Mirzağa müəllim demiş yazacam yazacam deyirsiniz ancaq heç yazmırsınız dedi.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.