AFƏT VİLƏŞSOY (Abuşova) 27 aprel, 1985-ci ildə Masallıda doğulub. AYB-nin üzvüdür (2006 ), gənc yazar olaraq Prezidentin Təqaüd Fondunun təqaüdçüsü olub(2011). BDU-da bakalavr (2007), BSU-da magistr (2009) təhsili alıb. 2011-ci ildən BDU-nun dissertantı, həmin universitet nəzdindəki “Gənc istedadlar “ Liseyinin öyrətmənidir.
On elmi məqalə və tezisin yanısıra, “Çiçək nəğməsi” (2004), “Könül pıçıltısı” (2006), “Salam, Tanrım” (2008), “25 Nar çubuğu” (2010), “Söyüd balası” (2012) adlı şeir kitablarının müəllifidir. Ailəlidir, iki övladı var.
OLUR
Sinədə döyünən sevən könülsə,
Gördüyü iş-gücü sədaqət olur,
Yanaq darıxanda dodaq yanğısı,
Ürək darıxanda məhəbbət olur.
Günahlar yığılsa qismət evinə,
Abır yaxın düşməz ismət evinə,
Tanrıya qayıdan gülə, sevinə,
Tövbə yovuşanda hidayət olur.
Ömür tab eləsə mənzil uzanır,
Həyat sınağında nəfəs sozalır,
Bəndə əl tutanda savab qazanır,
Allah əl tutanda səadət olur.
“QAÇAN YUXULAR” SİLSİLƏSİNDƏN
YUXULAR
Gah gəlib gözünü dimdikləyəcək,
Ətyeyən quş kimi qaçan yuxular.
Hayana üz qoysan, orda bitəcək,
Bağra badaş kimi qaçan yuxular.
Çətindir bir gözlə qadın daşıyıb,
O biri göz ilə yuxuya getmək.
Ağırdır içində ağılar deyib,
Yatağa oxuya-oxuya getmək.
Bazarı olmur ki, belə şeylərin,
Özümə bir gözlük yuxu alardım.
Üzümü çevirib Allah yoluna,
Bir göz ac, bir göz tox yuxulayardım.
28.03.2013 saat 04.24
YUXU
Nağıl dünyasında yaşayırıq biz.
sən üzü tərsinə yozulan yuxu…
Nə ağlım kəsir ki, düz yozam səni,
nə gücüm çatır ki, pozam, a yuxu..!
Kirpiyim altında qəbir yaşıdı,
Gözümün içində qazılan yuxu.
Ömürlük həbsə məhkum kimidi,
Balışım altına düzülən yuxu…
Yuxulər təngnəfəs qaçıbdı məndən,
Çıxıbdı Allahın lap yanınacan;
Mən hələ o qədər pak ha deyiləm,
Allahın yanından yuxu gətirəm…
Dilədim sevgini, gələ bilmədi,
Qırıldı ayağı izlərdə qaldı.
Yuxu da gəlmirsə, bir səbəbi var,
Demək ki, sevilən gözlərdə qaldı…
GƏLMƏYƏN SƏS
Səsimi qıymaram qulaqlarına,
Səsimin qədrini bilə bilmədin.
Səsimi çox vurdun qulaqardına,
getdin,nəfəsimə çevirilmədin.
Az qala sevirdim, ay adam, səni,
Zaman unutdurur, zaman – axar su…
Ya mən bilməyirəm məhəbbət nədi,
Ya sən bu yolların yorğun yolçusu.
Yanında deyiləm, ola bilmərəm,
qaçsam, ürəyindən, neyləyəcəksən?
Səsim gəlmədikcə yerim gələcək,
Yerim göründükcə göynəyəcəksən.
07.04.2013
“ADAM”
Yollarda sürünən ayaq izisən,
Öz sözü özünə ötməyən adam,
Üstünə ilişən qılçıq kimisən,
Vaxtında yerində bitməyən adam.
“Adam”boyu boyda boy tutan adam,
Ölüm gözlərində ölməli durur,
Özünü adama tay tutan adam,
Gülüşün ağzında gülməli durur.
Sən kimə gərəksən, gülməli adam,
Yığıl, bükül, yox ol – öz məskəninə..!
Boş yerə yer tutma yorğan altında,
Ay “adam”, çəkil get, cəhənnəminə.
2013
KÜÇƏLƏRDƏ GƏZƏN BAXIŞ
Yığ daha gözünü bu küçələrdən,
Səndən aldığını geri gətirməz.
Yazıqsan, ay lələ, ümid eləmə,
Almanın ağacı narı bitirməz.
Yığ daha gözünü bu küçələrdən,
Yazıqdı baxışın soyuqlayacaq…
Küçələr Bozaylı, Külək amansız,
Baxışın titrədib sayaqlayacaq.
Küçəni doldurub küçə itləri,
Hər şey gözlərində ucuz olacaq,
Birisi qapacaq baxışlarını,
Baxışın dəyişib quduz olacaq.
Bir də baxacaqsan təmiz baxışın
Kirlənib, getdikcə düşür dərinə.
İlişib-dolaşıb küçə yolunda
Hansısa zibilin həndəvərinə…
YAZIQSAN, AY LƏLƏ, VALLAH, YAZIQSAN!
YIĞ DAHA GÖZÜNÜ BU KÜÇƏLƏRDƏN!
ALLAH EŞQİNƏ
Ey dünyaya öz gözüylə baxmayan,
Dünya sənin gözlərinlə ölçülməz.
Ağırlığın,uğurruğun odlara
verməkilə ömrün yükü kiçilməz.
Adam kimi yaşamağa cəhd elə,
Günahdan qaç, tövbə elə, əhd elə,
Qarın səndən aşağıdır, təht elə,
Tək ayaqla tikan – qanqal keçilməz.
Yarı dilə, o yarı ki, Yar olar,
Dünya özü olmayanda Var olar,
Onu bir gün dananlara ar olar,
Allah özü tək eşqdir ki, SEÇİLMƏZ!..
KÖRPÜ ƏLLƏRİM
Bir sevgi darıxır körpü altında,
Bir sevgi üşüyür yaz küləyində…
Əllərin çəkəndə sığal saçıma,
Ürəyi çəkirdi naz küləyin də.
Nə qədər uzaqdır ruhumuz daha.
Ayrılıq od qoyur, köz qoyur indi.
Əllərim axtarır ovuclarını.
Hər gəlib-gedənə göz qoyur indi…
İndi əl uzadır, üşüyür o əl,
içimdən keçəni duyan olaydı…
Tutub əllərimi günəş yerinə,
Sənin ovucuna qoyan olaydı…
Tilsimə düşübdü barışığımız,
Yuxumda butamız bitmir nə vaxtdı.
Qollarım uzanır körpüyə sarı,
Əllərim yuxuya getmir nə vaxtdı.
10.04.2013