Ana səhifə YENİLİKLƏR Əkrəm Əylisli “Xalq yazıçısı” adından məhrum edildi

Əkrəm Əylisli “Xalq yazıçısı” adından məhrum edildi

Müəllif: Bizim Yazı
1. 010 baxış

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün imzaladığı Sərəncamla Əkrəm Əylislini “Xalq yazıçısı” fəxri adından məhrum edib.

“BizimYAZI” prezidentin rəsmi saytına istinadən həmin Sərəncamı təqdim edir:

Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının müstəqillik illərində dövlət mükafatlarına layiq görülmüş Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etmişdir. Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran müəllifin xalqımızın ruhuna yad tərzdə yazdığı bu əsərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq, uzaq və yaxın tarixi keçmişimizə qara yaxılmış, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilmişdir.

Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adını ləkələmiş bir şəxs kimi Əkrəm Əylislinin bu addan məhrum edilməsi barədə dövlət strukturlarının, ictimai qurumların və vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”nin 15-ci bəndinin “b” yarımbəndinə uyğun olaraq qərara alıram:

1. Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilsin.
2. “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 23 may tarixli 708 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 314) “Naibov Əkrəm Nəcəf oğluna” hissəsi ləğv edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2013-cü il

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.