Ana səhifə BAŞ YAZI “Ədəbi aləm bölgələrə açılım etməlidir“

“Ədəbi aləm bölgələrə açılım etməlidir“

Müəllif: Bizim Yazı
877 baxış

 

 

 

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Bölgələrdə yaşayan gənc yazarlarla görüşlər” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində artıq bir sıra rayon və şəhərlərdə görüşlər keçirilib, yazarların istək və arzuları öyrənilib. 

Bizim də iştirakçısı olduğumuz görüşlərdə müxtəlif yaş qruplarından olan yazarlar, kitabxana işçiləri, mətbuat əməkdaşları və fəal oxucular maraqlı fikirlər səsləndirib, problemlərdən danışıb və təkliflərini irəli sürüblər. 

DGTYB başqanı, sözügedən layihənin rəhbəri Əkbər Qoşalıyla söhbətimizə layihənin ilkin sonucları və qarşı ayda görüləcək işlər barədə sualla başladıq. 

– Əkbər bəy, istərdik öncə layihənin birinci mərhələsində keçirilən görüşlər barədə məlumat verəsiniz. 

– İlk görüş Qubada keçirildi. Bəlkə də, bunun bir rəmzi mənası da vardı. Çünki Quba, belə deyək, ədəbi təşkilatlanma ənənəsinə, eləcə də, günümüzdə az-az rast gəlinən ədəbi demokratiyaya, başqa sözlə, ədəbi qurumlar arası rəqabətə meydan açmış bir rayondur. Üstəlik, Quba doğrudan-doğruya bölgə yazarlarının mərkəzi olmaq iddiasında, deyərdim, əzmində olan bir məkandır. Quba görüşümüz Rayon Mədəniyyət Evinin “Qiraət Zalı”nda keçirildi, mən bunu da rəmzi, yəni ismarıclı hesab edirəm – kitaba, oxuya çağırış kimi… 
Digər yöndən, Qubaya biz də yekcins heyətlə getməmişdik. – 12 nəfərlik heyətin heç də hamısı DGTYB üzvü və heç də hamısı eyni düşüncəyə, ədəbi nəslə mənsubluğu paylaşan yazarlar deyildi… Biz bir ədəbi təsisat olaraq Quba görüşünü uğurlu və layihənin ideyasına, belə deyək, “mandatın”a uyğun görüş kimi dəyərləndiririk. Beləliklə, şərti olaraq üç mərhələdən ibarət Quba, Xaçmaz və Şabranda olan (fərqli ədəbi məclisləri təmsil edən) görüşlə başlamış yeni layihəmiz elə ilk görüşdəcə öz standartını müəyyənləşdirmiş oldu… Növbəti Mingəçevir görüşü də Qubadan geri qalmadı – iştirakçı sayı, təşkilatçılıq səviyyəsi, çıxışlar, səslənən fikir və mülahizələr baxımından. Mingəçevir bizim yeni bölgə təşkilatımızın təsis edilməsi ilə də əlamətdar oldu. Dəyərli qardaşımız Elşən Əzimin başçılıq edəcəyi bölgə təşkilatına ümidlərimiz böyükdü.
Nə başınızı ağrıdım, ardınca Şəkiyə görüşə gəldik – Nakam adına kitabxanada… Sanki Nakam təxəllüsünün enerjisi, olsun ki, mənfi emosiyası bizim görüşə də yansımışdı müəyyən qədər. Bu, özünü daha çox yerli yazarlarla təmas imkanlarımızın məhdudluğunda göstərdi. Görüş AYB Şəki filialı, daha doğrusu, filialın sədri, hörmətli şairimiz Vaqif Aslanın, “Regionun səsi” qəzetinin baş redaktoru Baba Mirzəxanlının və kitabxana işçilərinin vasitəsi ilə baş tutdu. Gənc yazarlar, bilmirəm, yay fəslinin gerçəkliklərindən dolayı, yoxsa bir başqa səbəbdən tədbirə arzuolunan səviyyədə qatılmadılar. Bəlkə də, Quba və Mingəçevirdə təşkil olunan görüş standartlarından yanaşdığımız üçün belə qənaətə gəldik… 

– Bunu necə başa düşək – bugünkü Şəkidə ədəbi durum qaydasında deyil, yoxsa?

– Şəkinin ədəbiyyat təsərrüfatı vaxtilə çox qaynar olub, bu gün də qaynar ola bilər. Vaqif Aslanla söhbətlərdən gəldiyim nəticə budur ki, gələcək bugünkü kimi olmayacaq… AYB Şəki filialının başçısı Vaqif müəllimin şəxsi nüfuzu, istək və arzuları maddi-texniki dəstəklə süslənsə, konkret olaraq, qərargah problemi həll olunsa, canlanma yaranacaq. 

– Siz bir neçə dəfə problem sözünü işlətdiniz… Müəyyənləşdirdiyiniz ən əsas problemin mahiyyəti barədə nə deyə bilərsiniz?

– …Problem – çözülməsi vacib olan məsələyə deyirlər. Təbii ki, haqqında danışa biləcəklərimiz ilkin nəticələrdir. Birincisi, öz fəaliyyətini əsasən paytaxtda quran, virtual aləmə və beynəlxalq əlaqələrə yönəltmiş ədəbi təsisatlarımız bölgələrimizə açılım etməlidir. İkincisi, bölgələrimizdə bulaq suyu kimi duru, dağ havası kimi təmiz, yabançı təsirlərə, axınlara uğramamış yaradıcılıq mündəricəsinə sahib xeyli gənc yazarlarımız var. Onlar nə ədəbi intriqalarda, nə ədəbiyyata yansımız sosial qovğalarda iştirak edirlər, nə də ilhamlarını zədələyirlər… Bərdədən Mingəçevirə söz odasına, şeir havasına gəlmiş bərdəli gənclər Hikmət Qarayev və İsrail Fərhad, Tovuzdan Qazaxdakı görüşə gəlmiş Elnarə Nur kimi… Bir sözlə, problem, dediyimiz məsələlər var, onları təyin etmək, təyin edilmişi etiraf etmək və həll etmək lazımdır. 
Biz problemləri Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Ədəbiyyət İnstitutuna, ümumən, ədəbi ictimaiyyətə təqdim edəcəyik, o üzdən bu barədə geniş danışmaq istəmirəm. Çünki indiki nəticələr ilkin üzə çıxanlardı, inşallah, yekun tədbirdən sonra daha sanballı hesabat-məruzə hazırlayacağıq.

Necə bilirsiz, belə görüşlərdən sonra bölgələrarası ədəbi əlaqələr güclənəcəkmi? Məsələn, bir şamaxılı gənc yazar qubalı yazarla, gəncəli mingəçevirli ilə əlaqələr qurmaq üçün mütləq Bakıda fəaliyyət göstərən ədəbi təsisatlaramı müraciət etməlidir?

Sizi başa düşdüm. Bilirsiz, XIX yüzilin rabitə-ilətişim çatışmazlığı şəraitində Lənkəranda, Şamaxıda, Qarabağda, Qubada, Gəncədə fəaliyyət göstərən ədəbi məclislər arasında maraqlı ilişkilər olub. İndi XXI yüzilin kommunikasiya bolluğu içində bölgələrarası ilişkilərin daha üstün durumda olması şərtdir. Demək olmaz ki, belə ilişkilər tamam “sıfır” durumundadır, ancaq niyə daha qaynar olmasın? Bunun üçün ilk növbədə paytaxt mərkəzli ədəbi təsisatlarımızın bölgə qurumları güclü olmalıdır. Bax, biz də DGTYB olaraq bölgələrə açılım edərkən, istedadları arayarkən, onları üzə çıxarıb, ədəbi fəaliyyətə, bununla da ədəbi təşkilatlanmaya, yerinə görə mühit yaratmağa, yerinə görə mühit canlandırmağa çalışırıq. 

– Bölgə yazarlarının yaradıcılığında əsas yön, tendensiya, necə deyim, ritm, ahəng haqqında nə deyə bilərsiniz?

– Gənclərimiz şeirin-sənətin əzəli-əbədi mövzularına da müraciət edirlər, məhəlli, şəxsi mövzulara da. Gənc nədən yazar? Sevgi, haqqa yönəliş, Vətən, gözəllik… Gənclər həm də çox fərqli üslubda yazırlar – bu da alqışa layiqdi – rəngarənglik, əlvanlıq, axtarış ehtirası, gözəllik təcəllası… 

Yaxşı, bəs bölgələrdə yaşlı nəsillə yeni nəsil arasında əməkdaşlıq, necə deyərlər, təcrübə mübadiləsi nə yerdədir?

– Mən hələlik bu mübadiləni Qazaxda, Qubada gördüm. İnşallah, o biri bölgələrimizdə də zamanla hər şey yolunu bular. 

– Bir qədər də başqa planlarınız haqqında…

– Biz Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə həyata keçirdiyimiz layihəni yekunlaşdırırıq. Digər bir layihəmiz isə Gənclər Fondu tərəfindən dəstəklənir və sentyabr ayından başlanacaq. Bu layihə “Gəldik, gördük, yazdıq” adlanır. Layihə çərçivəsində 19 türksoylu gənc yazar Azərbaycana dəvət olunacaq, onlar Quba toplu soyqırım məzarlığına, qaçqın düşərgəsinə aparılacaq, Bakıda gərəkən dövlət və qeyri-hökumət qurumlarının rəhbərləri ilə görüş keçiriləcək, ümumi dəyərləndirmə aparılacaq. Nəhayət, qonaqlarımızın gəlib, görüb yazdıqları Azərbaycan və rus dillərində kitablaşdırılacaq.

Əkbər bəy, sizin də məruzəçisi olduğunuz Azərbaycan yazıçılarının XIII qurultayı öncəsi dövr gözləniləndən uzun çəkdi. Qurultayın tarixi, deyəsən, hələ də müəyyənləşməyib, deyilmi? Yeri gəlmişkən, qurultaydan nə kimi gözləntiləriniz var?

Qurultay nəhayət, bu ilin sonunda baş tutmalıdır. Əgər bir ictimai təsisatın qurultayı yetərincə ictimai müzakirəyə səbəb olur və bu gün də bu müzakirələr gedirsə, deməli, bir yazar olaraq biz də bu qurultaya biganə qalmalı deyilik. Ancaq şəxsi planda elə bir gözləntidə deyiləm. Arzu edərdim ki, qurultay Azərbaycan ictimai-mədəni həyatında olaya çevrilsin. AYB-nin strukturlarında gənc və yeni nəsil yazarlarının təmsilçiliyi artsın. Özəlliklə, mətbu orqanların redaksiyalarının “təzə qan”a ehtiyacı var. 

– Ədəbi dərgiləri, elektron ədəbi məkanı nə dərəcədə izləyə bilirsiniz?

– Mən özüm iki ədəbi saytın gündəlik fəaliyyətinə məsuliyyət daşıyıram. Ədəbi gündəmi bacardığımız qədər izləməyə çalışıram. Ədəbiyyatımız necədirsə, ədəbi nəşrlərimiz də onun güzgüsü olaraq eyni durumdadır. Hansı bir dərgidə bir uğurlu əsər yer alıbsa, bu həmin dərginin uğurudur, ancaq dövlət büdcəsi hesabına işıq üzü görən dərginin məsuliyyəti daha çoxdur.

– Maraqlı müsahibə üçün sizə təşəkkür edir və layihənizə uğurlar arzulayıram. 

– Mən də sizə və kollektivinizə təşəkkür edirəm. İlk növbədə ona görə ki, sizin şəxsinizdə “Gündəlik Teleqraf” qəzetinin əməkdaşı bizim bölgələrdə bilavasitə iştirak etdi və qəzetinizin səhifələrində layihənin gedişatı barədə məlumatlar geniş yer aldı. Fürsətdən istifadə edib ümumən ədəbiyyata geniş yer ayırdığınız üçün sizə öz yazar və oxucu təşəkkürümü yetirirəm. 

Könül Səid, “Gündəlik Teleqraf”

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.