Ana səhifə TÜRK DÜNYASI Qazaxıstan Xalq Yazıçısı Şerxan Murtaza

Qazaxıstan Xalq Yazıçısı Şerxan Murtaza

Müəllif: Bizim Yazı
332 baxış

Qazaxıstan Xalq Yazıçısı Şerxan Murtaza

Qazaxıstan Xalq Yazıçısı, Qazaxıstan Respublikası Parlamentinin millət vəkili olmuş, 1920-ci illərdə pantürkist adlandırılan qazax alimi Turar Rıskulov haqqında trilogiya romanların müəllifi Şerxan Murtaza 28 sentyabr 1932-ci ildə Cənubi Qazaxıstan vilayətinin (indiki Cambıl vilayəti) Cuvalinski rayonunun Talaptı kəndində anadan olub. Onun əsil-nəcabəti qazaxların Dulat tayfasının Şımır soyundan gəlir.

1955-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən gənc Şerxan ömrünü, demək olar ki, yazı-pozuya və ölkəsinin ictimai həyatında aktiv fəaliyyətə həsr edib. Müxtəlif illərdə Qazaxıstan Dövlət Bədii Ədəbiyyat Nəşriyyatında, (“Jazuşı” nəşriyyatının redaktoru), “Leninşil yaş”, “Sosialist Qazaxıstan” respublika qəzetlərində müxbir, sonralar baş redaktor, “Jalın”, “Juldyz”, “Qazax ədəbiyyatı”-nın baş redaktoru, Qazaxıstan Yazıçılar İttifaqının katibi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri kimi bir çox vəzifələrdə çalışıb. 1995-ci ildən isə ardıcıl bədii yaradıcılıqla məşğul olan yazıçı 2018-ci il oktyabrın 9-da 87 yaşında Almatıda vəfat edib.

Ədəbiyyata gəlişi

Qazax ədəbiyyatındakı «Titanlar» nəslindən sonra ədəbiyyata yeni qədəm qoyan Abdijamil Nurpeisov, Taxavi Axtanov, Safuan Şaymerdenov, İlyas Yesenberlin, Anuar Alimjanov, Azilxan Nurşaixov, Şerxan Murtaza öz əsərləri ilə XX əsr qazax nəsrinin böyük və kiçik nəsillərinin sahilləri arasında qızıl körpü salır. Bu körpü ilə özlərindən əvvəlki nəslin layiqli davamçıları və vahid işə xidmət edən ədiblər kimi tanınırlar.

60-cı illərin Xruşşov «mülayimləşməsi»ndən sonra isə qazax ədəbiyyatına böyük miqyaslara çıxmağa qabil, kamil nəsrə xas bütün xüsusiyyətləri özündə cəm etmiş «altmışıncılar» gəlir. Onları fərqləndirən xüsusiyyətlər bunlar idi: yüksək nəzəri bilik və peşəkar təcrübə; ötən illərin milli nəsrində toplanmış müxtəlif janrlarda və müxtəlif mövzularda orijinal əsərlərə bələdlik; o dövrlərin Sovet ədəbiyyatına gətirilmiş yenilikçilik ruhu, sərbəstfikirlilik və «verilmiş icazələrin» sərhədləri və əhatə dairəsinin genişləndirilməsi.

Hekayə ilə ədəbi yaradıcılığa başlayan Şerxan Murtaza da həmin dövrdə imzası qüvvəyə minən ədiblərdəndir. O, qazax ədəbiyyatına çoxcildlik roman gətirən azsaylı yazıçılardan biri kimi zirvəyə yüksəlib. Əmək fəaliyyətinə nəşriyyat redaktoru kimi başlamış, uzun illər respublika kütləvi informasiya vasitələrinin rəhbəri, Milli Məclisin deputatı olmuş, eyni zamanda yazıçı və sənətkar olan Şerxan ədəbiyyatçı kimi öz yaradıcılığı ilə zirvəni fəth edənlərdir.

Yaradıcılığı

Şerxan Murtaza yaradıcılıq yoluna tələbəlik illərində Lazar Laqinin “Qoca Xottabiç” və Mustai Kərimin “Evimizin sevinci” əsərlərinin qazax dilinə tərcüməsi ilə başlayıb. İlk hekayələr toplusu isə 1958-ci ildə nəşr olunub. Onun yaradıcılığı müxtəlif nəsr janrları, xüsusilə, irihəcmli romanları və pyesləri diqqqəti cəlb edir.

“İnşaatçı Dəki” (1958), “Tapılan dəniz” (1963), “Buludsuz bir gündə ildırım” (1965), “Naməlum Əsgərin Uşağı” (1967), “Silahsız döyüş” (1969), “41-ci ilin gəlini” (1972), “Axmetjanın andı” (1973), “Qara mərcan” (1976), “Qırmızı ox” (1980; Trilogiya 1 və 2-ci cildlər), “Ulduz körpüsü” (1984; trilogiyanın 3-cü cildi), “İnternat Çörəyi” (1974) və s. kimi nəsr (hekayə, povest, roman) əsərləri, “Qırmızı ox” (1987; sovm. K. İskakov ilə), “Stalinə məktub” (1988), “Beşdən məktub” (1989) pyesləri dəfələrlə nəşr olunmuş, tərcümə edilmiş əsərlərindəndir.

Özünün əsərlərinin tərcümə olunduğu kimi, o özü də bir çox bədii örnəkləri qazax dilinə çevirmişdir, Ç.Aytmatov yaradıcılığı da onlardan biridir.

Şerxan Murtaza kimi yaradıcılığını yarımçıq qoymadan, ardıcıl romanlar yazan yazıçılara çox az rast gəlinir. O, xalqının keşməkeşli və fəlakətli dövrünün məsuliyyətini dərk etmiş, yoxsulların ağır yükünü daşımaqla yanaşı, dövrünün dolaşıq düşüncələrini də bacardıqca yaymağa çalışıb. Kommunist redaktor Şerxanın partiyanın çağırışına cavab olaraq yazdığı əsərlərində belə onun düşüncələri çaşqınlıq göstərməyib, keçici siyasətə sövq etməyib. O, özünü zəmanəsinin qəhrəmanı kimi qələmə verməyib.

Onun istehsalat və gənclik mövzusunda yazdığı hekayələrinin bu günə kimi öz bədii-ideoloji dəyərini itirməməsinin əsas səbəbi sovet həyatını, onun qəhrəmanlarını yersiz ideallaşdırmamasıdır. Gənc yazıçı öz dövrünü yazsa da, yazmasa da, onun personajları sonrakı fərmana deyil, əcdadların ruhuna söykənir.

Ümumiyyətlə, gənc Şerxanın həcmli və mürəkkəb əsərlərində qızıl xət kimi xidmət edən üç məsələ vardır. Birincisi doğma torpağın təbiəti, ikincisi ataların ruhu, üçüncüsü isə əsərin əsas süjeti, yəni qəhrəmanın başına gələn hadisələrin ardıcıllığıdır. Şerxanın sənətkarlığının özəlliyi ondadır ki, bu üç məsələnin hər birinə ustalıqla riayət edir.

“Silahsız cəbhə”

Şerxan Murtazanın bəzi əsərləri çağdaşı olan digər türk xalqları yazarları ilə səsləşir. “Silahsız cəbhə” adlı romanı zahirən Çingiz Aytmatovun “Cəmilə”sini xatırladır. Qazax ədəbiyyatçılarının fikirlərinə görə, “Cəmilə”, xüsusilə, rusdilli oxucu tərəfindən, batıdan böyük təriflər alıb. “Cəmilə”də müəllifin fikirləri batı fikirlərinə yaxın idi. Bu iki əsərə baxanda eyni mövzu və eyni taleyi olan personajlar görürük. Ancaq müəlliflərin iki fərqli həll yolu var. Aytmatov ruh azadlığını əsərə daxil edir, Şerxan Murtaza isə tamam fərqli olaraq mühafizəkarlığı ön plana çəkir, qazax cəmiyyət quruluşunun ən təməl dirəyi olan ailənin möhkəmliyini və insan-vətəndaşın yüksək ruhunu tərənnüm edir.

“Qırmızı ox”

Gələk “Kızıl jebe” (Qırmızı ox) əsərinə… Bu əsər həm həcmi, həm də bədiiliyi baxımından Şerxan Murtazanın yaradıcılının şah əsəridir.

Şerxan Murtaza qazax yazıçıları arasında o dönəm üçün mövzusu baxımından belə çətin bir işi ilk dəfə öz üzərinə götürənlərdəndir. O, 1960-cı ildə “Sosialist Qazaxıstan” qəzetində Bayjarasov adlı şəxsin Turar Rıskulov haqqında yazdığı məqaləni oxumuş və bu məqalədən o qədər təsirlənmişdi ki, o vaxta qədər adı qadağan edilmiş bu böyük şəxsiyyət haqqında bədii əsər yazmağa qərar vermişdir. Hətta bu məqalə Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosu tərəfindən nəzərdən keçirilmiş və onu dərc edən qəzetin redaktoru Qasım Şaripov tutduğu vəzifədən kənarlaşdırılmışdır. Turar Rıskulov cinayətkar kimi bəraət qazansa da, siyasi xadim kimi ona bəraət verilməyib… Bu baxımdan Şerxan Murtaza sovet ədəbiyyatında Kremldə oturarkən “xalq düşməni” kimi güllələnən şəxsiyyətlər haqqında roman yazan ilk yazıçılardandır.

Bu əsəri nəşr etməyin çətinliyi də bu idi. Çünki həm onun dövrü, həm də o dövrün yaratdığı xüsusi şəxsiyyət Turar Rıskulovun həyatı çox mürəkkəb olub. Roman 20-ci əsrin əvvəllərindən 1937-ci ilə qədər bütün insanlığı təlatümə salan dövrün bütün qatlarını özündə əks etdirir…

“Ay ilə Ayşə”

Onu da qeyd etməliyik ki, Şerxanın yaradıcılığının əsas xətlərindən birini də II Dünya Müharibəsinin gətirdiyi fəlakətlərlə bağlı əsərlər tutur. Ustad yazarın türkcəyə çevrilmiş “Ay ilə Ayşə” romanı da bu mövzuda yazılmış və çox populyarlıq qazanmış əsərlərindəndir. Həm dilinin sadəliyi, həm də bədii cəhətdən oxucularını özünə çəkən bu əsərlə Şerxan yazıçı kimi bir çox məharətini sərgiləmişdir. Yazar II Dünya Müharibəsinin ağrı-acısını bir uşağın gözü ilə – Barsxanın gözü ilə sərgiləyib. Əsərdə diqqəti çəkən digər əsas obraz isə Ayşədir. Başıuca, güclü, dəyanətli ana olmağı bacaran Ayşənin dilindən söylənilmiş bir qazax atalar sözü, bəlkə də, əsərin bütün məğzini özündə ehtiva edir:

«Иттің иесі болса, бөрінің Тәңірісі бар».

(«İtin yiyəsi varsa, qurdun da Tanrısı var»)

Türk xalqları ədəbiyyatının nümayəndəsi kimi

Ortaq dəyərlərə sahib olduğumuz türk ədəbiyyatının parlaq simalarından olmuş Şerxan Murtazanın əsərlərinin Azərbaycan oxucusuna tanıdılması vacib məqamlardandı. Bu baxımdan əsərlərinin dilimizə uyğunlaşdırılması məsələsinə diqqət yetirməliyik. Yazıçının “Qara mərcan” romanı 1982-ci ildə dilimizə çevrilib. Sonralar – 2022-ci ildə Qazaxıstanın Azərbaycandakı Səfirliyi tərəfindən nəşr edilmiş “Qazax Nəsrinin Antologiyası” kitabına bir çox qazax aydınları ilə yanaşı Şerxan Murtazanın da Azərbaycan dilinə tərcümə olunmuş əsərləri daxil edilib.

Son olaraq, deyək ki, həm nəsrdə, həm dramaturgiyada parlaq imzasını qoymağı bacarmış Ş. Murtazanın əsərləri qazax ədəbiyyatının inkişafında əvəzsiz uğurdur. Amma bu adı təkcə qazax xalqına, qazax ədəbiyyatına aid etməməliyik. Şerxan Murtazanı böyük türk ədibi kimi, türk ellərinin ortaq yazarı kimi dəyərləndirməliyik. Şübhəsiz ki, qazaxlar üçün heç vaxt sönməyəcək əbədi Şerxan ulduzu digər türk xalqları oxucuları tərəfindən də həmişə yad olunacaq.

Məleykə MİRZƏLİ

Türkoloq

 

 

 

 

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.