Ana səhifə BAŞ YAZI Oxucunu öz ovqatına kökləyən Elxan zal Qaraxanlı

Oxucunu öz ovqatına kökləyən Elxan zal Qaraxanlı

Müəllif: Bizim Yazı
192 baxış

 

 

Əyyub QİYAS,

yazıçı-dramaturq

 

 

Yaxşı yadımdadır, Elxanın «Polonez» poeması «Ulduz» jurnalında təzəcə çap olunmuşdu, o vaxtlarda az-çox şeirdən, ədəbiyyatdan başı çıxan hər kəs «Polonez»dən dınışırdı. Mənə də xoş gələn o idi ki, Elxan mənim dostumdur və dostum öz uğuru ilə şeirsevərləri heyrətləndirə bilmişdi.

Açığını deyim ki, mənim şeirə olan tələbim bir qədər fərqlidir. Mənimçün babat şeir deyilən bir anlayış yoxdur, sadəcə yaxşı şeir var, vəssalam. Elxan da yaxşı şeir yazmışdı, hamı kimi mən də onun poemasından, qeyri-ənənəvi «şairçiliyindən», şeir dilindən, mövzu tapımından heyrətlənmişdim. O vaxtlar mətbuatda onun «Polonez»indən çox yazıldı. Ümumiyyətlə Elxan Zal başqaları ilə nisbətdə mətbuatın diqqətində olan qələm adamlarındandır. Ya onun haqqında kimsə nəsə yazır, ya da o ara-sıra kiminsə haqqında nəsə yazmağıyla «bomba» partlada bilir. Bir də onu demək istəyirəm ki, Elxan haqqında ən yaxşı və ən səmimi yazılardan birini də başqa dostumuz – o da istedadlı və heyrətləndirməyi bacaran – şair Səlim Babullaoğlu yazmışdı. Sağ olsun…

Ən çətin və məsuliyyətli şey yaxından tanıdığın, sevdiyin, çox istədiyin bir adam haqqında yazmaqdı. Adam eyforiyaya qapılacağından, səmimilikdən uzaq düşə biləcəyindən ehtiyat eliyir. Ona görə də bu yazını yazmağa çoxdan hazır olsam belə, tələsmək istəmədim… və iki il ötüb keçdi. Bu ötən iki ildə isə Elxanı daha yaxından tanıya bildim, daxa çox oturub-durmaq imkanımız oldu, arabir Sumqayıtın küləklərinə qarşı yeriyərək ədəbiyyatdan, planlardan, dostlardan danışmağımız, isti yay günlərində bir sərinliyə çəkilib pivə içməyimiz də oldu. Elə bilirdim ki, yazı yazmağa nə var axı… Oturub bir-iki siqareti çəkib qurtarana qədər yazını da yazıb qurtararam. Amma, hiss edirdim ki, iki ildən bəri içimdə hazır bildiyim yazı heç də hazır deyilmiş…

sevdalı bir axşam,
yel döyən eyvan.
nə donya Anna var,
nə də Don Juan…
İşıq dumanında
dans eləyir köşk.
dadlı bir gülüşlə
naharlanır eşq.

«Polonez»dən nə üçünsə qatlayıb ayırdığım səhifəni açıb ilk misraları oxudum yenə də… Sözün düzü bir anlıq mənə elə gəldi ki, əl içi boyda bir səhifəyə sığışan hissədə Elxanın yaratdığı, təsvir etdiyi mənzərənin içinə düşmüşəm. Elçin Hüseynbəylinin «Don Juan» romanını oxuyanda da hadisələr məni beləcə çəkib aparmışdı.

masanın üstünə
əlcək atır yel.
mən xeyli sakitəm
dəb deyil duel…
korrida əhvalı
köç salıb bara.
rapira oynadır
çılğın gitara…

Ya mən dəliyəm, ağlımı itirmişəm, ya da Elxan bu misraları yazanda ona nəsə olub, bilmirəm…

odlu sığalların
rəqsləri cöngə.
vüsal yatağına
gedir bu döngə.
sevənin olursa
sevmək də asan.
mən Türk Don Juanam,
sən lex Annasan.

Ürəyimə yatan sevgi şeirlərinin sırasına yazdım bu parçanı da. O dəqiqə də əzbərləyə bildim. Klassik sevgi şeiri tələblərinin bütün qanunlarını pozan Elxan Qaraxanlı öz dünyasının şeirini yaratmışdı. Yəqin elə o vaxt da bu səhifənin küncündən qatlayıb ayırmaqla nə vaxtsa şeiri əzbərləmyi planlaşdırmışam. Bugünə qismətmiş… Ən əsası isə, çətinlik çəkdiyim yazını bu şeiri yenidən oxuduqdan sonra çəkdiyim siqaretlərin dumanında «şellənə-şellənə» yazdım.

***

Hər kəsin ədəbiyyata gəlməyi bir təsadüflə bağlı olur. Bu təsadüflər xoş da ola bilir, ürəkaçmayan da… Bəzən çoxdan bəri ədəbiyyatda olan bir yazarın hansısa yazısını oxuyursan və təəssüflənirsən ki, nədən bu vaxta qədər bu müəllifi izləməmisən, oxumamısan? Yuxarıda dediyim kimi, heyrətlənirsən, sevinirsən, ləzzət alırsan. Çox vaxt da illərdən bəri ədəbiyyatın bostanında, bağında külüng çalan, nəsə eləmək istəyən və beləcə ömrünü bada verən birinin yazıları ilə qarşılaşırsan və düşünürsən ki, bəlkə də bu adamdan yaxşı müəllim çıxardı, mühəndis çıxardı, niyə özünə zülüm eliyib bu yolu tütüb axı? Bax, beləsinin ədəbiyyata gəlməyi pis təsadüfdür.

«…kimə nə borcdur, hansı qandan yoğrulub,
ayağımız altındakı palçıq.
kimə nə borcdu,
köləliyin hansı stansiyasına bilet satır
bu kassa,
dünən bir ağ göyərçinin al qanında boğuldu
Pikasso…»

Bu da bir sevgi şeiridi… Amma bu sevgi şeirini

«umud yaxşı şeydi, gülüm,
umudunu bağla vaxta.
ağ yelkənli bir yaxta,
gətirəcək sənin prinsini.
onda uğur mələkləri
gözlərinə sevinc tökəcək
sini-sini…»

bu sevgi şeirindən fərqləndirən bir ovqat var. Bax mən Elxan Qaraxanlının şeirlərinin ovqatını sevdim. Elxanı istənilən ovqatda oxumaq mümkündür. Elxan oxucunu öz ovqatına kökləyə bilən şairdir. Çünki onu oxuduqca bu ovqatın içinə düşməmək mümkünsüzdür. Elxanın üsyanı da sevgi ovqatında yazılır, nifrəti də sevgili və seviləndi. Qorxusu da…

«… yadlardan qorxumuz yox,
bizi doğmaların soyuqluğu qıracaq»

– tonunda deyilir.

Mən bir daha əmin oldum ki, dünyanın ən böyük şairlərindən biri ilə dostluq edirəm. Bəzən adam yaxınlıqda olan dostunun, tanışının dəyərini bilmir. Onun böyüklüyünü hiss etmir, amma başqalarının dilindən bəzən sevgiylə, bəzən qısqanclıqla deyilən fikirlər adamı çaşdırır və düşünürsən ki, doğrudanmı bu sözləri sənin tez-tez gördüyün, görüşdüyün, telefonla danışdığın adam haqqında deyirlərmi? Mən iki il gözlədim ki, başqalarının mənim dostum haqqında dediklərini eşidəm, o fikirlərin doğruluğunu, səmimyyətini dəqiqləşdirəm. Amma iki ildən sonra bir də anladım ki, mən Elxan Zal Qaraxanlı haqqında heç nə yaza bilməyəcəyəm… Çünki onun haqqında deyəilənlərdən, yazılanlardan fərqi nəsə demək çətin gəldi mənə. Bir də ki, yayda Elxanın əlli yaşı tamam olacaq. Onun əlli yaşına o yaşa layiq nəsə yazmaq ağır göründü gözümə. Sadəcə onu demək istədim ki, mən də səni çox istiyirəm, Elxan… Sən bu gün bizim çoxumuzun sevə-sevə oxuduğumuz tək-tük sevilən türk şeirlərini, şarkılarını, türkülərini yazan və bizi şeirin möcüzəsindən heyrətləndirə bilən böyük şairsən. Sənin yaradıcılıq texnikan, yazılarıvın bədii dəyəri, ideyaların, peşəkarlağın, hansı «izmin» şairi olduğun mənimçün maraqlı deyil və heç vaxt da maraqlı olmayacaq. Sadəcə sən şairsən! Şeir elə belə olur da, sənin yazdıqların kimi…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.