Ana səhifə BAŞ YAZI Ömür – basırıqdır, Könül – çıxacaq.!? – BARAT VÜSAL

Ömür – basırıqdır, Könül – çıxacaq.!? – BARAT VÜSAL

Müəllif: Bizim Yazı
96 baxış

ŞEİRİM

Atam-anam yolumu gözləyibdir nə qədər,
Beləcə gözləmisən peydər, sən məni şeirim!
Səni, Bəzmi-Əzəldə “bəli!” deyib görmüşəm,
Baxıb yəqin görmüsən Neydə, sən məni, şeirim!

Bir bax, gör mən hardayam, axın harda, ölürəm,
Yaxınlardan kömək yox, yaxınlarla ölürəm.
Görmürsənmi yıxılıb yaxınlarda ölürəm,
Apar çox uzaqlara, apar, sən məni, şeirim!

 

Kül də etsən razıyam, daş da etsən razıyam,
Bir də etsən razıyam, beş də etsən razıyam.
Lap bir qarlı-şaxtalı qış da etsən razıyam,
Eylə eyləyə bilsən bahar, sən məni, şeirim!

Yalvarıb demirəm ki, sən kimi qaytar geri,
Ötüb- keçən zamanı, ya günü qaytar geri.
Ən yaxşısı budur ki, özünü qaytar geri,
Yetər, mənim özümə qaytar, sən məni, şeirim!

Sən istəsən ağlayım, sən istəsən gülüm də,
Sən istəsən yaşayım, sən istəsən ölüm də…
Yox, qoymazsan ölməyə, sən qoymazsan olum da,
Heç vaxt barsız-budaqsız gövdə, sən məni şeirim!

Ən gözəl dərman kimi səni dərdə yazıram,
Yox, mən dərddən qaçıram, hər bir dərdə hazıram.
Bağışla, günah edib səni Yerdə yazıram,
Gözlə! Gözlə! Gəlirəm Göydə, sən məni, şeirim!

KİŞİ NƏFƏSİ

Elə bil ki, bezmisən, yaşamaq istəmirsən,
Bir zamanlar var olmuş eşqin, həvəsin hanı?
Sən nələr itirmisən, nələr-ey Yer kürəsi,
Kişi nəfəsi hanı?
Kişi nəfəsin hanı?!

Nədir? bilirsənmi de, bu axtarılan axı,
Nə ömür sarayıdır,
Nə quşun yuvasıdır…
Bəlkə də bu dünyada qadın da axtardığı,
Kişinin özündən çox…
Kişinin nəfəsidir?!

Bir könüllük qalmayıb könlümüzdə, deyəsən,
Bu səs insan səsisə…
bu səs nə səsi gəzir?
Yaman günlər başlayıb ömrümüzdə, deyəsən,
Kişilərin özü də
kişi nəfəsi gəzir?!

Mən bilirəm, hardasa adamlardan daha çöx,
Üşüyən bənövşələr
isti nəfəslidirlər.
Qəbilə tanıyıram, bir kişisi qalmayıb,
Qəbirlər tanıyıram, kişi nəfəslidirlər!

Halından xəbərdaram, heç nə istəmir vallah,
Biri var, özün eylə ona
köməyi, sən gəl!
Sən o tənha yaşayan qadın evinə Allah,
Kişi nəfəsi göndər!
Kişi nəfəsi göndər!

Bir kişi ucbatından niyə tək tənha qalsın,
Niyə həsrətin çəksin
Kişi qızı bu adın?!
Olmaya bu qadına tay olası kişi yox,
Olmaya son kişidir
Kişi qızı-bu qadın?!

Tale nə bəxş eyləsə, qadındı, götürəcək,
O, sevir ana yurdun, dağ-daşın nəfəsini.
Ona hər nə versələr, imtina eyləyəcək,
Amma ki, götürəcək tək, kişi nəfəsini!

Çox başa keçirmisən yalanı-yanlışları,
İnsanın özündən yox,
İşindən danışasan.
Bu qədər ki, ey dünya, it –qurddan danışırsan,
Nə olar, hərdənbir də kişidən danışasan!

II

Kimi sevir Vətəni, kimi güdür gödəni,
Əfsanələr danışır kişilərin adınnan.
Bu dünyada hər cürə ehtiyaclar ödənir,
Kişinin nəfəsinə ehtiyac artır yaman!

Məni düz anlayarlar, buna tamam əminəm,
Kişi nəfəsi-Məcnun…
Kişi nəfəsi-Leyli!
Yox-yox, mən nəfəslərə fərq qoymaq istəmirəm,

Yox, deməyin, deməyin,
Bəs dediyin, nədir ki?
Mən dediyim odur ki…
Kişi nəfəsi yoxsa…
Kişi nəfəsi neynir!

Tufan qopur… qoynunda tənha qadınlar keçir,
Üstdən xətt-çəkir yoxsa günlər kişi adının?!
Kişilər bu Vətəni qoruduqları kimi,
Qorunmasını istər onlar kişi adının!
Kişinin qüdrətindən göylər qatı xəbərdar,
Sanma ki, hər qocaya, gəncə kişi deyirlər.
Ey yerdəki sükutlar, göylərəki buludlar.
Öz kişi nəfəsilə bu xalqı isidənə
Bəşəri qızdırana,
Kişi nəfəslilərə məncə kişi deyirlər

…Bir kişi qırığına qadınlar kişi deyər,
Kişi deyil, bir kişi nəfəsi yoxsa əgər,
Qadınların üsyanı
Qalxar, ərzi bürüyər!
Bəzən az qalır sübhün ilıq
bir mehinə mən,
kişi nəfəsi deyəm.
İnsan gərək deməsin,
Mən hansı ölkədənəm,
Desin ki, İnsandanam!
Kişi Ölkəsindənəm,
Kişi Nəfəsindənəm!
Bəşər rahatca yatır
Kişilər yatmayanda,
Tarixlərdə yaşayıb kişi əbəsmi olub?
Bəzən kişi nəfəsli kişilər çatmayanda,
Qadınlar var, özləri kişi nəfəsli olub.

Kişi nəfəsi yoxsa, yaşamaq, dözmək olmur,
Nə imiş, nə deməkmiş
Gör kişi nəfəsi, nə?
Kişi var ki, adına bir misra yazmaq olmur,
Mən dastan bağlayardım
Bir kişi nəfəsinə!

Yox-yox, kişi nəfəsi,
Sənə məna vermirəm,
Vallah, mənasan özün!
Haqqın var, kişilərin azaldığı dünyada,
Kişi sanasan, özün,
Kişiyanasan özün?!

III

Görmək üçün dünyanın hər zövq- səfasını,
Kişi nəfəsi- kömək…
Kişi nəfəsi örnək!
Kəsməkçün düşmənin də bir yolluq nəfəsini,
Kişi nəfəsi gərək,
Kişi nəfəsi gərək!

Allah, nəfəssiz qalar səndən nəfəs almayan,
Ömrünü puç eyləyər,
Könlünü verər bada.
Bəndə də çağrılanmaz sənnən nəfəs almayan,
Kişi nəfəsi yoxsa,
Nə varmiş ki, dünyada?!

Var olsun qoy o nəfəs, bizi onsuz eyləmə,
O nəfəs qalmayıbsa kişi qalıb, deyilməz.
Yalvarıram, Allahım, məni sonsuz eyləmə,
Sən mənim nəfəsimi kişi
nəfəsi tək kəs!

Hansı evsə işıqsız… bağlı qalıb qapısı.
Kişi nəfəsi –Kilid,
Kişi nəfəsi -Açar…
Ən bağlı bir qapını, ən paslı bir qıfılı.
İnanıram, toxunsa kişi nəfəsi açar!

Kişi nəfəsi nədir?
Yoxsa belə deyərsən,
Doğrudan da dünyada kişi nəfəsi varmı?
Nə özünü öyürsən, nə döşünə döyürsən,
Nə olsun, hər şeyin var,
Kişi, nəfəsin varmı?
Kişi nəfəsin varmı?!

Əbəsdi çox sevgilər… əbəsdən də əbəslər,
Sanmayın ki, o nəfəs
Adi sevəndə olur…
Ən yenilməz kişilər, ən müqəddəs nəfəslər,
Kişilər vurulanda, qadın sevəndə olur!

Davalara son qoyan davapərəs olaram,
Görərlər bu torpağın, dağın, daşın nəfəsin.
Hamının alacağı təzə nəfəs olaram,
Qoymaram kəsiləsən
Səni, kişi nəfəsi!

HƏNDƏVƏR

Həndəvər söyləmə hər həndəvərə,
Nə vardı yatmayıb, it hürsə idi.
At var – həndəvəri ərlər, ərənlər,
İt var – həndəvəri it kürsəyidi…

Minib öz atını çap, o ki, var, çap,
Rast gəlmə nə uçrum, nə döngələrə.
Özünə sən başqa bir həndəvər tap,
Hərrənmə sən başın, bu həndəvərə!

Həndəvər olarıq mində birimiz,
Yerdə qalanımız bəndə felləri.
Dağlardı, daşlardı həndəvərimiz,
Bəs nədi dağ-daşın həndəvərləri?!

Ey vətən, deyirəm haqqı qalıbmı
Hər bəndə deyənə bəndə deyəm mən?
Ruhumla bu yurdun həndəvərində
Gecə də, gündüz də keşikdəyəm mən!

Gəl demə, biz indi güvənək kimə,
Sən dayan, dur görüm, a həndəvər, bir…
Şəhid qəbirləri bəs nədi, bəs nə?
Sən deyən, mən deyən həndəvər deyil?!

Dünyada nə qədər həndəvərlər var,
Çaqqal həndəvəri, qurd həndəvəri…
Adamlar belinə kəmər taxırlar,
Yoxsa olmaq üçün yurd həndəvəri?!

Əsibdi, coşubdu bir qarı yenə,
Baxmır nəvəsinə kim vurulubdu.
Deyir, bir də qızın həndəvərinə
Hərrənsən, ölmüsən ay köpəyoğlu!

Necə saralıblar gör aşiqləri,
Demirlər, sevənlər mində birdilər.
O qədər qına ki, sarmaşıqları,
Bunlar da bu təhər həndəvərdilər!

Canda canımız yox, qəmdə yerimiz.
Bəlkə biclik edək,
fəndə əl qoyaq?!
Boşalıb… boş qalıb həndəvərimiz,
Bəlkə adımızı həndəvər qoyaq?

…Bəndəlik eyləsin bəndələrə, de,
Sıra nəfərləri hər nəfər olmur.
Gəl, az həndəvərəm, həndəvərəm, de,
Həndəvər sözündən həndəvər olmur!

SƏRHƏD XƏTTİ

Düşüb bu dağlarda, bu dərələrdə
Axtaran sanıram könül axtarır.
Sərhəd xəttinə bax, sərhəd xəttinə,
Babalar xətt çəkib, kömür basdırıb,
Nəvələr hələ də kömür axtarır.

Tutmaq istəyəndə təzə yerləri,
Düşmən də əlində kömür gətirib.
Biz axtaraq, tapaq hansı kömürü,
Biz sübut eyləyək kimi gətirib?!

Bu düşmən deyilən nə evlər yıxıb,
Bizmi köçəriyik, omu mədəni?!
Tapılmır… tapılmır kömür qırığı,
Götürüb aləmi kömür mədəni…

Sanıblar qonşuyuq, sanıblar dostuq,
Deyiblər, beləcə sərhəd çəkərək:
“Bu kömürdən belə sizindir daha,
Bu kömürdən belə, bizimdir, demək!”

Millət yanıb-yanıb kömürə dönüb,
Qopmuşuq çox yerdən…qopa bilmirik.
Hələ də sərhədi ayırd edəmmir.
Hələ də kömürü tapa bilmirik.

Sanmayın ömrümüz ömürtək qalıb,
Su həmən… bu həmən xəmirdi bəlkə?
Nə qalıb, bir qırıq kömürtək qalıb,
Bu həmin bir qırıq kömürdü bəlkə?

Elə nəyimiz var, olub qap-qara,
Elə nəyimiz var, alıb-satmışıq.
Qardaşla qardaşın arasına da
Axtarıb bir çimdik kömür atmışıq.

Budu Dayanacaq, budu Duracaq,
Ömür-Basırıqdır,
Könül-Çıxacaq!?
Axtarın, Arazda su quruyacaq,
Axtarın, Arazdan kömür çıxacaq!?

Bir gör nələr etdin sərhəd çəkərək,
Babam, rahatlandın kömür basdırıb.
Kim ki, yenilməzdi, öz sərhəddinə
Sən niyə bilmədin, könül basdırıb?!

Başımızda hələ qəzalar gəzir,
Bunu xeyirliyə yozursan, yoxsa?!
Düşmən təzə torpaq, təzə yer gəzir,
Sən təzə kömürmü gəzirsən,yoxsa?!

QOXU

Allah göndərdiyi sözdən, surədən,
Ayədən məhəbbət qoxusu gəlir!
Sevənin ayağı sayalı olur,
Sayədən məhəbbət qoxusu gəlir!

Tapdı, tapmadı ki, qayanı Fərhad,
Öpdü, öpmədi ki, qayanı fərhad…
Çapdı, çapmadı ki, qayanı Fərhad,
Qayadan məhəbbət qoxusu gəlir!

Duydum köməyini Darda Allahın,
O Yox da Allahın var da Allahın!
Adı çəkiləndə harda Allahın,
Oradan məhəbbət qoxusu gəlir!

Burda qan tökülür, bir qan izi yox,
Burda qan tökməzdən bir qansızı yox!
Burda ha qan axır… qan iyisi yox…
Minadan məhəbbət qoxusu gəlir!

Məhəbbət insana verir qol-qanad,
Ondadır səadət, ondadır həyat.
Taparsız, görərsiz ordadır Barat,
Haradan məhəbbət qoxusu gəlir!

MƏNİM ÇANAQQALAM

Türkə şərəf gətirib “Çanaqqala savaşı”,
Türkün xeyrinə edib Allahtəala, savaşı.
Mənim də, mən türkün də belə ola savaşı,
Almamış öləmmərəm, mən öz sənət qalamı,
Yazmamış öləmmərəm, mən öz “Çanaqqalam”ı!

Mən də son əsgər kimi mərmimi atacağam,
Düşməni bir-birinə görərsən, qatacağam!
Mən arzuma blirəm, haqq- nahaq çatacağam,
Al qanımla yuyacam qan fışqıran yaramı,
Yazmamış öləmmərəm, mən öz “Çanaqqalam”ı!

Gərək ayaqda deyil, gərək ürəkdə olum,
Təki heç vaxt susmayıb torpaq deməkdə olum!
Dönüb elə özüm də bayrağım rəngdə olum,
Görməmiş öləmmərəm, mən öz bayraq qalamı!
Yazmamış öləmmərəm, mən öz “Çanaqqalam”ı!

Ay namərd, yenədəmi sən qorxudan ölürsən,
Utanmazsan, bilirəm, lap yalvarıb ləlisən…
Mən hələ sərkərdəyəm, ölməmişəm, görürsən,
Böyüdürəm görürsən mən Mərd, mən Dərd balamı,
Yazmamış öləmmərəm, mən öz “Çanaqqalam”ı!

Qara rənglə yazmayaq Şuşanı ya Laçını,\
Yazaq elə rənglə ki, qoy rəngləri açılsın.
Gərək bütün rənglərdən zəfər rəngi saçılsın,
Yox, qalmağa qoymaram mən bu sayaq qaranı…
Yazmamış öləmmərəm, mən öz “Çanaqqalam”ı!

Çalarıq səngərlərə dola-dola, zəfəri.
Gətirərəm, gətirər, vallah, yola zəfəri!
Qoy dönüb təkrar olsun “Çanaqqala zəfəri”
Şair, mürəkkəbə yox, batır qana, qələmi…
Yazmamış öləmmərəm, mən öz “Çanaqqalam”ı!

KÖRPÜ

Azərbaycan keçmədiyi bir körpüdən
keçmərəm mən,
Mən istərəm vətən keçsin o körpüdən!
Xudafərin körpüsünün özü gəlib
keçsin ordan,
Lap körpünün yüzü gəlib
keçsin ordan,

Yalvarmıram, demirəm ki,
Tanrım, mənə bir fürsət ver!
Yalvarıram, tanrım mənə
güc-qüvvət ver!
Yurdu bütöv Azərbaycan türkü olum,
Xudafərin körpüsünə körpü olum!

Gedim Təbriz ürəyimin
yarasını sarıyım mən,
Ürəyimim parası bu!
parasını arayım mən!
Harda itdim, harda batdım,
Arazımı arayım mən?!

Qalalanım, sıralanım!
Bu milətin Əlincəsi, Ərki olum,
Xudafərin körpüsünə körpü olum!

Sümük-sümük, məzar-məzar,
qafa-qafa,
Şikayətə gedəcəyəm mən Allaha!
Yurd alaçıq… qan qarışıq… can xaraba!
Olsam belə muzey olum,
olsam belə sərgi olum,
Xudafərin körpüsünə körpü olum!
Niyə belə qolu bağlı dayanmışam,
Niyə belə yolu bağlı dayanmışam?
Qoy görsünlər qəhrəmanam, oğulmuşam,
Ən müqəddəs,
Ən əlçatmaz
Mən bir işin qulpu olum,
Xudafərin körpüsünə körpü olum!

Allah, mənə özün güc ver,
“Gülüstan da”, Türkmənçay”da
olanların acığına,
Bu vətənin
heykəl olum heykəlinə,
qala olum qalasına,
uçuq olum uçuğuna…
Sevinclərin sevincinə qovuşmaqçün
Mən dərdlərin dərdi olum,
Mən mərdlərin mərdi olum,
Xudafərin körpüsünə körpü olum!

Bundan belə,
yenə elə
ona-buna əl tutmaqdan
bezikmədən, çəkinmədən,
hamı üçün əkilərək,
hamı üçün əkilmədən
qayğısına qalacağam
mən də daha öz-özümün.
Əvvəl-əvvəl qabağıma
mən də daha çəkəcəyəm
öz közümü!
Bundan ötrü mən də daha
Gərək dönüb kərki olum,
Xudafərin körpüsünə körpü olum!

Ay zamana züy tutanlar,
Siz ey mənə,
Siz ey mənim millətimə
toy tutanlar!
Xudafərin körpüsünü uçuranlar,
Kiçildikcə ucalanlar,
Ucaldıqca kiçilənlər.
Nə var axı, dönməyə ki,
adi olan bir körpüyə!
Mən istərəm, dönə bilim
Millətimin şan-şərəfi,
Adı olan bir körpüyə!
Mən istərəm
Xudafərin körpüsünə körpü olum,
Başım üstə,
Allah görkü,
başlar

You may also like

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.