Ana səhifə KateqoriyasızƏDƏBİYYAT “Əsl şairlər digər insanlar kimi yaşamır…” – RƏSMİYYƏ SABİRLƏ SÖHBƏT

“Əsl şairlər digər insanlar kimi yaşamır…” – RƏSMİYYƏ SABİRLƏ SÖHBƏT

Müəllif: Bizim Yazı
218 baxış

“Mən şairəm, iqtisadçıyam, öz həyatımdan, olduğum yerdən məmnunam”

“Bizim poeziyamız sevincdən çox, kədərə köklənib”

“Dövlət şairə, yazıçıya, jurnalistə ev verməməlidir…”

Müsahibimiz Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Sabirdir. Onunla yaradıcılığı haqda söhbət etdik. Buyurun, izləyin.

– Rəsmiyyə xanım, siz iqtisadiyyat üzrə alim olsanız da, şairə kimi daha çox tanındınız. Sizcə, bu nə ilə əlaqədardır?

– Poeziya daha məşhurdur, nəinki elm sahəsi. Özümüz də o vaxtı  elm adamlarını az tanıyırdıq. Amma şairləri, bəstəkarları, aktrisaları tanıyırdıq. Çünki sənət daha öndə olan sahədir, nəinki elm. Təəssüflər olsun ki, bu daha çox önə keçir. Baxmayaraq ki, XXI əsr elm, informasiyalar, texnologiyalar, dördüncü sənaye qlobal əsridir, buna baxmayaraq, yenə də elm arxa plana keçir. Sənət öndədir, önə keçməyə də davam edir. Düşünürəm ki, burda rəqəmsallaşmanın da çox böyük rolu var. Dediyim kimi, mənim yazdığım bir məqaləni dünyanın elektron platformalarında onlarla mütəxəssis, kimə lazımdırsa oxuyurlar. Amma musiqi elədir ki, müəllim də, şair də, həkim də, mühəndis də, jurnalist də, hər kəs dinləyir. Mən iqtisadçı alim olaraq kiməsə maraqlı olmaya bilərəm. Amma mənim yazdığım nəğmələr bütün kateqoriyada olan insanlar – qocası, cavanı, yaşlısı, böyüyü, uşağı və işlədiyi sahədən asılı olmayaraq hər bir kəsin zövqü üçündür. Burda təbii ki, zövq məsələsi də var. Mahnılarımı hər bir kəs dinləyə bilir. Ona görə də şair kimi daha çox məşhuram, nəinki iqtisadçı alim kimi.

Onu da qeyd edim ki, iqtisadçılar arasında kifayət qədər tanınıram. Düşünürəm ki, Azərbaycanı da iqtisadiyyat sahəsində layiqincə beynəlxalq konfranslarda təmsil etməyi bacarıram.

– Beynəlxalq konfranslarda, başqa mühim tədbirlərdə sizi necə təqdim etmələrini istərdiniz: iqtisadçı alim Rəsmiyyə Abdullayeva, yoxsa şairə Rəsmiyyə Sabir?

– Rəsmiyyə Sabir. Məncə, elə hər ikisi eyni adı ifadə edir. Mən bu yaxınlarda bir kitaba ön söz yazdım. Yubiley kitabıdır. Mən ora nə şair olduğumu, nə də iqtisadiyyat üzrə doktor olmağımı yazmadım. Sadəcə, Rəsmiyyə Sabir yazdım. Məncə, Rəsmiyyə Sabir özündə hər ikisini ehtiva edir. Düzdür, sonradan kitabın tərtibçiləri yazmışdılar. Amma mən adımı hər yerdə Rəsmiyyə Sabir yazıram. Baxmayaraq ki, soyadım Abdullayevadır, amma məni cəmiyyət Rəsmiyyə Sabir kimi tanıyır.

Maraqlı bir faktı da deyim. İki il bundan qabaq verilişlərin birinə getmişdim. İki il bundan öncə layihə icra edirdik. Elm sahəsində Rəsmiyyə Abdullayeva olaraq tanınıram. Bilirsiniz, Sabir mənim ata adımdır. Atamın adını özümə təxəllüs götürmüşəm. Əvvəldə dediyim kimi, şair kimi Rəsmiyyə Sabir imzası ilə çox tanınıram. Televiziyaların birində mənə dedilər ki, Rəsmiyyə xanım siz gəlmisiniz? Yox biz Rəsmiyyə Sabiri yox, Rəsmiyyə Abdullayevanı gözləyirik.(Gülür)

Mən dedim ki, Rəsmiyyə Sabir və Rəsmiyyə Abdullayeva eyni adamlardır. Elm sahəsində məni Rəsmiyyə Abdullayeva, poeziyada isə Rəsmiyyə Sabir olaraq tanıyırlar.

Rəsmiyyə Abdullayeva soyadını Rəsmiyyə Sabir soyadı ilə əvəz edəcəm, çünki qarşılıq yaradır.

– Müsahibələrinizin birində demisiniz ki, uşaq yaşlarınızdan şeir yazırsınız. Ədəbi mühitə hansı şeirinizlə qədəm qoydunuz?

– Əslinə qalanda uşaqlıqdan yazıram. Dünən də bir ingilis dilli mətbu orqan məndən müsahibə götürdü. Onlar da bu sualı vermişdilər ki, ilk şeirinizi necə yazdınız? Onun da tarixçəsini anlatdım. 9 yaşımda yazdığım şeir idi. Ədəbiyyata hansı şeirlə gəldiyimi, düzü, xatırlamıram. Amma ilk şeirlərim “Rezonans” qəzetində dərc olunub. Şeirdən, yazılı mətbuatdan öncə ilk mahnım haqqında deyə bilərəm.

–  İlk mahnınız hansı idi?

– O mahnını bizim gözəl bəstəkarımız, çox sevdiyim bəstəkarımız, “Əsgər marşı”nı yazan Cavanşir Quliyev bəstələmişdi. İli də yadımda qalıb, o mahnım 1999-cu ildə yazılıb. İlk ifaçısı da Sənubər İsgəndərli olub. O dəqiq xatirəmdə, yadımdadır. Amma ilk şeirimin hansı olduğu dəqiq yadımda deyil. “Rezonans” qəzetində silsilə şeirlərim çıxmışdı. Yoldaşlar vasitəsilə təqdim etmişdim. O vaxt çox gənc idim. Bilmirdim ki, dərc olunacaq, ya yox. Səhəri gəlib gördüm ki, qəzetdə bütün şeirlərimi veriblər. Açığı, indi yadımda deyil, baxmayaraq ki, dərc olunmuş şeirlərimin hamısını qəzetlərdə, kitablarda saxlayıram. Amma indi xatırlamıram.

– Bəs, ilk dəfə şeirinizi kimə oxuduğunuzu xatırlayırsınız? Xatırlayırsınızsa, necə qarşılanmışdı?

– İlk şeirlərimi məktəb yaşlarında yazırdım. O yazdığım şeirləri də gizlədirdim. Sən özün də bizim bğlgədənsə. Bilirsən ki, bizim bölgədə daha konservativ mühitdir. Mən məktəb illərində ədəbiyyatı çox yaxşı oxuyurdum. Baxmayaraq ki, riyaziyyat üzrə mütəxəsis oldum, ədəbiyyat müəllimlərim çox gözəl, çox savadlı müəllimlər idi. Hətta nəinki ədəbiyyat müəllimim, fizika müəllimim də. Vaqif müəllim var idi. O, mənə məktəb yaşlarından elə əsərlər oxutdurmuşdu ki, bəlkə də həmin əsərlərin sayəsində bu yerdə ola bilmişəm. Dostoyevskini, başqa klassikləri mən artıq 5-ci sinifdə oxumuşdum.

Mənim qızım indi 6-cı sinifdə oxuyur. Çox sadə əsərlər oxuyur. Mən onunla müqayisədə qat-qat ağır əsərlər oxuyurdum. İndi zaman çox sürətlə inkişaf edir. Məktəb illərində utandığımdan o şeirlərimi üzə çıxarmadım. İllər keçdi, mən tələbə oldum. Tələbəçiliyi bitirib, aspiranturaya daxil oldum. Biz “Sovetski”də kirayədə yaşayırdıq. Qonşuda Gülarə adında xanım vardı, Bakılı idi. Musiqini, poeziyanı sevən bir xanım idi. Ədəbiyyat adamı, ədəbiyyatşünas deyildi, sadəcə, içində ədəbiyyat sevgisi var idi. Mən bir gün ona şeirlərimi oxudum. O, heyrətlə məni dinlədikdən sonra dedi ki, nə gözəl şeirlərdir, sən bunları niyə üzə çıxarmırsan? O, mənə çox böyük stimul oldu.

Yadıma gəlir ki, həmin illərdə Xanım İsmayılqızının da məşhur mahnıları çıxırdı. O vaxt mobil telefon yox idi. Mən ev telefonu ilə Xanım İsmayılqızına zəng vurdum. İndi Xanım İsmayılqızına mətbuat vasitəsilə də sevgilərimi göndərirəm. Sevdiyim insanlardan biridir. Xanım İsmayılqızı telefonda mənim şeirlərimi eşidən kimi dedi ki, nə gözəl şeirlərdir, dur gəl bizə. Ünvan verdi, mən getdim onların evini tapdım. Qızı Fidan da mənim şeirlərimi oxudu. Çox bəyəndilər. Azı 30 ilin söhbətini edirəm. O şeirlərdən 3 mahnı bəstələdi. Yadıma gəlir, o mahnılardan birini Nüşabə Ələsgərli oxumuşdu.

– Yazarı və oxucusu özünüz olduğunuz şeirləriniz varmı, hansı ki, yazmısınız, amma çap etdirməmisiniz, kimsəyə oxumamısınız.

– Təbii ki, var. “Sandıq ədəbiyyatı” deyirlər də. Təbii ki, mənim də sandıq ədəbiyyatım var. Elə şeirlərimin sayı çox deyil. Amma var. Bəzi şeirlərim var ki, müəyyən müddətdən sonra çap etdirirəm. Bəziləri də var ki, ümumiyyətlə onları bəyənmirəm, heç çap da etdirmirəm. Bu yaxınlarda sosial şəbəkdə bir şeir paylaşmışdım. Çox böyük bəyəni aldı. Halbuki heç özüm də gözləmirdim. Yəni bu dərəcədə bəyənilə bilər. Ona görə də yazıb bəyənmədiyim, çap etdirmədiyim şeirlərimə sandıq ədəbiyyatı demək olar. Ancaq çox sayda deyil.

– Rəsmiyyə xanım, bu gün ədəbi tənqidin tənəzzülə uğradığının şahidiyik. Sizcə, Sovetlər Birliyi dönəmindəki kimi, sağlam ədəbi tənqidin olmaması nə ilə bağlıdır?

– Sovetlər dönəmindəki ədəbi tənqidin nə qədər sağlam olmasını demək mənim üçün bir yazar olaraq çox çətindir. Mən ədəbiyyatşünas deyiləm, tənqidçi deyiləm. O dövrü də o dərəcədə dərin bilmirəm. Amma hər halda indikindən daha sağlam idi. Çünki az-çox bilirəm. Dərindən bilmədiyim üçün fikir yürütmək istəmirəm.

Bir yazar olaraq bugünki ədəbi tənqidi isə qeyri-sağlam hesab edirəm. Niyə? Çünki mən iqtisadçıyam. Azərbaycanda bazar iqtisadiyyatı o demək deyil ki, tənqidçi dolana bilmirsə çox zəif bir yazarın zəif “əsərini” götürüb göylərə qaldırsın. Qarşılığında müəyyən “qonorar” və yaxud hədiyyə, pul alsın, adını nə istəyirsiniz qoya bilərsiniz. Mən bunu bir iqtisadçı alim olaraq qəbul etmirəm. Çünki bazar iqtisadiyyatında sən öz intellektual mülkiyyətini satıb, pul qazana bilərsən. Amma doğru yollarla. Azərbaycandakı tənqidin böyük əksəriyyəti elə deyil.

Bizim vicdanlı tənqidçilərimiz də var. Onlar heç tanışlıq meyarı olmadan gözəl bir əsəri oxuyub tənqid edə, tərifləyə, münasibət  bildirə bilərlər. Böyük əksəriyyəti çox gözəl bilir ki, zəif əsərləri tanışlıq müqabilində, nələrinsə müqabilində tərifləyə bilirlər. Bəzən görürsən ki, gözəl əsərlər yazılır, onun yanından çox sakitcə keçirlər. Çünki maraqları yoxdur. Sanki hər şey madiyyata çevirilib. Belə düşünürəm ki, bu, ədəbiyyat üçün yolverilməz bir haldır. Ədəbi tənqid belə olmalı deyil. Tənqid daha ədalətli, daha sağlam olmalıdır.

Əsl sözə dəyər, qiymət verən tənqidçilərimiz də var. Bir az da insafla danışaq. Təəssüflə deyə bilərəm ki, onların da sayı çox azdır. Bir neçə tənqidçilərimiz var ki, həqiqətən də onlar işlərinə daha peşəkar yanaşırlar.

– Ümumiyyətlə, sizcə, sağlam tənqid olmayan yerdə inkişaf mümkündür?

– Əslində sağlam tənqid olarsa, bu daha yaxşı olar. Amma mən düşünmürəm ki, sağlam tənqid yoxdursa inkişaf olmayacaq. Mən bunu düşünənlərdən deyiləm. O fikri də paylaşmıram. Bugünki günümüzdə ədəbiyyatımız yenə də inkişaf edir. Yenə də yaxşı əsərlər yazılır. Bilirsiniz necədir, əslində, tənqid sonradan yaranmış prosesdir. Birinci əsər yaranıb. Tənqidçi bir yazarın əsəri olmadan nə yazacaq ki?! Təbii ki, onu düzgün dəyərləndirmək, ədəbi prosesləri düzgün qiymətləndirmək, çatışmamazlıqları düzgün göstərmək, yaxşılıqları düzgün göstərmək, müəyyənləşdirmək ədəbiyyatın inkişafına böyük xidmət edir. “Sağlam tənqid yoxdursa ədəbiyyat inkişaf etməyəcək”, – mən bu qənaətdə deyiləm. Düşünürəm ki, Azərbaycan ədəbiyyatı öz axarında inkişaf edir, öz axarında proseslər gedir. Amma o prosesləri, inkişafı keçəndən sonra nə dərəcədə doğru olduğunu müəyyənləşdirə bilirsən.

– Belə bir deyim ki, general olmaq istəməyən əsgərdən əsgər olmaz. AYB ətrafında qalmaqallar baş verdiyi indiki ərəfədə nə vaxtsa, bu quruma sədr olmaq arzusunda olmusunuz?

– Yox, AYB-yə sədr olmağı düşünmürəm. Kim sədr olmağı istəyirsə, Allah arzusuna çatdırsın. Qalmaqallar doğrudan da çoxdur. Son günlər orda gedən gərgin prosesləri izləyirəm. AYB-yə sədr olmaq kimi arzum yoxdur. Mən şairəm, iqtisadçıyam, öz həyatımdan, öz həyat tərzimdən, olduğum yerdən məmnunam. Ona görə də AYB-yə sədr olmaq arzum yoxdur. Gənclər arasında kim sədr olmaq istəyirsə, mən təbii baxıram. Bizim cəmiyyətdə qurultay öncəsi, qurultay sonrası gənclərlə bağlı diskussiyalar getdi. Düşünürəm ki, hər bir insanın ürəyində arzusu var, arzusu ola bilər. Normal mühit olarsa, onu reallaşdıra da bilər. Onu da  qəbul etməliyik ki, post bir dənədir. Ona görə də mübarizə gərgindir.

– Siz həm də nəğməkar şairəsiniz. Heç ürəyinizdən keçib ki, hansısa bəstəkar taleyinizin nəğməsini nota köçürsün?

– Ən yaxşı bəstəkarlarla işləmişəm. Cavanşir Quliyevin adını qeyd etdim. Mənim həyatımda, şair olmağımda, tanınmağımda çox gözəl nəğmələrilə böyük rolu olan, bəstəkarımız var. Sizin də sözlərinizə mahnılar yazıb. Peşəkar bəstəkarımız Nadir Əzimov…

– Bəli.

– Nadir Əzimovun mahnıları dillər əzbəridir. Biz həyatda olmayanda belə, Nadir Əzimovla yazdığımız mahnılar yaşayacaq. “Unutdun”, ” Əlvida, Cəmilə!”, ” Uzaqda”, ” Sən məni unuda bilməyəcəksən”, ” Alışdım” kimi yüzlərlə nəğməmiz yaşayacaq. Milyonlarla bizi tanımayan belə, yerlərdən bizi izləyirlər. “Əlvida, Cəmilə!” mahnısının Amerikada belə çox saylı dinləyiciləri var. Hətta bu yaxınlarda, adını çəkməyəcəm, tanınmış biridir, ədəbiyyat sferasının adamı deyil, o, biləndə ki, “Əlvida, Cəmilə” mahnısının sözlərini mən yazmışam, heyrətləndi. “Rəsmiyyə xanım, necə ola bilər ki, siz iqtisadçı alimsiniz, həm də gözəl mahnılar yaza bilirsiniz”, – deyə sual etdi. Deyirdi ki, o mahnını diskə yükləmişəm, öz maşınımda qulaq asıram. “Əlvida, Cəmilə!” də çox sevdiyim mahnılardandır.

Nadir Əzimovla, Xanım İsmayılqızı ilə, Novruz Aslanla, Sədaqət Arifqızı ilə işləmişəm. Çox bəstəkarla işləmişəm. Çox gözəl mahnılarım var. Elə mahnı mətnlərim var ki, heç vaxt o şeirlərimi şeir kitablarımda dərc etdirmirəm. Hazırda onuncu kitabım çapa hazırlanır. Bircə mahnı mətnləri kitabım var. O da mən öləndən sonra mahnı mətnlərim itib batmasın deyə, o cür kitab dərc etdirmişdim. Adını da “Unutdun məni” qoymuşdum. Amma “Unutdun məni” mahnı mətnindən sonra çoxlu mahnı mətnlərim yazılıb. Onları hələ dərc etdirməmişəm. Yeri gəlmişkən, onlara da sandıq ədəbiyyatı deyə bilərsiniz. Onlar daha çox bəstəkarlara aiddir. Mahnı kimi araya-ərsəyə gətirsinlər deyə.

Elə mahnı mətnim var ki, “Unutdun”dan, “Əlvida, Cəmilə!”dən qat-qat güclüdür. Amma onlar məşhurluq, mahnıya çevirilmə taleyini yaşaya bilməyib. Və yaxud bəstəkar tərəfindən musiqi bəstələnib, amma ifa olunmayıb. O cür mahnıları taleyi gətirməyən bir qadına bənzədirəm. Bir dəfə Xanım İsmayılqızı ilə bu haqda söhbətimiz olmuşdu. Deyirdi, Rəsmiyyə, mahnılar da insanlar kimidir, xoşbəxt olanı, bədbəxt olanı, bəxti gətirəni və ya gətirməyəni var. Bir də görürsən ki, zəif hesab etdiyin mahnı o qədər populyar olur ki… Bir də görürsən ki, bir mahnının sözləri çox mənalıdır, ancaq elə zəif ifaçının əlinə düşür. O tandem alınmayanda bir ailənin övladı kiminləsə ailə qurdu, ancaq  bəxti gətirmədi, onu xoşbəxt edə bilmədi… Bir az loru bənzətmə olsa da, ona bənzədirəm.

Bizdə sərbəst şeirlərə çox nadir hallarda mahnı yazırlar. Avropada, qardaş Türkiyənin özündə mahnılara diqqət edin, sərbəst mətnlərdir. Bizdə nədənsə, bəstəkarlar sərbəst mətnə nadir hallarda müraciət edirlər. Bizdə bəstəkarlar heca vəznində yazılmış şeirlərə mahnı yazırlar. Mənim mahnılarımın 90-95 faizi heca vəznindədir. Qoşmalara, gəraylıya bəstələnmiş mahnılardır. Bir az balavankada kənara çıxmaqlar olur. Onu da biz musiqiyə söz yazdığımız üçün. Yerdə qalanı hamısı ölçüdədir.

– Bir çox bəstəkarla çalışsanız da, etiraf edək ki, Nadir Əzimovun mahnıları sizə daha çox uğur gətirdi. Onunla tanışlığınız necə baş tutd, işbirliyiniz necə yarandı?

–  Mən sizinlə tamamilə razıyam. Bütün müsahibələrimdə Nadir Əzimovun adının altını qırmızı xəttlə cızaraq qeyd edirəm. Mənim mahnı yaradıcılığımda Nadir müəllimin rolu əvəzsizdir. O biri bəstəkarlarla 4-5 mahnı işləmişəmsə, Nadir müəllimlə yüzə yaxın, bəlkə də çox mahnı işləmişik. Yeri gəlmişkən, Miriş adlı gənc müğənni ilə 4 serialın soundrektini bir yerdə işləmişik: “Bir qadın”, ” Uçurum”, ” Dəfinə ağacı”, ” İntizar”. Bu gün televizorda gördüm ki, yenə də “Bir qadın” serialına yazılmış mahnımız verilişdə oxunur. Həm də o mahnıların musiqisini Miriş özü yazıb. Miriş də uğurlu müğənnilərdən, musiqiçilərdən biridir, baxmayaraq ki, özünə bəstəkar demir. Amma müəyyən mahnıları var ki, musiqisini özü yazıb.

Ancaq Nadir Əzimov mənim mahnı yaradıcılığımda ayrı bir yerə malikdir. Mənim mahnı yaradıcılığımı götürsək, onun dörddə biri Nadir Əzimova məxsusdur. Nadir müəllimlə ən gözəl mahnılarımı yazmışam. Təbii ki, onu xüsusi vurğulayacam ki, işbirliyinə necə başladıq.

Onda gənc vaxtlarım idi. Nadir müəllimlə Xanım İsmayılqızı bir yerdə çalışırdı. Həmin vaxt Nadir müəllimə telefon açdım. Həyat yoldaşı, çox sevdiyimiz Lalə xanım ünvanı verdi, onlara getdim. O zaman kitablarım yox idi, sonradan çap olundu. Şeirlərimi adi vərəqlərdə aparmışdım. Şeirlərimi oxudu, çox xoşlarına gəldi. Musiqilər göstərdilər ki, bu musiqilərə sözlər yaza bilərsən? Mənim də heç bir musiqi təhsilim yoxdur. Musiqi təhsili olmadan balvanka yazmaq çox çətindir. O vaxt eşitmişdim ki, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Xanım İsmayılqızı balvankaya söz yaza bilir. Vaqif Səmədoğlunun musiqi təhsili də var. Nadir Əzimovun musiqilərinə, balvankaya Xanım İsmayılqızı xeyli söz yazmışdı. Mənə təklif etdilər, qulaq asdım. Dedim ki, götürürəm. Balvankalara qulaq asdım. Çox xoşuma gəldi. Mahnı məni tutdu. Mahnı məni tutmasaydı, onda yaza bilməzdim. Onlarla 60-dan yuxarı balvanka işləmişəm. Hətta bildiyiniz ən məşhur mahnılarınızın çoxusu balvankadır. “Əlvida, Cəmilə!” mahnısının özü də balvankadır. Sadəcə mənə deyiblər ki, hansı mövzuda olmalıdır. Bildiyiniz kimi o mahnının hekayəsi real həyat hekayəsi idi. Nadir Əzimovla da işbirliyimiz bu cür başladı. Onlarla çox gözəl, dostcasına, əziz adam münasibətimiz yarandı, təkcə şair, bəstəkar münasibəti yox. Onun həyat yoldaşı Lalə xanım, övladları mənə çox doğma olub. Nadir Əzimovu bütün xalq, hamımız çox istəyirik. Çünki Azərbaycanın görkəmli bəstəkarıdır. Onda bəstəkarlıq, musiqiyə bağlılıq kökdən gəlir. Onlarla gec-gec görüşsək də, mənim ürəyimdə onların ayrıca yerləri var.

Bu yaxınlarda Nadir müəllimin 60 yaşı tamam oldu. Fürsətdən istifadə edib, bu münasibətlə ictimai qaydada da təbrik edirəm, təbii ki, şəxsidə təbrik etmişdim.

– Şeirlərinizin birində taledən gileylənirsiniz. Deyirsiniz ki, “tale dərdlərimi çəkməyəcək, o da atacaq məni”. Əli qələmli bir söz adamının taledən, qismətdən küskünlüyü nədəndir?

– Şeirlərinizin birində taledən gileylənirsiniz. Deyirsiniz ki, “tale dərdlərimi çəkməyəcək, o da atacaq məni”. Əliqələmli bir söz adamının taledən, qismətdən küskünlüyü nədəndir?

– Elə əliqələmli adam taledən küsür də. Dünən ingilis dilində olan müsahibəmdə də jurnalist mənə bu sualı vermişdi. Dedi ki,  Rəsmiyyə xanım, kitablarınızın adlarını “Həbs olunmuş sükut”, “Zindan sevinci” qoymusunuz, bu nə ilə bağlıdır, Sizdə niyə bu qədər həyata küskünlük var? Məşhur deyim var: “Ağılını artıran dərdini artırır”. Hər hansı prosesə adi adamlar normal yanaşırlarsa, biz hansısa məsələyə ikiqat ürək qoyuruq. Suriyadan qaçıb dənizdən boğulan uşağa şeir yazan adamam. Türkiyədəki zəlzələdə hamımız təsirlənmişdik… Axı, şairlər ikiqat təsirlənirlər. O təsirlənməni poeziyaya, sözə keçirirlər. Biz o biri insanlar kimi yaşamırıq. Söhbət əsl şairlərdən gedir. Əsl söz adamı, əsl şair o ağrını ikiqat yaşayır. Bizim poeziyamız sevincdən kədərə köklənib. Həyatdan çox ümidə köklənmiş poeziyadır. Həyatın faniliyini çox başa düşürük. Adi insanlar da başa düşür. Amma bizim qədər yaşamırlar. Ona görə də şeirlərimin 80 faizi ölümdən, həyatdan, kədərdən ibarətdir.

– Belə misralarınız var:

Nə yaxşı ki, xəyalın var,

Həsrət hər gün məni yoxlar,

Hicranın atdığı oxlar

Ürəyimdən vurdu məni.

Bu şeiri oxuyanda insanda belə bir fikir formalaşır ki, sevgi məsələsində müəllifin bəxti gətirməyib…

– Əslində, o da hamının verdiyi sualdır. Mən “Əlvida, Cəmilə!” mahnısı da yazmışam. Mən bir qadınam. Cəmilə də bir qadındır. Bu bir oğlan tərəfindən Cəmiləyə etiraf olunan sevgidir. Bir hekayədir. Sifariş almışam və yazmışam. Onun hisslərini özümdə ani olaraq təsəvvür eləmişəm. Ayrılığı necə ifadə etmək olarsa, o cür də ifadə etmişəm. “Yazılan şeirdə müəllifdən nəsə var, müəllifi xarakterizə edir, onun həyatını səciyyələndirir, onu əks etdirir”, – mən onunla razılaşmıram. Təbii ki, onu yaşamadan yaxşı şəkildə çatdıra bilməzsən. Mənim şeirlərim içərisində nə qədər özümə aid olmayan, başqalarının hekayətini əks etdirən şeirlərim, mahnı mətnlərim var. Mənim bir mahnı mətnim var, musiqisini Nadir müəllim yazmışdı. Çox gözəl mahnı mətni idi, Rübabə Qarabağlı oxumuşdu. Sonradan o xanım deyəsən burdan köçüb getdi, Türkiyədə yaşadı. Sənətdən də uzaqlaşdı. Sonrakı taleyin bilmirəm. Hətta ona klip də çəkdirmişdi. “Get, mənim ömrümdən, birdəfəlik get”, – bir evli oğlanla, subay qızın hekayətini anladırdı. Mənə bir xanım danışmışdı, çox duyğulanmışdım. Ona söz vermişdim ki, sənin sevgi hekayətini bir mahnıya döndərəcəm. Yazdım, Nadir müəllim bəyəndi, ona mahnı yazdı. Rübabə Qarabağlı da ona klip çəkdirdi. Onu dinləyənlər elə bilirlər ki, mənim taleyimdir. O mənim taleyim deyildi.

Bayaq oxuduğunuz şeir də mənim tanınmamış şeirimdir. Mənim çox məşhur şeirlərim var: “Qələmin gözündən indi yaş gəlir”, “Bağışlama bizi Vətən”. “Sözümün üstündə durmuşam, Allah”. Hələ mahnıları qoyuram bir kənara. Sadalasam çoxdur. Bu şeiri “İnstagram”da bir səhifədə gördüm. Səhifənin kim tərəfindən idarə olunduğunu bilmirəm, yəni qadındırmı, kişidirmi, gəncdirmi, qocadırmı, bilmirəm. Həmin səhifədə Azərbaycanın tanınmış şairlərinin şeirlərindən verirlər, ya bir bənd, ya da bütöv olaraq. Əsasən də Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənli, Vaqif Səmədoğlu, Musa Yaqub, Ramiz Rövşən, belə deyək də dünyada olan və olmayan tanınmışların, korifeylərin şeirlərini verirlər. Yeganə gənclərdən bir özümü görürəm orda. Gənc də demək olmaz mənə, orta nəsil. Əvvəl bir şeirimi, sonra ikinci şeirimi, sonra da üçüncü şeirimi gördüm. Ən sonda bunu paylaşmışdılar. Fikirləşdim ki, bunu hardan tapıblar, mən bu şeirimi hardasa dərc etdirmişəm və ya etdirməmişəm? Yəqin ki, çap olunub ki, hardansa götürüblər. Demək ki, internetdə görüblər, ordan da bu şeirimi götürüblər. Mən bu şeirimi paylaşdım, gördüm ki, çox maraq çəkdi, nə qədər insan bəyəndi. Mənə çox qəribə gəlir, bəzən heç özüm bəyənmədiyim şeirləri daha çox bəyənirlər.

– Son günlər AYB-də bir çox yazıçılara mənzillərin orderləri təqdim olundu. Yenə də evi olmayanlara ev verilmədi, bəzi şəxslərə isə ikinci, üçüncü dəfə mənzil verildiyi iddia olundu. Sizcə, haqq-ədalət nə vaxt öz yerini tapacaq?

– Çox çətin, çox kədərli sualdı(Gülür.) Ramiz Rövşənə bir sual verirlər ki, sizi sevməyənlər niyə sevmirlər?.. Mənim çox sevdiyim şairdi. Deyir ki, çox kədərli sualdır. Bizi sevməyənlər bizi tanımayanlardır. Bilirsiniz elə biz ömür boyu haqq-ədalət axtarışındayıq də. Ona görə də şeirlərimizdə bu qədər kədər, iztirab var. Bilirsiniz, mənə elə gəlir ki, bu, cəmiyyətin inkişafı ilə bağlı bir məsələdir. Mən də razıyam, evi olan şəxslərə sonradan ev verilməməlidir. Dövlət insana birbaşa ev vermir. Haqqı da olanlar sosial şəbəkədə birbaşa deyir ki, niyə şairlərə ev verilməlidir? Dövlət bazar iqtisadiyyatı sistemində xüsusi kateqoriyalar var. Dövlət onları evlə təmin etməlidir. Canını, sağlamlığını, ömrünü vətən yolunda qurban vermiş, fəda etmiş şəhidlərimiz, hərbçilərimiz, qazilərimiz, müharibə veteranlarımız – ən çox ev almağa onların haqqı çatır. Elə zənn edirəm ki, şairə, yazıçıya, jurnalistə evlər verilməməlidir. Sosial evlər olmalıdır.

Onu da deyim ki, bu haqda mən kitab yazan adamam. Sosial evlərlə bağlı mənim məqaləm dərc olub. Mən bunu layihə formasında işləmişəm. Təəssüflər olsun ki, o da var, müəyyən ədalət prinspi pozulur. Təbii ki, bunun bizim müsahibəmizə adiyyatı yoxdur. O haqda geniş danışmayacam. Düşünürəm ki, sağ olsunlar, verirlər. Təbii, nəzərə alırlar ki, aztəminatlı ailə kateqoriyasındandır. Şairlərin iş yeri yoxdur. Biz onlara ev verilməsini təqdir edirik. Baxmayaraq ki, dövlət bazar iqtisadiyyatı sistemində belə bir şey yoxdur, amma olursa, bu ədalətli formada olmalıdır. O insanlar ki var, villaları, bağ evləri, xaricidə evləri olduğu halda təzədən evə iddia edirlərsə, yalandan min obraza girirlərsə… Jurnalistlərdən kimsə yazmışdı ki, evləri öz adlarından çıxarıb, qohumlarının adlarına keçirdirlər. Sonra da gəlib deyirlər ki, mən şairəm, mənə də ev verin. Mən o insanların nəinki şair olmağına, insaniyyətinə şübhə edirəm. İnsan olan adam, övladıyla kirayədə yaşayan ərsiz qadın daha çox haqq edir onu. Şair, yazıçı, jurnalist niyə fərqləndirilməlidir? Hətta, bu sözlərimə görə, mənə hücuma da keçə bilərlər ki, Rəsmiyyə Sabir bizə belə deyir. Amma mən düşünürəm ki, nə olursa, haqq-ədalətli olsun. Təkrar-təkrar eyni adamlar alır evi, bunu bütün cəmiyyət bilir. Görürsünüz, siyahını heç kəs açıqlamaq istəmir. Əgər hər şey şəffavdırsa, niyə siyahı açıqlanmır? Siyahı açıqlansın, desinlər ki, flankəsin evi yoxdur. Onu deyə bilmirlərsə, demək ki, haqq-ədalət pozulub. Haqq-ədalət pozulursa, o evlər də verilməməlidir.

Əlbəttə, içində inciyənlər də olacaq. Mənim tanıdıqlarım var ki, heç onların evləri yoxdur. Onlara ev verilmədiyi üçün ona görə də ev alanlara  xeyir-dua verənlərdənəm, nə də  o ev alanların davalarına qatılmıram. Əgər doğrudan da evi ola-ola yenidən ev alırlarsa, mən onları təbrik etmirəm. Kimin evi yoxdursa, ev alırsa təbrik edirəm, xeyrini görsün. Təkrarən ev almağı isə çox ayıb hesab edirəm. Özünü şair, yazıçı adlandıran belə etməməlidir. Həmişə şairimiz, yazıçımız ölkəmizin öndə gedən ziyalısı olub. Cəmiyyət onlardan nümunə götürüb. Baxın, sosial şəbəkədə bir-birlərinə nələr deyirlər. Cəmiyyət bunlardan nə öyrənəcək. Bu insanlar hələ özləri özlərinə nəzarət etməyi bacarmırlar. Nəfslərinə belə, hakim ola bilmirlər. Nəfsinə hakim olmayan insanın bizim cəmiyyəti irəli götürəcəyi nə dərəcədə doğrudur?!

– Ümumiyyətlə, indiki dönəmdə Yazıçılar Birliyi deyilən qurumun fəaliyyətini necə qiymətləndirirsiniz?

– Bu mövzu da diskussiya pridmentinə çevirilib. Yəni bazar iqtisadiyyatı sistemində dünyanın hansı ölkəsində Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı dövlətin büdcəsindən maliyyələşir? Ayrıca penklublar var, özləri özlərini maliyələşdirir. Qrant maliyələşməsi əsasında maliyələşirlər. Açığı, mən özümü o proseslərdən uzaqda görürəm. Necə deyim, xırdalamaq istəmirəm. Qurultaydan sonra görün nələr yazıldı. Mən demirəm hamısı düz idi. Amma yazılanların bir qismi də düz idi. Müəyyən şeylər var ki, öndən gedən ziyalı, şair-yazıçı ideal olmalıdır. Əlbəttə ki, əsl şair, yazıçıdan söhbət gedir. İndi şair, yazıçı da olmaq asan olub. Yazıçılar Birliyinə üzv olmaq da çox rahatlaşıb. Mən düşünürəm ki, bu, belə olmamalıdır. Hər adam gedib kiməsə kitab buraxdırırsa, kimsə ona bir şeir düzəldibsə, AYB-inin üzvü olur. Bəlkə də üzv olmağı normaldır. Bilmirəm, nə bilim. Amma biz həmişə fərqli baxmışıq: Yazıçılar Birliyi, böyük bir qurum. Bəzən orda bəzi adamların üzvlüyünü görəndə deyirsən ki, mənim üzv olduğum qurum budurmu? Axı mənim istədiyim bu deyildi.

Bir nümunə deyim. Tələbə vaxtə Akademiyanın qarşısından keçəndə öz-özümə deyirdim ki, görəsən, nə vaxtsa mən burda işləyə bilərəm? Mənə o qədər əlçatmaz gəlirdi. Bir dəfə Xalq artisti Azərin xanımla görüşdük, mənə balvanka gətirmişdi, mahnı yazmalıydıq. İçəri girəndə dedi ki, Rəsmiyyə xanım, bura məbəddir. Bəzən ki, cılız insanları AYB-də üzv görürük, onlar bizim məbədimizi korlayırlar. Mən düşünürəm ki, bəzi insanlar oranı korlamalı deyillər. Ora bizim həmişə müqəddəs baxdığımız bir yer olmalıdır, müqəddəsliyi qoruyub saxlamalıdır, ya da ki, nə bilim, üç nöqtə…

– Son illər xüsusilə də gənclər arasında kitaba maraq yenidən bərpa olunub. Elə yazarlarımız var ki, kitabları böyük tirajlarla satılır. Bu, sizdə də yazıb-yaratmağa həvəs oyadır?

– Mən kimin kitabı satılıb, satılmamağından asılı olmayaraq şeirimi yazıram. Çünki bu yaxşı bir şeydir ki, müəllif öz kitabının qonorarı ilə dolansın. Bunu hamımız bilirik ki, Azərbaycanda elə bir müəllif yoxdur. Ən çox Çingiz Abdullayevi deyirlər ki, xaricdə kitabları satılır, yerdə qalanınə bilmirəm. Bəlkə var, siz deyərsiniz.

Bu yaxınlarda İstanbuldan, beynəlxalq şeir festivalından gəlmişəm. Burda özlərini çox böyük şair və yazıçı hesab edənləri tanımırlar, heç adlarını belə, eşitməyiblər. Utanıram onların adını deməyə. Vallah, orda onları tanımırdılar, amma gənc yazarlarımızın bəzilərini tanıyırdılar. Halbuki tanınmayanlar özlərini şair və yazıçı adlandıraraq imtiyazlara sahibdirlər. Onlara görə çox utandım. Azərbaycan ədəbiyyatı, şairlərimiz, yazıçılarımız, onların əsərləri haqqında danışmağa başladım, dedim ki, informasiyaları olsun. Kifayət qədər də böyük auditoriya idi. Bəlkə də sosial şəbəkədə görmüsünüz.

Mən kitablarıma heç bir vəsait xərcləməmişəm, ya mükafatlar çərçivəsində xaricdə çap olub, bir qəpik də ödəməmişəm… Nə yazıq ki, indi əksinədir. Çoxu özləri nəşriyyata vəsait ödəyir ki, mənim kitabımı dərc elə. Sözlərimə, yaradıcılığıma dəyər verənlər sağ olsunlar, mənim kitablarımı pulsuz çap edirlər. Satıb nəsə qazanırlarsa, onların işidir, mən maraqlanmıram. Cəmiyyətdə qonorar olmalıdır. Mən bu şeir festivalından qonorar da almışdım. Türkiyədəki o ənənə bütün dünyada olmalıdır. Kim kitablarını çox və ya az satır, o da tanışlıqla olur. Kimin çox tanışı varsa, onun da çox kitabı satılır. Bizim ən çox tanınan gənc yazarlarımızdan biri Kəramət Böyükçöldür. Mən həmişə görürəm ki, parklarda kitablarını özü satır. Dövlət bazar iqtisadiyyatı sistemində bu olmamalıdır. İqtisadçı olduğumdan bilirəm. Nəşriyyat o işləri öhdəsinə götürməli, icra etməlidir. Yazar daha böyük işlərlə məşğul olmalıdır. Fundamental işdən ötrü xırda-para işlərlə məşğul olmalı deyilsən. Azərbaycanda biz bunu görmürük. Nə zaman formalaşacaq, onu da konkret deyə bilmərəm.

– Sizcə, müasir ədəbiyyatımızın, poeziyamızın ana mövzusu nə olmalıdır?

– Bizim ən böyük əsərimiz Qarabağı qaytarmaqdır. Mənimlə razılaşa da, razılaşmaya da bilərlər. Mənim üçün bundan gözəl bir şey yoxdur. Qələbənin üstündən 3 il keçir. Hələ biz onun təəssüratından ayılmamışıq. Xüsusən də Xankəndinin azad olması, qələbəmizin tamamlanması – o hisslərin təəssüratı altındayıq. Ən gözəl əsərlər də bu mövzuda yaranmalıdır. İllərlə ermənilərin bizim torpaqlarda etdiklərini ssenari olaraq kağıza köçürmək lazımdır. Bunları bədiiləşdirmək, bədii filmlər, hətta lazım gələrsə seriallar çəkilməlidir. Serial cəmiyyətin daha böyük maraq dairəsindədir. Azərbaycan seriallarını demirəm, amma görürsünüz, türkiyə serialları ərəb ölkələrində, hətta Avropa ölkələrində nə qədər məşhurdur. İtaliyada belə, baş rola nə qədər böyük maraq var. Mən düşünürəm ki, məsələn, Türkiyə bu sahədə çox ciddi irəlləyişlər edib. Bunları dövlət maliyyələşdirib. Mən düşünürəm ki, Qarabağı yenidən qurub, cənnətə çevirəcəyik. Bir daha başımıza gələnləri tarixdə təkrarlanmaması üçün biz onları sənədləşdirməli, bədiiləşdirməliyik. Ədəbiyyat bununla məşğul olmalıdır. Keçmişimizi unudanda gələcəyimiz çox təhlükə altında olur. Yeni doğulan nəsilə yalnız biz onları – Qarabağ, Vətən mövzusunu əsərlərlə, filmlərlə anlada bilərik.

– Necə düşünürsünüz, bu gün hansı yazarlarımızın, şairlərimizin əsərləri dünya dillərinə tərcümə olunmağa layiqdir?

– Şair olaraq bir neçəsinin adını çəksəm, deyəcəklər ki, hə, Rəsmiyyə öz bəyəndiklərinin adını çəkir. Ədəbiyyat bir zövq məsələsidir. Sənətə sənət meyarından yanaşanlardanam. Nəsrlə işim olmasın, poeziyadan danışım. Vaqif Bayatılı Ödər. Dünyadan bizi təmsil edə biləcək yazardır. Çox mütəvazi həyat tərzi yaşayan, qalmaqallardan, davalardan uzaqda qalan, öz böyüklüyünü qoruyan və yaradıcılıqla məşğul olan yazarımızdandır. Mən düşünürəm ki, onun əsərləri, onun poeziyası dünyada bizi kifayət qədər təmsil edə bilər. Niyə Orxan Pamuku bütün dünya tanımalı, Vaqif Bayatılı Ödəri yox? Bəxtiyar Vahabzadənin poeziyası, Nüsrət Kəsəmənlinin poeziyası, Vaqif Səmədoğlu, Ramiz Rövşən… bunlar mənim ruhuma doğma, bəyəndiyim, sevdiyimdir. Rüstəm Behrudi də ola bilər. Ən azından türk dünyasında. Çünki Qazax Azərbaycan türkcəsində çox çətin başa düşür. Türkiyə türkcəsini bir az başa düşürlərsə Azərbaycan türkcəsi çətin olur. Daha çox rus dilində oxuyurlar.

Yeni nəsildən də istedadlı yazarlarımız var. Aygün Həsənoğlu var. Rəfiqəm olduğu üçün demirəm, Aygün həqiqətən də o münasibətə layiqdir. Amma təəssüflər olsun ki, dəyərini almayan, bu gün Azərbaycanda yaşamayan yazarımızdır. Bəzən elə əsərləri çap edirlər ki, dünya o əsərləri tanımasa yaxşı olardı. Bəzən elə yazarlarımız kölgədə qalır ki, demirəm o yazarlar tərcümə olmayıb, o yazarların mən bilirəm ki, bəzi əsərlərindən nümunə tərcümə olunub. Amma bunu kompleks şəkilində etmək lazımdır. Çox qəribə tendensiyanı da deyim. Mən özüm də tərcüməylə məşğul oluram. Məsələn, biz almanaxı çıxardanda Dünya Türk Yazarlar Birliyi olaraq şeirləri biz seçirdik, tərcümə edib, Azərbaycanı dünyaya çıxardırdıq. Azərbaycan poeziyasının tərcümə edənlərin əsas tərcüməçisi bir neçə dostumla mən olmuşam. Birinci və ikinci seriya ilə iki almanax buraxdırmışdıq. Ankarada çap olunub. Deməli, biz neylədik, Azərbaycanın ən yaxşı yazarlarını çıxardıb qoyduq ortaya. O zaman isə gənc yazarlar olaraq proyekt işlədik. Tam təmannasız, bir qəpik almadan. Elə şeylər var ki, sən dövlətin, Vətənin adına edirsənsə, ondan təmanna gözləməyə də ehtiyac yoxdur. Amma indi neynirlər, layihələr var, kimin çevrəsində, dostluğunda, qohum əqrəbasında kimdir, kim kimin ətrafında dolaşırsa onları tərcümə edir, çap edirlər. Oxunmayacaq, vallah, oxunmayacaq. Mənə nə qədər kitablar hədiyyə edirlər. Açıram, məni tutursa axıracan oxuyuram, tutmursa bir iki şeirdən sonra qoyuram kənara.

Bu yaxınlarda Bosniya və Hersoqovinadan olan türkoloq şair, alim Amina Siljak Jesenkoviçin şeirləri məni tutdu. Mən o xanımın şeirlərini öz dilimizə tərcümə etdim ki, görsünlər, belə bir şair var. Bilmirəm, bəlkə də tək-tək onu tanıyan var idi. Amma inanmıram ki, Azərbaycan oxucusu onu tanıya. Mən sosial hesabımda paylaşdım. İndi kim oxuyub, lap yaxşı, şəkli görüb informasiya verirlər ki, belə bir yazar var. Onların içində bəyəndiyim ingilis dilində olan əsərlərini yavaş-yavaş tərcümə edəcəm. Böyük əksəriyyət özünə yaxın olanları Azərbaycandan ingilis dilinə çevirir, ədəbiyyatın keyfiyyəti qalır o tərəfdə. Hərə özünü, ya da öz çevrəsini təqdim edir.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Qafqaz.media

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.