Ana səhifə SÖYLƏŞİLƏR Aqşin Dadaşoğlu: Söz həmişə dünyanı idarə edib – MÜSAHİBƏ

Aqşin Dadaşoğlu: Söz həmişə dünyanı idarə edib – MÜSAHİBƏ

Müəllif: Bizim Yazı
105 baxış

Bizimyazı.az çağdaş poeziyanın parlaq imzalarından olan neftçi-şair Aqşin Dadaşoğlu ilə müsahibəni – ovqat gəzişmələrini təqdim edir.

-Salam, şair, necəsiniz?

-Salam. Təşəkkür edirəm yaxşıyam.

-Biz sizi tanıyırıq. Amma yenə də “Aqşin bəy kimdir” sualına qısa da olsa cavab verərdiniz…

-Mən Aqşin Dadaş oğlu Buliyev 1969-cu il iyul ayının 1-də Xaçmaz rayonunun Bostançı kəndində traktorçu ailəsində anadan olmuşam. 1996-cı ilin aprel ayından SOCAR-ın “Neft Daşları” adına Neft və Qazçıxarma İdarəsində ET və EA sahəsinin Şəbəkə rayonununda briqadır vəzifəsində işləyirəm. Ədəbi cameədə Aqşin Dadaşoğlu imzası ilə tanınıram. 2012-ci ildə ”Güzgüdə əksim ağlamır” adlı şeirlər kitabım çapdan çıxıb. Hazırda daha üç kitabım çapa hazırdır. Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvüyəm. Evliyəm. 2 övladım, 3 nəvəm var.

-Yazarlıq irsidirmi, yoxsa şəxsin özündən başlayır?

-Qəti olaraq deyə bilərəm ki, bütün istedadlar hər hansı bir nəslin, şəcərənin içərisində genetik olaraq ötürülür. Biz ata-anamızdan aldığımız bu ömür payını öz övladlarımıza ötürmək məsuliyyətini daşıyırıq. Genetik olaraq ömür payının içində nə varsa, biz onu yaşayırıq. Alın yazısı, tale yazısı kimi sözlərin mənası ömür payının içində kodlaşdırılıb. Yəni yaşadığımız ömür payı həm mənim, həm də ulu babamın mənə ötürdüyü ömür payıdır. Mənim rəhmətlik böyük əmim Habil müəllim olub. Amma həmişə onu şair Habil kimi tanıyıblar. 1937-ci ildə onu millətçi şeirlərinə görə zəhərləyib öldürüblər. Rəhmətlik böyük qardaşım Maqsud da gözəl şeirlər yazardı. Əmim nəvəsi Cavanşirin də yaxşı istedadı var. Hərdən gözəl şeirlər yazır. Və ona görə də əminliklə deyə bilərəm ki, istedad irsidir və irsi olaraq da davam edir.

-Aqşin bəy, sizin üçün söz nədir?

-Dünyanın bütün dini kitablarında ilk yaradılmış məfhumun söz (səs) olduğu bildirilir. Müasir elmin bizə bildirdiyi “Big Bang – böyük partlayış” hadisəsinin də kökündə səs dayanır. Harada səs varsa, orada eşidilə biləcək və ya eşidilə bilinməyəcək söz var. Mənim üçün söz dünyanın ən qüvvətli, ən cəsur cəngavəridir. Qədimlərdə söz ilə ölkələri, qalaları fəth eləyiblər. Dünyada istedadlı adamların ən böyük istəyi söz sahibinə çevrilmək olub. İnsanlar ta qədimdən söz sahibi olmağa can atıblar. Ağıllı hökmdarlar həmişə sözə hakimiyyət, dahi yazarlar isə can, gözəllik veriblər. Ağıllı insanın beynindən süzülüb gələn Söz həmişə dünyanı idarə edib və etməkdədir.

-Bu cavabınız lap fəlsəfə oldu. Siyasətlə də maraqlanırsınız, razı olamadığınız məqamlar nələrdir?

-Bəli, siyasətlə maraqlanıram və hər bir seçki hüquqlu Azərbaycan vətəndaşının siyasətlə maraqlanmasını arzulayıram. Dəqiq bilirəm ki, inkişaf etmiş və etməkdə olan ölkələrdə insanların rahat və xoşbəxt yaşamalarının səbəbi o insanların öz ölkələrində baş verən siyasi proseslərə biganə qalmamalarıdır. Məsələn, hər seçkidə iştirak etmək, iştirakdan əlavə verdiyi səsin arxasında durmaq, hüquqi və qanuni yolla onu qorumaq inkişaf etmiş ölkələrdə hər bir vətəndaşın yazılmamış vəzifə borcudur. Ümumilli liderimiz Heydər Əliyev deyirdi ki, ”demokratiya savadlı xalqın hakimiyyətidir”. Bu dahi insanın yerində və dəqiq deyilmiş bu fikrinin əleyhinə olaraq ölkəmizdə xalqın savadlı olmasını istəməyən çox sayda qüvvələr var. Bu qüvvələr əllərində olan kütləvi informasiya vasitələrindən, internet resurslarından istifadə etməklə xalqın savadlanmasının qarşısını alırlar. Necə deyərlər, savadsız kütləni idarə etmək daha asandır.

-Layiq olduğunuz yerdəsinizmi?

-Sanıram ki, ölkənin ən böyük şirkətinin işçisi kimi layiq olduğum yerdəyəm. Şair kimi isə layıq olduğum yeri gələcək nəsillər müəyyən edəcək.

-Şəxsinizə göstərilən münasibətdən necə, razısınız?

-Mən hər hansı gərəksiz münasibətdən qaçan adamam. Bu baxımdan bəzən insanlarla münasibət qurmaqda çətinlik çəkmişəm. Ona görə həyatda çox az sayda dostum var. Məni tanıyanlar qaraqabaq, acıdil adam kimi səciyyələndirirlər. Olsun, narazı deyiləm. İnsanlara qarşı münasibətim kontekstindən baxanda şəxsimə münasibət yaxşıdır.

-Heç qınandığınız məqamlar olurmu?

-Olub. Ən çox da ömründə bir kitab belə açıb oxumayan adamlar tərəfindən qınanıram.

-İradları qəbul edə və ya irad bildirə bilirsiniz?

-Həmsöhbətim məndən savadlı və istedadlıdırsa, onun haqlı iradlarını qəbul edirəm. Özüm isə ancaq anlayan, qanan adama iradımı bildirə bilərəm. Yəni nadanı başa salmaq qarışqanı minməkdən çətindir.

-Özünüzdə sevmədiyiniz xüsusiyyətlər var?

-Az öncə dedim, insanlarla münasibət qurmaqda çətinlik çəkirəm. Hərdən güzgüyə baxaraq öz-özümü danlayıram ki, bu qədər özündən razı, təkəbbürlü olma.

-Aqşin bəy yazmasaydı nə edərdi?

-Yəqin ki, Aqşin bəy yazmaya bilməzdi. Əgər yazmaq eşqi Tanrı tərəfindən mənim genetikama yüklənibsə, deməli yazacaqdım. Əgər şair olmasaydım yəqin ki, rəssam, ya da heykəltəraş olardım. Ya da bəstəkar. İncəsənətsiz və kitabsız özümü təsəvvür edə bilmirəm.

-Tarixi sevirsiniz?

-Tarix ən çox sevdiyim sahədir. Ona görə də tarixi hadisələrdən bəhs edən bədii kitabları oxumaqdan zövq alıram.

-Gənc qələm sahiblərinə kömək etmisiniz heç?

-Kömək dedikdə istedadlı gənclərə həmişə mənəvi dəstək olmuşam və olmaqdayam.

-Bu gün hansı müəllifləri oxuyursunuz?

-Bu yaxınlarda ingilis yazıçısı Corc Oruellin “1984” kitabını ikinci dəfə oxuyub qurtardım. Hazırda Hüseyn Nihal Atsızın “Bozqurdlar” kitabını yenidən oxuyuram. Ümumilikdə isə fəxrlə deyə bilərəm ki, çox sayda kitab oxumuşam və oxuduğum kitabların sayını unutmuşam. Demək olar ki, hər gün oxuyuram və kitab oxumaq mənim ən böyük hobbimdir.

-Mənəvi dəyərləri necə qoruya bilərik?

-Televiziyalarımızda mədəni, siyasi, ədəbi verilişlərin sayını artırmaqla. Bir də insanın sosial qayğıların əlindən qurtulub öz mənəvi dəyərləri haqqında fikirləşməyə vaxtı olmalıdır. Bütün günü bir tikə çörək qazanmaq arzusunda, fikrində olan adamların mənəvi dəyərlər haqqında düşünməyə vaxtı olmur. Ümumiyyətlə, bizim mənəvi dəyər dediyimiz məfhumun özü kütlənin, xalqın yazılmamış qanunlar toplusudur. Məsələn, qədim türk tayfalarında “Türk törəsi” deyilən qanunlar vardı və bu qanunlar Orxon-Yenisey abidəsindəki qısa yazıları çıxsaq, yazılmamışdı. Mənəvi dəyərlərimiz həmin türk törəsindən bu günümüzə qədər gəlib çatan fikirlər, qanunlardır ki, biz onu yaşatmağa çalışırıq.

-Şair, sevməkmi, yoxsa sevilməkmi?

-Sevmək gözəldir. İnsan heç vaxt necə sevildiyini dərk edə bilmir, amma necə sevdiyini dərk edir, anlayır. Deyərdim ki, sevgi Tanrının yer üzündə yaşayan bütün canlılara bəxş etdiyi ən gözəl hissdir.

-Tarixdə 100 il öncə yaşasaydınız bu günün Sabiri, Nəsimisi ola bilərdinizmi?

-İnanmıram ki, Sabiri, Nəsimisi ola bilərdim. Amma yəqin ki, ən azı saray şairi olmayacaqdım.

-Sevdiyiniz şeirlərinizdən bir bənd istəsəm?

-Sözündən böyük adam yox,
Hər adam sözü boydadı..
Bütün ölçülər dəyişər,
Bir Allah özü boydadı.

-Ünvanlı yazdığınız yazılar varmı?

-Çox deyil, amma var. Ruhumun diktəsi ilə sevdiyim xanıma şeirlər yazmışam. Vəzifəli şəxslərə ithaf şeiri yazan şairlərin isə şairliyinə şübhə ilə yanaşıram. Şeir şairin ruhundan süzülüb gəlməlidir. Hər hansı şairin ruhundan icra hakimini tərənnüm edən şeir süzülürsə, bu, sadəcə o ruhun şairə yox, yaltağa aid olduğunu bildirir. Bu qədər bəsit.

-Övladlarınıza bağlı atasınız, onlar üçün atdığınız hansısa addımı geri götürmüsünüz?

-Şəraitə və imkana uyğun olaraq, bəli. Biz valideyn olaraq istəyirik ki, övladlarımız dediyimiz, buyurduğumuz kimi yaşasınlar. Qəribəsi budur ki, hər hansı totalitar cəmiyyət də bunun belə olmasını istəyir. Mən istəyirəm ki, valideynlərin övladlarıyla bağlı verdiyi hər hansı qərar onların azadlıqlarını məhdudlaşdırmasın. Övladlarımızın, gənclərimizin az da olsa səhv eləmək hüququ var, amma onların bizim beynimizlə fikirləşmək kimi bir məsuliyyəti yoxdur.

-Qəlb qırmısınız?

-Bəli. Bilmədən olub, amma olub. Sonra bunun əziyyətini qəlbi qırılandan daha çox özüm çəkmişəm. Bir də ki, söz adamlarının sözdən başqa nəyi olur ki? Şair öz sözü ilə müdafiə olunur. Güclü söz isə qəlbi qıra bilər.

-Xaçmazda yaşamasaydınız, harada yaşayardınız?

-Yəqin ki, Mərdəkanda. Oranın havası gözəldir.

-Məktəb dərsliklərində yazıları bəyənirsiniz?

-Xeyr, bəyənmirəm. Amma son illərdə dərsliklərlə bağlı müsbət dəyişikliklər hiss olunur.

-Həyatın mənası nədir?

-Həyatın mənası sevə-sevə, hər anının qədrini, insana ayrılan ömür adlı bir yolun qiymətini anlayaraq və zamanı dəyərləndirərək yaşaya bilməkdir. Ata-anamızdan bizə ötürülmüş ömür payını şərəflə yaşayıb özümüzdən sonrakılara ötürə bilməkdir həyat.

-“Ən böyük arzum budur” dediyiniz məqam olubmu?

-Gəncliyimdə arzularım çox idi. Amma insan yaşlandıqca arzuları, istəkləri də azalır. Bəli, arzular tükənmir, amma cüzi də olsa azalır. “Ən böyük arzum budur” dediyim məqamlar olub. Məsələn, Qarabağın azadlığını arzulamışam, sonra Qarabağda müharibədə döyüşən oğlumun və bütün hərbçilərimizin sağ-salamat qayıtmalarını arzulamışam. İndi isə dünyaya sülh arzulayıram.

-Sonda mənə hansısa sualınız varmı? Müsahibədən razı qaldınız?

-Suallarınız çox düşündürücü idi. Cavab vermək üçün xeyli düşündüyüm suallar oldu. Çox sevincliyəm ki, ölkəmizdə sizin kimi savadlı və istedadlı gənclərimiz var. Sizə uğurlar arzulayıram. Çox istərdim ki, belə müsahibələrdə incəsənətin digər sahələri, məsələn, rəssamlıq, bəstəkarlıq, heykəltəraşlıq üzrə də suallar olsun.

Gülnar SAMİLQIZI

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.