Ana səhifə AŞIQ SƏNƏTİ AĞIR AŞIĞIN VƏFATI DA AĞIR OLUR

AĞIR AŞIĞIN VƏFATI DA AĞIR OLUR

Müəllif: Bizim Yazı
261 baxış

…Telefonuma zəng gəldi. Ustad aşığımız Əli Ürfanın adını görüb sevindim. Ancaq… hanı, Aşıq Əlimi var? – Ustadın səsinin şövqündən əsər-əlamət yox idi. Dedim: – Əmi, deyəsən nəsə olub? “Olub” dedi… “ölüb” deyəmmədi. Bizim Mülkülü Aşıq Firdovsi qəzaya düşüb, yamanca isinişmişdim, əmi, beçərənin (=biçarənin) əllicə yaşı güjnəncik olardı. Onun ölümünə görə sinəmə üç yarpaq yanğılı söz qonub, onu oxuyum, beçərə Gülbənizə təskinlik kimi bir yerlərdə yayınlayarsan, dedi.

Aşıq Firdovsinin  qəzalı ölümünə ithaf olunmuş üç yarpaq söz

ÜSTƏ

Qəza qılıncını çəkdi dostuma
Qar yağdı çiçəkli bağımın üstə
Fələk dağ basmışdı sinəm üstünə
O, da bir dağ basdı dağımın üstə.

Əcəl Firdovsiyə amansız oldu>
Biçarə Gülbəniz saralıb-soldu
Bir hicran yanğısı qəlbimə doldu
Od salıb yandırdı yağımın üstə.

Əliyəm, bir əhdim, bir diləyim var
Onu bağışlasın bir pərvərdigar
Sazınnan-avazı qaldı yadigar
Özü daşa döndü torpağın üstə.

***
Yaxşı tanıyırdım aşıq Firdovsini. İlk dəfə dosdum Ramin Cilovdarlının toyunda, Sazı Sinəsində müstəkam olanda tanımışdım onu. Kim deyərdi ki, sazı sinəsində müstəkam olanda dünyaya sığmayan aşıq Firovsi tabuta sığıb gedəcək. Sənətinin bala-bəhməzə dönən vaxtında bəxti söndü, taleyi döndü Firdovsinin. Əhli-hallar bir yana, uşaqları da kövrəltdi onun getməyi. Əsl aşığın ölümü zulum olur sənət xiridarlarına . Qədim oğuz yurdu olan Tovuzun işığında onun Sənətindən də az pay düşməmişdi. Hamısını yığıb getdi….Axırıncı dəfə bu yay Tovuzun vağzalında görüşmüşdük. Halı yaman hal görünürdü. Bəlkə də taleyin işindən xəbərdarmış deyə xəlvəti-xəlvəti köçünü tuturmuş. Onun qədər Tovuz torpağının ləzzətini tuta bilən çox az adam olar. Onçun da doğma Tovuz torpağına qarışdı. Tovuzun Hüseyn Bozalqanlı uyuyan sufi torpağına. Firdovsi elə sağlığında da bir ovuc gəzərgi Tovuz torpağı idi. Allah rəhmət eləsin. Qəbri nurla dolsun. Təskinliyimiz bir odur ki, bizi ayıran zaman əslində bizi bir-birimizə qovuşdurur.

Yanğı ilə
Həmid ORMANLI

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.