Ana səhifə BAŞ YAZI VAXT VƏ BAXT SINAĞINDAN KEÇƏN ŞAİR

VAXT VƏ BAXT SINAĞINDAN KEÇƏN ŞAİR

Müəllif: Bizim Yazı
311 baxış

Müdrik babalarımız Tanrıya dua edib üç şey diləmişlər: güc, səbir, bir də müdriklik. Gücü ona görə istəmişlər ki, dünyada dəyişə biləcəklərini dəyişməyə qüvvələri çatsın. Səbri ona görə diləmişlər ki, dəyişməyə iqtidarı, gücü çatmayacaq şeylərə dözə bilsinlər. Müdrikliyi onunçün istəyiblərlər ki, birincilərlə ikinciləri dəyişik salmasınlar, onları bir-birindən ayıra, seçə bilsinlər.
Elman Tovuzun acılı –şirinli, nisgilli – göynərtili, Dərdin Dağını yaradan, amma həyat eşqi bitməz-tükənməz poeziyası ilə tanış olarkən biz də Tanrıdan o qədim duadakı üç şeyi dilədik: güc, səbr və müdriklik. Amma nə dünyanı dəyişməkçün, nə dəyişə bilmədiklərmizə səbr edə bilməkçün, nə də onları dəyişik salmamaqçün… Bu, “vüsal pıçıltılı”, “həsrət haraylı” poeziyanın, dörd əllə dərd oynadıb fələklə nərd atan sənətkarın qüdrətini anlaya bilmək üçün, anlada bilmək üçün…

Göz yaşı yuya bilməz,
Dərdim tökmədi mənim!
Hər gələn duya bilməz,
Dərdim köhnədi mənim.

-deyən, E.Tovuz, qaynasa da çökməyən dərdin əlindən çəkdiklərini heç Dərd özü də çəkməyib. Bu yerdə Che Guevanın sözlərini xatırladım: ”Həyatın şərtlərini dəyişdirə biləcək qədər güclü deyiləm, amma şərtlərə boyun əyməyəcək qədər güclüyəm.” Həyatın şərtlərinə, taleyin yazısına boyun əyməmək onun yaradıcılığının ana nöqtəsini təşkil edir.

Elə bilmə qardı yağan —
Ağarıbdı saçım mənim.
Gözlərimdən qordu yağan,
Göynədikcə içim mənim.

Oxucunun sənətkarlıqla yaradılmış sənət nümunələrinə vurğunluğu, əslində, bu əsərlərdəki mənaya, qəlbə, ruha heyranlığındandır. Kəməndi ələ gəlməyən, ömrü fələyin çarxına düşən, büdrəyəndə özünü sevda arxında tapan şairin eşqə səyahəti qeybdən başlayır. Lakin bu qeyb, reallıqdan kənarda deyil. “Elman Tovuz dünyası” yaratdığı söylənilən şair, böyük insanlara məxsus təvazökarlıqla, saf aləminə səslədiyi oxucusuna pıçıldayır ki, beş- on cızmaqara eləmişəm və dost-tanışın dediyinə görə, “guya, sözlə azca aram var mənim.” Bu arada kədər yüklü, qəm naxışlı yazılarına görə oxuculardan üzrxahlıq edir şair.

Şeir – səma, şeir –dərya, şeir – çöl,
Şeriyyətin yox bucağı, yox ucu…
Mənim şerim – dağ kəndindən gələn yol
Yormaz səni, qorxma, yeri, oxucu.

Xəlil Cibrana görə :–“Həqiqət iki insana möhtacdır: biri onu dilləndirənə, digəri isə onu anlayana.”
Elman Tovuz məhz həqiqəti dilləndirən şairdir. Şeirləri ilə deyil, onları yaradan fikirlərlə həmsöhbət olan, ruhu “Yetim segah”a köklənmiş bu adam, öz dərdini oxucuya “yamamır”. Eyni zamanda onu gizlətməyə, pərdələməyə də çalışmır. O qədər həssadır ki, bu mövzuya, hətta dəliqanlıya xoş olsun deyə, kitabını vərəqləyib şeir gəzən qıza belə deməyi unutmur:

Kədər topa-topa, qəm yığın-yığın
Yazmışam tufanla, yağışla, gözəl.
Yoxdur bu kitabda sən axtardığın,
Sən Allah, sən məni bağışla, gözəl.

“Şairlər dərd əhlidir”- deyənlərə “Mən bu dərdi tapmamışdan da yazırdım” söyləyən şair, yoluna daş-kəsək atan azmış kimi, onu hədəfləyən fələyə, gəzə bilmədiyi yollara, ulduz dərə bilmədiyi o məchul qıza təsəllini yenə özü verir:

Məni bir Habilin dizi üstdəki,
Bir də içimdəki kaman ağladır…

İşıq dolu poeziyasının sirlərindən birinin cavabına müsahibələrində rastladıq, Elman Dədənin. “Şerlərimlə daha çox onların ahəngini, axıcılılığını, asan tələffüzünü və s. bir daha nəzərdən keçirmək üçün əksər hallarda sazla müşayiət edərkən həmsöhbət oluram”. Amma ən böyük gücü, əlbəttə doğma dilimizin istifadə imkalarını açmasıdır, fikrimizcə. Ana dili E.Tovuz şeirlərində dil açır sanki. Poetik imkanların istifadə hüdudları da genişdir. Amma dil “qanadlı”dır, qalxıb qabarır, dərya kimi ləngər vurur. “Ədəbi vicdanı olan” heç kəs ritm, intonasiya, obrazlar sistemi, söz təzəliyi, deyim tərzi, ifadə orijinallığı ilə seçilən bu poeziyanın bənzərsizliyini təkzib edə bilməz:

Sən getdin, saraldı bir günə gülüm,
İstəməm solasan bir gün, a gülüm.
Mən aşiqəm bir günə,
Bir gecəyə, bir günə.
Ağlar qalsın zəmanə,
Qoyub məni bir günə…
Yüz gecə qurbandı bir günə, gülüm,
Zülmətdən əlini üz, günə qayıt!

Zəngin təsvir və təsəvvür verən bədii portretlər E. Tovuz yaradıcılığının canına- qanına elə hopmuşdur ki, idrakdan kök alan bu bədii təfəkkür məhsulundan danışmamaq olmaz. Portret poetikasına görə “lirik ricət, müəllifin epik reportajvari təsviri, məcazlaşdırma, təqdimin lirik hissi emosionallığı, təşbeh və ştrixlə canlandırma, analoji təhlil və bədii müqayisə vasitəsi ilə canlandırma” (İsmayıl Vəliyev. Ədəbi portret və xarakter.) poetik portretləşmənin əsas xüsusiyyətidir. Hər şeirində bədii lövhə, bədii portret, yüksək informativliyə malik müəllif təsviri yaradan şairin, bircə poetik nümunəsinindəki, əslində təfsilata ehtiyacı olmayan mənzərə yaratmaq bacarığına nəzər salaq:

Məni ürəyində dəfn elə, gülüm,
Dəfn elə, yerimi bilən olmasın.
Bağla qəlb evinin qapısını da,
Məzarım üstünə gələn olmasın.

–deyən lirik qəhrəman, məzarıma əkdiyin gülləri də, silmədiyin göz yaşıyla sula– deyib, şeirin obrazına bir az da həzinlik gətirir. Amma bu dünyadır– “Ölənlə ölünmür, gedənlə gedilmir”. Qəlb evinin qapısını bağla, ora girən olmasın — desə də, bir narahatçılığı var, könül aşiqinin. Odur ki, elə bir bədii lövhə yaradıb, mənzərə canlandırır ki, bir anlıq cismi halını itirib, ruh halına keçir, oxucu. Sözün heykəlinin qabağında donub qalır…

Yaxın düşən olsa, işdi gizlicə,
Qəbrimdən keçəcək qəlbindən keçən.
Görüb məzarımı ürəyindəcə
Bir daha dərdindən ölən olmasın.

Böyük folklorşünas alim, muəllimim Mürsəl Həkimovun mühazirələrin birində qəmli-qəmli “Mən “Dilqəmi” çalınanda qəbrə salladılan Dilqəmi görürəm”- deməyini unutmamışam. Nədənsə, bu gözəl poetik parçanı oxuyanda mənə elə gəldi ki, “Dilqəmi”ni eşitdim…
Az sözlə bütöv bir tablo yaradana “Nə oldu tapanda gözü dörd idin, atanda gözünü yumub atırsan?”, “Səni xatirələr daş-qalaq eylər,–Qayıtma o məni atdığın yerə…”, “Yağ-bal adı ilə göndərilənlər, anamın şorunun dadını vermir”, “Yaralı qartalam – ayağı bağlı, Sən isə uçursan qaranquş kimi”, “Kefimdən gəlmirəm yanına sənin, Mən sənin əlindən sənə qaçıram”, “Nə “gəlim” deməyə gümanım yoxdu, Nə əlin əlimdən gül alasıdı”, ”Mən səndən qaçmağa yer axtarırkən, Sən məndə gizlənə bilmisən–əhsən!”, “Bu, sevgi deyilən nəymiş, İlahi, Yar canım olunca, can yarım oldu.” və s. bu kimi poetik nümunələr, həm də ədəbi kamilliyin əsas şərtlərindən olan forma və məzmunun, məna və emosiyanın vəhdətini də ortaya qoyur.
Şairin ən böyük qüdrəti təkcə könül kövrəkliyi, avaz yüyrəkliyi ilə ruhumuza hopan, minilliklərdən boy göstərən xalq hikmətlərindən istifadə deyil, həm də bu zəngin xəzinəyə öz töhfəsini verməsidir: “Atalı-analı olsa da insan, Yenə də yetimdir Vətən olmasa.”, “Dərddən çəkdiklərimi, Dərdim çəkmədi mənim.”, ”Dərmanın içində bəlanın özü, Bəlanın içində çarə varıymış.”, ”Dünən bu dünyanın yiyəsi səndin, Bu gün bu dünyaya qonaq kimisən.”, “Qorxuram bir xətər yetirə sənə, Ürək dərmanı da ata bilmirəm.”, “Nə deyirik – balabanda deyirik, Tütək bizdən inciməsin, neyləsin?”, “Biz ki, ev yıxmağa alışmamışıq, Barışıb yıxmayaq dərdin evini…”, “Anası layladır, atası sevgi, Bəs nədən yetimdir, bu segah belə?”— sırasını artırdıqca şirinliyindən doymadığımız belə xəlqiləşmiş E.Tovuz aforizmləri, bu baxımdan, onun yaradıcılığının üfüq genişliyinin göstəricisidir.
Səmimiyyət qəlbin, həqiqət zəkanın böyüklüyünü əks etdirir. (N.Şəmsizadə) E.Tovuz, lirik sevgi şerlərində nə qədər səmimidirsə, Vətən ağrısı ilə göynəyən ürək çırpıntılarında, bir o qədər acı həqiqətin yanındadır:

Ata bilməsəm də mən
“Əlil” arabasını,
Tutan deyiləm də heç,
Köhnə ilin yasını…
Qarabağdı dilimdə –
Ondan böyük yaram yox.

Şeirlə Vətənin coğrafi xəritəsini çəkə bilən şair (“Gəlirəm”), el-obanın bayram qarşılayıb sevindiyi günlərdə belə, Xankəndi, Xocalı, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər, Ağdərə,Ağdam,Cəbrayıl,Füzuli, Qubadlı, Zəngilanla hal-əhval tutur, onlarsız keçən bayramı özünə haram sayır(“Bayramınız mübarək”).

Bax, “təzə il” gələn kimi,
Sözdən bir “yolka” bəzəyib,
Ən hündürdən qeyrət asdım.
Gözə girən hər budaqdan
Rəngli işıqlar əvəzi,
Çılpaqca həqiqət asdım…
Tanrı da baxıb göylərdən,
Bu yalana bar vermədi.
Qara üzümə çəkməyə
Bircə ovuc qar vermədi…

Arxa-arxaya verib düşmən tapdağına dözən, yad əllərdə ola-ola bizdən daha “mehriban, həmrəy olan” əsir dağlarımızı yada salan, qəlbi Vətən həsrətilə çırpınan E.Tovuz üçün “Bir qayanın ortasında yorğun dizik –Vətənsiz.”
Vətənin gözəlliklərini başının tacı sayan müəllif, onun təbiətini, dağını, daşını , meşəsini, otunu, çiçəyini , yiyəsiz quşunu, arısını , çölünü, düzünü, yolunu və s. vəsfə çəkməkdən yorulmur. Şairlik onun da ”stixiyası” olduğundan, gözəl bilir ki, Vətəni sevmək, yalnız torpağı deyil, onun üstündəkilərini də sevməkdir. Ədəbiyyatşünasların dili ilə desək, “Sənətkar insan varlığı və aləmi ilə məşğul olduğuna görə, bu varlığın zəruri məqamı sayılan məkan durumu, zahiri hüdudları ilə də məşğul olmalıdır”(M.Baxtin.)
Poeziyası — təbiət təravətli, saz musiqili, saf nəsihətli, poetik tutumlu şair E.Tovuz “yerlə, göylə əlləşməsə” də, yeri, göyü — sətir-sətir, misra-misra söz boğçasına yığa bilən böyük söz ustası, söz sənətkarıdır.

Ay Elman, sən deyən haqqın səsidir,
Şeir – kainatın “SÖZ” nəfəsidir…
Dünyanın ən böyük möcüzəsidir –
Milyonlar yığışar söz işığına!

Həyat bir pianodur. Ağ dilləri xoşbəxtlik və sevinc, Qara dilləri isə qəm, kədərdir. Amma yaxşı musiqi ifa etmək üçün hər ikisinə toxunmaq lazımdır – deyirlər. Vaxt və Baxt sınağından keçən Elman Tovuz məhz ağ və qara dillərin yaratdığı əvəzsiz musiqisi ilə qəlbləri sehrləyir. Bir yeniyetmə qədər utancaq, bir ahıl qədər müdrik bu söz adamının şeirlərində pozitiv enerji o qədər müsbət aura yaradır ki, tanış olan oxucu daim o işığa can atır. İradə və əzmkarlıq mücəssəməsidir E.Tovuz — həm həyatda, həm poeziyada.
Böyük şairimizə Ulu Tanrıdan şəfalar diləyir, saf sözü, özünəməxsus ədəbi nəfəsi ilə çağdaş Azərbaycan poeziyasını yeni-yeni töhfələrlə zənginləşdirməsini arzulayırıq.

GÜNAY ŞİRVAN
Rusiya Federasiyası, Voronej şəhəri
7 yanvar 2013

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.