Ana səhifə İCTİMAİ Türk şəhidi Xəlil Məmməd oğlu

Türk şəhidi Xəlil Məmməd oğlu

-Günay RZAyeva yazır

Müəllif: Bizim Yazı
262 baxış

Türk şəhidi Xəlil Məmməd oğlu

Qafqaz İslam Ordusunun əsgəri olmuş

Xəlil Məmmədoğlunun əziz xatirəsinə ithaf olunur.

 

  Azərbaycan xalqı bir çox ağır müharibələrin şahidi olmuşdu. Bu döyüşlər əsirlər boyu xalqımızın taleyində öz mənfi təsirlərini açıq şəkildə biruzə verib. Ancaq, XX əsrin əvvəllərində baş verən ağır müharibə ilə yanaşı xalqımıza qarşı olan soyqrımın acı xatirələri millətimizin qan yaddaşına yazılmışdır. Buna misal olaraq tarixə “Mart soyqrımı” kimi düşmüş 31 Mart 1918-ci ildəki hadisələri göstərmək olar. Belə ağır zamanda öz vəziyyətlərinin çətinliyinə baxmayaraq qan  qardaşlarının köməyinə tələsən Osmanlı dövləti Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərmişdir.

“Osmanlının hərbi naziri olmuş Ənvər paşanın qardaşı Nuru Paşanın (Nuri Kıllıgil) rəhbərlik etdiyi Qafqaz İslam Ordusu 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasında yaxından iştirak etmişdir. Qafqaz İslam Ordusu Azərbaycanda möhkəmlənməyə çalışan erməni, ingilis və rus bolşeviklərinə qarşı inamlı mübarizə aparıb, öz canı və qanı bahasına Azərbaycanı xilas etmişdir. Nuru Paşanın ordusunda döyüşənlərin bir hissəsi Osmanlı türklərindən ibarət könüllülər olmuşdur.” .[1]

Nə az, nə çox düz 103 il əvvəl Türk qardaşlarımızın fədakarlığı nəticəsində Bakı işğaldan azad olaraq yeni yaranmış ADR-nın paytaxtına çevrildi.

“Qafqaz İslam Ordusunun bu hərəkatının siyasi, əsgəri, ictimai və s. kimi tarixi əhəmiyyətə malik nəticələri olmuşdur. Lakin onun ən ümdə və önəmli nəticəsi yeni qurulan Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənib bərqərar olması və onun torpaq bütünlüyünün təminidir. Bununla bərabər digər bir nəticəsi isə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və inam duyğularını sarsılmaz bir şəkildə möhkəmləndirməsidir.” [2].

Bu müharibədə Nuru Paşa ilə birgə fədakarcasına döyüşən ordunun cəsur əgərlərindən biri də məhz Xəlil Məmmədoğlu (Halil Mehmetoğlu) olmuşdur.  1918-ci ildə Bakını işğaldan azad edən qəhrəmanlar sırasına daxil olan Xəlil Məmməd oğlu 10 aprel 1894-cü ildə Türkiyənin İzmir şəhərində anadan olub.

                   

 

 

 

 

 

 Şəkil 1.

Xəlil Məmmədoğlu (Halil Mehmetoğlu)

(10.04.1894-22.0.1981)

 

O, 18 yaşında I Dünya müharibəsində əmiləri ilə birgə döyüşə başlamasına baxmayaraq, müharibənin getdiyi ağır zamanda əmiləri yaralanıb geri dönsələr də, Xəlil Məmməd oğlu isə, döyüşü yarım qoymayıb Nəcəf şəhərinə kimi gəlir. Burada Nuru Paşanın komandanlığı altında olan ordu hissələrinə qoşularaq, Azərbaycanın düşməndən azad edilməsi üçün Göyçay istiqamətində yola çıxırlar. Burada çox ağır döyüşlər baş versə də, düşməni məğlub edərək digər işğalda olan ərazilərə hücuma keçirlər.

Bir çox silahdaşı bu mübarizədə şəhid olsa da, Xəlil əfəndi sağ qalır və qazi olur. Nuru Paşanın qoşunu Azərbaycanı azad etdikdən sonra, döyüşdə qazi olmuş sərkərdələrin bir hissəsi Türkiyəyə geri dönsə də, Xəlil əfəndi Azərbaycanı özünə vətən seçir. İlk öncə, Göyçay şəhərini işğaldan azad etdikdən sonra, çayı keçərkən, əslən Bakının Ramana kəndindən olan Şərəf xanımı görüb bəyənir.

Qeyd edək ki, Mart soyqırımı Bakı kəndlərinin bir çoxundan, o cümlədən, Ramana kəndindən də yan keçməyib. Belə ki, sağ qalan əhali canlarını qurtarmaq üçün Ramana kəndinə qonşu olan yaxın yerlərlə yanaşı Azərbaycanın bir çox bölgələrinə üz tutublar. Bu ərazilərdən biri isə, məhz Göyçaydır ki, buraya əslən Ramanadan olan Xanım xanım və onun bacısı qızı Şərəf xanım (1902-XX) erməni soyqırımdan qaçaraq sığınmağa məcbur olublar.[3]

Bakı işğaldan azad olunandan sonra, Xəlil Məmməd vədinə sadiq qalaraq, Ramana kəndinə gəlib Şərəf xanımla evlənmək niyyətində olduğunu bildirir. Şərəf xanımın ailə üzvləri mart soyqırımı zamanı qətlə yetirildiyindən, evin böyük övladı olan Şərəf xanımla evlənən Xəlil Məmməd onun ailə üzvlərini də himayəsinə alır.

Şərəf xanım vəfat edənə kimi onlar birlikdə yaşayırlar və bu evlilikdən 4 övladı dünyaya gəlir:

 

Məmməd Xəlil oğlu (—-)

Pir Tofiq (Tohid) Xəlil oğlu (03.05.1928- 24.11.1995)

Qara Kazım Xəlil oğlu (01.05.1925-20.04.1989) 

Nazim Xəlil oğlu (21.06.1938-09.11.2011).

 

Hal-hazırda da Ramanada Xəlilin nəvə-nəticələri böyük bir nəsilə çevriliblər. Onların adları isə heç də təsadüfi qoyulmamışdır və Xəlil vətən həsrətini ovutmağa çalışdığı üçün, övladları ilə yanaşı nəvələrinə də türk adları qoyur. Xəlil əfəndi nəvələrindən ikisinə qardaş-bacısının xatirəsini yaşatmaq üçün Sayma və Həmdi adlarını qoyur.

Xəlil əfəndi Ramana neft mədənində buruqçu vəzifəsində çalırmış. Dəfələrlə onu mükafatlandırmaq istəsələr də, türk olduğu üçün medal verməmişlər.

Məlumdur ki, Sovet hökuməti dövründə türklərin təqib edildiyi bir vaxtda türk adları, soyadları  dəyişdirilmiş, və ya Sovet hakimiyyəti tərəfindən pasport verilərkən, “standartalara uyğunlaşdırılmışdır”. Hazırda Xəlil əfəndinin nəslindən olanların soyadı Məmmədovdur. Xəlil əfəndinin ilk nəvəsi Fatimə (Fatma) Məmmədova  qeyd edir ki, Məmməd (Mehmet) mənim babamın  atasının adı olub, Sovet dövründə soyadlar verilərkən, bizə ulu babamızın adı ilə Məmmədov soyadı verilmişdir. Məmmədoğlu (Mehmetoğlu) soyadı isə “Sovet tərəfindən qəbul edilməz idi, çünki hər kəsə “ov”, “yev” sonluqlu soyadların verilməsinə təşviq olunurdu. O da qeyd olunmalıdır ki, Osmanlı dövründə soyad qavramı olmamışdır, 1934-cü ildən etibarən Türkiyədə soyadlar verilməyə başlandı. O vaxta qədər ata adı soyadını əvəz edirdi.”.

Bu səbəbdən, bu gün Ramana qəbristanlığında  Xəlil əfəndinin adı atasının adı ilə birlikdə yazılmışdır.  O da maraqlıdır ki,  Ramanada onu tanıyan hər kəs türk əsgərini Xəlil əfəndi deyə çağırarmışlar.

Nəvəsi Fatma xanım deyir ki, Babamın Türkiyənin İzmir şəhərindəki yaşadığı kəndin adı “Polumyot” olub. Lakin, hazırda İzmirdə belə bir kəndin olduğu təsdiq olunmamışdır. Ehtimal olunur ki, babası bu kəndin adını düzgün xatırlamamışdır və bu ərazinin adı Palamut ola bilər. Məlumdur ki, bu kənd qədimdə İzmirin Tire vilayətinə bağlı bir bölgə olub. Hal-hazırda sözü gedən ərazi Aydın şəhərində İncirliova adlanan ərazidə yerləşir.

 

 

 

 

 

 

 

 

Şəkil 2.

Xəlil Məmmədoğlunun (Halil Mehmetoğlu) məzarı

Bakı şəhəri, Ramana kəndi

 

Xəlil Əfəndi 1981-ci ildə  87 yaşında vəfat edənə kimi, öz doğma dilinə sadiq qalaraq, türk dilini unutmamışdır. O, həmişə “Evlərinin önü yonca” mahnısını zümzümə edərmiş. Ancaq Xəlil Əfəndinin övladları ilə İzmirdəki qohumları dəfələrlə bir-biri ilə əlaqə yaratmağa çalışsalar da, sovet hakimiyyətinin türk xalqlarına qarşı apardığı siyasətə,  qoyduğu qadağalara görə, bu cəhdlər səmərəsiz qalmışdır. Buna görə də, Xəlil əfəndinin övladları və nəvələrinin xatirəsində babalarının Türkiyədəki nəsli ilə bağlı geniş məlumat qalmamışdır.

 

 

 

 

 

 

 

Şəkil 3.

Qarakazım Xəlil oğlu ( 01.05.1925-  20.04.1989)

 Xəlil Məmməd oğlunun xatirəsini əbədi yaşatmaq üçün onun və övladlarının məzarı Ramana kəndində o gündən başlayaraq yerli sakinlər tərəfindən qorunur.

 

 

 

 

 

 

 

Şəkil 4.

Pir Tofiq (Tohid) Xəlil oğlu (03.05.1928- 24.11.1995)

 

Şəkil 5.

Nazim Xəlil oğlu (21.06.1938-09.11.2011)

 

Bu gün Ramana kəndində Xəlil əfəndinin nəvə və nəticələri böyük bir nəsil olmuşdur.  Bu nəsilə mənsub olan kəslərin hər biri babalarının qəhrəmanlıqları barəsində fəxrlə söhbət açırlar.

Sonda qeyd edək ki, Qafqaz İslam Ordusunun əsgərlərinin göstərdikləri şücaət salnaməsi heç vaxt Azərbaycan xalqı tərəfindən unudulmayacaq və daim onların xatirəsi əziz tutulacaq.

 

Xülasə

XX əsr Azərbaycan tarixində özünəməxsus izlər qoymuş bir dövr kimi qiymətləndirilir. Tarixə “Mart soyqrımı” kimi düşmüş 31 Mart 1918-ci il hadisələri millətin həyatında öz acı izlərini qoymuşdur. Düşmənə qarşı aparılan mübarizə qan qardaşlarının köməyinə çatan Qafqaz İslam Ordusunun əsgərlərindən olan Xəlil Əfəndinin həyatı bu müharibələrdən sonra da, Azərbaycana bağlı olmuşdur. Onun sovet dövründəki vətən həsrəti və ailə həyatının çətinliyi bir ömrün tarixinə çevrilmişdir.

 Турецкий мученик Халил Мамед оглу

Резюме

ХХ век считается периодом, оставившим свой след в мировой истории. В то же время изменения, происходящие в мире, не прошли мимо Азербайджана. Произошедшие социальные и политические изменения привели к ряду нововведений. Однако тяжелые трагедии этого периода наложили свой отпечаток на жизнь нации. Жизнь Халила Эфенди, одного из солдат Кавказской исламской армии, пришедшего на помощь своим кровным братьям в борьбе с врагом, оставалась связанной с Азербайджаном даже после этих войн. Его тоска по Родине и невзгоды семейной жизни в советское время стали историей на всю жизнь.

Ключевые слова: Рамана, Кавказская Исламская Армия, семья, дети, турки, героизм

 

Turkish martyr Khalil Mammad oglu

 

 Summary

The twentieth century is considered to be a period that has left its mark on world history. At the same time, the changes taking place in the world have not passed Azerbaijan. The social and political changes that have taken place have brought with them a number of innovations. However, the severe tragedies of this period have left their mark on the life of the nation. The life of Khalil Efendi, one of the soldiers of the Caucasian Islamic Army, who came to the aid of his blood brothers in the struggle against the enemy, remained connected to Azerbaijan even after these wars. His longing for the homeland and the hardships of family life in the Soviet era had become a lifelong history.

Key words: Ramana, Caucasian Islamic Army, family, children, Turks, heroism

 

Müəllif:  Günay RZAyeva

 Ədəbiyyat siyahısı:

  1. Baykara H. Azərbaycan İstiqlal mübarizəsi tarixi. Bakı, 1992, 276 s.
  2. Qafqaz Türk İslam Ordusu Bakı Yollarında. Bakı. 2008
  3. Rıhtım M, Süleymanov M. Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. Bakı 2008
  4. Sərxan Carçı. Cümhuriyyət xilaskarları əmanət məzarlar.
  5. Süleymanov M. Nuru paşa və silahdaşları. Bakı.2014
  6. Yaqublu N. Qafqaz İslam Ordusu Azərbaycanda (Bakının Qurtuluşunun 95 illiyinə). Bakı 2013
  7. Azərbaycan xalqcümhuriyyəti və qafqaz islam ordusu, ВAKI – 2008
  8. Nəsiman Yaqublu, Qafqaz İslam Ordusunun Azərbaycanda izləri, Bakı 2018

 

[1] Sərxan Carçı. Cümhuriyyət xilaskarları əmanət məzarlar

[2] Rıhtım M, Süleymano M. Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. Bakı 2008

[3] Azərbaycan qəhrənlıq səhifəsi Göyçay döyüşləri -Məhərrəm Zülfüqarlı, 2017

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.