Ana səhifə BAŞ YAZI Tarixi romanlar niyə ciddi müzakirə mövzusuna çevrilmir?

Tarixi romanlar niyə ciddi müzakirə mövzusuna çevrilmir?

Müəllif: Bizim Yazı
842 baxış

Bildiyimiz kimi bu gün saysız hesabsız romanlar yazılır, bunların içində tarixi romanlar da var. Amma digər janrlı romanlar bu və ya digər şəkildə olsa da oxucu və yazıçı münasibəti kontekstində müzakirəyə çevrilir. Amma tarixi romanlar diqqətdən kənarda qalıb, sanki heç belə bir əsərlər yazılmır. Bu problemi aydınlaşdırmaq üçün üç yazara aşağıdakı sualla müraciət etdik.

Sizcə bu gün yazılan tarixi romanlar niyə ciddi müzakirə mövzusuna çevrilmir və ədəbi hadisə kimi yadda qalmır?

Firuz Mustafa, yazıçı:

– Bəyəm bu gün təkcə tarixi romanlar ciddi müzakirə predmetinə çevrilmir? Ümumiyyətlə, indi ciddi mədəniyyət, ədəbiyyat, elm, sənət “materialları” cəmiyyətin diqqətindən kənardadır. O ki qaldı məhz son illərdə ortaya çıxan tarixi romanlara… Onların bir çoxunda həqiqətən bizə məlum olan tarix var. Amma həmin əsərlərdə məhz “roman”, daha doğrusu, romana xas olan elementlər, xüsusiyyətlər çatışmır. Axı oxucu əsərdə təkcə tarixlə tanış olmaq istəmir, həm də bədii obrazları görmək istəyir. Buna misal kimi Dikkensin, A.Tolstoyun, H.Mann, V.Yanın, M. Auezovun, K.Qamsaxurdiya, M.S.Ordubadi, F.Kərimzadə və digər görkəmli tarixi roman müəlliflərinin adını xatırlatmaq kifayətdir.
Əslində tarixi roman janrında yazılan əsərləri ümumi ədəbi proses kontekstindən izolə edilmiş şəkildə müzakirəyə çıxarmaq və ya təhlilə cəlb etmək düzgün deyildir: yəni bu problem “avtonom” səciyyə daşımır, bu, bütöv ədəbiyyat probleminin bir hissəsidir.

Əkbər QOŞALI, yazıçı-publisist:

– Öncə aydınlaşdıraq – bu sual Azərbaycandakı ədəbi mühit göz önündə tutularaqmı verilir, yoxsa ümumən dünyada belə bir halın mövcudluğu iddia olunur? Əgər Azərbaycan ədəbi mühitindən söhbət gedirsə, burada da mən ancaq respublikamız haqqında müəyyən fikir yürüdə bilərəm – yəni Güney Azərbaycandakı durum haqqında yetərli bilgilərə sahib deyiləm.
Təəssüf ki, bu gün bizdə nəinki tarixi romanlar, demək olar, bütün janrlı bədii əsərlər arzuolunan düzeydə müzakirə predimentinə çevrilmir. Ancaq bu hal “ədəbi hadisə” deyə biləcəyimiz əsərlərini olmaması və belə əsər yazan şair və yazıçılarımızın olmaması anlamına gəlməməlidir.
Bizdə ilk növbədə canlı müzakirə mühiti yoxdu – müzakirələr daha çox virtual məkanda aparılır və belə müzakirələr demək olar, fikir axımı, intellekt təcallası ilə müşaiyət olunmur. Akademik müzakirələr isə dar çərçivədə elmi müəssisələrdə aparılır və mənə elə gəlir, bizim elm müəssisələrimiz həmin müzakirələrin mətbuatda geniş işıqlandırılmasına yaxud müzakirələrdə daha çox aydının iştirakına nail ola bilmirlər. Beləliklə qəribə hal yaranır: virtual müzakirələrdə intellekt azlığı, intellektual mühitdə qızğın müzakirə mühitsizliyi hiss olunur.
İndi insanların başını qatan daha çox nəsnə var – maraq, enerji daha çox yerə bölünür. Müzakirəyə toplaşanların çoxu müzakirədə səbrlə, sonunadək iştirak etmə istəklisi deyil – sanki hamı harasa tələsir…
İşin içində bir az da “tənqid xatirinə tənqid”, “dost tərifi”, keçici maraqlar naminə könülsüz yanaşmalar da var ki, bu amillər də qaynar müzakirə mühitinin yaranmasına zədə vurur.
Bütün bu deyilənlərlə yanaşı, ümid edirəm, artıq yavaş-yavaş KİTABA DÖNÜŞ aşamasına girməkdəyik. Yenidən qızğın müzakirələrə – artıq arınmış-durulmuş, təmənnadan, özünügöstərmə görənəyindən uzaq fikir dartışmalarına; kitaba, yazara haqq etdiyi münasibətin sərgilənməsinə tanıq olacağıq, inşallah.

Şəhriyar del Gerani, şair:

-Tarixi romanın müzakirə mövzusuna çevrilməsi üçün gərək əvvəlcə ədəbiyyat müzakirə predmeti olsun. Axı bu məmləkətdə ədəbiyyat deyilən şey 4-cü, 5-ci bəlkə də 8-ci maraqdı. Həm də təfəkkür boşluqları var. Elə götürək yaxın tarix, 20 – 22 il öncəni. Xam bədii mövzu – Qarabağ müharibəsini. Götürüb işləsinlər də, niyə işlənmir?! Çünki qəhrəman xarakterli yazıçı çatışmazlığı var.

Müharibə haqqında roman yazan yazıçı “fərari” əxlaqında olmalı deyil. Və müharibənin içindən keçib gəlməlidi. Başlıca məsələ bunlardı. Bizdə son illərdə yazılan bu tipli romanlar “küçə davasını” xatırladır. Əlbəttə, küçə davası ədəbi hadisəyə çevrilə bilməz. Müharibə mövzusunu bizdə orta yaşlı və yaşlı nəsl daha ciddi işləyə bilər. Bizim nəsl yazarlar Qarabağ müharibəsi vaxtı şar partladırdılar. Eyni zamanda tarixi mövzunu. Bu bir az gerçəklikdən qaçmayla bağlıdı. Tarixi mövzuda yazan yazıçı qəhrəmanlarıyla, özüylə səmimi ola bilmir. Qorxur. Yenə də gəlirik qəhrəman xarakterli yazıçıya. Ümumiləşmiş fikrim bundan ibarətdi: 1- ədəbiyyat fərdi oxucudan kütləyə getməli, 2- qəhrəman xarakterli yazıçı yetişməli, 3- siyasi-ictimai mühit gerçəkçi, yetkin, adekvat olmalıdı.

Fərid Hüseyn/”KASPİ(+ƏDƏBİYYAT)” qəzeti (say-399 (2799), səh.24) – 06.10.2012

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.