Ana səhifə BAŞ YAZI Tələbə yazısı

Tələbə yazısı

Müəllif: Bizim Yazı
320 baxış

BizimYAZI.com Azərbaycanda Atatürk Mərkəzində təcürbə keçən Odlar Yurdu Universiteti (OYU) və Bakı Slavyan Universiteti (BSU) tələbələrinin yazılarından örnəkləri təqdim edir. – Necə deyərlər, nötqəsinə, vergülünə toxunmadan və uğur arzulayaraq…

***

Şəhla Dadaşova, OYU-nun tələbəsi

Xüsusi təyinatlı… Ömür

Bəzən insan etdiyi hər hansı bir xeyirxah işi ilə qürur duyur, özü ilə fəxr edir. Sadə bir misal yazım: yay mövsümündə kimsə dənizdə çabalayarkən ona yardım əlini uzatmağın, bəlkə də heç boğulmayacaq birinə belə öz aləmində kömək etməyin səni sanki qəhrəman edir. Yol ilə keçərkən birinin həyatını xilas etdiyini düşünməyin, metroda istidə ürəyi gedən birinə su ilə, yelpək ilə külək verərək kömək etməyin, o cümlədən, hər hansısa bir hadisə haqqında əvvəlcədən proqnoz verməyin və bu proqnozunun özünü doğrultması ilk növbədə səni daxilində qəhrəman edir. O ki qaldı canını milyonların uğrunda fəda etməyə hazır olasan: İbad Hüseynov kimi.
İbad Hüseynov – Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri. O, 1993-cü ilin yayında erməni terrorçu Monte Melkonyanı Ağdamda öldürməsiylə yadaşlara həkk olundu və tanındı. Sovet ordusunda qulluq etdiyi zaman İbad adıçəkilən ordunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlisinin öldürüldüyünü öyrənir. Digər hərbçilər kimi həmyerlilərinin vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır, təzyiqlərə baxmayaraq aksiyanı dayandırmır, nəticədə rəhbərlik geri çəkilir və İbad həmyerli hərbçi dostlarıyla birlikdə Azərbaycana qayıtmağa nail olur. Bu dövrdə Qarabağ münaqişəsinin aktivləşməsi Xocavəndə gedən İ.Heynovun ermənilərə qarşı “kəşfiyyat-diversiya dəstəsi” yaratmasına səbəb olur. O zaman Ağdam-Xocavənd istiqamətində erməni hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyə “Avo” ləqəbli məşhur erməni komandiri Monte Çelkonyan gəlir. Müxtəlif informasiya mənbələrindən əldə etdiyim məlumatlara görə, “Avo” ləqəbli erməni Yaxın Şərq müharibələrində iştirak edib, Avropada bir sıra terror aktlarının təşkilatçısı olub, Daradağlı qırğını və Xocalı soyqrımı qətliamlarında iştirak etmişdir.
1993-cü ilin iyun ayında İ.Hüseynov Muğanlı kənd məktəbinin həyətində Melkonyanla üz-üzə gəlir və yaranmış fürsətdən istifadə edərək insanlığa edilən qəddarlığın qisasını almaq üçün bir erməni terrorçunun həyatına son qoyur.
“Məndə sizin üçün suvenir var!”. Bu sözləri isə İbad Melkonyanı öldürdükdən sonra özü ilə qənimət kimi götürdüyü silahı, çəkməni, qeyd dəftərçəsini, siqareti və qələmi hərbi hissə komandirinin masasına qoyan zaman söyləyib və qələbə xəbərini heyət üzvləri ilə bölüşüb.
Bir də onun haqqında yazılmış kitabı oxuyarkən bir insanın bu qədər optimist ola biləcəyini əvvəllər düşünməmişdim. Kitabda qeyd olunmuşdu: “Qızğın döyüşlərin getdiyi o an, əsgərlərin yaralanma və bəlkə də həyatlarının sonu ola biləcək o an İbad maşını idarə edirdi. Heç nədən, heç kimdən qorxmadan düşmən üzərinə gedirdi. Maşın güllə hədəfinə tuş gəlsədə belə İbad arxaya dönərək və özünü itirmədən “arxada sağ qalanınız varmı?” deyə hərbçi yoldaşlarını döyüşə ruhlandırırdı”.

1993-cü ildə minaya düşən və ağır yaralanan İbad bu çətinliyə də tab gətirir. Həkimlərin diaqnozuna baxmayaraq özündə ümid tapan, güc toplayan İbad 28 günlük komadan sonra sağlam həyata qayıdır və cəbhə xəttindəki hərbi hissədəki fəaliyyətini davam etdirir. Onun bu qəhrəmanlıq yolundakı addımları gələcək nəsilə örnək olur. Elə buna görədir ki, bu gün Azərbaycanın Ramil Səfərov, Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəmanlarının sayı günü gündən artır.

***

Sitarə Quliyeva, BSU-nun tələbəsi

Mən gəlinciyimi heç zaman vurmaycağam

Ailə, övlad… – bunlar həqiqətən də tanrının insana bəxş etdiyi ən gözəl nemətlərdir. Lakin nankor adamlar bir çox nemətlərdə olduğu kimi bunların da qədrini bilmir və bu nemətlərə də laqeyd yanaşır. Günümüzdə çox adamın ailəyə münasibətindəki  biganəlik, bu sözün mahiyyətini tam anlamı ilə qavramaması erkən qurulan birgəliklərin tez bir zamanda dağılması ilə sonuclanır.  Buna bir çox səbəblər vardır. Bunalradn ən güncəli isə təbii olaraq ailəiçi zorakılıqdır. Bir çox hallarda qarşılaşdığımız ailələrdə qadınlar istər mənəvi, istər fiziki zorakılığa məruz qalsalar belə övladları naminə ayrılmaq fikrindən daşınırlar. Amma gəlin görək onların övladları üçün etdiyi bu fədakarlıq həqiqətəndə öz həqiqi yanqısını, təsirini tapa bilirmi?! Bu yaxınlarda küçədə iki nəfərin mübahisəsini görən təqribən 5-6 yaşlardakı iki uşağın fərqli münasibəti mənim çox diqqətimi çəkdi. Nəzərə alsaq ki, mübahisə çox da ağır deyildi amma uşaqlardan biri çox narahat və dərhal ordan uzaqlaşmaq üçün anasına göz yaşları içərisində yalvarırdı… digəri isə buna sadəcə maraq içində baxırdı. Bu iki fərqli münasibətin səbəblərini araşdırqığımda belə bir fikrə vardım ki, ailəiçi zorakılığın uşaqlar üzərində buraxdığı təsir bir çox hallarda onların toplumda da mövqeyinə təsir edir. Həmin uşaqlar əksər hallarda çox qorxaq, çox çəkingən və özünə qapanmış olurlar.  Belə ki, hər gördükləri mübahisə onlara ailələrində görmüş olduqları davaları, münaqişələri xatırladır və onlar necə ki, ailə içində bu məsələ qarşısında aciz qalırlar elə də adi həyatda bu cür məsələlərdə acizlik göstərirlər.

İstər dünyada,  istər ölkəmizdə psixoloqlar demək olar ki, hər dəfə ailə və uşaq problemləri mövzusunda çıxış etdikləri zaman bildirirlər  ki, uşaqların körpə yaşlarında zorakılığın şahidi olmasının qarşısını almaq lazımdır. Bu onalrın öz yaşıdları, dostları və hətta oyuncaqlarına belə münasibətinə mənfi təsir göstərir. Bir çox hallarda həmin uşaqlar gələcək ailə həyatlarında,  düzgün psixologiyada olmadıqlarından elə də uğur qazanmırlar. Bəs niyə axı bizim ailələrimiz bu məsələdə də çox zaman olduğu kimi biganəlik və laqeydlik  göstərirlər. Axı həmin övladlar da sizin canınızdan, qanınızdan deyilmi?! Axı həmin uşaqlar sizin topluma bəxş etdiyiniz fərdlər deyilmi?! Niyə axı biz öz toplumumuzu bilərəkdən korlayırıq?!

Övlad və ailə tanrı tərəfindən insanlara verilmiş bir əmanətdir. Gəlin əmanətimizə xəyanət etməyək! Öz xoşbəxtliyimiz üçün ailəmizin və övladlarımızın qədrini bilək!!!

***

 

Rövşən Şirxanlı, OYU-nun tələbəsi

Tarixi unutqanlığa tutarlı cavab

Əlverişli coğrafi mövqeyi, gözəl təbiəti, zəngin torpaqları ilə Azərbaycan həmişə yadellilərin diqqətini cəlb edib. “Qədim” deyirik, “Ulu xalq” deyirik. Bu adlar keşməkeşli və fəxr hissi duya biləcəyimiz tarixi keçmişimizlə bağlıdır. O Tarix ki, fərd və bütövlükdə bir xalq kimi daxilimizdə yaşatdığımız böyük milli mənliyi qorumaq, yaşatmaq və güclü olmaq üçün bizə lazımdır. Yüzillər boyu bizi öz tariximizdən və milli mənliyimizdən uzaq tutmağa çalışıblar. Ancaq fürsət düşən kimi tədqiqatçılar, tarixçi alimlər, qələm əhli öz haqq səslərini qaldırıb, sözlərini deməyə çalışıblar.

Tədqiqatçı jurnalist İlham Y.Əliyevin “Qafqazda imperiyalar və ermənilərin Azərbaycana köçürülməsi” kitabı da yüksək vətəndaşlıq amalına xidmət edən kitabdır. Kitabda müəllifin Azərbaycanın tarixinə ta qədimdən bu günümüzə kimi elmi-publisistik baxışları verilib. Müxtəlif  başlıqlar altında ayrı-ayrı dövrlərə qısa nəzər salan İ.Y.Əliyev indiyə qədər deyilənlərlə yanaşı yeni faktlarla da çıxış edib. “Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi” kitabında – adından göründüyü kimi müəllif çox ağrılı və böyük tarixi olaylardan bəhs edir.

Kitabın müsbət tərəfləri haqqında onu deyə bilərəm ki, burda ermənilərin məskunlaşması, bizə qarşı edilən soyqırımlar və dünyada baş verən qətliamlar, ölkələr arasında münasibətlərə, müharibələrə, dövlətlərarası rəqabətə çox geniş yer verilib. Və bəzi faktlar tam açıqlığı ilə verilib ki, həmin faktlar bir çox hallarda KİV-də üstüörtülü şəkildə təqdim edilir. Hələ ki, yalnız iki ölkənin (Pakistan, Səudiyyə Ərəbistanı) Ermənistanı müstəqil dövlət kimi tanımamasını nəzərə alsaq, Azərbaycan yalnız öz gücünə arxalanmalıdır. “Müttəfiqinə belə 100% arxalanmaq sadəlövlük olar” prinsipini yaddan çıxartmamalıyıq.

İş görülən yerdə şəksiz yanlışlıqlar, nöqsanlar da ola bilər. İ.Y.Əliyevin ilk kitabında da belə məqamlar olmamış deyil. Məncə, örnəyi, ASALA terror təşkilatı haqqında yazdığı mövzu qarmaqarışıq verilib və o qədər də dərin verilməyib. – Olaylar bir xətt üzrə davam etmir. Səhifə 47-dəki şəkilin nə anlam verdiyi qaranlıqdır. Bu həmçinin səhifə 49-a da aiddir. Səhifə 109-da “Rusiya-Osmanlı müharibəsi 1787-1791-ci illər arasında” yazmaqdansa, “1787-95-ci illər arasında” yazılıb. …Səhifə 113-də “I Pyotru Yekaterina xilas edib” yazılır. Bu düzgün deyil, çünki Pyotr öləndən sonra hakimiyyətə Anna İvanova gəlir. Daha sonra isə bir neçə dəfə hakimiyyət dəyişikliyi olur. 1763-cü ildə Yekaterina hakimiyyətə gəlir, amma əsərdə olay 1696-nı əhatə edir. – 1763 hara, 1696 hara?..

…Lakin dediyim və demədiyim nöqsanlar “Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi” kitabının dəyərinə kölgə salacaq faktlar deyil və kitabın missiyasını alqışlamalı, tarixi araşdırmalar baxımından irəliyə doğru atılan bir addım olduğunu vurğulamalıyıq.

Kitabda xronoloji ardıcıllıqlar elə verilmişdir ki, bu oxucu üçün maraqlı və yadda­qalandır. Əsər bədii baxımdan da qənaətbəxş tərtib olunmuşdur.

Bir sözlə, “Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi” tarixi unutqanlığa tutarlı cavabdır.

***

Pirim Pirimov, BSU-nun tələbəsi

Yazdım da…

Salam Aleykuma… Çoxdandır yazmıram deyəsən. Ola bilər yadırğamışam. Nə isə… mən yaxşıyam, Siz necəsiz? Mən hələ də yaşayıram. Siz də yaşayırsız? Hər dəfə bura nəsə yaza bilərəm və yazıram. Oxuyan da olur, şəkillərə baxan da, heç bloqumun üzünə baxmayan – açan kimi bağlayan da. Amma mənə qulaq asmayın. İnanmağım gəlmır ki, kiminsə yazdığını oxumağa vaxtınız olsun. Həyatınızı yaşayın! Həyat nə dərsdi, nə də imtahandı. Həyat aşağı-yuxarı on dəqiqəlik tənəffüsdü. Sizi heç kim heç nəyə məcbur etməsin. Özünüzü heç nəyə məcbur etməyin. Həyatı çoxlarının prinsipləriylə yaşayın. Pul yığın, yığın… sonra isə… ölüm. Həyat sürünmək üçün yox, yaşamaq üçündür. Tısbağa olmalıyıq. Mən artıq eyni mövzularda, eyni tipdə yazmaqdan bezmişəm. Bezməyənlər üstünlük təşkil edir. Yəqin mən istisnayam. Mövzü qıtlığı yaşamıram.
Hə, söhbətdən yayındım, deyəsən. Tısbağada qalmışdım. Tısbağa öz evini belində gəzdirir. Gəzdirir deyəndə ki, saxlayır. Əslində özü bilər neyləyir – şəxsi həyatıdır, özü bilər. Ümumiyyətlə qoymayın ki, kimsə sizin şəxsi həyatımıza qarışsın. Görün heç mən adicə tısbağanın şəxsi həyatına qarışıram?
Adi fikirlərdən belə çox asılı qalırıq. Çox fikirləşirik. Görəsən axırımız nə olacaq? Harada işləyəcəyik? (-“Papa bizi hara düzəldəcək?”), maşın nə vaxt alacağıq? Nə vaxt ailə quracağıq?.. – Bu kimi suallar ətrafında lazım olandan daha çox düşünürük. Yaşamaq lazımdı! Fikirləşmək yox! Heç kimə fikir verməyin. Həyat düşündüyümüzdən daha da gözəldir. Həyat üzünə gülüb, arxasından tüpürüləcək qədər gözəldir. Ciddiyə almaq lazım deyil. Axmaq olmaq, gülmək, gülmək, gülmək, gülmək lazımdır. Həyat gülməlidir… Geriyə yol olmur. Tısbağa qədər yaşamağa belə vaxtımız yoxdur. Heç olmasa ölü olduğumuzu bildirməyək ən azından.
Tələsirəm mən! Yaşamaq lazımdır! Özümü ağıllı kimi aparmaq və ya göstərmək fikrim yoxdur. Biz öyrətmirik, sadəcə yazırıq!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.