Ana səhifə YAZILAR “Təbriz silsiləsi”ndən…

“Təbriz silsiləsi”ndən…

Müəllif: Bizim Yazı
138 baxış

Salam. Təbrizə həsr etdiyim şeirləri Sizə göndərirəm. Məsləhət görsəniz yayınlayarsız. İrəlicədən təşəkkür edirəm.

Zərəngiz QAYALI

Gəzib gördüyüm yerlər…

Mən Təbrizi xəyallarımda yaşatdım, sevdim, əzizlədim. “Dumanlı Təbriz”, “Qorxulu Tehran” romanlarını oxuduqdan sonra İrana qarşı gizli bir vahimə, qaranlıq, üşütməli, müəmmalı bir hiss duysam da, məndə sövqi-təbii olaraq həm də doğmalıq hissi  olmuşdu bu şəhərə ürəyimdə.  Şəhriyara, Səhəndə sonsuz ehtiramım, şairlərin ilham mənbəyi olan Təbrizin gözəlliyinə marağım  məni qəlbən ora çəkmişdir.  
“Qafqaz Media” İctimai Birliyinin sədri, hacıxanım Azadə Taleh Abbasqızı Hüseynova bir gün mənə dedi ki, imkan düşüb, gəl, səni Təbdizə aparım. Bir az ehtiyat etdim, tanış olmayan insanlar, uzaq yol, necə ola bilərdi? Deyəndə ki, bizi Şəhriyar ədəbi-məclisinin fəal üzvü hacıxanım Əzəm Rza Çayi məclisin adından dəvət edib, razılaşdım. Çünki Əzəm xanımı elə Azadə xanımın Mətbuat Günü münasibətilə keçirdiyi mükafatlandırma tədbirində görmüşdüm, bəyənmişdim.
Biz, bir qrup ziyalı qadın 2010-cu il iyulun 24-də Bakıdan Təbrizə yola düşdük. Azərbaycan Astarasından keçdik İran Astarasına. Dərhal  Əzəm xanımın bizim üçün tutduğu xüsusi avtobusla Təbrizə yola düşdük.
Yolboyu mənə ən çox xoş gələn bu oldu ki, təbrizlilər təbiətə qarşı çox doğma, çox həssas münasibət bəsləyirlər. Sıx ormanlar, gözəl meşələrlə əhatə olunmuş uca dağ dolanbacları, insanların sifətlərindəki doğmalıq, havanın, təbiətin saflığı məni heyrətə gətirmişdi. Elə bil Göygöldə, Borçalıda, Ağsuda yol gedirdim. Göydəki dumanlar da mənə doğma, tanış gəlirdi. Hələ aramıza illər ayrılığı salan Araz da. Ancaq məni  daha çox silkələyən Təbriz oldu.
Təbrizdəki insanlar-Əzəm xanımın ailəsi, qohumu, iş adamı Maqsud Xeyixahi, Şəhriyar ədəbi-məclisinin rəhbəri Ağayi Əyyub Şahbazi,  öz xanımı ilə bizi müşayiət edən ağayi Sultanəli pur Kazim, görüşünə getdiyimiz qocaman şairlər Əli Nəzmi, Hacı Ağa Rəsuli, hətta Əzəm xanımın qonşuluğunda çörək bişirən gənc ustalar mənə bir əfsanə yaşatdılar. Qədim mənəvi dəyərləri olan ulu, azman bir xalqın varisləri təsiri bağışladılar mənə. Bu məkanda bir gülün, bir çiçəyin, bir budağın da sındırıldığını görmədim. Məmmləkətdə təbiətin ilkinliyinə hədsiz qayğı məni valeh etdi.
Təbriz əhlinin sifətlərindəki doğmalıq, məhrəmlik, gözlərindəki ulu kədər, qəm, sifətlərində, alınlarındakı Məhəmməd nuru, yolboyu sıralanmış dayaqlardan asılmış böyük şəkillərdən mənə sarı boylanan  şəhid cavanların gözlərindəki saf həyat eşqi məni yerimdən oynatdı.
Ümumiyyətlə gəzdiyim şəhərlərdə-Təbriz, Sərab, Ərdəbil, Zəncan, Miyana, Həşrud, Qəzvin, Kərəc, Tehran, Qum, Məşhəd, Pakdəst, Şahrud, Mehmandust, Nişapur, Firdos, Mindəst, Qalikeş, Badikurqan, Babil, Ənzəli və başqa şəhərlərdə bir özəllik, təbiətə doğmalıq, insanlara pak münasibət, saflıq, ilkinlik gördüm. Orada Xəzəri-doğma, əziz Xəzəri, ortaq məhəbbətimiz olan ala gözlü sular qızını, Xəzəri gördüm, ürəyim dağa döndü, üzümə elə bil su çiləndi, ürəyimə bir sərinlik dəldi. Ancaq heç kəs mənə inanmaz bəlkə,  elə orada Xəzərin sularını dumduru gördüm.
Qəlbimə döğma olan Təbriz səması mənə yazılmamış bir vərəq, cənnət səması kimi hüdudsuz boşluq, ağ nəhayətsizlik, paklanıb, suya çəkilmiş zərif tül, incə, pənbə çikəklərlə örtülü məkan təsiri bağışladı. Təbriz əhli isə şəhərlərini ürəkdən sevən, şəhərlərinin təmizliyini göz bəbəyi kimi qoruyan, dünyaya, insanlara xoş ovqat paylayan, heç kəsə dəyib-toxunmayan, hamıya xoşbəxtlik diləyən, saf, müqəddəs insanlar təsiri bağışladı və qəlbimdə həzin misralar sıralandı:

Təbrizim

Əfsanələr şəhərisən, Təbrizim!
Pərvanələr şəhərisən , Təbrizim!
Gözəl gözlərindən tarix boylanır,
Dürdanələr şəhərisən, Təbrizim!

Uca Savalanın boynuna dolan,
Dağların, bağların yamyaşıl orman,
Ana sevgisiylə sən də alış-yan,
Üzü nurlu bir pərisən, Təbrizim!

Suyun bal, havan saf, torpağın dürdür,
Ellərin vüqarlı, şahanə, məğrur,
Gündoğandan ta günbatan tanıyır,
Sən dünyanın gövhərisən, Təbrizim!

Savalandan, Səhəndimdən yadigar,
Gülər sözlü, ağlar gözlü, Şəhriyar,
Çox salamlar söyləmişdir Bəxtiyar,
Xoş xəbərlər şəhərisən, Təbrizim!

Sən şairlər, şühədalar Vətəni!
Xiyabani və Şəhriyar Vətəni!
Xoş diləklər, xoş arzular Vətəni!
Könüllərin sərvərisən, Təbrizim!

Qara gözlü, ay camallı şəhərim,
Təxti kimi qəhrəmanlı şəhərim!
Bağır xanlı, Səttar xanlı şəhərim!
Adı dillər əzbərisən, Təbrizim!

Qəlbin təmiz, küçələrin gül kimi,
Ala gözlü səhərlərin tül kimi,
Gülşənində ötərəm bülbül kimi,
Zərəngizin dilbərisən, Təbrizim!

Savalanın yaraları

Savalanın yaraları
Ürəyimdə qövr eləyər!
Heç nəyi insan eləməz,
Qəza, qədər, dövr eləyər!

Bilmirəm heç yanan bəxtım
Nə vədədə şölələnər?
Başımızı qaldırdıqca,
Üstümüzə od ələnər!

Hər dövrdə qəza bizi,
Buxovlayıb, kötəkləyib!
Odumuza yadlar qızıb,
Üstümüzə su ələyib!

Bu nə tale, bu nə ömür?
Dost dediyin Tanrı demir!
Fələk özü mat qalıbdır,
O, Allah olmaq istəmir!

Zərəngiz Dəmirçi, dinmə,
Xəyal göylərindən enmə,
Bəxt yatıbdır, Tanrı oyaq,
Ocaq tək şölə çək, sönmə!

Şəhriyar

Elinə heyran oldum mən,
Gülünə heyran oldum mən,
Şairlərin bülbül kimi,
Dilinə heyran oldum mən!
Çalması qarlı Şəhriyar!
Qüdrətdən barlı Şəhriyar!

Sənin şair xəyalın tək,
Savalan da xəyallandı,
Dumanlar qalxdı başından,
Təbriz elinə yollandı,
Çalması qarlı Şəhriyar!
Qüdrətdən barlı Şəhriyar!

İnsanlarına qurbanam,
Ormanlarına heyranam,
Şeirin, sözün ürəklərdə,
Sonsuz varına heyranam,
Çalması qarlı Şəhriyar!
Qüdrətdən barlı Şəhriyar!

Zərəngiz Dəmirçi yandı,
Həsrətinlə alovlandı,
İllərlə vəslini andı,
(Əsr-əsrə calandı,)
Şükr gəldik, xoş zamandı!
Çalması qarlı Şəhriyar!
Qüdrətdən barlı Şəhriyar!

Ömər Xəyyama

Məbədini ziyarətə gəlmişəm,
Sənətini qibləgahım bilmişəm,
Ruhun üçün xoş niyyətə gəlmişəm,
Yeganə şairim Ömər Xəyyamım!

Dünyada doğruluq, halallıq deyə,
Səsin əsrlərlə ucaldı göyə,
Gözəllər vəsf etdin sən öyə-öyə,
Dürdanə şairim, Ömər Xəyyamım!

Uca türbən, ulu ehtişamın var,
Qadir sənət eşqin, arzu-kamın var,
Əbədi, sönməyən yanar şamın var,
Əfsanə şairim, ömər Xəyyamım!

Yaşasın məhəbbət, həqiqət deyə,
Sənəti qaldırdın uca zirvəyə,
Zərəngiz qarşında durub səcdəyə,
Ruhani şairim, Ömər Xəyyamım!

You may also like

2 şərh

Zerengiz 2011-11-11 - 11:19

Salam! Çox sağ olun, əzizimiz Əkbər! Sizə böyük sənət uğurları və can sağlığı arzulayıram. Tanrı Sizi qorusun, inşaallah! Saytınızı çox maraqla oxudum, xeyirli, uğurlu olsun!
Böyük hörmətlə, Zərəngiz.

Cavab
Zerengiz 2012-06-07 - 14:00

Salam Əkbər! Sənin bütün uğurların üçün dualarımı göndərirərm. Sağ ol ki, varsan!
Əziz Əkbər, hər şey üçün çox sağ ol! Diqqətinə, qayğına, alicənəblığına görə min yaşa! Allah amanında olasan!

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.