Ana səhifə YAZILAR ŞAIR İBRAHIM İLYASLIYA MINNƏTDARLIQLA

ŞAIR İBRAHIM İLYASLIYA MINNƏTDARLIQLA

Müəllif: Bizim Yazı
269 baxış

və ya POEZİYA mənim gözümlə

Mən ŞAİR sözünü böyük hərflərlə yazıram. Çünki Sən əsl şairsən!
Ömrün-günün bu çağında Böyük Poeziya ağacına sözdən, poeziyadan xəbərsizlərin dırmaşdığı bir zamanda Sənin Poeziyan ürəyimi cilvələndirdi.

Yuxuma söykənmiş adam” kitabını oxudum.
Kövrəldim. Ruhlandım. Qanadlandım. Sandım ki, Dədə Ələsgəri, Səməd Vurğunu, Vaqifi, Əli Kərimi təzədən oxudum. Ruhum təzələndi.
Niyyətini qat gözüyün yaşına,
Sürt üzünü torpağına, daşına,
Bir də dolan, beş də hərlən başına
Nə bilmişdin… şeir Pirdi, Ocaqdı!
Nə xoşbəxtsən ki, Sən bunu bilirsən. Böyük Poeziyanın başına Ocaq bilib dolanırsan!
Nə xoşbəxtsən ki, bu ocağın istisinə çoxlarını isindirirsən!
Bilmirəm bu gözəl, mənalı, oynaq şeirlərinin qiymətini, çəkisini bilirsənmi? Bilməsən yazmazdın, bilirsən ki:
Bilən dostlar bilir mən də
Bir para şeylər bilirəm
Nə tufan eyləyir qarlar(!)
Nə oxur neylər, bilirəm.
Ay Allahsız, bu ölməz misraları haradan köçürmüsən üzü ağ vərəqlərə… vərəqlərin də üzünü ağartmısan, qələmin də! Elə poeziya duyanların da! Məncə yaxşı şeir yazanla onu duyan eynidir, ortaqdır.
Elə bilirsən ki, hamı şeiri duyur?
Hamı şeiri duysa poeziya nə qədər qazanardı!

Oturub ömrün içində
Çiçək şəkli çəkirəm.
Yalan rəngləri götürüb
Çerçək şəkli çəkirəm!
Gözəldir!
Sən bu üçüncü kitabına elə çerçək-çiçək  şəkilləri çəkmisən. Eşq olsun belə poeziyaya! Eşq olsun ona ki, sənin sinənə dolub:
Mən kiməm, o dinən ilahi qatda?-
Onluqdu bu qan da, qanlı büsat da.
Bir bülbül oxuyur köksümün altda (!)
Ahını sinəmə sərib, ay Qərib.
Nə gözəldir. Sən “Bir bülbül oxuyur köksümün altda” misrasının qiymətini bilirsənmi?
Bilməsəydin yazmazdın…
Könlümü sözə kökləyə
Dağ çayının şırıltısı,
Bir misramı səksəndirə
Kəkliklərin pırıltısı.
Eşq olsun qələminə ki, belə ölməz misralarla ürəyimi oynatdın, qanadlandırdın!
Bildim ki, hələ də klassiklərimizə əvəz şairlərimiz var!
Əli Kərimi, Məmməd İsmayılı, Musa Yaqubu, Məmməd Aslanı, Ramiz Rövşəni,  və adını çəkmədiyim neçə-neçə  poeziya yaradanları oxuduqca ürəyimin  necə döyündüyünü, qürrələndiyini duyuram.
Onlardan biri də sənsən!
Kitabından seçdiyim bəzi ölməz miraların kölgəsində bu zəif cümlələri yazmağa utanıram…
Belə də baxış olarmı,
Pah obana… elinəcən,
Davasan, qansan, xatasan,
Dırnağından telinəcən…
Necə də ölməz şairlərin, ulu klassiklərin ölməz misralarına taydılar!
Yollar bihuş olur sən yeriyəndə
Qarşına yüyürür güllü cığırlar,
Quşlar budaqlardan, balıqlar sudan–
Çiçəklər çəməndən sənə baxırlar.
Yox, qardaş!
Bu misraları Sən yazmamısan! Bu misraları ürəyindəki, sinəndəki bülbül oxuyur!
Sənnənəm, sözüm sənədi
Qarayanızın göyçəyi.
On yeddimin on yeddisi
On yeddi qızın göyçəyi!
Sən – poeziya kimi gözəlliyi də müqəddəsləşdirir, onları əbədiləşdirirsən!
Camalın Ayın xətridi,
Ətrin ətirşah ətridi,
Sənin vəsfindən ötrüdü,
Qələm kağızın göyçəyi!
Eşq olsun sənə, böyük şair. Sən ki, qələm-kağızı da bunca müqəddəsləşdi¬rir¬sən!
Görən məni dəli sanar,
Dərdimi əhli-hal qanar.
Dilnən desəm dilim yanar,-
Dillənsin sazın göyçəyi!
Mən bu ölməz misraları təriflədikcə qələmimdən, onun acizliyindən əzab çəkirəm. Zira çiçəyi, günəşi tərifləməyə nə ehtiyac?! Elə poeziyanı da!
Camalın eşq ayatıdı
İbrahimin səyyadıdı,
Hər telin bir bayatıdı,
Sən şeiri neynəyirsən…
Gözəldir və yenə gözəldir! Heyif ki kitabın tirajı azdır. Elə gözəl nəğmə də qısa olur, elə “sevirəm” sözü də! Eə “ana”, “vətən” sözləri də! Qulu Ağsəsə yazdığın şeirdə dediyin kimi:
Nə böyük matahdı jurnalında çap?-
Bu ərk hardan gəlir? Axtar, özün tap:
Götür bir şəklimi “Ulduz”unda yap –
Şeir deyiləmmi, özüm, ay Qulu?!
Doğrudan da sən elə şeirsən!

Sənə hörmətlə,
Məmməd Namaz
05.09.2011

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.