Ana səhifə YAZILAR “SƏN ŞAİR MUSANI GÖRMƏK İSTƏSƏN…”

“SƏN ŞAİR MUSANI GÖRMƏK İSTƏSƏN…”

Müəllif: Bizim Yazı
132 baxış

Ömrünün 82-ci sənəsini aşırmaqdadır Musa İlyasoğlu. Maşallah olsun, ilhamı da, eşqi də lap qaydasındadı hələ. İndinin özündə də kitab oxumaqdan, şeir dinləməkdən, saza qulaq asmaqdan doymur ki, doymur. Qazağın İncə dərəsinin Aslanbəyli kəndində 40 ildən yuxarı şagirdlərə fizika elminin sirlərini öyrədib Musa müəllim. Vaxtilə dərs dediyi uşaqların sorağı Azərbaycanın nüfuzlu elm ocaqlarından gəlir indi. Bir çətən külfətini də halal zəhməti, alın təri ilə böyüdüb, boya-başa çatdırıb. Övladlarını vətən, millət təəssübkeşi, türk sevdalısı olaraq böyüdüb. Dərs verdiyi, elm öyrətdiyi şagirdləri də doğma balalrından seçib-ayırmayıb. Onlara da eyni dünyagörüşünü, eyni hissləri aşılayıb. Və hərdən-hərdən öz içindəki duyğu və düşüncələri misralara düzüb, ağ varağa köçürməyindən də qalmayıb. Nə yaxşı da illərin o üzündən gəlib bu günümüzə çıxdı o saralmış kağızlar. İndi o solğun vərəqlərdə özünə yer eləmiş ürək çırpıntıları – Musa İlyasoğlunun şeirləri işıq üzünə çıxır nəhayətdə.

Amma yəqin ki, indi öz şeirlərini bu ahıl yaşında qəzetdə oxuyarkən içini bürüyən sevinc hissi, doğma övladları – iki böyük söz və könül adamı olan İbrahim İlyaslının və Hacı Məhəmməd Astanbəylinin şeirlərini oxuyarkən keçirdiyi fərəh hissindən çox olmayacaq Musa müəllimin. Ona möhkəm cansağlığı və gümrahlıq arzulayır və aşağıdakı şeirlərini oxuculara təqdim edirəm.

Ehtiram İlham

Musa İLYASOĞLU

SƏNİ

Çox qəmə qərq olma, Adəm balası,
Onsuz da yaradıb yaradan səni.
Necə ki, xəlq edib salıb dünyaya,
Elə də götürər aradan səni.

Azmı eşitmişik ünü, fəryadı,
Qabağın qılıncdı, arxan dəryadı…
Kamına yetməsin görüm xoryadı,
İblis tək çıxarar sıradan səni.

Nəyimə gərəkdi dünyanın varı,
Heç şeydə görmədim insana karı.
Unudan çox oldu əhdi, ilqarı,
Axtaran tapacaq haradan səni?

Qanadlı olsan da uçma uzağa,
Təmkinli igid ol, düşmə duzağa.
Düşmənlə yol getsən keçmə qabağa,
Tez götürüb atar bərədən səni.

Haramdan əl götür, halaldan maya,
Əlləş ki, əməyin getməsin zaya.
Musa, bel bağlama fani dünyaya,
Haqq özü çıxarar qaradan səni.
23 fevral 1975-ci il

QALMAZ

Gəl, sənə söyləyim, ay cavan dostum,
Gözəlin igidə nazı da qalmaz.
Fəsillər dolanar, illər dolanar,
Baharı qış olar, yazı da qalmaz.

İnanma yaranan bir də yarana,
Könlümün tərlanı düşüb borana.
Min cığır salasan dağa, arana,
“Mənəm” deyənlərin izi də qalmaz.

Ədalət divanı, – ey adil şahım,
Sənsən bu dünyada mənim pənahım.
“Yer mənim, göy mənim” – deyən gallahın,
Sovrular göylərə tozu da qalmaz.

Bir comərd ömrüdü, mənim amalım,
Namərdi görüncə dəyişir halım.
Musayam, demirəm əbədi qalım,
Çürüyər alnında yazı da qalmaz.

GƏRAYLI

Dağ döşünə duman qalxar,
Gedər sərilə-sərilə.
Köksünnən car olan sular,
Axar durula-durula.

Adəm nəsli, sən də, mən də,
Haqq sənləsə neylər bəndə?
Sevgililər göy çəməndə,
Gəzər sarıla-sarıla.

Payız olmaz yay olmasa,
Yarğan olmaz çay olmasa.
Su torpağa pay olmasa
Qalar yarıla-yarıla.

Sərvətdi yerin alt-üstü,
El malına etmə qəsdi,
Yanan yerdən çıxar tüstü,
Qalxar burula-burula.

İlyasoğlu olma naşı,
İzləyən var addımbaşı,
Ölüm haqdı bilsən işi,
Ölmə darıla-darıla.

GÖZLƏ

İtirmə əslini, danma zatını
“Dostum”, danışanda sözünü gözlə.
Axtarıb taparam yeddi qatını
Zimistan edərəm yazını gözlə.

Elm oxu, dünyada kamaldan ötrü,
Oxuma dövlətdən, ya maldan ötrü,
Çox qurbanlar getdi, calaldan ötrü
Tamahın tox elə, özünü gözlə.

İlan tək sürünmə, sel başdan aşar,
Görərsən zərbimi dilin dolaşar.
Yarasa günəşi görəndə çaşar,
Baxtına qayıl ol, gözünü gözlə.

Haqq iş tutan, öz-özünə mərd olar,
Namərdin etdiyi özünə dərd olar,
Oğrunun, əyrinin evi yurd olar,
Eldə qara olar, üzünü gözlə.

BİR ŞAİRƏ

Naqafil meydana yeriyən şair,
Əvvəl-əvvəl ara, axtar yerini.
Ümman qabağından, tilsim dağından
Ta salamat qurtarasan sərini.

Şair aşıqların öz adəti var,-
Daim bir-birinə səxavəti var,
Bilginən bu yerin mələkəlmövtü var,
Yüz qəvvasdan salamat qoymaz birini.

Ölçüb-biçilməmiş bərədə yatma,
Gülləni boş yerə, havayı atma.
Xiridar olmasa mətahın satma,
Hələ öyrən, bu dünyanın sirrini.

Bir gün açılan gül, bir gün də solar,
Həyat bir səhnədir, boşalar, dolar,
Salsam qıfılbəndə, nitqin lal olar,
Görməmisən kəltə-kalın zorunu.

Mən sözdən kasadam, babamdır ulu
Qanmaza cəlladam, qananın qulu.
Min tufan qopsa da azmaram yolu,
İsrafil çalsa da dünya surunu.

Şeirdən bir çələng hörmək istəsən,
Ərəsət divanın qurmaq istəsən,
Sən şair Musanı görmək istəsən
İncədə taparsan onun yerini.

BİlMƏZSƏN

Laf eyləmə, naşı təbib,
Halımı sora bilməzsən.
Mənzil kəsməmiş dayçasan,
Köhləni yora bilməzsən.

Gədanı yüz çəksən başa,
Heç bir işi gəlməz xoşa,
Meylini salar daş-başa,
Burnunu qıra bilməzsən.

Dolanaram əhli halnan,
İşim yoxdu qeylü-qalnan,
Dananı qoş kəltə-kalnan,
Zorunu görə bilməzsən.

Nə əsli var, nə də zatı,
Ağlı yüngül, başı çatı,
Abır, həya, yoxdu qəti,
Gətirər zara bilməzsən.

Tamam atıb namus, arı,
Xarabadır, onun yeri,
Heç kimsəyə yoxdu karı,
Ha axtar-ara, bilməzsən.

Yiyəsi yox tuta bağlaya,
Yedəyindəcə saxlaya.
Sinəsini çarpaz dağlaya,
Düşməsən dara bilməzsən.

Bədbəxt itirib ağlını,
Zəhərə qatıb, noğlunu,
Tərpətmə, İlyas oğlunu,
Cavabın verə bilməzsən.

YERİNDƏDİ

Aşıq qardaş, söylə görüm nədəndi
Namərdin rüzgarı yaz yerindədi?
Çox aradım dayazını, dərini,
Astarın qiyməti üz yerindədi.

Sözün öz yerində yoxdu qiyməti,
Saxtadı bir-birinə insan hörməti,
Zəmanə altunla ölçür qiyməti,
Hörməti, izzəti toz yerindədir.

Namərd, müxənnətin ucadı başı,
Tərəqqi tapmayır mərdlərin işi,
Kasıbın olsa da alı, qumaşı,
Yoxdu xiridarı, bez yerindədir.

Haqsız, ədalətsiz iş görən zaman,
Ruhum bədənimdən ayrılır inan,
Tarixin nəbzini tutmasa loğman,
Musanın dərdləri yüz yerindədir.

ÇƏKİLSİN

Həm sadə yazıram, həm də mürəkkəb,
Yazdığım misralar başa çəkilsin.
Arzumdu, həmişə dost deyən olsun,
Düşmanın dediyi boşa çəkilsin.

Həyatın qanunu – açılan solar,
Elin məsəlidi, boşalan dolar,
Dünyada kişilik, səxavət qalar,
Namərdin baharı qışa çəkilsin.

Yaranan kimsəyə, bil ölüm haqdı,
Qarşısın almağa bir çarə yoxdu,
Heç kəsi öldürmə sən cavan vaxtı,
Əzrailin hökmü yaşa çəkilsin.

Nə imiş insanda olan günahlar,
Yerdəmi qalacaq bu qanlı ahlar?
Ayrılıq, həm ölüm, həm də nahaqlar,
İnsanın ömründən haşa çəkilsin.

Musa fikir etmə dünya gərdişin,
Heç kimsə bilmədi fələyin işin.
Hər kəsin alnında yazılıb yaşı,
Keçən günlərisə xoşa çəkilsin.
18 noyabr 1970-ci il

CÜYÜR DAĞI İLƏ DEYİŞMƏ

Mən səni görəndən ay Cüyür dağı,
Coş verib sinəmdən eşqin bulağı.
İnsana can verir hər səhər çağı,
Təzəcə açılmış güllərin sənin.

Ballı dağ bəzənib olub tamaşa,
İki sevgi kimi verib baş-başa,
Heyranam səndəki torpağa daşa,
Aynadı ovcunda göllərin sənin.

Könlüm çox arzular köhnə oylağı,
Ayaqdan süzülür Əhməd bulağı,
Dayanır səcdənə Cüyür yığnağı,
Cənnətdi qoynunda çöllərin sənin.

Sənə həyan olub Saldat qalası,
Müxənnətin haqdan gəlsin bəlası,
Bilinmir ünvünı, nəymiş yarası,
Az olmayıb belə qulların sənin.

“İnsan yol qayran”ın söylənir adı,
Damağından getməz, şərbətdi dadı,
Bir yay qalan kimsə yüz il yaşadı,
Xəstəyə loğmandı yellərin sənin.

Arandan çıxanda göy dağda dayan,
Turş suyu unutma tərpənən zaman,
Bəzirxana edir qocanı cavan,
Dərd ələm yuyandı çöllərin sənin.

Davalı illərin gəlməsin geri,
İtirdi elimiz çox igidləri,
Düşmə Süleymandan, Becandan bəri,
Bəs niyə söyləmir dillərin sənin.

Qabaqda dayanıb o Qoçun yalı,
Çıxanda adamın dəyişir halı,
Musanın arzusu, bir də amalı,-
Həmişə xoş gələ illərin sənin.

CÜYÜR DAĞININ CAVABI

Çox dağlardan uca mən də bir dağam,
Gülləri açılmış bülbüllü bağam.
Həramılar udan tərsa oylağam,
Çox pərişan keçir hallarım mənim.

Daşların dilində harayam, hayam,
Adəmdən, Həvvadan bir az qocayam,
Hər gəlib-gedəni çətin ki, sayam,
Az olmayıb qeylü-qallarım mənim.

Başımın tacıdı cüyür yığnağı,
Sinəmə çəkirsən dağ üstdən dağı,
Gözümün yaşıdı Əhməd bulağı,
Köhnə kirşələrdi qollarım mənim.

Həm dağ, həm də aran birləşir məndə,
İtirib batırram dumanda, çəndə,
Üz tutub gəlmisən, dayanma gendə,
Hər yana işləyir yollarım mənim.

Söz açma davadan, qəlbim olur qan,
İgidlər yox etdi – biri bir aslan…
Çox dərinə getmə, hələ cavansan,
Dil deyib ağlayar kollarım mənim.
1970-ci il. Cüyür dağı

***
Mİkayıl Azaflıya

Bu gün məclisimə bir adam gəlib,
Mərdinən namərdi seçəndi, nədi?!
Baxışdan itidi, camdan həvəskar,
Həyatın sirrini açandı, nədi?!

Alimlər dəstəsi keçirir sandan,
Şairlər atası keçməz yanından.
Dərya üzərində qorxmur tufandan,
Qol-qanad bağlayıb uçandı, nədi?!

Deyirəm, heç kimsə tutmasın bəhsi,
Müstəkəmdi sazı, gözəldi səsi,
Şeir pəhlivahı, söz sərkərdəsi,-
Ustadlar ustadı keçəndi, nədi?!

Yolları açıqdı arana, dağa,
El ona arxadı, o elə arxa.
Ziyadı, işıqdı başdan ayağa,-
Günəş tək nurunu saçandı, nədi?!

Musayam, ay ustad, budu diləyim-
Qarşına çıxmasın düşmən kələyi.
Vaxt gələr, ələnər haqqın ələyi,-
Bir kimsə əlindən qaçandı, nədi?!

MİKAYIL AZAFLININ CAVABI:

***
Astanbəyli Musa müəllİmə

İstərəm ayıram mərdi namərddən,
Yaxşını yamandan secəm, seçilmir.
Könüllər bulannıq, ürəklər çamır,-
Haqqın qılıncınnan biçəm, biçilmir.

Olmuşam həqiqət, vicdan xəstəsi,
Hər yerdə doğrunun batıxdı səsi.
Dəydikcə qəlbimə dövran tənəsi,-
Qaçam sərhədlərdən keçəm, keçilmir.

Qiymət az verilir düz sənətkara,
Arifi dilindən çəkirlər dara,
Əməlim salehdi, yığvalım qara,-
İstərəm əbədi köçəm, köçülmür.

Elmdə kamilsən, kamalda dərin,
Haqq özü tapacaq hər şeyin yerin.
Əlindən bu qədər böhtanın şərin,
Arzumdu qurtulam qaçam, qaçılmır.

Küskünəm həyatın kəm dünyasından,
Şeytan dünyasından, qəm dünyasından.
Azaflı almadı kam dünyasından,-
Əcəl şərbətini içəm içilmir.

DEDİLƏR
Mikayıl Azaflının xatirəsinə

Azaflı dünyadan  köç eyləyəndə,
Qoca qartal olub, uçdu dedilər,
Koroğlu nərəli, şimşək sürətlə,
Sirat körpüsündən keçdi dedilər.

Heç vədə batmasın mərdlərin səsi,
Şeir pəhlivanı, söz sərkərdəsi…
Boş qaldı bir dağda qartal zirvəsi,
Qartallar yuvadan köçdü dedilər.

Necə də bilirdi hər şeyin yerin,
Məclisdə seçirdi mərdi, sərsəri,
Qoy əbədi nura qərq olsun  qəbiri,
Əzrayıl kəfənin biçdi dedilrər.

Xalqa nəsihətdi qalan sözləri,
Ellərə töhvədi gövhəri, zəri,
Tarixdə görünəcək həmişə yeri,
Əcəl şərbətini içdi dedilər.

Sözün meydanında oxşar zərgərə,
Ölüncə sazını qoymadı yerə.
Mətahı bənzərdi lələ, gövhərə,
Sərraf bazarını açdı dedilər.

Ələsgər məzarı batıbdi yasa,
Ellər, xəbər yetir şikəstə Abbasa,
Dünyadan payını götür, ay Musa,
Həyatın axırı puçdu dedilər.
30.10.1990

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.