Ana səhifə BAŞ YAZI Ramil Səfərov macar ədəbiyyatının klassiki Ferens Molnarın romanını dilimizə çevirib

Ramil Səfərov macar ədəbiyyatının klassiki Ferens Molnarın romanını dilimizə çevirib

Müəllif: Bizim Yazı
287 baxış

Azərbaycan bayrağını təhqir etmiş erməni hərbçisi Qurgen Markaryanı qətlə yetirdiyinə görə Budapeştdə ömürlük həbs cəzası çəkən Azərbaycan ordusunun zabiti Ramil Səfərov macar ədəbiyyatının başqa bir örnəyini orijinaldan ana dilimizə çevirib. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən bilgiyə görə, bu dəfə onun diqqətini macar ədəbiyyatının klassiki Ferens Molnarın (Ferenc Molnár/Ferenc Neumann; 12.01.1878,  Budapeşt – 01.04.1952, Nyu York) yaradıcılığı cəlb edib.
R.Səfərov tərcümə üçün yazıçının ən populyar əsərini – “Pal küçəsinin uşaqları” romanını seçib. Müxtəlif nəsillərdən olan macar oxucularının masaüstü kitabı sayılan, qəhrəmanlıq və vətənpərvərlik hissləri ilə zəngin olan bu kitab indiyə qədər dünya xalqlarının onlarla dilinə tərcümə olunub, onun motivləri əsasında birgə macar-Amerika bədii filmi çəkilib. Kitab yaxın vaxtlarda Bakıdakı nəşriyyatlardan birində işıq üzü görəcək.
Ramil Səfərovun çevrisində bu il nəşr olunan tanınmış macar qadın yazıçısı Maqda Sabonun (1917-2007) “Qapı” romanı da ölkənin ədəbi ictimaiyyətinin diqqətindən kənarda qalmayıb.
Əsər haqqında Budapeştin “Nepsava” qəzetində məqalə ilə çıxış edən Mikloş Nad oxuculara azərbaycanlı zabitin hansı səbəblər üzündən həbsxanaya düşməsi haqda bilgi verərək yazır: “Səfərovlar ailəsinin bir çox üzvləri erməni-azərbaycanlı ərazi münaqişəsi zəminində meydana çıxan hərbi əməliyyatlar zamanı həlak olmuşlar. İfadələrində də göstərdiyi kimi, erməni kurs yoldaşı bütün bu faciəli hadisələri məsxərə obyektinə çevirmiş və onu tamamilə haldan çıxarmışdı. Ortada şərəf məsələsi vardı və Səfərov əsəblərini cilovlaya bilməmişdi.”
Macar müəllifi “Qapı” romanının Azərbaycan nəşrinin meydana çıxmasını da bu sarsıdıcı hadisələrlə bağlayır: “Basqınlar və qətllər, onillər boyu sağalmayan yaralar və qəlb iztirabları, etnik münaqişələr və təxribatlar, nəhayət, iki nəfər gəncin Budapeştdəki faciəli görüşü nəticə etibarilə doqquz milyonluq Azərbaycan oxucularının “Qapı” romanı, Maqda və Emerentsin həyat tarixçələri ilə tanış olmalarına imkan yaradıb. Qismətə inananlar həyatda heç bir şeyin təsadüfi baş vermədiyini deyirlər. Lakin mən buna inanmaq istəmirəm .”
Müəllif yad ölkədə ağır məhbəs həyatı yaşayan Ramil Səfərovun öz nəcib təşəbbüsü ilə münaqişə tərəflərini yaxınlaşdırmağa, “sülh qapısı” açmağa çalışdığı fikrindədir. O yazır: “Çevirmən Azərbaycan və macar qadınlarının taleyində çoxlu oxşar yönlərin olduğunu bildirir və Maqda Sabonun romanının da məhz buna görə diqqətini çəkdiyini deyir. Bərkə-boşa düşmüş bu asiyalı əsgərin həssas müşahidələri və qadın qəlbinin sirlərinə bələdliyi onun daxili zənginliyindən xəbər verir. Və gələcəkdə başqalarının azərbaycanlı və erməni qadınları arasında oxşar cəhətləri tapacaqlarına ümid yaradır. Bundan sonra isə azərbaycanlı və erməni kişilər arasındakı oxşarlıqları tapmaq sırası gəlir…”

//Qaynaq: APA

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.