Ana səhifə YAZILAR QABİLin ÇAP OLUNMAYAN ƏLYAZMALARI

QABİLin ÇAP OLUNMAYAN ƏLYAZMALARI

Müəllif: Bizim Yazı
946 baxış

Əslində atamın çap olunmamış bir şeyi qalmamışdı. Özü də deyirdi ki, mən öləndən sonra sənə ağırlıq düşməyəcək. Nə var hamısını kitablara salmışam.  Arxivi də az idi. Vaxtında özü bir çox əlyazmasını təhvil vermişdi.  Lakin bəzi çap olunmayan  əlyazmalar  fikrimi cəlb etdi. Onları ictimaiyyətin nəzərinə təqdim etməyi qərara aldım, təkcə Xalq şairi Nəriman Həsənzadəylə 30 sentyabr 1988-ci ildə yazışmasından başqa. Məqamı gələndə bunu da çap etdirəcəyəm. Əsl sənətkarların necə kövrək olduğuna Sizin də tanıqlıq etməyiniz üçün…

HACIBƏYİMƏ

Müasir dövrdə telefonla məsaj yazmaq  artıq dəbə dönüb. Hansı cavanı görürsən küçədə, avtobusda, parkda, hətta maşın sürə-sürə  məsaj yazır. Hətta yazdığına musiqi parçaları, şəkil də qoşur. Məktubun romantikliyini bir az da artırır. Texnikanın  inkişaf etdiyi bir dövrdə, mürəkkəb və kağıza artıq  ehtiyac qalmayan  21-ci əsrdə atamın 24 sentyabr 1948-ci ildə Yardımlıda müəllim işləyərkən   sevgilisinə, yəni anama yazdığı  şer- məktub çoxlarında təəccüb doğursa da, yaşlı nəsildə nostalji hislərini bir daha oyadacaq. Hər sətrin əvvəlindəki hərflərin düzülüşü isə onun kimə ünvanlandığını bildirir.

Həyat şirindirsə, ömür gödəkdir
Arzular tez solan zərif çiçəkdir.
Canım qəriblikdə çürüyür, ay qız!
İşıq verən mənə bir sənsən yalnız.
Bəlkə məzarımı burda qazdılar…
Əlinlə nə olar, onda hər bahar
Yığ əlvan çiçəklər, tər bənövşələr,
İncə əllərinlə qəbrim üstə sər
Mən yazdım bu şeri sizə yadigar.
Əzizim, var olsun eşqi duyanlar

QARDAŞOĞLU İRŞADA

Dastanlarımızda tez-tez bu deyimə rast gəlirik. “Dillə desəm dilim yanar, qoy sazla deyim”. Şairlərdə isə  bədahətən deyilən bir anlayış var. Şair Qabildə də bu çox güclü idi. Məsələn, mənə, ya qohumlardan kiməsə əskərliyə yazdığı məktublarda, yaxud da ki kitablara  avtoqraflarında buna tez-tez rast gəlirik. Əlyazmalar içində əskər məktublarından ikisinə rast gəldim. 1983-cü ildə qardaşı oğlu əskər  İrşada yazdığından:

İç borş, ye langet,
Xətadan yan get!
İdmançı-soldat
Mətin addım at!
Sağ, düz, sol!
İntizamlı ol!
Əskəri xidmət
Hünər, cəsarət,
Borcdur Vətənə,
Şərəfdir sənə!
Papirosu at,
Yeginən salat
Çəkmə anaşa,
Yeginən kaşa.
Komandirə çest
Nə desə, de: – Yest!
Yaxşı nişan al!
Yaxşı ad-san al!
Qol-qanadlı ol,
Ehtiyatlı ol!
Dörd olsun gözün
Ağ olsun üzün.
İçki içmə ha..!
Nə deyim daha
Ey Hekliberri ( – İrşada belə ad qoymuşdu),
Qaldığın yeri
Görərik yazda.
Dözüm var bizdə
Ay İrşad balam
Salam – ehtiram
Qabil əmidən
Salamat ol sən!

ƏSKƏR MAHİRƏ

Əskərlikdə olarkən  xalam Raisəyə (general-mayor Abbasəli Novruzovun həyat yoldaşı) məktub yazmışam, özü də şerlə. (yadımda deyil) o da cavab yazmayıb. Mən də bundan dilxor olmuşam. Evə şikayət etmişəm. Əvəzində Pitsundadan qayıdan atamın bu şer-məktubu meydana gəlib.

Qayıdıb gəlmişəm
Şükür allaha,
Sənə evimizdən
Salam, Mahirim!
Şeirlə məktublar
Yazırsan daha
Şair oğlusan də
Balam, Mahirim!
Bəli Raisədən
Gileyin haqdır
Qoyub gözlərini
Yolda haçaqdır.
Bu tənbəllikdirmi,
Yoxsa ki, inad?!
Vallah, xalalıqdan
Edərdim azad
Olsaydı bu sayaq
Xalam, Mahirim!

Yoxdur bu dünyada
Abbasəlidən –
Bizim bu polkovnik
Bir qoşuna tən.
O da gileylənib
Deyir ki, hərdən.
Danlaya-danlaya
Deyir ki, ay qız,
Nə çətin şeydi ki,
Əl boyda kağız –
Üçcə söz:
1 Necəsən
2 Salam,
3 Mahirim!

Xalanın ürəyi
Kövrək bənövşə
İstəmiş, istəyir
Səni həmişə.
İstəyi çevrilsin
Göydə quşlara
Baxdıqca sabahkı
Əskər Anara…
Desin ki, gileyin –
Güzarın haqdır…

Az qala bulud tək
Dolam, Mahirim!
Dönüb o tərəfə
Əsən yellərə
Sərhəd tellərində
Sənə şirincə,
Kövrəkcə bir layla
Çalam, Mahirim!

Avqustun 12-si atamın ad günüdür. Hər il avqust ayı başlayanda  zarafatla deyirdi ki, Azərbaycanda Qabil günləri başlayır. Bu ənənəni davam etdirə bilməsək də (onsuz ləzzəti yoxdur) qəzet səhifələrində və televiziya ekranlarında məqalə, veriliş  və xatırlatmalarla təsəlli tapırıq.  Qohumları və dostları ilə qəbrini ziyarət edirik. Dayım Fikrət demişkən:

On ikisi avqustdan
Qabil günləri başlar.
Unutmazlar bunu heç
Qohum, dostlar, yoldaşlar.
On ikisi avqustdan
Qabil günləri başlar
İnan yada da düşmür
Ömür, günlər və yaşlar,
Ayılmayır heç başlar.


You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.