Ana səhifə YAZILAR Poçtumuza gələnlərdən:

Poçtumuza gələnlərdən:

Müəllif: Bizim Yazı
355 baxış

Nəriman Zeynalzadə

1954-cü ildə Naxçıvan MR Şərur rayonu, Yaycı kəndində doğulub.

1969-cu ildən yerli və respublika mətbuatında məqalə, şeir və publisistik yazıları ilə çıxış edir. “Araz-1”, “Araz-2” və “Qoy tanısın dünya səni” almanaxlarında şeirləri dərc edilib.

İndiyədək iki kitabı çıxıb.

 

HEYDƏRBABA

Şəhriyarın “Heydərbabaya salam” poemasına nəzirə

Heydərbaba, amanatdır Şəhriyar,
Amanatı dağlar yaxşı saxlayar,
Yaman gündür, sinəmizi dağlayar,
Al qoynuna, düşməni var, yağı var,
Yaman günün yaman gündə ağı var!

Heydərbaba, şimşək olub şaxaydım,
Suya dönüb sizin arxa axaydım,
Heç olmasa Şəhriyara baxaydım,
Şaxammıram, axammıram, neyləyim,
Yaman dərddir, baxammıram, neyləyim!

Heydərbaba, çıçəyindən üzeydim,
Nənəqızın tellərinə düzeydim,
Rəxşəndənin toy günühdə süzeydım,
Əlim çatmır, üzemmirəm neyləyim,
Qolum qalxmır, süzemmirəm, neyləyim!

Heydərbaba, biz köçənik, sən qalan,
Alovlanıb biz sönənik, sən qalan,
Biz qaralıb küi olanıq, sən yanan,
Bir yel gəlsə kül közündən ayrıdır,
Ayrı düşən ürəyimin yarıdır!

Heydərbaba, bir elin də Şərurdur,
Gülüstanda bir gülün də Şərurdur,
Sənə yanan dar günündə Şərurdur,
Ay ömürlük sinə dağım, o tayım,
Bəsdir dözdük, qol boyuna çatayım!

HARDA QALDI ƏLLƏRİNİN İSTİSİ?

Ötən günlər qayıdaydı, dönəydi,
Xatirələr dil açaydı, dinəydi…
Aramızda bu ayrılıq de, nəydi? –
Harda qaldı əllərinin istisi?

Göy üzünə günəş gəldi, çəkildi,
Göy üzündən günəş niyə çəkindi,
Bu ayrılıq mən zavallı təkindi,
Harda qaldı əllərinin istisi?

Kül közünə, köz külünə qarışdı,
Bu sinəmi yandıran köz tanışdı,
Köz-köz sinəm dilə gəlib danışdı,
Harda qaldı əllərinin istisi?

Ay üzünə ağ örpək də salındı,
Göz yaşların muncuq olub dağıldı,
Aman Allah, bir “Vagzalı” çalındı,
Harda qaldı əllərinin istisi?

HARDASA…

Qara buludlar
Sirli qatar
Göyün boşluğunda.
Gün çıxıb,
Yağış yağır
Günəşin qonşuluğunda.
Hardasa uşaqlıq köynəyim
İslanıb quruyur.
Yağan yağış
Anamın laylası,
Hardasa,
Hardasa uşaqlığım uyuyur!

ANAM

Qocalır anam da, qocalır hər gün.
Dəyişib yerişi, yolu yoxuşdur.
Çoxalır qırışlar, çoxalır hər gün,
Elə bil üzündə güllü naxışdır.

İtib gözəlliyi, çiçək tək solub,
Xanımların gözü, sonası anam.
Şirin bir laylanın möhtacı olub,
Bir vaxt evimizin laylası anam.

Oğlumun, qızımın biri də sənsən,
Layla deyəsiyəm bu yaşda sənə.
Sıxıb gözlərimi bulud yerinə
Çiçək bitirərəm hər daşda sənə.

Ya Tanrı, sinəmdə ürək göynədi,
Sızıltı hay çəkib içimi dəlir.
Bükülür qaməti, yoxsa bu nədi?
Yox, anam torpağa səcdəyə gəlir.

 

 

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.