Ana səhifə BAŞ YAZI O öz dəyər verdiklərini nə zaman unutmuşdu ki?!.

O öz dəyər verdiklərini nə zaman unutmuşdu ki?!.

Müəllif: Bizim Yazı
386 baxış

Onun haqqında yuxarı kursdakı tələbələrdən eşitmişdim. Heç kim bu adamın ünvanına tərif çələngini əsirgəməzdi. Bir növ adama elə təsir bağışlayırdı ki, bu işıqlı adamı tanıyan da tərifləyirdi, tanımayan da… Artıq onun kimliyi haqqında, necə bir insan olması haqqında beynimdə ayrıca bir fikir karvanı düzülmüşdü. Bu karvana isə sarvanlığı zaman özü edirdi. Qrup nümayəndəsi semestr ərzində tədris olunacaq fənnlərin siyahısını oxuyarkən “Müasir Azərbaycan Ədəbiyyatı” fənninin də adını çəkmiş və əlavə etmişdi ki o təriflədikləri, gözəl insan dedikləri Arif Əmrahoğlu bizə bu fənni tədris edəcək…

…Artıq universitetin son kursunda oxuyurdum və 4-cü kursda bizə dərs keçəcək müəllimlərin çoxunu üzdən tanımırdım. Müəllimlər özlərini ilk dərsdən təqdim etməyə başlasalar da, bəzən adlar yadda qalmırdı. Yeganə Arif müəllim idi ki, üzünü görməmişdən tanıyırdım. Universiteti yaxsi qiymətlərlə oxusam da, tələbəliyin xarakterik intizamsızlığından da uzaq deyildim. Auditoriyaya müəllimdən sonra girmək də bunların sırasında idi. “Müasir Azərbaycan ədəbiyyatı” fənnindən dərs 5 dəqiqə olardı ki, başlamışdı, qapını döyüb auditoriyaya daxil oldum. Müəllimin diqqəti jurnala yönəlsə də bir anlıq məni başdan-ayağa süzdü və keçib əyləşməyimi söylədi. Həmin gündən sonra Arif Əmrahoglu adında bir bənzərsiz şəxsiyyət tanıdım. Bu insanda özünəməxsus, ətrafındakılarda həsəd doğuracaq o qədər gözəl özəlliklər vardı ki, hər ünsiyyətdə olduqda bir neçəsini kəşf etmək olurdu. Arif müəllimin özünəməxsus dərs metodikası var idi. Kiminsə onun dərsinin darıxdırıcılığından şikayətləndiyini görməzdik. Hətta, bəzi müəllimlərə Arif müəllimin dərsini nümunə göstərmək qrupun xarakterik tələblərindən idi. Həmişə auditoriyaya “ay gözəl insanlar”- deyə müraciət edən bu nurlu adam gözlə görülə bilən və bilinməyən bütün gözəllikləri həyatı boyunca ruhuna hopdurmuşdu. Hər nə qədər onun haqqında keçmiş zaman üzərində danışmağı qismət hesab eləsək də, adamın bütün varlığıyla bu qismətə üsyan etməyi də gəlir. O insan üçün üsyan etməyə dəyər. Bu bənzərsiz adamda həsəd apardığım xüsusiyyətlərdən biri də, hamıya vaxt ayıra bilmək həvəsinin və bacarığının olması idi. Təsəvvür etmək çətin deyildi ki, sənin illər boyu neçə-neçə tələbən məzun ola və hər biriylə görüşəndə lap dünən ayrılmış biri kimi, hal-hazırda dərs dediyi tələbə kimi münasibət bəsləyə, hal-əhval tuta, problemləriylə maraqlana, məşğuliyyətini soruşasan. İlk kitabımı çapa hazırladığımda universitetin 4-cü kursunda təhsil alırdım. Ara-sıra kitabın işlərinin nə yerdə olduğuyla maraqlanırdı, kitabın çapına məni tələsdirənlər siyahısında birinci Arif müəllim idi. Tez-tez elektron poçtuna şeirlər göndərməyimi tapşırır və rastlaşarkən də fikirlərini bölüşməyi unutmurdu. İlk kitaba ön sözü onun yazmağını istemişdim, məmnuniyyətlə yazacağını söylədi, amma çap üçün zamanın az olduğunu, qarşıda hərbi xidmətə yollanmağım məsələsi olduğunu söyləyəndə, işlərin çoxluğu ilə əlaqədar bu qədər qısa bir müddət ərzində ön sözü yazmağın mümkünsüzlüyünə təəssüfləndi. Zamanın az olduğunu nəzərə alaraq “Nurlan” nəşriyyatının direktoru professor Nadir Məmmədliyə zəng vurdu və tezliklə kitabı nəşr etmək lazım olduğunu söylədi. Amma, növbəti kitabın ön sözünü özü yazacağını üzərinə götürdü. Nə yazıq ki, ömür vəfa etmədi. Hərbi xidmətdə olduğum müddətdə də doğum günü münasibətiylə təbrik etməyi unutmamışdı. O nə zaman öz dəyər verdiklərini unutmuşdu ki?! Hərbi xidməti başa vurduğum ərəfələr, Dünya Gənc Türk Yazarlar birliyinin həyata keçirdiyi layihə çərçivəsində Türk dünyası yazarlarının Bakı toplantısına hazırlıqlar gedirdi və mən də hərbi xidmətdən ayrılan günü elə birbaşa tədbirə yollanmışdım. Bu tədbirlərin tərkib hissəsi olaraq AYB-də də görüş keçirilirdi. Müxtəlif Türk Cümhuriyyətlərindən Bakıya gəlmiş yazarların iştirakı ilə baş tutan tədbirə Arif müəllim də qatılmışdı. Tədbir bitəndə görüşdük, hal-əhval tutduq. Xidmətimin bitmə vaxtını mənim özüm qədər dəqiq bilirmiş, dəqiqliklə yadda saxlayıbmış. Bunu söhbət əsnasında gülümsəyərək özü söyləmişdi. AYB-də tədbirlərə qatılmaq üçün hər dəfə gedəndə, Natəvan klubuna qalxmamış ikinci mərtəbədə yerləşən otağının qapısını döyər, görüşməyi özümə borc bilərdim. Onunla iki-üç dəqiqəlik söhbət etmək belə insana böyük ruh yüksəkliyi verirdi. Sonuncu dəfə xəstəxanaya yerləşdirilməmişdən bir neçə gün qabaq AYB-nin pilləkanlarında rastlaşmışdıq, harasa tələsirdi. (Bəlkə də, son mənzilə). Qısa sürən söhbətimizdə üzvlük üçün niyə müraciət etmədiymi soruşdu. Tezliklə lazımı sənədləri toplayıb təqdim etməyi tapşırdı və sağollaşıb ayrıldıq. Nə yazıq ki, bu bizim Arif müəllimlə sonuncu görüşümüz imiş. Amma bunu bu dünya üçün keçərli saymaq olar. Çünki, ilahi ədalət o dünyada hamının görüşəcəyini vəd etmişdir.

İNTİQAM YAŞAR

(“ƏDƏBİYYAT QƏZETİ”, 03.10.2014)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.